Sarukyanın biznes imperiyası çökdürülür
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
“Üçbaşlı müharibə partiyası”nın başı əzilir
Ermənistanda parlament seçkilərindən sonra daxili siyasi gündəmin ən diqqətçəkən hadisələrindən biri, yəqin ki, müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Sarukyanın evində və ona məxsus olduğu bildirilən şirkətlərdə keçirilən genişmiqyaslı istintaq hərəkətləridir. Dünən səhər saatlarından başlayan əməliyyatlar təkcə Sarukyanın şəxsi iqamətgahını deyil, “Multi Group” konserninə daxil olan çoxsaylı müəssisələri də əhatə edib.
İstintaq Komitəsinin açıqlamasına görə, müxtəlif cinayət işləri çərçivəsində ölkənin müəyyən bölgələrində yerləşən 70-dən çox ünvanda eyni vaxtda axtarışlar aparılıb. Qurum istintaqın maraqları baxımından işlərin mahiyyəti barədə əlavə məlumat verməyərək bildirib ki, prosessual hərəkətlər başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq. Əməliyyatın ilk saatlarında Sarukyanın mətbuat katibi İveta Tonoyan “Facebook”da yazıb ki, Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları iş adamının evinə daxil olub, hətta vəkillərin də əraziyə buraxılmasına imkan verilməyib. Onun paylaşdığı videolarda evin ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüldüyü əks olunub.
Partiyanın üzvlərindən Arman Abovyan evin ətrafının xüsusi təyinatlı silahlı əməkdaşlar tərəfindən mühasirəyə alındığını, sonradan isə pilotsuz uçuş aparatlarının da istifadə edildiyini iddia edib. Onun sözlərinə görə, əməliyyatlar Sarukyanla əlaqələndirilən digər obyektlərdə, o cümlədən “Ararat” konyak-şərab-araq kombinatında, “Olimpavan” idman kompleksində və “Multi Wellness” şirkətində də davam etdirilib. Sonradan İstintaq Komitəsi əməliyyatların miqyasını rəsmən təsdiqləyərək onların yalnız bir müəssisə və ya bir cinayət işi ilə məhdudlaşmadığını açıqlayıb.
Axtarışlar Sarukyanın biznes imperiyasının əsas müəssisələrindən sayılan “Araratsement” zavodunun da fəaliyyətinə təsir göstərib. Zavodun müvəqqəti icraçı direktoru Artem Poqosyan “Kentron” telekanalına bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında müəssisəyə daxil olub, təhlükəsizlik xidmətinin əməkdaşları ilə qarşıdurma yaşanıb və zavodun fəaliyyəti faktiki olaraq dayanıb. Onun sözlərinə görə, bir növbənin işçiləri müəssisədən çıxarılıb, digər növbənin əməkdaşları isə əraziyə buraxılmayıb. Nəticədə sementin yüklənməsi dayandırılıb, inzibati binanın otaqları möhürlənib. Poqosyan iddia edib ki, sonradan istintaqçılar müəssisəni tərk etsələr də, hər hansı əşyanın müsadirə edilməsi barədə məlumat verilməyiblər.
Müəssisə rəhbərliyi, həmçinin istehsalın uzun müddət dayanmasının həm iqtisadi, həm də ekoloji baxımdan risklər yarada biləcəyini bildirib. Zavodda 1000-dən çox əməkdaşın çalışdığı qeyd olunur. Eyni vaxtda Sarukyana məxsus olduğu bildirilən “Multi Tobacco” müəssisəsində də axtarış aparılıb. Şirkətin direktoru Cülyetta Markaryan bildirib ki, hüquq-mühafizə əməkdaşları səhər saatlarında binaya daxil olaraq qapıları bağlayıb və rəhbərliyin iştirakı olmadan prosessual hərəkətlər həyata keçiriblər. Əməliyyatlardan təsirlənən müəssisələrdən biri də İrəvandakı “Ararat” konyak-şərab-araq kombinatı olub. “Sputnik Ermənistan”ın məlumatına görə, səhər işə gələn əməkdaşlara müəssisəyə daxil olmağa icazə verilməyib və onlar evlərinə göndəriliblər.
Axtarışlar Ermənistan Milli Olimpiya Komitəsinin bazası olan “Olimpavan” idman kompleksini də əhatə edib. MOK-a rəhbərlik edən Sarukyanın mətbuat katibi İveta Tonoyan bildirib ki, bazada təlim-məşq toplanışında olan xarici idmançılar və məşqçilər otaqlardan çıxarılıb.
***
Axtarışlar fonunda diqqətçəkən məqamlardan biri də hüquqi proseslərin son həftələrdə sürətlənməsi olub. Bir neçə gün əvvəl Ermənistan Baş Prokurorluğu Qaqik Sarukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət göndərmişdi. Lakin əməliyyatların başlandığı günə qədər həmin müraciətə baxılmamışdı.
Bununla yanaşı, Baş Prokurorluq iyunun 5-də inzibati məhkəməyə müraciət edərək 2002-ci ildə “Araratsement” ASC-nin özəlləşdirilməsi barədə hökumət qərarının etibarsız sayılmasını tələb edib. İddiada müəssisənin özəlləşdirilməsi və ona bitişik 74,1 hektar torpaq sahəsinin satışı zamanı qanun pozuntularına yol verildiyi irəli sürülür. Bu məsələ uzun müddətdir dövlət qurumları ilə Sarukyanın biznes strukturları arasında əsas hüquqi mübahisələrdən biri hesab edilir. İstintaq Komitəsi hazırkı əməliyyatların konkret hansı cinayət işləri ilə bağlı olduğunu açıqlamayıb. Rəsmi məlumatda yalnız 10-dan çox cinayət işi çərçivəsində 70-dən çox ünvanda eyni vaxtda prosessual hərəkətlərin həyata keçirildiyi bildirilib. Ermənistan mətbuatında isə axtarışların çirkli pulların yuyulması və iqtisadi xarakterli digər cinayətlərlə bağlı araşdırmalar çərçivəsində aparıldığına dair iddialar yer alıb. Bununla belə, bu məlumatlar istintaq orqanları tərəfindən hələlik təsdiqlənməyib.
Əməliyyatlar müxalifətin sərt reaksiyasına səbəb olub. “Çiçəklənən Ermənistan” nümayəndələri hüquq-mühafizə orqanlarının hərəkətlərini siyasi motivli təzyiq kimi qiymətləndiriblər. Xüsusilə müəssisələrin fəaliyyətinin dayanması, vəkillərin bəzi obyektlərə buraxılmaması və “Olimpavan” idman kompleksində xarici idmançıların məşq prosesinin pozulması ilə bağlı iddialar səsləndirilib.
Digər tərəfdən, hüquq-mühafizə orqanları istintaqın qanunvericiliyin tələblərinə uyğun aparıldığını bildirərək əlavə qiymətləndirmə verməkdən çəkiniblər. Bu səbəbdən əməliyyatların hüquqi əsasları və irəli sürülən mümkün ittihamların məzmunu barədə yekun nəticə çıxarmaq üçün istintaqın rəsmi açıqlamalarını gözləmək lazım gələcək.
***
Qeyd edək ki, Sarukyan son illərdə Ermənistanın həm siyasi, həm də iqtisadi həyatında mühüm fiqurlardan biri kimi çıxış edib. Onun rəhbərlik etdiyi “Multi Group” konserni tikinti, sənaye, spirtli içki istehsalı, tütün, xidmət və idman infrastrukturu da daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərir. Eyni zamanda, Sarukyan uzun illər Ermənistan MOK-un prezidenti vəzifəsini icra edir.
Son əməliyyatlar seçkilərdən sonra ölkədə müxalif siyasi fiqurlarla bağlı aparılan hüquqi proseslərin davamı kimi qiymətləndirilir. Bundan əvvəl “Hayastan” blokunun lideri Robert Koçaryanın ölkədən çıxışına məhdudiyyət qoyulması, iş adamı Samvel Karapetyan barəsində davam edən məhkəmə araşdırmaları və indi Sarukyanın biznes strukturlarını əhatə edən genişmiqyaslı istintaq tədbirləri Ermənistanın daxili siyasi gündəmini müəyyənləşdirən əsas hadisələr sırasında yer alır. Bu proseslərin hansı hüquqi nəticələr doğuracağı, irəli sürüləcək ittihamların məhkəmələrdə hansı formada qiymətləndiriləcəyi və əməliyyatların ölkənin siyasi mühitinə necə təsir göstərəcəyi qarşıdakı dövrdə daha aydın görünəcək.
Onu da bildirək ki, son parlament seçkiləri ərəfəsində Nikol Paşinyan çıxışlarında “üçbaşlı müharibə partiyası” adlandırdığı siyasi qüvvələrə qarşı ardıcıl mübarizə aparacağını bəyan edirdi. Baş nazir həmin çıxışlarda Samvel Karapetyan, Robert Koçaryan və Qaqik Sarukyanı nəzərdə tutaraq qanunsuz əldə edildiyi iddia olunan əmlakın dövlətə qaytarılacağını, hüquq-mühafizə orqanlarının fəaliyyətinin bu istiqamətdə davam edəcəyini bildirirdi. Seçkilərdən sonrakı hadisələr göstərir ki, hökumət bu bəyanatları siyasi ritorika səviyyəsində saxlamayıb. Karapetyanla bağlı məhkəmə prosesinin davam etməsi, Koçaryanın ölkədən çıxışına qoyulan məhdudiyyət və indi Sarukyanın biznes strukturlarını əhatə edən genişmiqyaslı əməliyyatlar bu ardıcıllığın tərkib hissəsi kimi görünür. İyulun 6-da keçirilən genişmiqyaslı əməliyyatlar göstərir ki, seçkilər başa çatsa da, Ermənistanın daxili siyasi gündəmi hələ uzun müddət hüquqi proseslərlə müəyyənləşəcək. Bu proseslərin ölkədə siyasi rəqabətə, biznes mühitinə və dövlət institutlarına təsiri isə yalnız istintaqın yekunu və məhkəmə qərarlarından sonra daha obyektiv qiymətləndirilə biləcək.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 07 İyul 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















