Rəfibəylilər Xalq yazıçısı Anar yazır
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Üzərində müəyyən fasilələrlə otuz il ərzində işlədiyim "Keçən keçdi, olan oldu" dastanını axır ki, bitirdim.
Çox-çox illər bundan əvvəl bu dastanın "Məmmədxanlılar" boyu "525-ci qəzet"in bir neçə sayında dərc edilmişdi. İndi qəzetin oxucularına əsərin "Rəfibəylilər" boyunu təqdim edirəm.
(Əvvəli ötən sayımızda)
Ələkbər bəy isə Gəncədə (ümumən Azərbaycanda) ilk siyasi partiyalardan birinin - "Difai"nin qurucularından idi.
"Difai"i Azərbaycanda "Hümmət"dən sonra yaranmış ikinci siyasi partiya sayılır. Stalinin və Caparidzenin təşəbbüsü və fəal iştirakıyla yaranmış "Hümmət" partiyasına Nəriman Nərimanov, Məşədi bəy Əzizbəyov, sonralar "Müsavat"ın əsasını qoymuş Məhəmməd Əmin Rəsulzadə və başqa azərilər daxil olsalar da, bu partiyanı sırf Azərbaycan firqəsi saymaq düz olmaz. O, daha çox RSDRP-nin Azərbaycan filialı idi.
Konyukturçu Azərbaycan Sovet tarixçiləri "Difai" partiyası haqqında belə yazırdılar:
"1905-ci ilin payızında Azərbaycanın Şuşa, Cavanşir, Karyaqin və başqa qəzalarında (Gəncənin və Bakının adları çəkilmir - A.) tacirlərdən (?-A.), qolçomaqlardan (demə, sovetlərdən əvvəl də qolçomaqlar varmış - A.) burjua-mülkədar ziyalılardan və qismən də (!-A.) bəylərdən ibarət mürtəce "Difai" adlı təşkilat meydana çıxır. Burjua-mülkədar ziyalıları K.Mehmandarov, Ə.Ağayev, M,Hacınski təşkilata başçılıq edirdi. Müsəlmanları daşnakların basqınından müdafiə etmək pərdəsi altında çıxış edən "Difai" təşkilatı millətlər arasında toqquşmaları qızışdırmaqda iştirak edirdi. Onun fəaliyyətindəki əsas metodlardan biri fərdi terror idi. Bəzi halda "Difai"nin üzvləri daşnaklara kömək etməkdə təqsirləndirilən məmurlara qarşı terror tətbiq edirdilər.
"Azərbaycan tarixi", 1964, səh 613.)
Bu biabırçı və yalan sözlər sovet dövründə yazılmış tarix kitablarımıza xas olan metodla - avandı tərsə çəvirmək metoduyla qələmə alınıb. Halbuki adından göründüyü kimi, "Difai" firqəsinin yeganə məqsədi millətini silahlı daşnak basqınlarından qorumaq idi.
Nağı bəy Şeyxzamanlı yazır:
"Vəziyyətin çox qorxulu olduğunu hiss edən Gəncə şəhərindəki rus idarəçiliyinin yüksək məmurlar, əsgəri qüvvələri, komandirləri çaşqın halda, heç bir çıxış yolu tapmayaraq, hadisələrin qarşısını necə almağı təsəvvür belə edə bilməyərək vali general Bauerin yanına toplanırlar. Nəhayət, hamısı bu qənaətə gəlir ki, Ələkbər bəydən başqa heç kim bu hərəkatı dayandıra bilməz".
Şəhərdə nə qədər gürcü əsilzadəsi, təqaüddə olan zabit və mülkü vəzifələrdə işləyən varsa, hamısı yığışıb Ələkbər bəyin yanına gəlirlər, xahiş edir və deyirlər ki, ermənilər etdiklərindən peşman olmuşlar. Nəhayat, Ələkbər bəy hərəkətin dayandırılmasına əmr verir, sakitlik yaranır, general qubernator 10 türk və ermənini dəvət edərək sülh bağladır.
Amma Azərbaycanın, o cümlədən Gəncənin nüfuzlu adamları yaxşı başa düşürdülər ki, bu sülh müvəqqətidir, çar hökumətinin təhrikiylə ermənilər yenə də fürsət düşən kimi təxribatlarını davam etdirəcəklər. Ermənilərin silahlı dəstələrindən başqa yaxşı təşkil olunmuş siyasi partiyaları da fəaliyyət göstərirdi, odur ki, Azərbaycan türklərinin də belə bir mütəşəkkil partiya yaratmasına ehtiyac vardı. Bunun rüşeymləri Gəncədə yaradılmış gizli təşkilat idi.
Həmin vaxtda məşhur ictimai-siyasi xadim, publisist Əhməd bəy Ağayev (Ağaoğlu) Gəncəyə gəlir.
Nağı bəy Şeyxzamanlı yazır:
"O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Rəfibəyli Ələkbər bəy, iki qardaş - Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsib, doktor Həsən Ağaoğlu dururdu. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda rusların ermənilərin əli ilə hər bir pisliyi edə biləcəyi üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqca məhv olmayacayıq. Bunun üçün gizli bir təftiş komissiyası yaratmağa, gizli firqəni "Difai" adlandırmağa qərar verildi".
"Difai" partiyasının kim (ya kimlər) tərəfindən və harada yaranması haqqında müxtəlif fikirlər var.
Qiymətli "Difai" kitabının müəllifi, tarixçi Eldar Əzizov yazır:
Partiyanın harada və kim tərəfindən yaradılması məsələsində də mövqelər müxtəlifdir. Məsələn Sventaxovski yazır: "Müdafiə" adı ilə məşhur olan bu təşkilat 1905-ci ilin yazında Gəncədə burada tanınmış və öz siyasi karyerasını müəyyən etmiş insanlar - Şəfi Rüstəmbəyov, Ələkbər və Xəlil Xasməmmədov qardaşları, İsmayıl Ziyadxanov, Nəsib Usubbəyov (Yusifbəyli) və doktor Həsən Ağazadənin təşəbüsü ilə yaradılmışdır.
Anamın arxivində ("Babam atam. anam" qovluğunda) iki sənəd saxlanılıb. Görünür, bu mövzunu işləyən alimlərimizdən biri həmin sənədləri Nigar xanıma təqdim edib.
Cənab Yelizavetpol qubernatoruna
Tamamiylə məxfi
Zati-alilərinizə çatdırıram ki, müsəlman "Difai" partiyasının rəhbərləri Ələkbər bəy Rəfibəyli və Axund Molla Paşa Namaz zadədir. Partiyanın məqsədi öz xalqının maraqlarını müdafiə etməkdir. Ələkbər bəy Rəfibəyovun evində axtarışlar zamanı rus dilində çap olunmuş nizamnamə tapılmışdır. Müsəlmanların Persiyada inqilabçılara yardımı barədə silahlar gizli yolla Rusiyada əldə edilir və Persiyaya Səttar xanın dəstələrinə göndərilir.
ROTMİSTR ASTROYANTS
Raportda adı keçən Axund Molla Paşa Namaz zadə - tərəqqipərvər gəncəli ruhani, Ələkbər bəyin yaxın dostu və məsləkdaşı, Şeyxul islam Pişnamazzadədir.
İKİNCİ SƏNƏD:
D.İ.N.
Yelizavetpol polismeysteri
18 iyul 1907-ci il. Yelizavetpol.
Tam məxfi
30 may 571 nömrəli sirkulyarınıza cavab olaraq Zati-Alinizə bildirirəm ki, təyin etdiyimə görə, müsəlmanların "Difai" və "Müdafiə" partiyaları quberniyanın müsəlman əhalisindən qanunsuz olaraq toplanılan vəsait hesabına maliyyələşdirilir. Birinci partiyanın rəhbəri yelizavetpollu Ələkbər bəy Rəfibəyov və Axund Molla Mamed Paşa Namaz zadə, ikincinin isə İsmayıl xan Ziyadxanov və Cəfər Axundovdur. Sonuncusu ictimai asayiş və təhlükəsizlik üçün zərərli şəxs olduğu üçün Yelizavetpol quberniyasının müvəqqəti General Qubernatorunun sərəncamıyla quberniyanın ərazisindən kənarlaşdırılmışdır. "Difai" partiyasının məqsədi öz xalqının mənafeyini qorumaq, əsas da əhalini maarifləndirməkdir. "Müdafiə"nin məqsədi kəndlilərin vəziyyətini yaxşılaşdırmaq, mülkədar torpaqlarını onların arasında bölmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün dövlət quruluşunu dağıtmaqdır. Bir sözlə, hər iki partiyanın məqsədi eynidir.
