Türk dünyasının yaşayan çinarı İsa Həbibbəyli yazır
Icma.az bildirir, 525.az portalına istinadən.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik,
Türk dünyası XX yüzildə özünün görkəmli ideoloqlarını və böyük əməl adamlarını yetişdirmişdir. İsmayıl bəy Qaspralı, Ziya Gökalp, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Zəki Vəlidi Toğan, Yusuf Akçura, Fuad Köprülü, Abbas Zamanov, Bəxtiyar Vavabzadə, Yavuz Akpınar və onlarla başqalarından hər biri təkrarsız fikir və əməl sahibləridirlər. Avrasiya Yazarlar Birliyi başqanı Yaqub Öməroğlu da türk dünyasının fikir və əməl babalarının estafetini XXI əsrdə uğurla davam etdirən və yeni bir tarixi mərhələ yaratmış böyük şəxsiyyətlərdən biri idi. O, özünün çoxcəhətli fəaliyyətində türk dünyasının yeni çağının ideoloqu olmaq, konkret əməlləri ilə ədəbi-mədəni turançılığa xidmət etmək və bədii yaradıcılıqla məşğul olaraq, müasir dövrün ən yeni türk ədəbiyyatını formalaşdırmaq kimi ali məqsədlərə şərəflə xidmət göstərmişdir. Soyadındakı Dəliöməroğlu sözünün başında gələn "dəli" sözü Yaqub Öməroğlunun türk dünyasına və ədəbiyyata dəlicəsinə bir sevda ilə ürəkdən bağlı olmasının və bu ali ideala yorulmadan, doymadan xidmət etməsinin ifadəsidir. Yaqub Öməroğlu türk dünyasının Koroğlu kimi dəlilərinin - məsləkdaşlarını başına yığaraq özünü bu böyük coğrafiyada ədəbiyyatın və ictimai fikrin inkişafına həsr etmişdir. Yaqub Öməroğlunun çox da böyük olmayan zaman içərisində türk dünyası üçün gördüyü işlər sözün əsl mənasında fədakarlıq və qəhrəmanlıq nümunəsidir.
Türk dövlətlərindən hər birində müxtəlif adlarla Yazıçılar Birlikləri olsa da, türk dünyası yazıçı və şairlərini, naşirlərini özündə birləşdirən ilk və hələlik ən son yaradıcılıq təşkilatı Yaqub Öməroğlu tərəfindən yaradılmışdır. Yaqub Öməroğlunun təsis etdiyi Avrasiya Yazarlar Birliyi, adından da göründüyü kimi, Türk Dünyası Yazıçılar Təşkilatıdır. Yaqub Öməroğlu türk dünyası yazıçılarını vahid bir yaradıcılıq təşkilatında birləşdirməyi bacarmışdır. Yaqub Öməroğlunun Avrasiya coğrafiyasının hər yerindəki məsləkdaşları və tərəfdaşları Avrasiya Yazarlar Birliyinin məslək və ədəbiyyat idealları ətrafında birləşmişdi. İsmayıl bəy Qaspıralının "Tərcüman" qəzeti vasitəsilə həyata keçirdiyi "Dildə, fikirdə, əməldə birlik" ideyasını Yaqub Öməroğlu Avrasiya Yazarlar Birliyi səviyyəsində daha geniş səviyyədə həyata keçirmişdir.
Bu baxımdan Yaqub Öməroğlunun "Qardaş qələmlər" dərgisi Avrasiya Yazarlar Birliyinin mətbu orqanı kimi yaradılsa da, dünya türk yazarlarının ədəbiyyat jurnalı funksiyasını uğurla yerinə yetirmişdir. Türk dünyasında abunəçilərinin və oxucularının, müəlliflərinin və təəssübkeşlərinin əhatə coğrafiyası cəhətdən "Qardaş qələmlər" jurnalı ilə müqayisə edilə biləcək ikinci bir mətbuat orqanı göstərmək çətindir. Avrasiya Yazarlar Birliyinin dərgisi olmasına baxmayaraq, "Qardaş qələmlər" dünya türk yazıçılarının əsərlərini çap edib yayan, dünyanın harasında bir türk qələm sahibi varsa, onu üzə çıxarıb geniş oxucu auditoriyasına təqdim edən, bu köklü ədəbiyyatı müasir dövrün ideallarına doğru istiqamətləndirən möhtəşəm ədəbiyyat jurnalıdır. "Qardaş qələmlər" türk dünyasının böyük ədəbiyyat jurnalı olmaq vəzifəsini şərəflə və məsuliyyətlə həyata keçirməkdədir.
