Icma.az
close
up
RU
Qranitdə əbədiləşdirilən dövlətçilik İsa Həbibbəyli yazır

Qranitdə əbədiləşdirilən dövlətçilik İsa Həbibbəyli yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik,

Azərbaycan heykəltaraşlıq sənətinin görkəmli yaradıcılarından biri, Xalq rəssamı Ömər Eldarov yarım əsrdən artıq dövrdə yaratdığı bənzərsiz monumental və memorial əsərlərlə böyük şöhrət qazanmışdır. Əzim Əzimzadə adına rəssamlıq məktəbinin milli heykəltaraşlıq ənənələri ilə İlya Repin adına Sankt-Peterburq Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq Akademiyasının sənət prinsiplərini üzvi şəkildə birləşdirən görkəmli heykəltaraş Ömər Eldarov Azərbaycan heykəltaraşlığında yeni bir istiqamət yaratmağa nail olmuşdur. İlk növbədə onu qeyd etmək lazımdır ki, dünya şöhrətli fırça ustadı Tahir Salahov kimi, Ömər Eldarov da Azərbaycan heykəltaraşlıq sənətində sərt realizm üslubunda möhtəşəm əsərlər yaratmışdır. Həmçinin Ömər Eldarov süjetli heykəllər yaratmaqla Azərbaycan heykəltaraşlıq sənətində orijinal bir yol açmışdır. Ən əsası isə Xalq rəssamı Ömər Eldarov ölkəmizdə düşünən heykəltaraşlıq məktəbinin banisi miqyasında qəbul olunur. Düşünən heykəltaraşlıq Ömər Eldarovun sərt realizmindən doğan mütəfəkkir heykəllərini meydana çıxarmışdır. Onun Məhəmməd Füzuli (Tokay Məmmədovla birlikdə), Xurşidbanu Natəvan, Hüseyn Cavid, Sədrəddin Ayni, Robindranat Taqor, Üzeyir Hacıbəyli, Ziya Bünyadov və başqalarına aid əsərlərində mütəfəkkir şəxsiyyətlərin tişə ilə möhtəşəm heykəlləri canlandırılmışdır. Yaratdığı heykəllərin elmi-nəzəri cəhətdən təhlili göstərir ki, lirik-romantik çalarlar Ömər Eldarovun sərt realist üslubunun üzvi tərkib hissəsi olub, onun bənzərsiz sənətini zənginləşdirməyə xidmət edir.

Ümumiyyətlə, Xalq rəssamı Ömər Eldarov böyük şəxsiyyətlərin obrazlarını yaradarkən onların fəaliyyətlərindəki vətənə, dövlətə və xalqa bağlılığı vəhdətdə ifadə etmək ideyasını ön mövqeyə çəkir. Ömər Eldarovun bütün əsərlərində özünü göstərən bu prinsip ustad heykəltaraşın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş heykəl-abidələrində parlaq əksini tapmışdır. Möhtəşəm obrazın və dövlətçilik ideyasının eyni olmasına baxmayaraq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çoxsaylı heykəllərini yaratmış Ömər Eldarov heç vaxt özünü təkrar etməmişdir. O, hər dəfə bu dahi şəxsiyyətin obrazını yaradarkən onun parlaq simasını fərqli bir düşünülmüş detalla daha da zənginləşdirmişdir. Ömər Eldarovun heykəltaraşlıq Heydər Əliyevnaməsində xalqımızın və ölkəmizin xilaskarı, müstəqil dövlətimizin banisi və böyük qurucusu olan görkəmli dövlət xadiminin möhkəm iradəsi, qətiyyəti, müdriklik və uzaqgörənliyi, xalqa ürəkdən bağlı olması düşünülmüş xarakterik cizgilər vasitəsilə hər dəfə orijinal şəkildə əks etdirilmişdir. O, mümkün olduqca heykəllərində böyük müasiri olmuş, yaxından tanıdığı, şəxsiyyətinin və siyasətinin böyük miqyasını aydın surətdə mənimsədiyi Ulu öndər Heydər Əliyevin malik olduğu dərinlik və ucalığın mahiyyətini fərqli detallarla açmağa və bənzərsiz formada canlandırmağa çalışmışdır.

Azərbaycan heykəltaraşlığında görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi ilk dəfə 1987-ci ildə Ömər Eldarov tərəfindən yaradılmışdır. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büronun üzvlərindən iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş görkəmli dövlət xadimlərinin doğulduqları şəhərdə büstünün ucaldılması haqqındakı qərarına əsasən həmin yüksək və fəxri göstəricilərə malik olan SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünün müəllifi Xalq rəssamı Ömər Eldarovdur. Bu, Ulu öndər Heydər Əliyevin sağlığında dahi şəxsiyyətə ucaldılmış ilk heykəltaraşlıq nümunəsidir. Büstün Ömər Eldarov tərəfindən hazırlanması Heydər Əliyevin seçimi ilə əlaqədar olmuşdur. Bu baxımdan Ömər Eldarovun xatirələri görkəmli dövlət xadiminin nadir sənət nümunəsi olan büstünün yaradılması tarixinə aydınlıq gətirir: "Sağlığında onun  yeganə heykəlini mən düzəltmişəm. Bu işdən ötrü məni də Heydər Əliyev özü seçmişdir.

...Onu çox görmüşdüm, amma belə yaxından görməmişdim. Görüşdə mənə dedi ki, "Moskvada çox heykəltaraş var, amma mən istəyirəm ki, heykəlimi sən düzəldəsən". Danışdıq. Getdim Moskvaya. Orada iki saat Heydər Əliyev oturub, mən ona baxıb işləmişəm. Həmin model bütün heykəllərimin əsasıdır. Naturadan işlənən hər bir əsər daha yaxşı alınır və daha düzgün olur"  Ömər Eldarov. Gördüyüm qayğını unutmaram. "Azərbaycan" qəzeti, 3 fevral 2005-ci il ).

Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərindəki əzəmətli büstü ölkəmizdə Siyasi Büronun qərarı ilə ucaldılmış yeganə heykəltaraşlıq nümunəsidir. Ömər Eldarovun yaratdığı Heydər Əliyev heykəlləri dahi şəxsiyyətin görkəmli dövlət xadimi kimi yüksək ali dəyərlərinin, qüdrətinin bədii ifadəsi olmaqla bərabər, həm də bu heykəllərin ucaldılması üçün münasib məkanın düzgün seçilməsi ilə də müəyyən olunur. Ulu öndərin öz sağlığında, 1987-ci ildə Naxçıvanda ucaldılmış büstünün arxasında görünən Möminəxatın türbəsi və Araz çayı onun böyük vətənpərvər dövlət xadimi, öz köklərinə bağlı olan uzaqgörən azərbaycançı dahi rəhbər olduğu mənasını ifadə edir. Eyni zamanda, Naxçıvandakı büstünün ətrafından bir neçə ölkənin - Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının coğrafi sərhədləri və ərazilərinin görünməsi Heydər Əliyevin beynəlxalq aləmdə qəbul olunan dünya miqyaslı böyük siyasi xadim olması fikrini mənalandırır. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin Baş meydanında Ömər Eldarov tərəfindən ucaldılmış əzəmətli heykəlinin fonundakı Xatirə muzeyi isə Azərbaycan xalqının ən çətin, məsuliyyətli dövrlərində böyük dövlət xadiminin bu diyarda çalışıb işlədiyi, xilaskarlıq missiyasını həyata keçirdiyi illərdəki xidmətlərinin insanların qəlbində və tarixin yaddaşında əbədi yaşayacağına mənalı bir işarədir. Xalq rəssamı Ömər Eldarovun Türkiyə Cümhuriyyətinin Qars şəhərində ucaldılmış Heydər Əliyev abidəsinin fonundakı qədim və möhtəşəm Qars Qalası da bu qüdrətli liderin türk dünyasında daşıdığı missiyanı dolğun surətdə ifadə edir. Ömər Eldarovun təqdimatında Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və türk dünyasının möhtəşəm alınmaz Qalasıdır. Açıq səma və doğma torpaq detalları Ömər Eldarovun ölkəmizin müxtəlif regionlarında ucaldılmış Heydər Əliyev heykəllərinin daşıdığı əbədiyyət mənasını diqqət mərkəzinə çəkir.

Bakı şəhərindəki Fəxri xiyabanda salınmış heykəltaraşlıq kompleksi Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevə ucaldılmış ən möhtəşəm abidə hesab olunmağa layiqdir. Məsuliyyət hissi ilə demək olar ki, Fəxri xiyabandakı Heydər Əliyev abidə-kompleksi Xalq rəssamı Ömər Eldarovun şah əsəridir. Bu, Azərbaycan heykəltaraşlığında, xüsusən də Ömər Eldarovun yaradıcılığında xüsusi yer tutan Heydər Əliyev heykəlləri silsiləsinin möhtəşəm və ümumiləşdirilmiş yekunu və zirvəsidir. Geniş mənada Fəxri xiyabandakı Heydər Əliyev abidə-kompleksi Azərbaycan heykəltaraşlıq sənətinin ən mühüm yaradıcılıq nailiyyətlərindən biridir.

Bakı şəhərində Fəxri xiyabandakı möhtəşəm Heydər Əliyev abidə-kompleksi üçün seçilmiş fon - mərmər qranit üzərində Azərbaycan xəritəsinin canlandırılması rəmzi şəkildə Heydər Əliyevin ölməz adının Azərbaycan xalqı ilə və müstəqil dövlətimizlə əbədiyyətə qədər bir olacağı, yaşayacağı, əbədiyyət qazanacağı fikrini mənalandırır. Bu möhtəşəm abidə sözün əsl mənasında xalqımızın və dövlətimizin rəmzinə çevrilmiş Ümummilli lider Heydər Əliyevin bütün əzəmətini və qüdrətini, eyni zamanda, mübarizəsinin mahiyyətini özündə əyani surətdə əks etdirir. Müstəqil dövlətçilik, qüdrətli lider və azərbaycançılıq Heydər Əliyev abidə-kompleksinin fəlsəfəsini canlı şəkildə mənalandırır. Hər dəfə insanlar bu ölməz sənət abidəsinin qarşısından keçərkən dərin iftixar hissi ilə "Borcumuzdur bu ehtiram" - deyərək, irəliyə doğru inamla addımlayırlar.

Xalq rəssamı Ömər Eldarovun çoxillik heykəltaraşlıq fəaliyyətində ayrı-ayrılıqda, paralel şəkildə mövcud olan monumentallıq və memoriallıq Heydər Əliyev abidə-kompleksində bir yerdə ifadə olunmuşdur. Ümumiyyətlə, Bakı şəhərində Fəxri xiyabandakı Ömər Eldarovun Heydər Əliyev abidə-kompleksi Azərbaycanda, bəlkə də dünyada monumental heykəltaraşlıqla memorial heykəltaraşlığın vəhdəti əsasında yaradılmış nadir sənət əsəridir. Bu möhtəşəm abidə-kompleksdə Ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli Azərbaycan monumental heykəltaraşlığının əfsanəsidir. Fəxri xiyabandakı abidə-kompleksdəki akademik Zərifə xanım Əliyevanın abidəsi isə ölkəmizdə memorial heykəltaraşlığın möcüzəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin monumental heykəli Xalq rəssamı Ömər Eldarovun istinad etdiyi əsas yaradıcılıq metodu olan sərt realizm üslubunun bariz sənət nümunəsidir. Azərbaycan oftalmologiya elminin yaradıcısı Zərifə xanım Əliyevanın nadir abidəsi isə Ömər müəllimin sərt realizminə fərqli çalarlar gətirən lirik-romantik üslubun bənzərsiz, təkrarsız təzahüründən yoğrulmuş dahiyanə heykəltaraşlıq örnəyidir. Eyni zamanda, həyat yolu böyük mübarizələrlə dolu olan görkəmli dövlət xadimi Heydər Əliyevə bütün məqamlarda etibarlı dəstək olmuş Zərifə xanımın heykəlinin abidə-kompleksdə yer alması Ulu öndərin taleyini həyatda olduğu kimi, Fəxri xiyabanda da tamamlayır.

Ümumiyyətlə, Xalq rəssamı Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətində dövlətçilik təfəkkürünün yerini və əhəmiyyətini dərindən və qabarıq şəkildə əks etdirən heykəltaraşdır. Ümummilli lider Heydər Əliyevə həsr etdiyi heykəllər qalereyası böyük sənət əsərləri olmaqla yanaşı, həm də Azərbaycanın dövlət müstəqilliyinin heykəllərə çevrilmiş əzəmətli abidələrdir.

Eyni zamanda, Ömər Eldarovun təqdimatında Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Bakı şəhərindəki heykəli də qardaş ölkənin müstəqil dövlətçilik abidəsi kimi əzəmətlə ucalır. Arxasındakı çoxmərtəbəli binanın ağ rəngli fasadı Mustafa Kamal Atatürkün heykəlinin bütün parlaqlığı ilə görünməsinə şərait yaradır. Mustafa Kamal Atatürkə Bakı şəhərində əzəmətli heykəl ucaldılması Azərbaycan-Türkiyə münasibətlərinin strategiyasını müəyyən edən Heydər Əliyevin "Bir millət - iki dövlət" kəlamının daha bir təsdiqidir.

Dağıstanda, Mahaçqala şəhərində qoyulmuş görkəmli elm və dövlət xadimi Əziz Əliyevin əzəmətli heykəlində də çoxcəhətli fəaliyyətə malik bu görkəmli şəxsiyyətin tərcümeyi-halındakı dövlətçilik motivləri qabarıq şəkildə  əks etdirilmişdir. Əziz Əliyevin Dağıstandakı heykəli Dərbənddə doğulmuş Ömər Eldarovun vaxtilə bu regiona İosif Stalinin qəzəbindən xilas edərək, əhalinin köçürülməsinin qarşısını almış əsl dövlət xadimi Əziz Əliyevə olan böyük ehtiramının da heykəlləşmiş ifadəsidir. Bütün bu heykəllər həm də Ömər Eldarovun mükəmməl dövlətçilik baxışlarına malik görkəmli elm və sənət xadimi olduğunu göstərir. Buna görədir ki, Azərbaycan cəmiyyətində Ömər Eldarov həm də tanınmış ictimai xadim kimi qəbul olunur. Görkəmli dövlət xadimi Heydər Əliyev Xalq rəssamı Ömər Eldarovun sənətinə yüksək qiymət verərək demişdir: "Ömər Eldarov Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmət göstərmişdir. Mən Ömər Eldarovu çox illərdir ki, yaxından tanıyıram. Onun əsərlərinin demək olar ki, hamısı ilə tanışam. Hələ iyirmi il bundan əvvəl mən Ömər Eldarovu Azərbaycan mədəniyyətinin, incəsənətinin ən görkəmli simalarından biri hesab etmişəm. İndiyədək onun heykəltaraşlıq sahəsindəki xidmətləri bu fikri ardıcıl olaraq təsdiq edibdir.

...Azərbaycan heykəltaraşları arasında Ömər Eldarov xüsusi yer tutur: həm yaratdığı əsərlərin bədiiliyinə, yüksək təsirliyinə, gözəlliyinə görə, eyni zamanda, öz sənəti sahəsində çox məhsuldar işinə görə.

Ömər Eldarov nə qədər yüksək səviyyədə heykəltaraşdırsa, o qədər də zəhmətkeş, fədakar və işgüzar bir adamdır. Mən vaxtilə, hələ çox illər bundan əvvəl Ömər Eldarovun emalatxanasında olmuşam. ...Azərbaycanın görkəmli mədəniyyət, incəsənət xadimlərinin, ədəbiyyatımızın görkəmli  simalarının, ictimai xadimələrin heykəllərini yaradan Ömər Eldarov olubdur" (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın heykəlinin təqdimat mərasimindəki nitqi. Bax: "Xalq qəzeti", 22 aprel 1997-ci il).

Ümumiyyətlə, Xalq rəssamı Ömər Eldarovun görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi bənzərsiz heykəllər müstəqil Azərbaycan dövlətçiliyinin qranitdə əbədiləşdirilmiş möhtəşəm abidələridir. Nəticə olaraq keçdiyi ömür və sənət yolunu nəzərə alaraq, inamla belə demək olar ki, Xalq rəssamı Ömər Eldarov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin silahdaşıdır. O, görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və mübarizəsini, həyata baxışını və ideyalarını dərindən başa düşmüş və böyük məharətli qranitdə əbədiləşdirmişdir. Bakı şəhərində Fəxri xiyabandakı möhtəşəm abidə-kompleks təkcə bugünkü nəsillər üçün deyil, zaman keçdikcə Azərbaycanın gələcək nəsilləri üçün daha çox müqəddəs and yerinə çevriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Xalq rəssamı Ömər Eldarovun milli mədəniyyətimizin inkişafı sahəsindəki xidmətlərini yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyevin Sərəncamları ilə ölkəmizdə Ömər Eldarovun dövlət səviyyəsində yubileyləri keçirilmiş və görkəmli heykəltaraşa müstəqil dövlətimizin ən ali ordenləri və mükafatları verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1997-ci ildə "İstiqlal" ordeni ilə təltif edilmiş Xalq rəssamı Ömər Eldarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə müstəqil dövlətimizin ən yüksək mükafatı olan "Heydər Əliyev mükafatı"na layiq görmüş, 2017-ci ildə isə "Heydər Əliyev" ordeni ilə şərəfləndirmişdir. Prezident İlham Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun anadan olmasının 90 illik yubileyi münasibəti ilə ona "Heydər Əliyev" ordeni təqdim edərkən demişdir: "Ömər Eldarovun yaratdığı əsərlər xalqımızın maddi-mədəniyyət nümunəsinə çevrilmişdir. Bu əsərlər həm ölkəmizdə, həmçinin bir çox keçmiş sovet Respublikalarında məşhurdur. Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev Ömər Eldarovun sənətini hər zaman yüksək qiymətləndirmişdir. Onun əsərləri yüksək mədəniyyət nümunələridir... Ömər Eldarov ölkəmizin əsas hüdudlarından kənarda da yaxşı tanınır. Onun yaratdığı heykəllərin xarici ölkələrdə də ucaldılması böyük məmnunluq doğurur.

