Qırğızıstan Prezidenti: Qarşısını ancaq ölüm cəzası ala bilər
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Qırğızıstan dövlət başçısının mətbuat katibi Əsqət Alagözov Prezident Sadır Japarovun ölkədə ölüm hökmünün bərpası təşəbbüsünü şərh edən açıqlamasını dərc edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
Sadır Japarov bildirib ki, yetkinlik yaşına çatmayanların və qadınların qətli və zorlanması ilə bağlı cinayətlərin sayı artır və standart həbs cəzaları artıq cinayətkarları çəkindirmir.
O həmçinin vurğulayıb ki, korrupsiya cinayətləri ölümlə cəzalandırıla bilməz, bu, ancaq amansız qətllər və pedofiliya ilə əlaqəlidir.
“Bu məsələni təkbaşına həll etməyəcəyik, xalqla məsləhətləşəcəyik. Məsələ ümumxalq səsverməsinə çıxarıla bilər. Əksəriyyət bunu dəstəkləsə, Konstitusiyaya və qanunlara əlavə və dəyişikliklərə ehtiyac olacaq, həmçinin beynəlxalq öhdəliklərə yenidən baxılmalıdır”, - Sadır Japarov qeyd edib.
Prezident əlavə edib ki, qadınların və uşaqların zorakılıqdan qorunması prioritet olaraq qalır və belə bir aktual məsələ ilə bağlı qərarı yalnız xalq verməlidir.
Xatırladaq ki, sentyabrın sonlarında vəhşiliklə öldürülən 17 yaşlı Aysulu Mukaşevanın faciəsi Qırğızıstanda müzakirələrə səbəb olub. İctimaiyyət qadın və uşaqlara qarşı cinayətlərə görə cəzaların sərtləşdirilməsini tələb edib. Sadır Japarov bundan sonra ölkədə ölüm hökmünün bərpası təşəbbüsünü irəli sürüb.

