Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi ŞƏRH
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb tarixində 2020-ci ilin Vətən müharibəsi müstəsna yer tutur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu Zəfər salnaməsinin ən mühüm səhifələrindən biri 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin düşmən tapdağından azad olunmasıdır. Hərbi strategiya və geopolitik baxımdan xüsusi çəkiyə malik olan bu tarixi hadisə Böyük Qələbənin əsas hərbi-siyasi sütunlarından birini təşkil etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edilməsinin tarixi və hərbi əhəmiyyətini dəyərləndirərkən demişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
Qubadlı şəhərinin azad edilməsi tək bir yaşayış məntəqəsinin azad olunması deyil, bütün cənub cəbhəsində düşmənin müdafiə xəttinin tamamilə yarılması demək idi. Şəhərin mürəkkəb dağlıq relyefi və təbii maneələr düşmən tərəfindən aşılmaz qalalar kimi möhkəmləndirilmişdi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi yüksək peşəkarlıq, qəhrəmanlıq və taktiki üstünlük erməni hərbi birləşmələrini darmadağın etdi. Qubadlının azad olunması Laçın dəhlizi üzərində nəzarətin ələ keçirilməsinə, eyni zamanda işğalçı qüvvələrin kommunikasiya xətlərinin kəsilməsinə zəmin yaratdı və strateji təşəbbüsü tam şəkildə Azərbaycan Ordusunun əlinə keçirdi.
Zəngəzur dağ silsiləsi ilə Həkəri və Bərgüşad çaylarının vadilərində yerləşən Qubadlı rayonu zəngin təbii resurslara, münbit torpaqlara və əvəzolunmaz kənd təsərrüfatı potensialına malikdir. Rayon ümumilikdə 79.812 hektar torpaq fonduna malikdir. Bu ərazilərin böyük hissəsi kənd təsərrüfatına yararlı torpaqlar, otlaqlar, geniş meşə zolaqları və şirin su mənbələrindən ibarətdir. Strateji coğrafi mövqeyi Qubadlını regionun vacib aqrar və nəqliyyat-logistika qovşaqlarından birinə çevirmək üçün geniş imkanlar açır.
1993-cü il avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Qubadlı rayonu 27 il ərzində dəhşətli dağıntı və vandalizmə məruz qalmışdır. İşğal dövründə erməni işğalçıları tərəfindən həyata keçirilən dağıntılar təkcə infrastruktura deyil, həm də tarixi-mədəni irsə qarşı yönəlmişdir.
Rayon ərazisindəki onlarla qədim alban məbədi, sərdabələr, qala və türbələr, habelə məscidlər və ziyarətgahlar təhqir edilmiş, dağıdılmış və ya saxtalaşdırılmışdır. Bərgüşad və Həkəri çaylarının hövzəsində yerləşən nadir meşə massivləri, Qubadlı Dövlət Yasaqlığı qanunsuz olaraq qırılmış, qiymətli ağac növləri talan edilmiş, təbiətə bərpaolunmaz zərər vurulmuşdur. Rayonun şəhəri və bütün kəndləri yerlə-yeksan edilmiş, mülki əhaliyə mənsub yüzlərlə ev, məktəb, xəstəxana və uşaq bağçası təməlinədək sökülmüşdür. Ermənistanın törətdiyi bu əməllər beynəlxalq hüquq normalarına, xüsusilə Cenevrə konvensiyalarına zidd olaraq milli-mədəni irsin və ətraf mühitin məqsədyönlü şəkildə məhv edilməsi aktı kimi qiymətləndirilir.
Azərbaycan dövləti və xalqı Qubadlı uğrunda döyüşən, xilaskarlıq missiyasını şərəflə yerinə yetirən hərbi qulluqçuların rəşadətini yüksək qiymətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olundu.
Bu medal Qubadlı şəhərinin və rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış hərbi əməliyyatlarda şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusuna təqdim edilmişdir. Bu təltif dövlətin öz qəhrəman övladlarına verdiyi yüksək dəyərin və ehtiramın bariz təzahürüdür.
İşğaldan azad edildikdən dərhal sonra Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş torpaqlara müntəzəm səfərləri regionun sürətli inkişafına güclü təkan verir.
Qubadlının azad edilməsinin birinci ildönümündə - 25 oktyabr 2021-ci il tarixində ölkə rəhbərinin rayona tarixi səfəri baş tutdu. Səfər çərçivəsində təməli qoyulan və açılışı edilən layihələr Qubadlının yeni dövrünün strategiyasını müəyyən etdi.
İlk növbədə, regionun nəqliyyat infrastrukturu üçün həyati əhəmiyyət kəsb edən Xanlıq-Qubadlı avtomobil yolunun təməlqoyma mərasimi keçirildi. Bu yol Qubadlını digər rayonlarla bağlayan, müasir standartlara cavab verən əsas magistral xətlərdən birinə çevrildi. Eyni zamanda, ərazinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün inşa edilən “Qubadlı” yarımstansiyasının açılış mərasimi baş tutdu. 110/35/10 kV-luq bu yarımstansiya rayonun gələcək sənaye və yaşayış infrastrukturu üçün etibarlı enerji bazası yaratdı. Bundan əlavə, Ermənistan ilə dövlət sərhədində yerləşən Qubadlıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı gerçəkləşdirildi ki, bu da Azərbaycanın milli sərhədlərinin toxunulmazlığının və təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır.
Böyük Qayıdış proqramı çərçivəsində Qubadlı şəhərinin Baş Planı təsdiqlənmiş, şəhərin tarixi simasını saxlamaqla yanaşı, müasir və “yaşıl enerjiyə” əsaslanan konsepsiya hazırlanmışdır. Bu çərçivədə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulmuşdur. Yeni məhəllə müasir arxitektura elementləri, geniş sosial infrastrukturu, məktəb, uşaq bağçası və istirahət zonaları ilə doğma ocaqlarına qayıdacaq Qubadlı sakinlərinə yüksək həyat standartları və rahat yaşayış imkanları təqdim edəcəkdir.
25 Oktyabr - Qubadlı Şəhəri Günü milli qürurun, ədalətin və dirçəlişin rəmzidir. Dağıdılmış Qubadlı bu gün Müzəffər Ali Baş Komandanın liderliyi və Azərbaycan xalqının əzmi ilə yenidən qurulur, modernləşir və canlanır. Doğma torpaqlarına qayıdan qubadlılılar azad, təhlükəsiz və çiçəklənən öz ata-baba yurdlarında yeni bir tarixi dövr yazırlar.
Şamo Qasımov
YAP Laçın rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Oktyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















