Qubadlının zəfər yolu və müasir dirçəlişi ŞƏRH
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qubadlı rayonu zəngin tarixi, əsrarəngiz təbiəti, əlverişli coğrafi mövqeyi ilə Azərbaycanın dilbər guşələrindən biridir. Bərgüşad və Həkəri çaylarının qovuşduğu bu bərəkətli torpaq əsrlər boyu qədim sivilizasiyaların meskəni olmuşdur. Ərazidəki IV–V əsrlərə aid Göy qala, Qalalı qala, Laləzar körpüsü, Dəmirçilər kəndindəki XIV əsr türbələri və qədim Alban məbədləri Qubadlının dərin tarixi köklərə malik olduğunu sübut edir. Zəngin flora və faunaya, məşhur Göy bulaq kimi təbii su mənbələrinə və nadir qoz-çinar meşələrinə malik olan bu diyar, işğala qədər həm də tütünçülük, baramaçılıq və kənd təsərrüfatının inkişaf etdiyi mühüm mədəniyyət və əmək mərkəzi idi.
Qubadlı torpağı hər zaman öz məğrur, fədakar və vətənpərvər insanları ilə tanınmışdır. XIX əsrdə haqsızlığa və ədalətsizliyə qarşı mübarizə rəmzinə çevrilmiş xalq qəhrəmanı Qaçaq Nəbi və onun ömür-gün yoldaşı Həcərin boy-başa çatdığı bu diyar, qəhrəmanlıq salnaməsini müasir dövrümüzdə də şərəflə davam etdirmişdir. Tarixən strateji əhəmiyyətə malik olan bu diyar əsrlər boyu elm, mədəniyyət və qəhrəmanlıq ənənələrinin formalaşdığı məkan kimi tanınmışdır. Lakin 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət Qubadlıdan da yan keçmədi. 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal dövründə rayonun yaşayış məntəqələri, tarixi-dini abidələri, təhsil və səhiyyə müəssisələri vəhşicəsinə dağıdıldı, maddi-mədəni irsi talan olundu və minlərlə qubadlılı doğma ocağından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məhkum edildi. Buna baxmayaraq, Qubadlı sakinləri və bütün Azərbaycan xalqı doğma torpaqların azad ediləcəyi və tarixi ədalətin bərpa olunacağı günə olan inamını bir an olsun belə itirmədi.
Bu böyük inam və həsrət 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi 44 günlük Vətən müharibəsində tarixi zəfərlə nəticələndi. Oktyabrın 25-də Qubadlı şəhərinin düşmən tapdağından azad edilməsi Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtələrindən biri oldu. Şanlı ordumuzun göstərdiyi misilsiz şücaət nəticəsində Qubadlı səmasında yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı və 27 illik həsrətə son qoyuldu.
Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində Qubadlı övladları misilsiz şücaətlər göstərmiş, Əliyar Əliyev, Şükür Həmidov kimi onlarca Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı yetirərək xalqımızın mübarizə əzminin parlaq nümunəsini yaratmışlar.
Dövlət başçısının sərəncamı ilə 25 oktyabr tarixinin "Qubadlı Şəhəri Günü" kimi təsis edilməsi bu şanlı qələbənin, xalqımızın məğrurluğunun və şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramın parlaq təcəssümüdür. Bu gün Büyük Qayıdış proqramı çərçivəsində azad edilmiş Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir, müasir infrastrukturlar qurulur və yeni yaşayış massivləri salınır. Doğma yurda qayıdışın reallaşdığı bu yeni dövrdə Qubadlı öz əvvəlki əzəmətini və gözəlliyini bərpa edərək yenidən dirçəlir və işıqlı gələcəyə doğru inamla addımlayır.
25 Oktyabr – Qubadlı Şəhəri Günü yalnız bir ərazi vahidinin azad olunması tarixi deyil, həm də milli qürurumuzun, sarsılmaz birliyimizin və zəfər əzmimizin təcəssümüdür. İllərlə çəkilən həsrətdən sonra bu gün Qubadlı yenidən öz həqiqi sahiblərinin nəfəsi ilə canlanır, sürətlə abadlaşır və müasir çalar qazanır. Müzəffər xalqımızın qəhrəmanlığı və dövlətimizin qüdrəti sayəsində azadlığına qovuşan Qubadlı, bundan sonra da Azərbaycanın sürətli inkişafının, sülhün və firavanlığın parlaq rəmzi olaraq gələcək nəsillərə əmanət qalacaqdır.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 23 Oktyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















