“Qohum evlilikləri sosial baxımdan faydalıdır, amma...” Psixoloq
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Qohum evlilikləri ilə bağlı Böyük Britaniyanın Milli Səhiyyə Xidməti düşündürücü tədqiqat ortaya qoyub. Məlumatda birinci dərəcəli qohumlar - xalauşaqları və əmiuşaqları arasında evlilik və nəsilartırmanın mümkün faydaları və riskləri əksini tapıb. Bildirilir ki, qohum olmayan valideynlərin uşaqlarında genetik xəstəliklərə tutulma riski təxminən 3 faiz təşkil etdiyi halda, qohum nikahlarında bu göstərici 15 faizə yüksəlir. Bununla belə, qohum evliliklərinin faydası da vurğulanaraq qeyd edilib ki, qohum evlilikləri bəzi hallarda maliyyə və sosial təminat baxımından faydalı hesab olunur və sosial kapitalın formalaşmasına töhfə verə bilər.
Xatırladaq ki, 2025-ci il iyulun 1-dən etibarən ölkəmizdə qohum evlilikləri (ümumi bioloji baba və ya nənəyə malik olan qardaş və bacı uşaqları, bioloji qohumluğu olan əmi (dayı) ilə qardaş (bacı) qızı, eləcə də bibi (xala) ilə qardaş (bacı) oğlu) qanunla qadağan edilib.
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında bildirdi ki, qohum evlililərinə bu şəkildə sərt qadağa qoymaqdansa insanların maarifləndirilməsinə önəm verilməli idi: 
- Bu aksiomadır ki, qadağa varsa, deməli, onu pozan da var. Necə bilmək olar, indi qohum evlilikləri baş verir, ya yox? Tutalım, bir hadisə baş verdi - xala qızı xala oğlu ilə cinsi əlaqədə oldu. Nə edək? Onları evləndirməyək? Doğulan uşağa sənəd verməyək? Bu müstəvidə hər hansı bir səhv olubsa, o, necə aradan qaldırılacaq, bunu düşünmək lazımdır. Qanun necə kömək edəcək, necə şamil olunacaq bu halda həmin şəxslərə? Hesab edirəm ki, maarifləndirməyə üstünlük verilməli idi. Biz sivil cəmiyyətdə yaşayırıq. Sivil cəmiyyətiksə, cəmiyyətin anlamaq, başa düşmək, qəbul etmək və qaydalara tabe olmaq, qanuna hörmət etmək qabiliyyəti də olmalıdır və yəqin ki, var da! Məsələn, mən övladıma necə deyə bilərəm ki, dayın oğlu ilə, yaxud dayın qızı ilə evlənmə. Bunu əvvəldən uşaqlara aşılamaq lazımdır ki, xala uşaqları, dayı, əmi, bibi uşaqları qardaş-bacıdırlar. Uşaqları bu istiqamətdə maarifləndirmək lazımdır. Orta məktəbdə “İnsan və cəmiyyət” fənni, ailə dəyərləri tədris olunmalı, yaxın qohumların ailənin üzvləri olduğu izah edilməlidir. Xəstəlik məsələsinə gəlincə, 15 ildir peşəkar psixoloq fəaliyyəti ilə məşğulam və uşaqların xəstə, qüsurlu doğulmasında qohumluq əlaqələrinin prioritet olduğunu görmüşəm. Xəstəliklər genetik bağlılıq, qohumluq əlaqələri olan cütlüklərin övladlarında özünü daha çox göstərir. Ola bilər, birinci nəsildə xəstəlik olmasın, amma ikinci nəsildə özünü göstərsin. Sağlam görünən uşaqlar passiv daşıyıcı da ola bilər və hər hansı irsi xəstəlik növbəti nəslə ötürülə bilər. Burada kimin dominant olduğu da əsasdır. Yəni qanunu tətbiq etməzdən əvvəl fikirləşmək, təlqin etmək, anlatmaq vacibdir. Ümumiyyətlə, qadağalara gətirib çıxaracaq hallar aradan qalxmalıdır. Digər tərəfdən, qohumluq əlaqələrinin möhkəmlənməsində evliliklərin əhəmiyyətli rol oynadığı da məlumdur. Xüsusən bizim ölkədə, Qafqazda, ümumiyətlə Şərq ölkələrində qohum evliliklərinə həmişə üstünlük verilib, “öz uşağımızdı, anası, atasını tanıyırıq, gözümüzün qabağında böüyüb” kimi yanaşmalar üstün olub düşüncədə. Bunun faydası qohumluq əlaqələrinin daha da möhkəmlənməsi, ailə bağlarının genişlənməsidir. Bu, sosioloji baxımdan faydalıdır. Amma sağlamlıq, sağlam nəsil yetişdirmək baxımından təhlükəlidir. İnsanlara bunu anlatmaq və doğru seçimə yardım etmək lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Yanvar 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