Bununla belə, "Qardaş qələmlər" ilk növbədə Yaqub Öməroğlunun əsəridir. "Qardaş qələmlər"in 18 il ərzində çıxan 212 sayında Baş redaktor kimi Yaqub Öməroğlunun mübarək imzası vardır. "Qardaş qələmlər" Yaqub Öməroğlunun qardaş ədəbiyyatların yazıçıları və şairlərini ədəbiyyat vasitəsilə "dildə, fikirdə, əməldə" birləşdirmək sevdasının tərcümanıdır. Bu gün qürurla demək olar ki, Yaqub Öməroğlunun düşünülmüş dəli sevdasının mətbu əsəri olan "Qardaş qələmlər" türk yazıçı və şairlərini əlaqələndirmək, istiqamətləndirmək və birləşdirmək vəzifəsini şərəflə yerinə yetirmişdir.

Türk dünyası üçün çox məsul vəzifə olan ortaq ünsiyyət dili və ortaq əlifba yaratmaq məsələsi XXI əsrdə Yaqub Öməroğlunun rəhbərlik etdiyi "Dil Araşdırmaları" dərgisinin baş mövzusudur. Türk dünyasının ən ünlü dilçiləri "Dil Araşdırmaları" jurnalı ətrafında birləşmişlər. "Qardaş qələmlər" ədəbiyyatçıların, "Dil Araşdırmaları" isə dilçilərin türk dünyası miqyasında jurnalıdır. Çağdaş dövrdə türkologiyanın ən mühüm problemləri və çağırışları "Dil Araşdırmaları"nda səsləndirilməkdədir. "Dil Araşdırmaları" ortaq latın əlifbasına keçmək uğrunda mübarizədə öndə gedən elm və fikir jurnalıdır. Türk dünyasını ədəbiyyat vasitəsilə birləşdirmək ideyası ortaq ünsiyyət dili və ortaq latın əlifbası uğrundakı mübarizəsi ilə birlikdə Yaqub Öməroğlunun Türk Dünyası sevdasının qoşa qanadlarıdır.
Yaqub Öməroğlu əməlpərvər bir ideoloq idi. Onun ideyalarını daha çox əməlləri ifadə etmişdir. O, ümumi şəkildə sözdə birlik və həmrəylik ideayaları ifadə etməkdən daha çox əməlləri ilə həmin birliyin və həmrəyliyin nümunələrini, örnəklərini göstərməyə üstünlük vermişdir. Bu baxımdan Avrasiya Yazarlar Birliyinin "Bengü" nəşriyyatı da çox böyük əhəmiyyətə malikdir. Türk dünyasında meydana çıxan ən yaxşı elmi və bədii əsərləri "Bengü" nəşriyyatı kitab halında nəşr edib, Turan coğrafiyasında yaymışdır. Yaqub Öməroğlunun sağlığında "Bengü" nəşriyyatının çap etdiyi 500 kitab bu rəqəmə yaxın bir sayda yazıçı və şairi, elm adamını türk dünyasına və ümumən dünyaya tanıtmaq deməkdir. "Bengü" Yayım Evinin 500 kitablıq nəşrlərindən, "Qardaş qələmlər" jurnalının çap olunmuş 212 sayından və "Dil Araşdırmaları"nın 34 sayından mükəmməl bir Yaqub Öməroğlu kitabxanası yaratmaq olar. Həmin qiymətli kitablar və jurnallar Yaqub Öməroğlunun ömrünün səhifələri, türk dünyası sevdasının vəsiqələridir.
Tədqiqatçı kimi də Yaqub Öməroğlu Türk Dünyasına öz elmi töhfələrini vermişdir. Onun Türküstan və Tatarıstan haqqındakı araşdırmaları Türk Dünyası coğrafiyasının bu önəmli nöqtələri haqqında Türkiyədən baxışı ifadə edən fərqli dəyərləndirmələrdir. Türk Dünyası gözü ilə baxdıqda da bu tədqiqatlar geniş ümumiləşdirmə imkanları ilə seçilən elmi-ictimai məzmunlu əsərlər kimi diqqəti cəlb edir. Ayrı-ayrı vaxtlarda yazılmalarına baxmayaraq, Yaqub Öməroğlunun Türküstan və Tatarıstan araşdırmaları zamanı qabaqlayan əsərlər kimi bir qədər sonra gündəmdə daha da aktuallaşan Türk Birliyinə xidmət edən araşdırmalar kimi də mühüm əhəmiyyətə malikdir.
Əlbəttə, Yaqub Öməroğlu həm də istedadlı bir yazıçı idi. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun əsərləri müasir dövrdə türk dünyasında və qardaş Türkiyədə ədəbi həyatda baş verməkdə davam edən yeni modernləşmə dalğasının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir. Təxminən XIX əsrin sonlarından etibarən Tənzimat hərəkatı ilə başlanmış dəbdəbəli Osmanlı ədəbiyyat üslubundan realizmə doğru inkişaf prosesləri XX əsr ərzində sadə insanların həyatının ən müxtəlif məqamlarının böyük ədəbiyyatın aparıcı mövzularına çevrilməsinə güclü təkan vermişdir. Bununla belə, XX əsr türk romanlarında adi insanların həyatının əsasən ailə-məişət mövzuları çevrəsində qələmə alınması ənənəsi geniş yer tutmuşdur. Bu tipli ədəbiyyat sosial mühitin tənqidi dərkini ön mövqeyə gətirmiş Əziz Nesin və Ömər Seyfəddin kimi böyük söz ustalarını, mənəvi aləmin daxili dünyasını açmağa üstünlük verən Yaşar Kamal və Rəşad Nuri Güntəkin kimi görkəmli yazıçıları meydana çıxarmışdır. Bununla belə, müasir türk insanının sosial mühitlə və dünya ilə üzvü əlaqədəki yeni simasının, özünəməxsus mənəvi aləminin canlandırılması qardaş ölkədə modern ədəbiyyatdan metamodernizmə doğru inkişafı ön sıralara çəkmişdir.
Fikrimizcə, Yaqub Öməroğlunun 2019-cu ildə Bakıda "Qanun" nəşriyyatında çapdan buraxılmış "İki çinar" kitabı müasir türk ədəbiyyatındakı modern ədəbiyyatla metamodernizm arasındakı keçid proseslərinin ovqatını təqdim edən keyfiyyətcə yeni tipli ədəbiyyat hadisəsidir. Modern ədəbiyyatdakı həyatilik, müasirlik mövqeyi ilə metamodernizmdəki şərtilikdən, bir qədər mücərəddikdən doğan notların üzvü surətdə əlaqələndirilməsi Yaqub Öməroğlunun yaşayan və düşünən adi qəhrəmanlarını formalaşdırır. Yaqub Öməroğlunun hekayələrində yazıçı həssaslığı ilə müəllifin sosial-ictimai mövqeyi bir-birini üzvü sürətdə tamamlayır. Azərbaycanın Xalq yazıçısı