Icma.az
close
up
RU
Sabitliyin və asayişin qarantı: Azərbaycan polisi 107 yaşını qeyd edir

Sabitliyin və asayişin qarantı: Azərbaycan polisi 107 yaşını qeyd edir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

Bu gün Azərbaycan polisi yaranmasının 107-ci ildönümünü və peşə bayramını qeyd edir.

AZƏRTAC Daxili İşlər orqanlarının keçdiyi çətin və şərəfli xidmət yoluna qısaca nəzər salır.

Azərbaycan polisi 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin müdafiəsində mühüm rol oynayıb. Daha sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edərək, qanunçuluğun və ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə zəngin təcrübə qazanıb.

Tarixə nəzər salsaq görərik ki, dövlətçiliyin əsas sütunlarından olan Daxili İşlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Daxili İşlər orqanlarının tarixində əsaslı dönüş mərhələsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Həmin dövr polisin təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, şəxsi heyətin milli ruhda formalaşması ilə əlamətdardır. Bu istiqamətdə atılan addımların nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda düşmənin qarşısına çıxan ilk nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. İşğalçılarla döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri igidliyə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görüldü.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra polisin fəaliyyətində də yeni inkişaf dövrü başladı. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-nin Azərbaycan Polisi Günü elan edilməsi Daxili İşlər orqanlarına verilən dəyərin daha bir parlaq təzahürü oldu.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühüm qərarlar qəbul olunub. Müzəffər Ali Baş Komandanın xüsusi diqqət və qayğısının nəticəsi olaraq hazırda Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin yüksək döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə əməkdaşlığın rolunu da xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, nazirliyin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizatı yüksək səviyyəyə çatdırılıb, elektron xidmətlər, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasını, xidmətin səmərəsini və operativliyi artırıb. Ötən ilin yanvarından etibarən Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətindəki məsələlərlə bağlı rəsmi ərizə, şikayət, təklif və ya sorğunu “E-Polis” mobil tətbiqi vasitəsilə onlayn göndərmək mümkündür.

Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə imkan yaradır. Daxili İşlər orqanları hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.

Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə polis orqanları əməkdaşlarının və hərbi qulluqçularının da müstəsna xidmətlərini unutmaq olmaz. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Torpaqlarımızın düşmən tapdağından xilas edilməsi uğrunda savaşda Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Ərazi bütövlüyümüzün bərpası naminə qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfəri Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Ümumiyyətlə, istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı mətinliklə döyüşüblər.

Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların 2023-cü il sentyabrın 19-da partlaması nəticəsində daha 6 nəfər, o cümlədən polis əməkdaşlarımız həlak olub. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində polis əməkdaşları yüksək peşəkarlıq göstəriblər. Antiterror əməliyyatı zamanı DİN-in 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn Daxili İşlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Azərbaycan polisi mütəşəkkil cinayətkar qruplaşmalara, narkotiklərin qanunsuz dövriyyəsinə, eləcə də dövlətin konstitusion quruluşuna qarşı çıxanlarla qətiyyətlə mübarizə aparır.

DİN əməkdaşları işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi məqsədilə xidməti vəzifələrini layiqincə həyata keçirirlər. Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Qarabağda və Şərqi Zəngəzurda qarşıya qoyulan tapşırıqlar böyük əzmlə icra olunur. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən Daxili İşlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Hazırda cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları işinin daha da gücləndirilməsi üçün əməliyyat-texniki tədbirlərin dairəsi genişləndirilir.

Statistika göstərir ki, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra MDB və aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını üstələyir. İctimai qaydanın qorunmasında və təhlükəsizliyin təmin edilməsində qazanılan müsbət nəticələrin davamı kimi, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini təsdiqləyib. Bakının COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibi seçilməsi bunun bariz ifadəsidir.

Azərbaycan polisinin keçdiyi tarixi yol bir daha təsdiqləyir ki, öz andına həmişə sadiq olan Daxili İşlər orqanlarının əməkdaşları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see275

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see211

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see194

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see184

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see151

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see147

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see142

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri