Sİ və ekologiya: hansı qalib olacaq?
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
BMT Universitetinin 2026-cı ilin iyununda açıqladığı hesabatda bildirilirdi ki, süni intellektin ekoloji təsirini yalnız karbon emissiyaları ilə ölçmək kifayət deyil. Data mərkəzlərinin fəaliyyəti eyni zamanda böyük həcmdə su və torpaq resursları tələb edir. Üstəlik, bu üç göstərici həmişə eyni istiqamətdə dəyişmir: karbon emissiyasını azaltmaq üçün seçilən enerji mənbəyi su və ya torpaq istifadəsini artıra bilər.
Hesabata görə, dünya üzrə data mərkəzləri 2025-ci ildə təxminən 448 teravatt-saat elektrik enerjisi istehlak edib. Bu göstərici data mərkəzlərini ölkə kimi təsəvvür etdikdə onları dünyanın ən böyük elektrik istehlakçıları sırasında yerləşdirir. Eyni il onların fəaliyyəti ilə bağlı təxminən 208 milyon ton karbon qazı emissiyası və 1,2 trilyon gallon su izi hesablanıb.
Əsas narahatlıq isə tələbatın sürətlə artmasıdır. BMT Universitetinin hesablamalarına əsasən, 2030-cu ildə data mərkəzlərinin elektrik tələbatı 945 teravatt-saata çata bilər. Bu, həmin dövrdə dünya üzrə elektrik istehlakının təxminən 3 faizinə bərabər olacaq. Eyni vaxtda onların su izi 9,3 trilyon litr, torpaq izi isə 14 500 kvadrat kilometrdən çox ola bilər.
Süni intellektin enerji sərfiyyatı barədə danışarkən çox vaxt nəhəng modellərin hazırlanması ön plana çıxarılır. Lakin BMT Universitetinin hesabatı başqa bir məqama diqqət çəkir: model istifadəyə verildikdən sonra hər gün milyonlarla sorğunun emalı da böyük enerji tələb edir.
Hesabata görə, Sİ sistemlərinin ümumi enerji istifadəsinin 80–90 faizi modelin istifadəçilərin sorğularına cavab verməsi mərhələsi ilə bağlı ola bilər. Yəni AI-dən gündəlik istifadə artdıqca enerji tələbatı da yüksəlir. Mətnlə müqayisədə görüntü və xüsusilə video yaratmaq daha çox hesablama resursu tələb edir.
Data mərkəzlərində yüksək hesablama gücü böyük istilik yaradır. Avadanlıqların işlək vəziyyətdə saxlanması üçün müxtəlif soyutma sistemlərindən istifadə olunur və bunların bir hissəsi su tələb edir. Bundan başqa, elektrik enerjisinin istehsalının özü də su izi yaradır.
Bu səbəbdən data mərkəzinin harada yerləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni həcmdə hesablama aparan iki mərkəzin ekoloji təsiri istifadə etdiyi elektrik mənbəyinə, iqlim şəraitinə, soyutma texnologiyasına və yerləşdiyi ərazidəki su ehtiyatlarına görə ciddi şəkildə fərqlənə bilər. Nature jurnalında dərc olunan araşdırmalar da AI serverlərinin enerji, su və karbon təsirlərinin məhz yerləşmə və enerji sistemindən əhəmiyyətli dərəcədə asılı olduğunu göstərir.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri də budur ki, AI-nin ekoloji təsirini yalnız karbon emissiyası ilə qiymətləndirmək düzgün nəticə verməyə bilər.
Nature Reviews Clean Technology jurnalında dərc olunan araşdırmaya görə, su sərfiyyatını azaltmağa yönəlmiş bəzi üsullar əksinə, karbon emissiyalarını artıra bilər. Tədqiqatçılar buna görə AI infrastrukturu üçün enerji, su və karbon göstəricilərinin birlikdə nəzərə alınmasını təklif edirlər.
Bu yanaşma BMT Universitetinin hesabatında da vurğulanır. Hesabata görə, aşağı karbonlu elektrik enerjisi avtomatik olaraq aşağı su və torpaq izi demək deyil. Buna görə AI-nin “yaşıl” olub-olmadığını yalnız istifadə etdiyi elektrik enerjisinin mənbəyinə əsasən müəyyənləşdirmək mümkün deyil.
Tələbat artır, texnologiya isə səmərələşirBununla belə, məsələ yalnız mənfi təsirlərdən ibarət deyil. Yeni nəsil çiplər, daha səmərəli modellər, alternativ soyutma sistemləri və bərpa olunan enerji mənbələri data mərkəzlərinin ekoloji yükünü azaltmağa imkan verə bilər.
Lakin burada başqa bir risk — “əks reaksiya effekti” ortaya çıxır. Texnologiya daha səmərəli olduqca onun istifadəsi ucuzlaşır və nəticədə insanlar və şirkətlər AI-dən daha çox istifadə edə bilərlər. Beləliklə, bir əməliyyatın enerji sərfiyyatı azalsa da, ümumi tələbat arta bilər. BMT Universiteti buna görə yalnız texnoloji səmərəliliyin deyil, həm də ümumi resurs istifadəsinin izlənilməsini vacib sayır.
Nəticədə süni intellektin iqlimə təsiri sadə şəkildə “AI təbiət üçün zərərlidir” və ya “yaşıl texnologiyadır” kimi qiymətləndirilə bilməz. Onun real ekoloji izi istifadə olunan enerji mənbəyindən, data mərkəzinin yerləşdiyi ərazidən, su ehtiyatlarından, avadanlığın səmərəliliyindən və insanların AI-dən istifadə miqyasından asılıdır.
BMT Universitetinin yanaşmasına görə, əsas məsələ süni intellektin inkişafını dayandırmaq deyil, onun elektrik, su, torpaq və karbon izini şəffaf şəkildə ölçmək və idarə etməkdir.
Lalə Mehralı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 30 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















