Rəqəmsal rabitə: yeni mərhələnin imkan və hədəfləri
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müasir dünyada dövlətlərin inkişaf səviyyəsini müəyyənləşdirən əsas amillərdən biri onların texnoloji yenilikləri iqtisadi və sosial həyatın müxtəlif sahələrinə nə dərəcədə səmərəli tətbiq etməsi ilə bağlıdır. Rəqəmsal texnologiyalar artıq təkcə məlumatların ötürülməsi və saxlanılması vasitəsi deyil. Bu, eyni zamanda, dövlət idarəçiliyinin keyfiyyətini, iqtisadiyyatın rəqabət qabiliyyətini, sahibkarlıq mühitinin əlverişliliyini və vətəndaşların dövlət xidmətlərindən məmnunluğunu müəyyənləşdirən strateji resursa çevrilməsidir.
Hazırda rəqəmsal inkişafın əsas göstəricisi dövlət qurumlarının nə qədər elektron xidmət təqdim etməsi ilə məhdudlaşmır. Burada əsas məsələ həmin xidmətlərin bir-biri ilə əlaqəli şəkildə bağlanılması, məlumat mübadiləsinin operativ şəkildə həyata keçirilməsi, inzibati prosedurların sadələşdirilməsi və vətəndaşların gündəlik həyatında real rahatlıq yaratmasıdır. Dövlətin müxtəlif qurumları arasında məlumat mübadiləsi nə qədər səmərəli qurulursa, xidmətlərin göstərilməsi də bir o qədər çevik və keyfiyyətli olması ilə diqqət çəkir.
Azərbaycanın son illər həyata keçirdiyi rəqəmsallaşma siyasətinin mahiyyətində də məhz bu yanaşma dayanır. Elektron hökumət imkanlarının genişləndirilməsi, dövlət informasiya sistemlərinin inteqrasiyası, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və idarəetmə proseslərinin müasirləşdirilməsi ölkənin texnoloji inkişaf strategiyasının mühüm istiqamətlərini təşkil edir.
Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 15-də imzaladığı “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” fərman bu siyasətin növbəti mühüm mərhələsinin bariz ifadəsidir. Bu baxımdan sənədlə telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğunun artırılması, xidmətlərin rəqəmsallaşdırılması məqsədilə “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılmasının qərara alınması və onun fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyənləşdirən Əsasnamənin təsdiq edilməsi mühüm önəm daşıyır.
Fərmanın mahiyyəti təkcə yeni informasiya platformasının yaradılması ilə məhdudlaşmır. Sənədin əhəmiyyəti rabitə sahəsində dövlət tənzimlənməsinin, inzibati prosedurların, məlumatların toplanılması və təhlilinin, elektron xidmətlərin göstərilməsinin və qurumlararası qarşılıqlı əlaqələrin vahid rəqəmsal mexanizm çərçivəsində təşkilinə hüquqi zəmin yaradır.
Səmərəli idarəetmə
Rəqəmsallaşmanın uğuru texnologiyaların mövcudluğu ilə deyil, onların idarəetmə proseslərində yaratdığı dəyişikliklərlə ölçülür. Əgər elektron platforma mövcud bürokratik prosedurları, sadəcə, kompüter ekranına köçürürsə, onun potensialı tam reallaşmır. Həqiqi rəqəmsal transformasiya proseslərin yenidən qurulmasını, məlumatların təkrar tələb edilməsinin azaldılmasını, qərarların daha operativ qəbulunu və xidmətlərin istifadəçi ehtiyaclarına uyğunlaşdırılmasını nəzərdə tutur.
“Rəqəmsal rabitə” informasiya sisteminin (RRİS) yaradılması da məhz belə bir yanaşmanın tətbiqi baxımından əhəmiyyətlidir. Telekommunikasiya və poçt rabitəsi sahələri geniş fəaliyyət dairəsinə malikdir. Buraya internet xidmətlərinin göstərilməsi, telekommunikasiya şəbəkələrinin fəaliyyəti, radiotezlik resurslarının idarə edilməsi, mobil nömrə daşınması, poçt rabitəsi, xidmət keyfiyyətinin qiymətləndirilməsi və digər istiqamətlər daxildir. Bu sahələr üzrə məlumatların müxtəlif mənbələrdən əldə olunması və inzibati prosedurların ayrı-ayrı mexanizmlərlə həyata keçirilməsi isə idarəetmədə əlavə əməliyyat yükünü reallaşdırır.
Vahid informasiya sisteminin yaradılması həmin proseslərin əlaqələndirilməsi, məlumatların sistemləşdirilməsi və rəqəmsal xidmətlərin daha ardıcıl təşkili üçün imkan yaradır. Bu baxımdan sənədin əsas istiqamətlərindən biri inzibatçılığın sadələşdirilməsi ilə nəzarət imkanlarının gücləndirilməsini uzlaşdırmaqdır. Bir tərəfdən, vətəndaşlar və sahibkarlar xidmətlərdən daha rahat istifadə etməli, digər tərəfdən isə dövlət müvafiq sahədə vəziyyəti daha dəqiq qiymətləndirmək, mövcud problemləri müəyyənləşdirmək və tənzimləyici qərarları əsaslandırmaq imkanına malik olmalıdır. Müasir rəqəmsal idarəetmənin üstünlüyü də istifadəçi üçün prosedurların sadələşdirilməsi, dövlət üçün isə idarəetmənin informasiya təminatının yaxşılaşdırılmasıdır.
Hüquqi və təşkilati struktur
Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Rəqəmsal rabitə” informasiya sistemi haqqında” Əsasnamə yeni platformanın fəaliyyət prinsiplərini, məqsədlərini, texniki infrastrukturunu, funksional strukturunu, məlumat mübadiləsi qaydalarını və sistem iştirakçılarının məsuliyyətini önə çəkir. Əsasnamənin 1.1- ci bəndinə əsasən, sənəd RRİS-in hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyənləşdirir. Bu müddəa sistemin təkcə texniki proqram təminatı kimi deyil, həm də konkret hüquqi normalara, təşkilati mexanizmlərə və məsuliyyət bölgüsünə əsaslanan idarəetmə infrastrukturu kimi qurulduğunu göstərir.
Əsasnamənin 1.2-ci bəndində sistemin əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib. RRİS rəqəmsal texnologiyalardan istifadə etməklə informasiya-kommunikasiya texnologiyaları və rabitə sahələrində tənzimləmənin, eləcə də nəzarətin həyata keçirilməsini, dövlət qurumları, yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini və şəffaflığını gerçəkləşdirməyə yönəlib.
Əsasnamənin 1.3-cü bəndində isə sistemin yaradılmasının məqsədləri konkretləşdirilir. Bunlara müvafiq sahədə dövlət idarəetməsinin optimallaşdırılması, tənzimləmə və nəzarətin təkmilləşdirilməsi, təhlillərin aparılması, proqnoz və hesabatların hazırlanması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi daxildir.
Bu yanaşma rəqəmsal idarəetmənin iki mühüm funksiyasını ön plana çıxarır. Birinci funksiya müraciətlərin qəbulu, məlumatların emalı, sənədlərin ötürülməsi və xidmətlərin göstərilməsi kimi proseslərin təkmilləşdirilməsini nəzərdə tutur. İkincisi isə toplanan məlumatlar əsasında sahənin mövcud vəziyyətinin qiymətləndirilməsi, problemlərin müəyyənləşdirilməsi, gələcək ehtiyacların proqnozlaşdırılması və dövlət siyasətinin daha əsaslandırılmış şəkildə hazırlanması kimi məsələləri əhatə edir.
Sahibkarlıq və rəqabət mühiti
Əsasnamədə diqqət çəkən məsələlərdən biri də 3.3.4-cü bənddə yer alır. Belə ki, həmin hissədə müəyyən lisenziya və icazə prosedurlarının rəqəmsallaşdırılması nəzərdə tutulur. Bu proseslər “Bir pəncərə” informasiya sistemi və “Lisenziyalar və icazələr” portalı ilə əlaqələndirilir.
Burada əsas üstünlük müxtəlif rəqəmsal platformalar arasında məlumat mübadiləsinin təşkil edilməsidir. Müraciətlərin qəbulu və icrası ilə bağlı sistemlərin əlaqələndirilməsi sənədlərin təkrar təqdim olunması ehtiyacını azaldır, prosedurların ardıcıllığını yaxşılaşdırır.
Sahibkarlıq mühiti üçün bu mexanizmlərin əhəmiyyəti xüsusilə böyükdür. Çünki inzibati prosedurlara sərf olunan vaxt və resurslar müəssisələrin fəaliyyət xərclərinə təsir göstərir. Eyni zamanda, elektron xidmətlərin tətbiqi müraciətlərin hazırlanması, təqdim edilməsi və nəticələrin əldə olunması ilə bağlı əməliyyat yükünü də azaldır. Lakin real iqtisadi nəticə əldə etmək üçün rəqəmsallaşdırma ilə yanaşı, prosedurların məzmunu və müddətləri də səmərəlilik baxımından böyük əhəmiyyət daşıyır. Beləliklə, rəqəmsal mexanizmlər təkcə inzibati rahatlıq yaratmır, həm də bazar iştirakçılarının davranışına və rəqabət mühitinə təsir göstərə biləcək vasitə rolunu oynayır.
Rabitə bazarında fəaliyyət göstərən operatorlar və provayderlər üçün inzibati prosedurların rəqəmsallaşdırılması biznes proseslərinin sadələşdirilməsi baxımından əhəmiyyətlidir. Uçot, müraciət, lisenziya və icazə prosedurlarının elektronlaşdırılması sahibkarların müvafiq əməliyyatlara sərf etdiyi vaxtı azaltmağa kömək edir. Məlumatların dövlət informasiya sistemləri arasında ötürülməsi isə sənədlərin təkrar təqdim olunmasına ehtiyacı azaldır. Bununla yanaşı, rəqəmsal platforma tənzimləyici qurumun operator və provayderlərin fəaliyyəti barədə məlumatları daha sistemli əldə etməsinə imkan yaradır. Bu, sahə üzrə təhlillərin və hesabatların hazırlanmasını da asanlaşdırır.
Rəqabət baxımından da müəyyən üstünlüklər gözlənilir. Mobil nömrə daşınması prosedurunun rəqəmsallaşdırılması istifadəçinin xidmət təminatçısını dəyişməsi ilə bağlı əməliyyatları sadələşdirir. Çünki istifadəçilərin operator seçimini dəyişmək imkanlarının mövcudluğu şəraitində xidmət təminatçılarının müştəri məmnunluğunu yüksəltmək üçün motivasiyası da artır. Bununla belə, rəqabət mühitinin inkişafı təkcə elektron müraciətlərin mövcudluğundan asılı deyil. Bu məsələ də tariflərin şəffaflığı, xidmət keyfiyyəti, istehlakçı hüquqlarının qorunması və bazara çıxış imkanları da mühüm rol oynayır. Ona görə RRİS-in yaratdığı rəqəmsal imkanlar ümumi tənzimləmə mühitinin təkmilləşdirilməsi ilə tamamlandıqda daha böyük iqtisadi nəticələr verir.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 20 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















