Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
20 Yanvar Azərbaycan tarixində ən faciəli, eyni zamanda, ləyaqətli və məğrur səhifələrdən biridir.
Sovet ordusu tərəfindən 36 il əvvəl Bakı şəhərində və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirilmiş amansız hərbi təcavüz nəticəsində 150 mülki şəxs qətlə yetirilib, 744 nəfər ağır yaralanıb və 4 nəfər itkin düşüb.
Həmin gecə çox sayda vətəndaşımız öldürülməsinə baxmayaraq, bu, xalqımızın mübarizə əzmini qıra bilmədi. Onlar Sovet rejiminə, xalqımıza qarşı törədilən qırğınlara qarşı öz səsini daha da ucaldaraq mövcud vəziyyəti qəbul etmirdilər.
Artıq Azərbaycan vətəndaşları Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edir, partiya biletlərini yanıdırırdılar. Həmin dövrdə Sovet rejiminə etiraz edənlərdən biri, törədilən qırğınların səbəbkarı Mixail Qorbaçova ölüm hökmü çıxaran xalq hakimi olmuş Tahir Kərimli fikirlərini "Cebheinfo.az"-la bölüşüb.
Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli bildirib ki, 1990-cı ildə yanvarın 19-da texniki imkanlar, o cümlədən, mobil telefonlar yox idi və mümkün olan vasitələrlə, hətta bəzi radiolarla çağırışlar oldu:
"Bildirilirdi ki, Bakının köməyinə gəlin, Sovet qoşunları daxil olur, buna qarşı xalqın müqavimətini təşkil etmək lazımdır. Mən o zaman İsmayıllı rayonunda xalq hakimi idim. İsmayıllıda, eləcə də Ağsu, Şamaxı, Göyçay və digər rayonlarda xalq müdafiəyə dəvət olunurdu.
Avtobuslarla əhalini toplayıb Bakıya getdik. Artıq biz gecə çatanda Sovet ordusu Bakıya daxil olmuşdu. Biz Bakıya daxil olanda "Şamaxinka" deyilən ərazidə ağaclar yanırdı. Biz avtobusu Müşfiqabadda qoyub, "Niva" maşını ilə getdik ki, kəşfiyyat edək, avtobusu atəşə tutarlar, insanları öldürərlər.
Onu doğru etmişdik, çünki bizim özümüzü atəşə tutdular. Çox çətinliklə həmin əhalini də rayonlara qaytara bildik. Çünki vəziyyət elə idi ki, hamını qırırdılar. Artıq məlumatlar var idi ki, bizim yüzlərlə insanlarımızı Sovet qoşunları qırıb.
Televiziyanın da bloku partlamışdı və əlaqə yox idi. Özümüz İsmayıllıda bütün kəndlərə rabitə şöbəsinin müdiri Osman Osmanovun köməyi ilə radio vasitəsilə xəbərlər yaydıq. O da insanları dəvət etdi və mən ilk olaraq partiya biletini cırıb atdım.
Mən hazırlaşmışdım ki, məhkəmədə Qorbaçova qiyabi ölüm hökmü çıxarım. Meydanda ən azı 15 minə yaxın insan vardı və xalqın qarşısında bunu elan edim. O vaxt Qorbaçovun şəklini gətirdik və mən əlimi kəsib qanı onun üzünə sürtdüm və ona ölüm hökmü elan etdim. Sonra Mirzə Xəzər "Azadlıq" radisou vasitəsilə bunu bütün dünyaya elan etdi".
Tahir Kərimli bundan başqa hətta baş verən proseslərlə bağlı şeir də yazıb: "Ayın 22-də də özüm şair olmasam da, Səməd Vurğunun bir şerinə nəzirəni də elan etdim. Şeir dəyişilmiş formada belə idi:
Bəşərin cəlladı, divi, şeytanı
Hər cövrü-cəfası partiyamızdır.
Odur ilhamçısı diktaturanın
Müharibə vəfası partiyamızdır.
Təbii ki, bu, cavabsız qoyulmadı. Mənim haqqımda psixiatriyaya dair aktı tərtib olundu ki, bu dəlidir və s. Göstəriş verildi ki, ya öldürülməli, ya tutulmalı, məhv edilməlidir. O zaman İsmayıllı sakinləri mənim yaşadığım evin ətrafında 24 saat ərzində keşik çəkdilər.
Su maşınlarına benzin doldurdular ki, gələn olsa, üzərinə tökəcəyik, ancaq Tahiri verməyəcəyik. Ancaq buna baxmayaraq, vəzifədən uzaqlaşdırıldım və daim təqib şəraitində yaşadım. Hətta Bakıdan rəhbərlikdən gəlib qayınatama demişdilər ki, qızını, uşaqlarını götür apar, Tahiri öldürəcəklər.
Ancaq ailəm imtina etmişdi ki, biz Tahirlə birlikdə öləcəyik. Sonra Ədliyyə Nazirliyi, Mərkəzi Komitənin bütün işçiləri, ovaxtkı milis dəstələri gəldilər ki, məni götürsünlər. Ancaq xalq onları əhatəyə aldı. Vəzifədən çıxarıldıqdan sonra bildirdilər ki, rayondan çıxarılsın, əhali qoymadı.
Pul yığdılar, indi yaşadığım evi mənə aldılar. Meydanda çadır qurulmuşdu və 11 min nəfər 5 manatdan artıq olmamaq şərti ilə pul toplandı. Sonra da Ali Sovetə deputat seçdilər.
Çox böyük hadisələr idi. Xalqımın, o cümlədən İsmayıllı xalqının qarşısında ömür boyu borcluyam, təşəkkür edirəm".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: Qorbaçov Tahir Kərimli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