Polismeyster (imza)
Maraqlıdır ki, "Difai" haqqında və onun rəhbərləri barədə məlumatda məhz Ələkbər bəyin mənzilində axtarışlar zamanı tapılmış sənədlərə istinad edilir.
Məhz Rəfibəylilərin ailə nişanı sonralar "Difai" partiyasının gerbi kimi təsdiq edilir, Ələkbər bəy isə firqənin fəxri sədri olur.
"Difai"nin yaradıcıları sırasından məhz Ələkbər bəyin Fəxri sədr seçilməsinin, məncə, bir neçə səbəbi var. Biri "Gəncənin atası" kimi tanınan ağsaqqalın böyük xidmətləri və şəxsi nüfuzu. İkincisi, "Difai" yaradıcılarının hamısı Əhməd bəy Ağaoğlu (1869-1939), Xəlil bəy Xasməmmədov (1873-1947) İsmayıl Ziyadxanov (1867-1920), Nəsib Bəy Usubəyli (1881-1920), Həsən bəy Ağayev (1875-1920), Şəfi bəy Rüstəmbəyov (1893-1960), "Difai" partiyasının Qarabağ şöbəsinin rəhbəri, Azərbaycanın ilk ali tibb təhsilli həkimlərindən Kərim bəy Mehmandarov (1854-1929) - hamısı 66 yaşlı Ələkbər bəydən cavan idilər və onu şəksiz ağsaqqal kimi qədul edirdilər.
Üçüncü səbəb isə "Difai"nin məhz Gəncədə və əsasən gəncəli ziyalıların iştirakıyla yaranması idi. Təsadüfi deyil ki, böyük mütəfəkkir və ictimai-siyasi xadim Əhməd bəy Ağayev belə bir təpərli müdafiə təşkilatı yaratmaq məqsədiylə məsləhətləşmək üçün məhz Gəncəyə gəlir.
Əhməd bəyin Gəncə səfəri, Ələkbər bəylə, yerli ziyalılarla görüşləri Xalq şairi Sabir Rüstəmxanlının "Difai fədailəri" sənədli romanında yüksək bədii şəkildə əks olunub.
Vaxtilə Şirvanşahların paytaxtı kimi şöhrətlənən Bakı XIX əsrin sonu - XX əsrin əvvəllərində neft bumunun nəticəsində sırf milli şəhər olmaqdan daha artıq beynəlmiləl və kosmopolit ruhlu bir məkana çevrilmişdi. Gəncə - (burada da erməni məhəlləsi olmasına baxmayaraq) - öz milli ruhunu daha çox hifz etmişdi. Təsadüfi deyil ki, ilk Azərbaycan Cümhuriyyətinin (1918-1920) qurucuları və xadimləri sırasında gəncəlilərin özəl və önəmli yeri var. Bolşevik rejiminin Gəncəyə daima şübhəylə yanaşmasının, ən çox repressiya qurbanlarının (o cümlədən dəfələrlə sürgün edilmiş Rəfibəylilərin) acı aqibətinin səbəbləri bunlarla bağlıdır.
Gəncə tarix boyu həm də əqidədə, fikirdə asilərin, fəaliyyətdə üsyankarların, qiyamçıların şəhəridir. Gəncəli jurnalist Əhməd İsayev "Gəncə ruhunun cövhəri" adlı məqaləsində Nizaminin çağdaşları əxilər haqqında yazır ki, "bu dini-fəlsəfi təlimin əsasında "qardaşlıq, bərabərlik" ideyası dururdu" (fransız inqilabından altı əsr əvvəl! - A.).
Gəncənin bu günə qədər hifz olunmuş tarixi abidələri sırasında əxi "Gömərd Qəssab" məqbərəsi də var.