Ömər Eldarov Rəssamlıq Akademiyasının rektoru kimi də gənc kadrların hazırlanmasında böyük rol oynayır.

Vətəninə və xalqına ləyaqətlə xidmət edən Ömər Eldarovun, dərin istedada malik olan bu şəxsiyyətin fəaliyyəti həmişə böyük maraq doğurmuşdur".

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da anadan olmasının 95 illiyi münasibətilə təbrikində Xalq rəssamı Ömər Eldarovun ümumxalq ehtiramı qazanmış görkəmli sənətkar kimi çoxcəhətli xidmətlərinin yüksək qiymətləndirildiyini nəzərə çatdırmışdır: "Sizi 95 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətimizin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgisi və hörmətidir".

Göründüyü kimi, Xalq rəssamı Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətində görkəmli dövlət xadimi Heydər Əliyevin adını və obrazını qranit heykəllərlə əbədiləşdirmişdir. Ömər Eldarovun yaratdığı möhtəşəm heykəllər dərin istedadla və böyük zəhmətlə qranitdə əbədiləşdirilmiş müstəqil dövlətçilik abidələridir.

Xalq rəssamı Ömər Eldarov mənalı ömür yolu və parlaq sənəti ilə Heydər Əliyev - İlham Əliyev epoxasının əbədiyyət qazanmış əsəridir.

Görkəmli heykəltaraş, akademik Ömər Eldarovun ucaltdığı möhtəşəm Heydər Əliyev heykəlləri xalqımız üçün, xüsusən, yeni nəsillər üçün əsl azərbaycançılıq, müstəqil dövlətçilik və vətənpərvərlik dərsləridir.

5 may 2025-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see206

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04 May 2025 23:17see151

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see140

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see139

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see139

Şollarda asılmış kişi meyiti tapıldı MÜƏMMALI İNTİHAR

05 May 2025 19:34see132

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see132

Bu evlər təhlükə altındadır Video

05 May 2025 21:47see128

Serj Sarkisyan: Əgər Qarabağa getmək şansım olsa…

05 May 2025 01:12see127

Gündə bir saat yarım idmanla məşğul oluram

04 May 2025 19:58see126

Zelenski xanımı ilə səfərdə: Kiyevə əlidolu qayıdacaq

04 May 2025 17:49see119

Trent Aleksander Arnold Liverpul dan gedir Rəsmi

05 May 2025 13:32see118

Putin həyatında ilk dəfə nə vaxt diz çökdüyünü açıqladı

04 May 2025 16:49see118

Leyla və Arzu Əliyeva uşaq evlərinin komandaları arasındakı turniri izlədilər FOTOLAR

05 May 2025 00:45see117

Qvadelupa sahillərində inanılmaz mənzərə: balıqlar göyə qalxdı VİDEO

06 May 2025 01:06see116

Xalq artistindən Elzasayağı tərz: ayaqqabılarını tərs geyindi FOTOlar

05 May 2025 11:08see114

Şaxtyor dan XXI əsrdə bir ilk

05 May 2025 02:18see114

Sentyabrın 1 dən məktəblərdə telefonlara qadağa qoyulacaq...

04 May 2025 22:06see114

Mask beyninə görmə qabiliyyətini bərpa edən çip yerləşdirəcək..?

04 May 2025 22:44see113

Pakistan düşmənə layiqli cavab verməyə hazır olduğunu bildirib

05 May 2025 07:36see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri