Icma.az
close
up
RU
Qonşu qadının sağ qalması haqqında Nihat Pirin hekayəsi

Qonşu qadının sağ qalması haqqında Nihat Pirin hekayəsi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Nihat Pirin "Qonşu qadının sağ qalması haqqında" adlı yeni hekayəsini təqdim edir.

Bizim kənddə qonşuda bir qadın var, mağazada satıcıdır. O gün eşitdim ki, xərçəngdir. O gün eşitdim ki, öləcək.

Tez getdim uşaqlığıma. O saatmı deyim, o dəqiqəmi, bilmirəm. Amma "öləcək" sözünü eşidər-eşitməz dönüb oldum yeddi yaşında. Dönüb oldum səkkiz yaşında. On yaşında. Hamı məni mağazaya göndərdi. Hamı mənə nəsə tapşırıq verdi. Hamı məni buyurmağa başladı. Hamı ona görə deyirəm ki, ailə demirəm, qohum - qonşu demirəm. Hamı. Sən bu sözü necə başa düşürsənsə, bax elə. Sənə deyim, elə olurdu, yolda getdiyim yerdə kimsə məni harasa göndərirdi. Bilmirəm, kimdir? Bilmirəm, nəçidir? Bax eləcə.

Yavaş - yavaş bu buyruqlar çoxaldı, çoxaldı, çoxaldı... Yavaş - yavaş bu buyruqlar məni bezdirdi. Canımdan bezdirdi, özümdən bezdirdi, həyatdan bezdirdi. Uşaq yaşla, uşaq başla nə var ki həyatdan küsməyə? Nə var ki həyatdan bezməyə? Xırda bir bezginlik küsdürər səni, xırda bir bezginlikdən yola çıxıb ən bədbəxt adam adını yapışdırarsan alnına, ömrünə. Beş-altı illik ömrünə. Beş-altı illik həyatına...

Başladım əlimdən gələn qədər mübarizə aparmağa. Mən uşaq ağlımla mübarizə deyəndə ağlına top - topxana gəldisə, saxla bu yazını, oxuma. Mən uşaq ağlımla mübarizə deyəndə ağlına qala - səngər gəldisə, saxla bu yazını, oxuma. Mənim mübarizəm oldu qaçmaq. Mənim mübarizəm oldu gizlənmək. Yoxa çıxmaq. Elə indicə ağlıma gəldi ki, demək, gizlənmək də nə zamansa mübarizə forması imiş. Demək, qorxub qaçmaq da nə zamansa mübarizə forması imiş.

Nə qəribə, nə qəribə...

Sonra həyətimizin iri, ipiri dəmir darvazası gəldi durdu gözlərimin qarşısında. Yumdum - açdım, o dəmir darvaza daha da böyüdü. Yumdum - açdım, o dəmir darvaza oldu mənim üçün Gəncə qapıları, oldu qala qapıları. Yumdum - açdım, o dəmir darvaza da açıldı. Mən də tez yox oldum. Qaçıb gizləndim. Elə bildim, daha bitdi bu çilə. Elə bildim, daha bitdi bu istismar. Amma yanıldım, özü də necə yanıldım, necə yanıldım. Anam yanıltdı məni. Anam çağırdı məni. Anam axtardı məni. "Gəl",- dedi, "gəl, filankəs üçün qaç mağazaya",- dedi. "Gəl, bizim üçün də filan şeyi al"- dedi anam. Demək, o vaxt anam da mənim kimi düşünürmüş bax. Demək, o vaxt anam da məni başa düşürmüş. Mənə qıymayıb, sən demə. Özü deməyib "get mağazaya". Özü deməyib "get nəsə al". Bilir, yorurlar məni. Bilir, bezdirirlər məni. Amma nə etməli? Qaçış yoxmuş bu çilədən. Mən bunu uşaq ağlımla başa düşdüm...

Günün birində yenə getdim mağazaya. İndicə fikir verirəm ki, mağaza sözü bu yazıya yaraşmır. Heç kəndə də mağaza sözü yaraşmır. Elə bilirəm, yamaq kimidir. Ona görə məni bağışla, istəkli oxucu, yuxarıdakı mağazaları görməzdən gəl.

Bapbalaca kənd dükanı deyirəm daha. Bapbalaca kənd dükanı. Necə gözəl, necə səmimi... Bapbalaca kənd dükanının bapbalaca pəncərəsi. Səhər olar, uzağı, on bir olar, uzağı, on ikinin yarısı. O bapbalaca kənd dükanında sənə deyim, növbədən böyük növbə vardı. Biri söhbət edər, biri dinləyər, biri hal - əhval tutar, biri qarşılıq verər. Mehribanlıqdan qulaq tutulur. Xoş ünsiyyətdən qulaq tutular, bax eləcə. Elə bu dəm mən pozdum hər şeyi. Mənim varlığım. Dedim axı, uşaq yaşla, uşaq başla həyatdan küsməyə nə var?