Anarın "çox həssas müşahidəçi" yazıçı kimi dəyərləndirdiyi Yaqub Öməroğlu bu həssaslığı həm insanların mənəvi dünyasının incə məqamlarını bütün təbiiliyi ilə təsvir edərkən, həm də ictimai mühitin ən müxtəlif problemlərinə müdaxilə etdikdə eyni səviyyədə bacarıqla nümayiş etdirir. Ən əhəmiyyətli cəhətlərdən biri də bundan ibarətdir ki, Yaqub Öməroğlu hekayələrində sadə adamları və ya gündəlik adi mühiti sadəcə təsvir etməklə qalmır, böyük ustalıqla sosial-mənəvi aləmin daxili qatlarını açıb göstərir. Bütün hallarda isə o, öz qəhrəmanına müasir dövrdə Anadolu coğrafiyası insanının taleyini və psixologiyasını yaşayan səciyyəvi obraz olmaqdan başqa, həm də yaxın və uzaq çevrənin qayğıları ilə əhatə olunmuş sosial mühitin daşıyıcısı kimi baxır. Bunun üçün yazıçının seçdiyi həyat materialının və qurduğu süjetin həcmi yığcam olsa da, əhatə dairəsi geniş olur. Məsələn, "İki çinar" hekayəsində Türkiyənin Bursa vilayətində "diametri üç metrə çatan çinarın gövdəsinin ildırım vurması" hadisəsi vasitəsi ilə "yaralı ağacların təmiri" üçün əməli iş görmək əvəzinə lüzumsuz təkliflər irəli sürməkdə davam edən bələdiyyə işçisi ilə Kanadadan turist kimi gəlmiş Mari adlı qadının yıxılmış qoca ağacın yerinə ölkəsinin simvolu olan çinar fidanı əkməsi müqayisəli şəkildə təqdim olunur. Fikrimizcə, hekayədəki "yaralı ağacların təmiri" ideyası ildırım vurmuş çinardan çox yaralanmış mənəviyyatın bərpası ideyasının zəruriliyi fikrini diqqət mərkəzinə çəkir. Yaqub Öməroğlunun qoca çinarı bərpa etmək əvəzinə yeni fidan əkməyi təklif edən külliyyənin gözətçisi Həmdi ilə bələdiyyə və vəqf mütəxəssisləri arasındakı fərqi göstərmək üçün seçdiyi "kanadalı turist" detalı sadə insanın baxışlarının müdafiə olunmasına xidmət edir. Yaxud "On dollar" hekayəsində xarici ölkəyə getmək üçün yola çıxmış Qədirin qonşu ölkənin gömrükxanasında qarşılaşdığı əhvalatların təsvirindən onun xarakterini açmaq üçün ustalıqla istifadə edilmişdir. Burada da eyni zamanda, sadə adamlar və mürəkkəb sosial mühit məsələsi diqqət mərkəzinə çəkilmişdir. Yazıçı ənənəyə uyğun olaraq, öz qəhrəmanını sosial mühitə uyğunlaşdırmaq yolu ilə getməyərək, sadə adamların pak mənəviyyatı vasitəsilə cəmiyyəti sağlamlaşdırmaq qayəsini izləmişdir. Bu, Yaqub Öməroğlunun hekayələrindəki sadə adam fəlsəfəsinin aparıcı istiqamətini təşkil edir. Doğrudur, Yaqub Öməroğlunun təsvir etdiyi sadə adamlar sadəlövh olmayıb, necə deyərlər, müəyyən əxlaqi-mənəvi dəyərləri özlərində cəmləşdirən, özünü dərk etmiş adi obrazlar kimi diqqəti cəlb edirlər.
