Sadıqov: “Zəif rəqib deyə bir şey yoxdur”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasının IX turunda öz meydanında “Sumqayıt”la qarşılaşan və 3:2 hesabı ilə qələbə qazanan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə görüş haqqında fikirlərini bölüşdü:
– Oyundan öncə də çox baxımlı və gərgin matç olacağını gözləyirdik. İlk saniyələrdən hər iki komanda yüksək pressinq tətbiq edib hücumda fəal olmağa çalışırdı. İlk dəqiqələrdə istədiyimiz daha yaxşı alındı. İki qol vurduq, bir neçə şansı da boşa verdik. Lakin 30-35-ci dəqiqədən sonra komandada fiziki eniş yaşandı. Oyunun əvvəlində pressinq üçün həddindən artıq güc sərf etmişdik və enerjimiz aşağı düşdü. İlk yarının sonlarında rəqib fərqi azaldan qolu vurdu, ikinci hissəyə də passiv başladıq. Artıq neçənci oyundur ki, fasilədən dərhal sonra qol buraxırıq. İclaslarda bu barədə danışsaq da, hələ ki problemi həll edə bilməmişik. 2:2-dən sonra komanda möhtəşəm reaksiya verdi. Futbolçular böyük istəklə hücuma atılaraq qələbə qolunu vurdular. Bizim üçün çox vacib 3 xal idi, oyunçularıma və azarkeşlərimizə təşəkkür edirəm.
– Ötən tur Gəncədə çətin xal qazandınız, bu gün də 2:0 öndə olanda hesab bərabərləşdi. Çempionat əvvəlki illərdən daha çətindir?
– Çempionatımızda hansısa rəqibə qarşı rahat oynamaq ifadəsi artıq tamamilə sıradan çıxıb. Məsələn, “Araz-Naxçıvan”ın oyununa baxdım. Nəticə qazana bilməsələr də, son turlarda çox baxımlı futbol oynayırlar. İldən-ilə futbolumuz və klublarımız inkişaf edir, hamı təcrübə toplayır və rəqabət aparmaq həddindən artıq çətinləşir. “Sumqayıt”a gəlincə, baş məşqçi Filipe Kandidonun gəlişindən sonra çox mobil və təhlükəli komandaya çevriliblər. Bu gün məğlub olsaydıq belə, təəssüflənməyəcəkdim, çünki qarşımızda yaxşı heyəti olan ciddi rəqib var idi. Hər iki komandada hücum xəttində itkilər var idi və məsələ oyunun sonluğunu kimin daha yaxşı keçirəcəyində qalırdı. Çox şükür ki, birincilikdə üstün olub qələbə qolunu vurduq.
– Matç zamanı, xüsusən ilk hissədə hakimlərin qərarlarına qarşı çox emosional idiniz…
– Birinci taymda həqiqətən gərgin idim, hətta 2:0 öndə olduğumuz anlarda da. Bəzi epizodlar bizi özümüzdən çıxardı. Lakin ikinci hissədə özümə söz verdim ki, sakit olacağam, çünki emosiyaları cilovlamaq lazımdır. Hakimlərin qərarlarında nə dərəcədə haqlı olub-olmadığımızı ancaq təkrar izlədikdən sonra bilmək olar. Amma digər oyunlarda baş verən hadisələr də istər-istəməz beyində qalır və bənzər epizodlarda fərqli qərarlar görəndə reaksiya verirsən.
– Rəhbərliklə qış transfer pəncərəsində heyətin gücləndirilməsi barədə danışığınız olub?
– Seleksiyanı hələ tamamlaya bilməmişik. Məsələn, yayda sağ vinger transfer edə bilmədik və bu gün həmin mövqeyedə Leqbonu, Ayxanı, Papunaşvilini, son dəqiqələrdə isə gənc Krisi sınadıq. Lakin rəqiblərimizin hücumdakı keyfiyyətinə və geniş heyətinə baxanda görürük ki, rəqabətə tab gətirmək üçün ön xəttimizi mütləq gücləndirməliyik. Qışda mütləq yeni futbolçular cəlb etmək istərdim.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 Oktyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