– Utanmırsan? – dedi mənə satıcı qadın. Sənə deyim, məndə qızarmaq adətdəndir. Nəsə elə yaradıb yaradan məni. “Nə gözəl xəlq edib yaradan səni”dən çıxarıram bu misranı: nə bəxtsiz xəlq edib yaradan səni. Oldum qıpqırmızı. Oldum qan qırmızı. İlahi, mən bu vəziyyəti sənə necə izah edim ki, məni başa düşəsən. Mən yer axtardım, girməyə. Mən göy axtardım, yox olmağa. Mən ağac olmaq istədim. Mən daş olmaq istədim. Götürsün kimsə, götürsün balaca bir uşaq, atsın məni çaya. Atsn məni harasa. Tapmadım. Heç nə tapmadım. Heç nə ola bilmədim. Üzüldü əlim yerdən də, göydən də. Üzüldü əlim ağac olmaqdan da, daş olmaqdan da.

Satıcı qadın dayanmadı. Dayanmadı satıcı qadın. Azarladı məni. Ara vermədən, insaf tanımadan azarladı. Günahlandırdı. Elə pis oldum, elə pis oldum. Bilmirəm, söz tapmıram. İfadə eləməkdə acizəm. Deyim sənə, tam günahsız idim. Satıcı qadın məni başqası ilə qarışdırmışdı. Satıcı qadın məni başqa uşaqla səhv salmışdı. Satıcı qadın yanılmışdı. Amma nə fayda? Olan mənə olmuşdu. Bu travma mənimlə otuzumacan gəlib çıxmışdı.

Evə gəlib anama danışdım hər şeyi. Anama danışdım bu zilləti. Anama danışdım günahsız olmağımı. Amma heç anam da satıcı qadına sübut edə bilmədi. Satıcı qadına anam da başa sala bilmədi mənim günahsız olmağımı... Başa sala bilmədik. Və mən böyüdüm eləcə. Gəlib oldum otuz.

Elə bu dəm bir qəfil Roald Dahl düşdü yadıma. Sən, bəlkə, onu uşaq yazıçısı kimi tanıyarsan. Uşaq yazıçısı kimi xatırlayarsan. Qoy deyim “Çarli və şokolad fabriki”, qoy deyim “Matilda”, dərhal xatırla. Bax, odur. O düşdü yadıma. Belə bir situasiyanın qarmaşasında onu nahaqdan xatırlamadım, deyim, biləsən.

“Viliam ilə Mari” hekayəsi. Elə bir qisasdan danışıram ki, adamın tükləri biz - biz olar. Günün birində Viliam ölür. Ölümündən sonra Viliamın həyat yoldaşı Mari üçün yazdığı məktub çıxır ortaya. Demə, Viliamın həkim dostu ilə razılaşması var. Demə, Viliamın yeni tibbi nailiyyətlə bağlı həkim dostuna sözü var. Həkim Viliam ölər-ölməz qoymaz ki, onun beyni də ölsün, qoymaz ki, gözləri də ölsün. Beləcə, bu məktub Mariyə deyir ki, gəl ərinin beyninə bax. Gəl ərinin gözlərinə bax. Gedir Mari həkimin qəbuluna. Gedir ərinin beyni ilə, gözləri ilə qarşılaşmağa. Baxır, baxır, baxır... Uzun - uzadı eləcə... Bir qəfil cibindən siqaret çıxarır. Bir qəfil yandırır o siqareti. İlahi, bir qəfil dərin bir qüllab alıb üfürür tüstüsünü ərinin sağ qalan beyninə. Sağ qalan gözlərinə. İlahi, qadın həkimə deyir, sağ ikən məni qoymazdı evdə siqaret çəkməyə. İlahi, qadın həkimə deyir, məni qoymazdı salonda rahatca divanda oturub siqaretdən ləzzət almağa. Qoymazdı həyatın dadını çıxarmağa. Qoymazdı... Beləcə...

Bu günlərdə atamdan soruşdum həmin qonşu qadını. Dedi, sağdır. Dedi, yaşayır. Yaxşıdır. Heç öləcəyini də demədi. Mən sevindiyimi hiss elədim, deyim, biləsən. Nəsə qəribə bir hiss. Nəsə qəribə bir tədirginlikdən qurtulma hiss elədim. İçimdə qisas hissinin böyümədiyinə sevindim. Uşaq kinimin böyümədiyinə sevindim. Beləcə, qonşu qadınla barışdığımı sandım həm də...

Cennifer Lopez Bakıya gəlir Di Kaprio İbizada polis tərəfindən yoxlanılıb Beyons ilk "Emmy"sini qazandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see222

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see219

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see149

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see145

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see141

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see140

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see136

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see135

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see134

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see132

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see131

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see131

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see127

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see125

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see124

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see123

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see123

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see122

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see121

Ölüləri qəbirdən çıxarıb geyindirir və şəkil çəkdirirlər VİDEO FOTO

26 Oktyabr 2025 07:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri