Icma.az
close
up
RU
Qubadlının qutlu qurtuluşu Tarixin yaddaşa qayıdışı

Qubadlının qutlu qurtuluşu Tarixin yaddaşa qayıdışı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir şəhər düşünün – qurtuluşu bütöv bir ulusun yığvalında elə mənəvi yüksəklik yaradır, o yüksəklikdən baxanda keçmiş də başqa görünür, gələcək də… Qubadlının qutlu qurtuluşdan sonra Zəngəzurun gündoğarı da günbatarı da daha tez-tez qələmimizdə və ya qərarımızda oldu; qəlbimizdə zatən vardı…

25 oktyabr 2020-ci il – Azərbaycan Ordusunun Qubadlı şəhərini işğaldan qurtardığı şanlı gün! Bu tarix yalnız hərbi əməliyyatların xronologiyasına yazılmadı; ulus yaddaşımızın dərin qatlarında özünə bəngü yer qazandı.

Bu gün – 2026-cı ilin oktyabrında, Qubadlının qurtuluşunun altıncı ildönümündə həmin hadisəyə həm qələbə sevinci ilə, həm də tarixin, coğrafiyanın, mədəniyyətin, dövlətçilik düşüncəsinin və insan taleyinin qovuşduğu böyük bir hadisə kimi baxmaq ehtiyacı duyulur.

Vətən – torpağın üzərində qurduğumuz yaşamla, altında uyuyan əcdadımızla, üstündə dalğalanan bayrağımızla və hələ dünyaya gəlməmiş balalarımızın haqqı ilə bütövləşən qutlu varlıqdır.

Qubadlıya qayıdış, əslində, Azərbaycanın öz tarixi bütövlüyünə qayıdışının önəmli qatlarından biridir.

Qubadlının Azərbaycanın güney-batısında yerləşən adi bir inzibati bölgə olmadığı bəsbəllidir. O, Zəngəzurun gündoğarında təbiət, tarix və mədəniyyət qatlarının bir-birinə qovuşduğu doğma yurd yeridir.

Biz belə sözləri yalnız Qubadlıya aid etmirik; bizimçün ölkəmizin adi, dəyərsiz, önəmsiz yeri, bölgəsi yoxdur; ancaq özəllik, gözəllik qatları fərqlənə bilər – birində bir, digərində başqa bir özəllik, gözəllik daha önplanda görünə, daha qabarıq seçilə bilər. Qubadlı da, Quba da, Qusar da Vətəndir; biz Vətənimizi bütöv görür, bütöv sevirik.

Qubadlı və işğaldan qurtardığımız digər el-obalarımızın yarası təzə-təzə sarındığı üçün diqqətimizin oralara odaqlanmasını daha çox haqq edir!

Və bu gün Qubadlının Şəhər Günüdür.

Qubadlıda dağlar yalnız relyef, çaylar yalnız su axını, kəndlər yalnız yaşayış məntəqəsi kimi görünmür gözümüzə…

Burada hər toponim bir yaddaş vahididir.

Həkəri, Bərgüşad – bu adları çəkərkən yalnız çaylardan danışmırıq. Biz yüzillərin yaddaşından, insanla təbiətin birgə yaratdığı mədəni mühitdən, ata-babalarımızın yurdla qurduğu mənəvi münasibətdən danışırıq.

İşğal torpağın siyasi-hüquqi statusuna və insanların yaşamına ağır zərbə vurmaqla yanaşı, həmin münasibəti də qırmağa yönəlmişdi. İnsan öz doğma yurdundan ayrı düşəndə yalnız evindən məhrum olmur; o, uşaqlığının səslərindən, əcdad məzarlarından, gündəlik yaşamının mənəvi xəritəsindən də uzaq salınır. Lakin burada önəmli bir həqiqət var: coğrafi ayrılıq həmişə mənəvi ayrılıq doğurmur.

