Şirkətə qarşı 40 minlik dələduzluq edən şəxsə elektron qolbaq taxıldı
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən İmran Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, İmran Əsədov özünü tanışı, zərərçəkmiş Qalib Qabilova (şərti) alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib. O, zərərçəkmişin direktoru olduğu “ELN Companiy” MMC-in Azərbaycana idxal etdiyi qida əlavələrini satıb bir qisminin pulunu ödəyərək inandırıb. İmran bu minvalla 2019-2021-ci illərdə ümumi dəyəri 39 847 manat olan qida əlavələrini və gigiyenik vasitəni MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci kilometrliyində yerləşən anbarından ələ keçirib sataraq pulunu ələ keçirib.
İstintaq dövründə İmran Əsədovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov


