Rüfət Abbasov: “Rəqiblər Şamaxıya gələndə çətinlik çəkirlər”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Evdə oynayanda hava, meydança və azarkeş amili bizə böyük üstünlük verir. Ona görə də rəqiblər Şamaxıya gələndə çətinlik çəkirlər”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov deyib.
O, son turda “Araz-Naxçıvan”la heç-heçəni (1:1) şərh edib: “Bilirdik ki, bizi “Araz-Naxçıvan”a qarşı çətin oyun gözləyir. Bu mövsüm Konfrans Liqasında da çıxış ediblər. Çox yaxşı komandadır və keyfiyyətli futbolçuları var. İlk hissədə üstün oynadıq, hətta fərqlənsək də, ofsayd səbəbindən qol qeydə alınmadı. Buna baxmayaraq, dayanmadıq və qolumuzu tapdıq. Daha çox qol fürsətlərimiz oldu, amma dəyərləndirə bilmədik”.
Gənc futbolçu vurduğu qolla bağlı da danışıb: “Qol vurduğum üçün sevincliyəm. Hər futbolçu istəyir ki, komandasına xeyir versin. Mən də çalışıram ki, həm müdafiə, həm də hücumda diqqətli olum. Ən xeyirlisi nədirsə, onu edim. Biz çox vaxt komanda şəklində oynayırıq. Birlikdə daha çox məşq edib, daha da artırmaq lazımdır. İnşallah, bunu qarşıdakı oyunlarda göstərərik”.
Abbasov növbəti turda “Qəbələ” ilə səfərdə keçiriləcək görüş haqda da danışıb: “Çox yaxşı kollektivə malikdirlər. Rəqibin meydançasında yaxşı oyun göstərərək, xal qazanmaq istəyirik”.


