Qubada həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxslə bağlı QƏRAR
Ali Məhkəmədə Qubada həmkəndlisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Təbriz Hacıyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: 2023-cü il fevralın 6-sı, saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və cəzası ilə 4 ilə endirilib.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/see.png)