Beləliklə, Yaqub Öməroğlunun hekayələrində sosial mühitin "çirklənməmiş" təbəqəsi olan sadə, adi adamlar ön mövqeyə çəkilərək, cəmiyyətə örnək kimi təqdim olunurlar. Lakin yazıçı özü əvvəlcədən hər hansı bir obraz haqqında hazır resept vermir. O, qəhrəmanını çətinliklərdən keçirərək dar, kiçik dairədən böyük mühitə doğru addım-addım təkamül prosesi vasitəsilə inkişaf etdirməklə, oxucunu keçilmiş yolun dərslərinə inandırır. Bu mənada "Çətin anlar" hekayəsi bir hekayənin adı olmaqdan başqa, həm də Yaqub Öməroğlunun hekayələrinin ümumiləşdirilmiş qayəsi kimi səslənir. "Çətin anlar" Yaqub Öməroğlunun hekayə modelinin ümumiləşdirilmiş formuludur. "Afyon qaymaq" hekayəsinin aparıcı obrazları olan Bünyəmin kimi və onun oğlu Səlimin "əlində bir alüminium sini və əsgər çamadanı kimi bir-iki əşya ilə" Afyondan Ankaraya gəlmiş kasıb ailənin böyük çətinlikləri dəf edərək dairəni genişləndirməklə, ağıl və zəhmət hesabına yaşamaq imkanlarını da genişləndirməyə, yaxşılaşdırmağa nail olmaları təbii bir təkamül prosesinin işığında təsvir edilmişdir. "Qayğanaq və bəhməz" hekayəsində də Məryəm ananın səbri, iradəsi və zəhməti həyatın ağır sınaqları qarşısında mənəvi bütövlüyün qorunub saxlanılmasının mümkünlüyünə inam hissləri yaradır.
Yaqub Öməroğlunun hekayələri həyatın adilikləri üzərində qurulmuş düşündürücü hekayələrdir. O, bir yazıçı kimi bədii əsərdə süni şəkildə sensasiya yaratmağın, qurama uydurmağın əleyhinə olaraq, həyatın ağrılarını və uğurlarını təbii şəkildə göstərməklə oxucunun diqqətini cəlb etmək, onu düşündürməyi bacarmaq mövqeyinə sadiqdir. Yaqub Öməroğlu bədii əsərdə "hadisənin vahiməsini" təsvir etməyi yox, "şişirtmə bir əhvalatı" qələmə almağı deyil, dayanıqlı bir təmkinlə həyatın təbii axarını göstərməyi sənət kredosu kimi qəbul etmişdi. "Qazax - gördüyün əzab" hekayəsində bəyan edilən hekayəçilik meyarları geniş mənada Yaqub Öməroğlunun özünün ədəbi baxışlarının ifadəsi idi. Bu, əslində, bir müəllifin deyil, bütövlükdə əsl ədəbiyyatın, böyük sənətin gerçək yolu deməkdir. "Qazax - gördüyün əzab" hekayəsindəki aşağıdakı dialoq Yaqub Öməroğlunun sənət dünyasının açarını tapmaq üçün bələdçilik edir:
"- Bu hekayəni yazmalıyam... Olmaz, - dedi, - bundan hekayə olmaz.
- Niyə olmaz? İnsanlar bu yaşanan ağrı-acıları öyrənməsinlərmi? Bu ağrıların unudulması zamana dəstək deyilmi?
- Yazılmalıdır, əlbəttə, amma elm adamları yazsınlar. Hekayədə, romanda deyilərsə, oxucu hadisənin vahiməsini başa düşməz... Deyilənlərin nə qədərinin gerçək, nə qədərinin qurama olduğunu təxmin etməyəcəklər. Ağıllarında sual işarəsi dolaşacaq. Bu mövzuların elm adamları tərəfindən yazılması, oxucuya elmi mətn kimi təqdim edilməsi daha doğru olar.
Yazılan ağrılar o qədər böyük, hadisələr o qədər ağlasığmaz idi ki, hekayə kimi yazılanda oxucular bunu onları dərindən təsirləşdirmək üçün uydurulmuş, şişirtmə bir əhvalat, hətta naşılıq belə sayacaqdılar".
Hekayələri sübut edir ki, Yaqub Öməroğlu oxucuları dərindən təsirləndirmək istedadına malik olan ciddi yazıçıdır.
Əsərlərinin təsirli həyat hekayələri kimi meydana çıxması hekayələrindən bir çoxunun avtobioqrafik əsərlər kimi formalaşmasında mühüm rol oynamışdır. Müşahidə edilir ki, Yaqub Öməroğlu hekayələrini öz tərcümeyi-halından keçirərək yaradıcı mühitin geniş meydanına çıxarırdı. Yaqub Öməroğlunun özünün xarakterində müşahidə olunduğu kimi, hekayələri də təmkinli bir təhkiyə əsasında yazılmış dayanıqlı əsərlərdir. Hətta bəzi hekayələrində yazıçının avtoportretini də görmək mümkündür. "Qayğanaq və bəhməz" hekayəsində müəllifin avtoportreti öz adı ilə, Yaqub adı ilə iştirak edir. Bütün bunlar Yaqub Öməroğlunun hekayələrinin möhkəm həyatı əsaslara malik olduğunu göstərir. Lakin o, əsərlərində həyatın naturalist təsvirlərini çəkmir, insanı cəlb edə bilən, düşündürən və sabaha işıq salan hekayələri ilə öz oxucusunu bələdçilik edirdi. Yaqub Öməroğlunun hekayələrində süjetin bitdiyini bildirən epiloqsayağı xüsusi bir yekunlaşdırıcı hissə, yaxud mətn olmasa da, onun hekayələrinin ümumi gedişatından ümumiləşdirilmiş dərslər çıxarmaq mümkündür. Bu onu göstərir ki, Yaqub Öməroğlu həyat materialını və ya obrazların həyat hekayələrini elə cəlbedici şəkildə təqdim edirdi ki, orada nəyisə yekun söz kimi diktə etməyə ehtiyac qalmır. "Palatada" hekayəsində yazıçı bir xəstəxanada olan, müxtəlif baxışlara malik adi adamların dialoqu vasitəsilə cəmiyyətdəki etnomüxtəlifliyi təşviq edir. "İki eyni fikirli" hekayəsində də Yaqub Öməroğlu nəticə etibarilə eyniliyin bezdirici olması və inkişafa deyil, ağlamağa, geriyə apardığı qənaətinə gəlmişdi. Lakin belə düşündürücü, ibrətamiz qənaətlər yazıçının diktəsi kimi yox, hekayələrdən çıxarılan nəticələr şəklində təqdim olunduğu üçün təbii görünür.
Yaqub Öməroğlunun Azərbaycan cəmiyyətinə təqdim etdiyi "İki çinar" kitabında bir-birinin eyni olan, təkrarlanan iki hekayə yoxdur. Yazıçının hekayələrinin mövzu dairəsi, obrazlar aləmi, süjetin quruluşu hər dəfə fərqli surətdə təzahür edir. Hekayələrində eyniləşmənin əleyhinə çıxan Yaqub Öməroğlu ilə Azərbaycanda və Türkiyədə, digər ölkələrdəki hər görüşlər də həmişə fərqli tədbirlərlə müşayiət olunurdu. Avrasiya Yazarlar Birliyinə uğurlu rəhbərlik, Mahmud Kaşğari Hekayə Müsabiqəsi, Türkdilli Ölkələrin Ədəbiyyat Dərgiləri Konqresi, Haldun Taner adına pyes yarışması kimi genişmiqyaslı və məsuliyyətli tədbirlərin yüksək səviyyədə təşkili Yaqub Öməroğlunun həyatda və ədəbiyyatda olduğu kimi, təşkilatçılıq və idarəçilik işlərindəki bənzərsizlik nümunəsini nümayiş etdirirdi. Atdığı hər bir addımla o, Türkiyədə və türk dünyasında fərqli və daha qüvvətli bir ədəbi axının meydana çıxmasına zəmin hazırlayır, təkan verir və bütün bunları ən cəlbedici vasitələrlə dünyaya göstərməyi bacarırdı. Fikrimcə, hekayələrində olduğu kimi, ictimai-mədəni və elmi-ədəbi mühitin təşkili sahəsində də yorulmaz fəaliyyətini səs-küy salmadan, görüntü yaratmadan məsuliyyətlə və yüksək səviyyədə həyata keçirməsi Yaqub Öməroğlu üçün böyük ideallara xidmət işinin hər şeydən çox mühüm bir borc hissi olduğunu diktə edirdi. Yaqub Öməroğlunun Türkiyədə və türk dünyasında Avrasiya Yazarlar Birliyinin özəklərini və şəbəkələrini yaratması XXI əsrin yeni tipli Yazarlar Birliyi modelini qurmaq demək idi. "Bengü" nəşriyyatını təsis edib, ümumən dünya, xüsusən də türk dünyası üçün kitablar nəşr edib, Orxon-Yenisey vadilərindən - Balkanlara qədərki geniş məkanda yaymaq Bilgə Kağan ideallarına şərəflə xidmət etməyin əməli ifadəsidir. Nəhayət, Yaqub Öməroğlunun təsis etdiyi "Qardaş qələmlər" dərgisini hər ay nəşr etdirmək və yaymaqla da eyni kökdən olub, ortaq mədəniyyətlərin daşıyıcılarının ədəbiyyatlarının inkişaf etdirilməsinə və inteqrasiya olunmasına dəstəyini meydana qoyurdu. Əslində, bütün bunlarla Yaqub Öməroğlu türk dünyasında ədəbi-mədəni inteqrasiya və elmi-ədəbi fikrin inkişafı etdirilməsi kimi məsuliyyətli və şərəfli vəzifələri uğurla həyata keçirməkdə davam edirdi.
Dünyanın hər yerində Yaqub Öməroğlunun etibarlı dostları vardır. Azərbaycandakı dostları Yaqub Öməroğlunun məsləkdaşlarıdır. Türk dünyası sevdalısı Yaqub Öməroğlu idealları uğrundakı davasında ən böyük əqidə və məslək dostlarını daha çox Azərbaycanda tapmışdır. Yaqub Öməroğlu türk dünyası uğrunda Türkiyə və Azərbaycandakı əməl və fikir dostları ilə birlikdə mübarizə aparırdı. "Qardaş qələmlər" dərgisində Azərbaycan ədəbiyyatı nümunələri Avrasiya türk dünyası ədəbiyyatına örnək kimi təqdim olunurdu. "Qardaş qələmlər" sanki Azərbaycanın və Türkiyənin ortaq ümumtürk ədəbiyyat dərgisi idi. Türkiyədə nəşr edilən "Qardaş qələmlər"in Azərbaycan ədəbiyyatı və ictimai fikri arasında yaratdığı möhkəm və etibarlı körpü türk dünyasının Birlik və Həmrəylik modelidir.
Yaqub Öməroğlunun Azərbaycan səfərləri məslək dostları ilə bölüşmək, yeni baxışlar formalaşdırmaq, təzə ideyalarla yenidən mübarizə meydanına dönmək amalı daşıyırdı. Azərbaycanın Qarabağ Zəfərini sevinc dolu göz yaşları ilə, səssiz aydın, dolu, duru təbəssümü ilə qarşılamaq Yaqub Öməroğlu üçün əsl bir qəhrəmanlıq hadisəsinin dərin həyəcanlarını yaşamaq və idealına qovuşmaq hadisəsi kimi qiymətli idi. Ömrünün son aylarında Azərbaycandakı dostlarının dəvəti ilə Şuşa şəhərindəki ədəbiyyat və mədəniyyət tədbirlərindəki iştirakı yüksək ideallarına çatmış böyük bir fikir qəhrəmanının dərin sevdasının və mənəvi rahatlığının ifadəsi idi. Azərbaycanın ən nadir təbiət gözəli olan məşhur Göygöldə də o, sanki türk dünyasının aydınlığına qovuşmuşdu. Əhməd Cavadın və Əli Akbaşın "Göy göl" şeirləri Yaqub Öməroğlunun göz yaşları və pıçıltıları ilə bu göllər gözəlinin mavi dünyasına qovuşmuşdur. İlk hekayələr kitabının "İki çinar" adı ilə Türkiyədən qabaq ilk dəfə Azərbaycanda nəşr edilməsi Yaqub Öməroğluya ölkəmizdə bəslənilən yüksək ehtiramın ifadəsidir.
Azərbaycanda çap olunmuş hekayələr kitabının adında ifadə olunan "İki çinar" anlayışı Yaqub Öməroğlunun şəxsiyyətini və ədəbi-ictimai fəaliyyətini bir yerdə çox aydın surətdə özündə əks etdirir. Çoxcəhətli elmi-ədəbi və təşkilati fəaliyyəti ilə Yaqub Öməroğlu türk dünyasında çoxşaxəli bir çinar ömrü yaşamışdır. Bütün hallarda Yaqub Öməroğlunun və məsləkdaşlarının çoxcəhətli fəaliyyəti qolu-budaqlı, möhtəşəm bir çinara bənzəyən türk dünyasının ədəbi-mədəni obrazının qurulmasına xidmət edir. Bu ulu çinar türk dünyasının hüdudlarını aşaraq dünyanın harasından baxsaq, bütün əzəməti ilə görünür və geniş mənada hər yerdə inkişafa, ünsiyyətə, əməkdaşlığa və insanlığa çağırır.
Nəhayət, Yaqub Öməroğlu ilə əlaqədar bir müşahidəmi də nəzərə çatdırmaq istəyirəm. Unudulmaz dostumuz ədəbi-ictimai fəaliyyətə Yaqub Öməroğlu kimi başlayıb, Yaqub Öməroğlu olaraq ömrünü tamamlamışdır. Dəliöməroğlu mərhələsi Yaqub bəyin həyat eşqinin, mübarizəsinin, arzularının bəyan edilməsinin, təsis etmək istədiyi Avrasiya Yazarlar Birliyini, "Qardaş qələmlər" dərgisini qurub, yola çıxmasına nail olması dövrünün soyadda ifadə edilən mənasıdır. Öməroğlu soyadı isə onun artıq arzu etdiklərinə nail olduqdan, proqramını sabit bir inkişaf yoluna çıxardıqdan sonrakı mərhələnin ifadəsidir. Dəliöməroğlu mərhələsi eşqin, arzunun, niyyətin, Öməroğlu dövrü isə işin, əməlin əks-sədasıdır. Dəliöməroğlu soyadından Yaqub Öməroğlu imzasına keçid onun emosional romantik bir mərhələdən düşünülmüş realist bir fəaliyyət yoluna çıxmasının nəticəsidir. Yaqub Öməroğlunun gerçəkçi bir türk yaradıcı şəxsiyyəti kimi fəaliyyəti Türkiyə və türk dünyası üçün tarixə çevrilmiş böyük əməllərin həyata keçirilməsinə böyük örnəkdir. Yaqub bəy üçün Dəliöməroğlu soyadı yolu seçməyin, Öməroğlu soyadı isə yol getməyin göstəricisidir. Yaqub Dəliöməroğlunun idealları Yaqub Öməroğlunun qoyub getdiyi örnəklərlə özündən sonra da yaşayır, davam edir.
Yaqub Öməroğlu - İsmayıl Qaspıralının, Ziya Gökalpın, Əli bəy Hüseynzadənin XXI əsrdəki layiqli təmsilçisi idi.
Yaqub Öməroğlu - türk dünyasının yaşayan əfasnəsidir.
Azərbaycan üçün Yaqub Öməroğlu əbədiyyət qazanmış məslək və sənət rəmzidir.
Məslək və sənət Yaqub Öməroğlunun qoşa qanadlarıdır.
Azərbaycanda çap olunmuş "İki çinar" kitabının adındakı çinarlardan biri məslək, o birisi isə sənətdir, ədəbiyyatdır.
İki çinarlardan birini Türkiyə, ikincisini Azərbaycan, hər ikisini bir yerdə isə türk dünyası kimi mənalandırmaq mümkündür.
Yaqub Öməroğlu Türk dünyasının Ulu Çinarıdır. Əbədiyyət qazanmışdır. Unudulmazdır!
7 iyul 2025-ci il


