Qlobal maliyyə nəhənglərinin Azərbaycana marağı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Pərvanə SULTANOVA
[email protected]
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində qarşı tərəfin müraciətləri əsasında bir sıra mühüm görüşlər keçirib. Dünyanın aparıcı maliyyə qurumları, nüfuzlu şirkətlərinin rəhbərləri ilə məhz qarşı tərəfin müraciətləri əsasında baş tutan görüşlər bir daha Azərbaycana, onun liderinə beynəlxalq miqyasda göstərilən yüksək etimadın, ölkəmizin iqtisadi siyasətinə marağın, əməkdaşlıq istəyinin göstəricisidir. Bu mənada dövlət başçısının dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt, "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşləri mühüm əhəmiyyət kəsb edir.
"Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt 2023-cü ildə ölkəmizdə səfərdə olub. Azərbaycan Prezidenti ilə görüşdə bildirib ki, səfər zamanı ölkəmizdə müşahidə etdiyi iqtisadi nailiyyətlər və inkişaf prosesləri onda dərin təəssürat hissi yaradıb. Eyni zamanda, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb. Brüs Flətt, həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə görə təbriklərini çatdırıb və bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını söyləyib. Görüş zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən "Brookfield Asset Management" qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda "Brookfield"in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Şirkət Nyu-York, London, Sidney, Dubay, San-Paulo, Mumbay və Şanxay da daxil olmaqla, dünyanın əsas maliyyə mərkəzlərində təmsil olunub.
Şirkətə investisiya edən 2 minə yaxın institusional investor arasında nüfuzlu suveren fondlar, milli pensiya fondları, sığorta şirkətləri və digər idarəetmə şirkətləri var. 125 illik uğurlu investisiya tarixinə sahib olan "Brookfield" böyükmiqyaslı kapitala sahib olmasının yaratdığı imkanlar, ixitisaslaşmış əməliyyat bacarığı, qlobal əhatəsi və əlaqələrə sahib olması sayəsində həm institusional qurumların, həm də fiziki şəxslərin vəsait yatırdığı platformalara malikdir.
Xüsusilə qeyd etmək lazımdır ki, şirkət regionlar üzrə yüksək səviyyədə diversifikasiya edilmiş portfelə sahibdir. Regionlar üzrə aktivlərin payı isə ABŞ-da 550 milyard, Avropa və Orta Şərqdə 230 milyard, Asiya-Sakit Okeanda 152 milyard, Kanadada 66 milyard, Cənubi Amerikada 61 milyard ABŞ dolları səviyyəsindədir. Bərpa olunan enerji sahəsində də perspektiv böyükdür. 1999-cu ildən etibarən hidroportfeldən istifadə edərək bərpa olunan enerji sahəsini genişləndirib. 2017-ci ildən sonra qlobal səviyyədə ən böyük operatorlardan birinə çevrilib. İdarə olunan bərpa olunan enerji gücü təxminən 43 qiqavat işlək və 227 qiqavat inkişaf xətti həcmi səviyyəsində qiymətləndirilir.
Yeri gəlmişkən, ARDNF 2019-cu ildən həmin şirkətlə strateji tərəfdaşlıq qurub və müxtəlif fondlara cəmi 660 milyon ABŞ dolları səviyyəsində sərmayə yatırılıb.
Prezident İlham Əliyevin "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşündə də Azərbaycanla şirkət arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda "Neuberger Berman" şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığının ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş "Neuberger Berman" qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir. Şirkət hazırda 538 milyard ABŞ dolları aktiv idarə edir ki, bu vəsaitin 140 milyard dolları alternativ investisiyalara yönəldilib. 26 ölkədə ofisləri olan "Neuberger Berman" səhmlər, istiqrazlar, hedc fondları, daşınmaz əmlak, infrastruktur və özəl səhmlər kimi aktiv növləri üzrə investisiyalar həyata keçirir.
Baş ofisi ABŞ-ın Delaver ştatında yerləşən şirkətin 16,500-dən çox mütəxəssisdən ibarət heyəti mövcuddur. Solenisin 70 istehsal müəssisəsindən ibarət qlobal şəbəkəsi var ki, altı qitədə və 160 ölkədə fəaliyyət göstərir.
"Neuberger Berman" ilə ARDNF-nin strateji əməkdaşlığı 2016-cı ildən etibarən başlayıb. Xüsusi idarəetmə mandatı çərçivəsində ARDNF tərəfindən müxtəlif tranşlar vasitəsilə ümumilikdə təxmini 600 milyon ABŞ dolları sərmayə qoyulub. "Neuberger Berman" əsasən informasiya texnologiyaları, istehlak/elektron ticarət, sənaye texnologiyaları və səhiyyə sahələrinə investisiya edir. Bu sahələrdə şirkət əsasən mühüm trendlərdən faydalanması gözlənilən şirkətlərə investisiya edir və bununla da portfelin müxtəlif makro-iqtisadi şəraitlərə dayanıqlılığını təmin edir. ARDNF-nin "Neuberger Berman" ilə əməkdaşlıq əsasında ölkədə təhsil, səhiyyə, texnologiya, sənaye və istehlak sahələrinin qurulması və inkişafı mümkündür.
Dövlət başçısının Nyu-York səfəri çərçivəsində dünyanın ən nüfuzlu investisiya şirkətlərindən biri olan "Blackstone"un prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə də görüş baş tutub.
Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb.
1985-ci ildə təsis olunan "Blackstone" şirkəti özəl səhm, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri və bərpa olunan enerji fondlarında 1,2 trilyon ABŞ dollar həcmində aktivləri idarə etməklə hal-hazırda dünyanın alternativ investisiyalar üzrə ən nüfuzlu investisiya meneceri hesab edilir. Bu aktivlər dünya ümumi daxili məhsulunun 1 faizindən çoxuna bərabərdir ki, bu da bir çox ölkələrin ÜDM-dən artıqdır. "Blackstone" şirkəti minlərlə institusional müştərinin - pensiya fondlarının, suveren fondların, sığorta şirkətlərinin və nüfüzlu universitetlərin nəzdində yaradılmış fondların - eləcə də milyonlarla fiziki şəxslərin vəsaitlərini idarə edir. Ümumilikdə, yüz milyonlarla insan uzunmüddətli yığımlarının idarə edilməsi "Blackstone" şirkətin həvalə edibdir.
Şirkət bu gün dünyada 12 mindən çox daşınmaz əmlaka sahibdir. 2023-cü ildə "Blackstone Real Estate Partners X" fondu investorlardan 30,4 milyard ABŞ dolları vəsait toplayaraq tarixdə ən böyük özəl daşınmaz əmlak fondu kimi qeydə alınıb. Bundan əlavə, "Blackstone" 2007-ci ildə "Hilton" otellər şəbəkəsini 26 milyard ABŞ dollarına əldə edib və bu, hotel biznesində ən böyük əməliyyatlardan biri olub.
ARDNF-nin "Blackstone" şirkəti ilə strateji tərəfdaşlığı 2015-ci ildən başlayıb. ARDNF "Blackstone" tərəfindən idarə olunan müxtəlif daşınmaz əmlak və özəl səhm fondlarına ümumilikdə 1 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Bu investisiyalar Şimali Amerika, Avropa və Asiya regionlarını əhatə edir.
Dünyanın qlobal nəhənglərinin Azərbaycanla əməkdaşlığa göstərdikləri maraq, onun lideri ilə görüş üçün müraciətləri əlbəttə ki, ölkəmizin regionda və beynəlxalq miqyasda artan nüfuzundan irəli gəlir. Azərbaycanın əlverişli coğrafi mövqeyi onu regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir, üstəgəl, etibarlı tərəfdaş imici, əlverişli sərmayə mühiti ölkəmizi beynəlxalq investorlar üçün daha cəlbedici edir və əməkdaşlıq imkanlarını genişləndirir.
Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, bu şirkətlər dünya aparıcı qurumlarından hesab olunurlar: "Məsələn, "Brookfield Asset Management" şirkətinin idarə etdiyi aktivlərin dəyəri 1.0 trilyon dollardan çoxdur. 250 mindən artıq işçisi olan bu şirkət dünyanın 50-dən çox dövlətində çalışır. Göründüyü kimi, söhbət kifayət qədər iri şirkətlərin sahibləri ilə keçirilən görüşlərdən gedir.
Aparıcı şirkətlərin Azərbaycana sərmayə qoyuluşuna marağının artması təqdirəlayiq olmaqla yanaşı, beynəlxalq tədbirlərdə diqqəti çəkən əsas məqamlardan biri də tanınmış iş adamlarının dövlət başçımız ilə görüş üçün müraciətləridir. Ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən beynəlxalq toplantılarda aparıcı şirkətlərlə Azərbaycan Respublikasının Prezidenti arasındakı görüşün məhz həmin şirkətlərin rəhbərlərinin müraciəti əsasında baş tutduğuna şahid oluruq. Bu, birmənalı şəkildə Azərbaycan Respublikası Prezidentinin şəxsi nüfuzunu göstərir. Digər tərəfdən isə dövlətimizin gücünə dəlalət edir.
İqtisadi inkişaf baxımdan bu cür əməkdaşlıqlar ölkəmiz üçün olduqca vacibdir. "Brookfield Asset Management", "Neuberger Berman" və "Blackstone" şirkətləri qlobal miqyasda böyük iqtisadi-maliyyə gücünə malik şirkətlərdir. Onlar qeyri-neft sektorunda da mühüm pay sahibidirlər. Bu şirkətlərlə əməkdaşlığın genişlənməsi ölkəmizə yeni investisiyaların cəlb edilməsi baxımından da olduqca önəmlidir".