Orta əsrlərdə Bəndər üsyanı da, XIX əsrdə azğın çar generalı Sisyanova meydan oxuyan və şəhərin qeyrətini müdafiə edərək qəhrəmancasına şəhid olan Cavad xan da, əvvəl çar, sonra bolşevik rejiminə asi olan qaçaqlar da Gəncənin iftixarıdırlar. 1920-ci il 28 aprelində istilaçı Qızıl Orduya heç bir ciddi silahlı müqavimət göstərməməyimizin günahını yuyan Gəncə üsyanı neçə min şəhidin qanı bahasına tarixi şərəfimizdən bu ləkəni sildi. Bu fikri Ceyhun bəy Hacıbəyli çox dəqiq ifadə edib.
Təbiidir ki, "Hümmət"dən də, "Difai"dən də, "Müsavat"dan da qabaq ilk siyasi təşkilatın rüşeymi Gəncədə cücərib.
"Qeyrət" adlanan bu təşkilat haqqında "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası"nda deyilir:
"Qeyrət" - Azərbaycanda ilk milli sosial-federalist təşkilatı. 1905-ci ildə Gəncədə yaradılmışdır. Təşkilata hüquqşünas Ələkbər bəy Rəfibəyli, Gəncə (Yelizavetpol) dairə məhkəməsinin üzvü Ələkbər bəy Xasməmmədov, şəhər polis idarəsinin rəisi A.Quliyev başçılıq edirdilər".
Beləliklə, Azərbaycanda ilk milli siyasi təşkilatın, sonralar isə partiyanın yaranmasında da Ələkbər bəyin silinməz izi və böyük əməyi var. Bir insanın bu qədər vacib, müxtəlif və xeyirli işlərlə uğraşması adamı mat qoyur.
22 il ərzində Gəncə Bələdiyyə Şurasının - Dumanın üzvü olmuş Ələkbər bəy yalnız iki-üç dəfə üzrlü səbəblərdən iclaslarda iştirak etməyib. Ələkbər bəy dövlət tərəfindən yüksək nişanlarla təltif olunmuş, amma çar məmurları ona həmişə şübhəylə yanaşmışlar. Daima nəzarətdə olan, açıq, ya gizli izlənilən bu unikal şəxsiyyətin 1908-ci ildə sürgün olunması barədə hətta general-qubernatorun fərmanı da var. Ələkbər bəyin böyük nüfuzu bu fərmanın icra olunmasına imkan verməyib. Amma Ələkbər bəy nəslinin - Rəfibəylilərin sürgün edilməsi planını sovet hakimiyyəti artıqlamasıyla yerinə yetirdi.
Ələkbər bəyin çoxsahəli fəaliyyətinin az məlum olan bir tərəfi də onun publisistikasıdır.
Türkiyəli alim Dövlət Nadir İsmayıl bəy Qasprinskinin "Tərcüman" qəzetində yazıları basılan müəlliflər sırasında Yusif Akçura, Fuad Köprülü, Ziya Göyalp, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Həsən Səbri Ayvazovla bir sırada Ələkbər Rəfibəylinin də adını çəkir.
Bu yerdə Məmməd Səid Ordubadinin Ələkbər bəy haqqında dediyi "Ələkbər bəy yazıçı deyildi" sözləri yada düşür (bəyəm yazıçılıq iddiası olub?). Amma eyni zamanda M.S.Ordubadi yazırdı:
"1905-ci il noyabr ayının birindən başlanmış hadisələri Ələkbər bəy Rəfibəyov cənablarının topladığı rusca bir jurnaldan və sair məktublardan tərcümə etdim".
M.S.Ordubadi onu da qeyd edir ki, Ələkbər bəyin topladığı materiallar əsasında "müsəlmanların nə qədər məzlum, nə qədər iğtişaşdan xəbərsiz olduqları meydana çıxır".
1919-cu il aprel ayında "Azərbaycan" qəzetində belə elanlar çıxır:
Gəncə türk müəllimlər İttifaqı, məşhur millət xadimi Əliəkbər bəy Rəfibəyovun aprel ayının 3-də vəfat etdiyini kəmali hüzn və təhəssür ilə məlum edir.
Bağır bəy və Qəhrəman bəy öz sevimli qardaşları, doktor Xudadat bəy Rəfibəyov öz sevimli atası, Cavad bəy, Eyyub bəy, Qəmbər bəy Rəfibəylər öz sevimli əmiləri Əliəkbər bəy Rəfibəyovun aprel ayının 3-də vəfat etdiyini kəlam-hüzn ilə öz qohum əqrabalarına, dost aşnalarına məlum edir.
O günlərdə qəzetlərdə çox sayda başsağlığı teleqramları da dərc edilib.
Doktor Rəfibəyova. Milli itkimizlə əlaqədar olaraq dərindən sarsıldım. Sənin dərdinə və ümumi bədbəxtliyimizə səmimi qəlbdən şərik oluram. Həsən bəy Ağayev
Azərbaycan xalqına, mənim qəlbimə əziz olan böyük ictimai xadim və Azərbaycanın namuslu vətəndaşı, istəkli Əliəkbər bəy Rəfibəyovun vəfatı ilə bağlı dərin kədər hissiylə başsağlığı verirəm
Nəsib bəy Usubbəyov
Doktor Rəfibəyova, surəti şəhər icra hakimiyyətinə Gəncənin ən yaxşı vətəndaşı, Azərbaycanın milli ideallarının təəssübkeşi Ələkbər bəy Rəfibəyovun vəfatı ilə əlaqədar səmimi başsağlığımı qəbul edin.
Məhəmməd Əmin Rəsulzadə
Ələkbər bəyin dəfni barədə "Azərbaycan" qəzetində (14 aprel 1919) Əhməd Cavadın yazısı dərc olunub:
Gəncə bu günlərdə böyük bir müsibət görür. Ələkbər bəyin Gəncəsi Ələkbər bəyini itirdi...
Bu böyük cənab dünya durduqca yaşayacaqdır.
Gəncənin 31 mart qurbanlarına və mərhum Ələkbər bəyə göstərdiyi hörmət təqdir ediləcək bir hörmət oldu... Mərhumun evi bulunan küçə saat 11-ə doğru insan ilə doldu. Saat 11-də möhtərəm cənazə Qurani-Kərim avazı içərisində omuzlara çıxdı. Ağır-ağır cameyə doğru yürüşə başlandı... Həqiqətən, müsəlmanlar mərhumdan xeyirdən başqa bir şey görmədilər... Bələdiyyə rəisindən sonra Pişnamazzadə həzrətləri mərhumun son dəqiqələrini təsvir edib sözlərini millətə yetirdi: Mərhumun yeganə oğlu Xudadat bəy və əqrabaları tərəfindən maarif işlərinə və məktəblərə sərf olunmaq üçün 40000 manat ehsan etdiklərini xəbər verdi. Bundan sonra cənazə məzarlığa doğru yola çıxdı. Yenə eyni ehtiram və izdiham içərisində möhtərəm cənazə məzarlığa yetişdi və Rəfibəyli ocağına məxsus künbəzin önündə yerə qoyuldu.
Torpaqlar üçün bu qədər zəhmətlər çəkən vücud torpağa tapşırıldı.
Cavad
Anam danışırdı ki, Ələkbər bəyin dəfnində evindən qəbiristanlığa qədər cənazənin önündə nöhə oxuya-oxuya gənc Bülbül gedirmiş.
Bir neçə gündən sonra "Azərbaycan" qəzetində Məmməd Səid Ordubadinin də yazısı çıxır:
"Ələkbər bəy həzrətləri həqiqi bir vətənpərvər, sadiq bir millətpərəst, kimsədən qorxmaz və çəkinməz, gecə və gündüz istirahət bilməz, heç bir təhlükə və fəlakəti göz önünə almaz atəşzəban bir millət müdafiəçisi idi".
Başsağlığı teleqramları içində birinin üstündə xüsusi dayanmaq istəyirəm. Bu görkəmli maarifçi, pedaqoq, ədəbi tənqidçi, ilk mükəmməl ədəbiyyat tariximizi yaradan Firudin bəy Köçərlinin (1863-1920) teleqramıdır.
"Qazax müəllimlər seminariyasının korporasiyası çox hörmətli Ələkbər bəyin - nadir ictimai xadimin, müsəlmanlar arasında maarifin mətin müdafiəçisinin vəfatından dərin kədər duyduğumuzu bildirir".
Ələkbər bəyin vəfatından on ay sonra Gəncəyə xoş bir xəbər yetir: Azərbaycanın istiqlalı Beynəlxalq təşkilat Ali Şura tərəfindən təsdiq olunmuşdur.
1920-ci il yanvarın 14-ü Gəncədə qeyri-adi bir gün olub. Gəncə valisi Xudadat bəy Rəfibəyli əvvəlcə rusca, sonra türkcə Bakıdan hökumət başçısı tərəfindən göndərilən rəsmi teleqramı oxuyur. Xoş xəbəri təsdiq edən bu teleqram sürəkli alqışlarla qarşılanır.
Axundzadə Cavad (Əhməd Cavad), Vəli Xuluflu, Firudin bəy Köçərli və başqaları çıxışlarında bu şad xəbər münasibətiylə xalqı təbrik edirlər.
Düz 90 gün sonra isə ölkəmizi işğal etmiş bolşevik cəlladlarının ilk qurbanlarından biri 57 yaşlı alim-müəllim, yazıçı Firudin bəy Köçərli olur. Bu xəbər ölkənin formal rəhbəri Nəriman Nərimanova çatanda çox təəssüflənir. "Heyif ki, Firudin bəyin və Xudadat bəyin öldürülməsindən gec xəbər tutduq, onları xilas etməliydik".
Axı Nərimanov özü də həkim və yazıçı idi, odur ki, Firudin bəyin ədəbiyyat adamı kimi, Xudadat bəyin cərrah kimi qədir-qiymətini bilirdi. Dediyi sözlər də əsassız deyildi. Məhz Nərimanov Cümhuriyyət hökumətinin hərbi naziri və nazir müavini generallar Səməd bəy Mehmandarovu, Əliağa Şıxlinskini, gənc Üzeyir Hacıbəylini, hətta Stalinin xilasedici müdaxiləsinə qədər Məhəmməd Əmin Rəsulzadəni cəllad Pankratovların cəngindən qurtara bilmişdi.
Heyhat, 20-ci ilin aprel-mayında başlayan amansız təqiblər, həbslər, sürgünlər, edamlar uzun illər davam etdi və 37-ci ildə pik nöqtəsinə çatdı. Gəncədə fərəhli gündə nitq söyləyən Əhməd Cavadla Vəli Xuluflu da bu məşum ildə güllələndilər.
Ulu babama aid bu boyu tamamlayaraq düşünürəm. Axı bir əsər anılar, düşüncələr dastanıdır. Anamın yadında saxlayıb danışdıqlarına, başqalarının şifahi, ya yazılı xatirələrinə, sənədlərə, Rafael Hüseynovun kitablarına əsaslanaraq yazdığım anılardan, xatirələrdən başqa, axı öz düşüncələrim də mətnimdə yer almalıdır.
Anılar, xatirələr əsasında ulu babam haqqında düşünəndə bu qəti qənaətə gəlirəm ki, Ələkbər bəy həyatının bütün məşəqqətlərinə, çətinliklərinə, min cür əzab-əziyyətlərinə baxmayaraq, hər halda xoşbəxt adam olub. Arzuladığı, təşəbbüs göstərdiyi, uğrunda çarpışdığı niyyətlərinin çoxunun həyata keçdiyini görüb. - Gəncədə məktəblər açılıb, teatr yaranıb, xeyli ali savadlı ziyalılar yetişib.
Xalqı həm çar siyasətinin məkrlərindən, həm də erməni təxribatlarından qoruya bilib, müstəmləkəçi çar üsul-idarəsinin dağıldığını görüb, milli ruhlu partiyaların yaranmasında xidmətləri olub. Nuru paşanın komandanlığıyla Qafqaz ordusunun Azərbaycana gəlməsinə çalışıb, buna nail olanda Nuru paşaya:
"Azərbaycana köməyiniz heç vaxt yaddan silinməyəcək - deyib -Amma millətimizin tarixində əbədi qalmaq istəyirsinizsə, burada bir hərbi məktəb açılmasına yardım edin ki, gələcəkdə bizim də öz zabitlərimiz olsun".