Qubadlılılar doğma yurddan uzaqda yaşasa da, Qubadlını özlərində yaşatdılar. Kəndlərin adları, evlərin ünvanları (və açarları!), bulaqların yeri, yolların istiqaməti ailə yaddaşında qorundu.

Deyir, bəzən xəritələrdə görünməyən bir məkan insanın qəlbində bütöv bir dünya kimi yaşayır.

Qubadlı bax, həmin dünyanın adıdır.

1993-cü il avqustun 31-də işğal olunmuş Qubadlı şəhəri 27 ildən artıq doğma sakinlərinin həsrət yerinə çevrildi…

Şəhər sakininə, sakin şəhərinə həsrət qalmışdı…

Harada yaşayırsansa ora sənin şəhərinmi olur?.. Yaxud şəhərdə kim yaşayırsa, sakinmi olur?..

Gərək ruhi-mənəvi bağ qura biləsən, gərək ayağın torpaqda, başın ağbuludda, üzün Günəşdə, Ayda olunca, ürəkdən “yurdum-yuvam, məskənim” deyə biləsən!..

Qubadlı sakini harada yaşasa da könlündə qubar vardı… Qubadlıda məskunlaşan işğalçılar isə bu torpağa həqiqi yurd haqqı ilə bağlana bilməzdi.

2020-ci ilin 25 oktyabrında isə Azərbaycan Ordusu bizim həsrətin, işğalçının yalançı yaşamının tarixi sonluğunu yazdı.

Qubadlının qurtuluşu 44 günlük müharibənin önəmli hərbi-strateji uğurlarından idi. Bu uğur Azərbaycan Ordusunun güney-batı yönündə irəliləyişinə, sonrakı əməliyyatların inkişafına ciddi imkanlar yaratdı.

Bəli, hərbi-strateji nəticə hadisənin yalnız bir qatıdır; daha dərində milli iradənin bərpası, dövlətin öz suveren hüquqlarını həyata keçirmək əzmi, uzun illər boyu yaşadılan qayıdış inamının gerçəyə çevrilməsi dayanırdı.

Qubadlının qurtuluşu göstərdi ki, tarix bəzən uzun müddət cavabsız qalan suallarını bir neçə həftənin içində qəti surətdə cavablandırır.

Həmin cavabın arxasında illərin dövlət quruculuğu, ordu hazırlığı, siyasi iradə və ulusun mənəvi səfərbərliyi dayanır.

Zəfər – hazırlanmış gücün, qorunmuş inamın və tarixi məsuliyyətin parlaq sonucudur.

Bəs Zəfərin yaddaşdakı ömrü nə qədərdir? Bir ilmi, on ilmi, yüz ilmi?..

Yoxsa bir ulus öz varlığını qoruduqca onun qutlu günləri də yaşayır?

Məncə, tarixi hadisələrin böyüklüyü yalnız baş verdiyi gündə deyil, sonrakı nəsillərin yaşamına hansı mənanı ötürməsindədir.

25 oktyabr Qubadlı üçün təqvim tarixindən böyükdür. O, həsrətin qurtuluşa, qayıdış inamının gerçəkliyə, ulus iradəsinin tarixi nəticəyə çevrildiyi gündür.

Bir vaxt Qubadlının adı çəkiləndə gözlərimiz uzaqlara dikilirdi. İndi o ad çəkiləndə gözümüzün önündə Azərbaycan bayrağı dalğalanır.

Bir vaxt Qubadlı haqqında danışmaq bir nisgili dilə gətirmək idi. İndi Qubadlı haqqında danışmaq həm də qürur duymaq, məsuliyyət daşımaq, sabahı düşünməkdir.

Tarix öz sözünü dedi. Ancaq tarixi yalnız keçmişə aid saymırıq – onun gələcək qarşısında da tələbləri var.

Biz o tələbləri unutmayacağıq.

Qubadlıya salam olsun!

Qubadlını azad edən qəhrəmanlara eşq olsun!

QURTULUŞUN QUTLU OLSUN, QUBADLI!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Oktyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri