Qurban Qurbanov üçün çətin fasilə KÖŞƏ
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah”ın “Sumqayıt” üzərindəki inamlı qələbəsi, “qış çempionluğu”nu qazanması Qurban Qurbanovun yuxusunu ərşə çəkdi. Onsuz da “bayquşlar” 1-ci turdan təxirə salınan oyunda “Qarabağ” üzərində parlaq qələbə qazanmaqla müəyyən bir prosesin əsasını qoymuşdu. İndi durum bir qədər də dəyişdi.
Ən müxtəlif səbəblər və əlamətlər Qurban bəy üçün qış fasiləsinin asan keçməcəyindən xəbər verir. Birinci və ən əsas səbəb: “Qarabağ” hər il fasiləyə əsas rəqiblərindən xeyli irəlidə yollanırdısa, müəyyən ara açandan sonra xal itkilərini də özünə rəva görürdüsə, artıq belə “rahatlıq zonası” yoxdu. Fasiləyə “Sabah” öndə yollanıb, özü də hadisələrin xaotik axarı və ya hansısa təsadüf nəticəsində yox, parlaq və məzmunlu oyun ilə. Deməli, bundan sonra hər xal itkisi “Qarabağ” üçün həlledici ola, ağdamlılara hətta titul bahasına başa gələ bilər.
İkincisi, Qurban bəy təkcə çempionluq uğrunda mübarizəyə köklənsəydi, yenə də oynaya-gülə titulu qazana bilərdi.
Turnir cədvəlindəki durum necə olur-olsun, mən litvalı Valdas Dambrauskasın bizim çempionata xas özəllikləri azərbaycanlı Qurban Qurbanovdan yaxşı bildiyinə əmin deyiləm. Hətta işlər o yerə qədər irəliləyə bilər ki, azərbaycanlı məşqçilərin yerliçilik damarı da tutar, “azərbaycanlı, yoxsa litvalı mütəxəssis çempion olmalıdı” sualı prinsip məsələsinə çevrilə bilər. Bunu qoyaq bir kənara. İş ondadı ki, Qurbanov Çempionlar Liqasındakı həlledici oyunları, ilk 24 komanda arasına düşmək perspektivini də düşünməyə məcburdu. Yəni qalan klublar bir, maksimum iki turnirdə mübarizə aparırsa, ÇL-də oynayan “Qarabağ” üç turnir üçün gücünü düzgün bölməli, ölkədaxili və ölkəxarici turnirlər arasındakı optimal balansı tapmalıdı.
Üçüncü və məni daha çox narahat edən məqam: Qurban bəy “Qarabağ”ın “Qəbələ”yə qalib gəldiyi oyundan sonra dözə bilmədi, “partladı”, bütün giley-güzarını dilə gətirdi. Ölkəmizin ən böyük məşqçisi futbolçularının 90 faizinin müxtəlif klublardan təklif aldığını, heyəti qorumaqda çətinlik çəkdiyini etiraf etdi. Ayrı-ayrı agentlər və menecerlər “Qarabağ”ın istənilən oyunçusunun “saqqızını oğurlamağa” qadirdi. Axı komandanın ÇL-də ad çıxarması, irəliləməsi nə onların vecinədi, nə də tarixən pul düşkünü olan futbolçuların.
Qurbanov futbolçuları buraxsa, ÇL ilə bağlı hansısa hədəfə ümid etməyə dəyməz. Ən azı ona görə ki, iştirak ərizəsinə kimisə daxil etməyə icazə yoxdu. Buraxmasa, onda gözü pulun arxasında qalan futbolçuların idman formasında eniş yaşanacaq. İndi Qurban bəyin hansı çətin sınaqla qarşı-qarşıya qaldığının fərqindəsizmi?! Həm “Sabah” kimi iddialı rəqibi neytrallaşdırmağın yollarını fikirləşməli, həm də cəmi bir ay sonra “Ayntraxt”la taleyüklü oyuna döyüşkən, optimal, mübariz heyət çıxarmalıdı. Çətin olacaq, çox çətin! Hətta belə də demək olar: Qurban bəy məşqçi karyerasında növbəti mərhələyə qədəm qoymağın astanasındadı.
Bunun şəkli əlamətləri təzyiq və gərginlik dalğası olacaq. Premyer-liqada “Sabah” çıxacaq, kənarda da “Ayntraxt” və “Liverpul”. Qurban bəy üçün fasilə yox, çətin günlər başlayır. Bacarmalıdı, başqa yolu yoxdu.
HUŞƏNG
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 23 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