...və nəhayət, bütün bu işlərin zirvəsi kimi müstəqil Azərbaycan hökumətinin Gəncəyə gəlişinin şahidi olub. Hökumətin rəhbərləri və parlamanın üzvləri sırasında onun cavan məsləkdaşlarının da yer tutmasına sevinib. Həsən bəy Ağaoğlu Parlaman sədrinin müavini, iki Baş nazir Fətəli xan Xoyski və Nəsib bəy Usubbəyli, nazirlər və məsul vəzifə sahibləri - Ziyadxanovlar, Xasməmmədovlar, Şeyxzamanovlar, qohumu Musa Rəfiyev - hamısı onun gözləri qarşısında yetişmiş səriştəli, savadlı siyasi kadrlardır. Yeganə balası Xudadatın Cümhuriyyət hökumətinin ilk səhiyyə və himayədarlıq naziri, sonra da Gəncənin general qubernatoru olmasıyla fəxr etməyə bilərdimi? Amma...
Amma xoşbəxtliyin bir paradoksal yönü də var. Adətən hər ölən haqqında "vaxtsız öldü" deyirlər. Ələkbər bəy haqqında, acı da olsa, tam haqla demək olar ki, vaxtında ölüb. Bütün böyük xidmətlərinə görə bu da onun taleyinin lütfü, Allah adamı olmasının təsdiqiymiş. Allah onu xalqının, nəslinin, ailəsinin və əlbəttə, özünün başına gələcək müsibətləri yaşamaqdan xilas edib. 1919-cu il aprelin 3-də vəfat edib. Bircə il də yaşasaydı, 1920-ci il aprelin 28-də vətənin qızıl əsgərlərin sapoqları, bronepoezdin təkərləri altında tar-mar olduğunu görəcəkdi, sevimli məsləkdaşlarının - Həsən bəy Ağaoğlunun, Fələti xan Xoyskinin, Nəsib bəy Usubbəyovun, Məmədbağır Şeyxzamanovun, İsmayıl Ziyatxanovun onlarla, yüzlərlə başqalarının müdhiş aqibətindən xəbər tutacaqdı. Bəlkə də xəbər tuta bilməyəcəkdi. Sinninə, yaşına baxmayaraq, birinci güllələnənlərin sırasında olacaqdı. Taleyinin Ələkbər bəyə mərhəməti - oğul dağını çəkmədi, yeganə balası Xudadatın Xəzər adasında güllələndiyini görmədi.
Ələkbər bəyin vəfatından bircə il sonra baş verən müsibətləri saymaqla qurtarmaq olmaz.
Gəncə üsyanı və on minlərlə insanın məhvi hesabına yatırılması, neçə-neçə nəsillərin, o cümlədən Rəfibəylilərin edamı, sürgünləri, pərən-pərən olub dünyaya dağılmaları, daha nələr-nələr...
Adı dönə-dönə dəyişdirilib yenidən qaytarılan başıbəlalı Gəncəsinin 56 il Kirovabad adlanmasından xəbər tutmadı.
Amma yazımın bu yerində nə 1934-cü ildə, nə də 1920-ci ilin yox, 1919-cu ilin aprelindəyəm.
Mərhum Ələkbər bəy Rəfibəylinin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər nəzərdə tutulur. Sənədlərə istinad edərək jurnalist Əhməd İsayev bu barədə belə məlumat verir:
"Dumanın zalında Ələkbər bəyin portreti asılsın. Mərhumun əli ilə salınmış Mixaylov küçəsinə Rəfibəyovun adı verilsin. Tədris müəssisələrində mərhumun adına 10 təqaüd təsis edilsin. Rəhmətliyin xatirəsinə şəhər xəstəxanasında pulsuz müalicə üçün iki çarpayı ayrılsın. Bir ilə kimi Rəfibəyovun adına təzə tədris ocağı açılsın, Şah Abbas məscidinin önündə unudulmaz millət fədaisi Ələkbər bəy Rəfibəyovun heykəli ucalsın".
("Azərbaycan" qəzeti, 3 avqust 1919)
Səciyyəvidir ki, Ələkbər bəyin xatirəsinin əbədiləşdirilməsi üçün yenə də xeyriyyə işləri nəzərdə tutulur. Oğlu və əqrəbası ehsan xərclərindən 40000 min manatı maarif və məktəb işlərinə ayırır. Tədris müəssisələrində 10 təqaüd təsis edilməsi nəzərdə tutulur, şəhər xəstəxanasında pulsuz müalicə üçün iki çarpayı ayrılması təklif olunur.
Vəfatından sonra da Ələkbər bəy insanlara ancaq xeyir verir. Fəqət...
Əhməd İsayev həmin yazısında 1919-cu ilin aprelində "Azərbaycan" qəzetində çap olunmuş bir mətni sitat gətirir:
Ələkbər bəy həzrətləri millətə və Vətənə o qədər xidmət etmiş ki, onları bilməyən millət və Vətən nankordur, şübhəsiz".
Ələkbər bəyin xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədər təkliflərdən indiyəcən yalnız biri həyata keçib Gəncədə adına küçə qoyulub. Nə bir məktəb, nə bir kitabxana, nə təqaüd... Sovet dövründə Kirovun və Qatır Məmmədin heykəlləri ucalan şəhərdə Ələkbər bəyin abidəsi yoxdur.
Doğrudur, müstəqillik illərində Gəncənin ən gözəl guşəsində - Xan bağında Nigar Rəfibəylinin əzəmətli heykəli qoyulub. Mərhum heykəltaraş Münəvvər Rzayevanın yaratdığı bu abidə unudulmaz Ulu Öndər Heydər Əliyevin təşəbbüsüylə ucaldılıb.
Abidənin açılışında Ulu Öndər şəxsən iştirak etdi, lenti kəsdi, sonra da meydanda geniş çıxış etdi. Çıxışında deyirdi:
İyirminci illərin repressiyalarında, otuzuncu illərin repressiyalarında çox dəyərli gəncəlilər - ziyalılar məhv edilmişdilər. Onlardan biri də Nigar xanımın atası Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk müstəqil hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsi tutmuş bir insan, sonra repressiya qurbanı olmuşdur. Ancaq tarix hər şeyi öz yerinə qoyur. Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır. O, öz həyat yoldaşı - Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır və məmnunam ki, onların övladı - Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri, hörmətli Anar da öz əcdadlarının, anasının, atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında öz xidmətlərini göstərir".
Həmişə mənə böyük qayğı göstərən Ulu Öndərin Rəfibəylilər nəslinə xüsusi rəğbəti vardı, 1978-ci il oktyabrın 29-da yazıçılarla görüşdə Rafael "Rəfibəylilər" kitabını Prezidentə təqdim etdi.
Prezident kitabı qaldırıb: Anarın qohumlarıdır - dedi və əlavə etdi: o vaxt bu Rəfibəyliləri həbs etdilər, cəzalandırdılar. Nəyə görə? Amma indi görün böyük bir kitab yazılıbdır. Nə qədər dəyərli insanlar idilər.
Heydər Əliyev “Rəfibəylilər” kitabı ilə
Bir daha ulu babamın keşməkeşli ömrü barədə düşüncələrə dalarkən aydın dərk edirəm ki, Ələkbər bəy Rəfibəylinin bizə miras qoyduğu ən böyük amal xalqa təmənnasız xidmətdir. Təmənnasız sözünün altını cızıram. Çünki xalqa hər hansı bir xidməti göstərərkən bunun əvəzini, qiymətləndiriləcəyini gözləyirsənsə, az-çox etdiklərinin müqabilində təqdirlər, təriflər, təltiflər umursansa, deməli, gördüyün işlər təmənnasız deyilmiş. Əvəzi olacağını, layiqincə dəyərləndiriləcəyini gözləyirsənmiş. Yaxud sağlığında bir şey ummadan ümidini gələcək nəsillərə bağlayırsansa, qədir-qiymətini sonra gələnlərin biləcəyinə arxayınsansa, deməli, yenə də səmimi deyilmişsən, gördüyün işlər ürək tələbatından doğmayıbmış. Hətta daha nəcib bir duyğu "Balıq bilməsə də, Xalıq bilər" hikməti də kəmlikdir. Gərək etdiklərin xeyirxah işlər üçün nə Xalıqdan, nə Xalqdan heç nə ummayasan, taleyin, ya tarixin sənin boynuna qoyduğu missiyanı sonacan ləyaqətlə yerinə yetirəsən.
Həqiqi vətənsevərliyin qisməti budur. Ələkbər bəyin qisməti təkin...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 Yanvar 2026 07:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















