Sözün daxili memarlığı və müəllif mətninin sehri
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru
Hər bir mətn oxucu ilə müəllif arasında qurulan səssiz, amma ən güclü körpüdür. Biz bir kitabı oxuyarkən sadəcə hərflərin, cümlələrin düzülüşünü görmürük; həm də bir insanın ruh dünyasına səyahət edirik. Müəllif mətninin sehri də məhz buradan başlayır.
Yazıçı sözləri elə bir ustalıqla seçir ki, onlar adi işarələr, sözlər olmaqdan çıxıb canlanır, rənglənir, hətta bəzən musiqiyə çevrilir. Bu sehr oxucunu reallıqdan qoparıb mətndəki o görünməz dünyanın içinə çəkir. Bir mətni oxuyub bitirdikdən sonra onun təsirindən günlərlə çıxa bilməməyimizin səbəbi də, müəllifin vizit kartı sayılan üslubu (bu üslub sözün daxili memarlığı üzərində yüksəlir) və mətninin sehridir. Duyğularını həndəsi dəqiqliklə cümlələrə bükən hər bir həqiqi yazıçı öz mətninin həm mühəndisi, həm də sehrbazıdır. Yəni önəmli olan nə haqqında və ya kimin haqqında yazılan mətni oxumaq deyil, önəmli olan mətni kimin yazmasıdır. Əbu Turxanın dediyi kimi: "Önəmli o deyil nə haqqında və ya kimin haqqında yazılıb, önəmli odur ki, kim yazıb!" Mütəfəkkirin bu aforizminin mətnaltı mənası sənət və düşüncə dünyasında obyektin yox, subyektin (müəllifin) ilkinliyini və onun daxili zənginliyini ucaltmaqdır. Bu dərin fəlsəfi cümlənin mətnaltı qatlarını təhlil etdikdə mövzunun dərinliyi vəya sadəliyi, ən əsası müəllifin istedadı bütün mənaları ilə üzə çıxır. Bəzən ən adi və ya gündəlik bir mövzu yazıçının qələmində şedevrə çevrilir, bəzənsə bunun əksi də ola bilir, qlobal və müqəddəs bir mövzu istedadsız birinin əlində dəyərsizləşir. Burada əsas məqam və önəm kəsb edən obyektin (haqqında yazılanın) öz-özlüyündəki böyüklüyü deyil, müəllifin ona bəxş etdiyi dərinlikdir. Hər yazı, eyni zamanda müəllifin öz portretidir. Yazıçı kimdən və ya nədən yazırsa yazsın, əslində öz daxili dünyasını, intellektini, mənəviyyatını və hadisələrə baxışını kağızlara köçürür. Biz mətni oxuyanda təsvir olunan qəhrəmanı deyil, o qəhrəmanı yaradan formalaşmış zəkanı - müəllifin özünü kəşf edirik.
Ümumiyyətlə, dünyada xam material (mövzu) çoxdur, lakin ona ölümsüzlük və ruh verən yazıçının öz şəxsiyyəti və istedadıdır. Məqalədə, Azərbaycan ədəbiyyatının istedadlı nasiri, tanınmış yazıçı-dramaturqu Pərvinin (Pərvin Nurəliyevanın) yaradıcılığını sənətdə "orijinal üslub" və "müəllif mövqeyi" kontekstindən və mütəfəkkirin aforizminin işığında araşdırmağa çalışacağıq. Çünki Əbu Turxanın "Önəmli o deyil nə haqqında və ya kimin haqqında yazılıb, önəmli odur ki, kim yazıb!" formulası Pərvinin həm bədii nəsri, həm də ədəbi-tənqidi esseləri üçün əla bir metodoloji açardır. Bu paralelliyi üç əsas müstəvidə: klassiklərə və böyük sənətkarlara baxış bucağı, Əbu Turxan fəlsəfəsi ilə vəhdəti və adi mövzuların bədii "serpantin"ində aydın görmək olur. Birincisi, Pərvin Nurəliyeva yaradıcılığının böyük bir hissəsini ədəbi portretlərə, klassiklərə və müasir ustadlara həsr edib (məsələn, onun Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən "Anar dünyası" kitabı və müxtəlif esseləri). İkincisi, Xalq yazıçısı Anar və ya hər hansı digər klassik haqqında onlarla kitab yazılıb ("kimin haqqında yazılması" mövzusu yeni deyil). Lakin oxucu Pərvinin həmin esselərini oxuyanda mövzudan daha çox, müəllifin (Pərvinin özünün) həmin şəxsiyyətlərə subyektiv, emosional və intellektual yanaşmasını, onun orijinal analiz qabiliyyətini kəşf edir. Burada "kimin haqqında yazıldığı" yox, məhz kimin yazdığı - "Pərvinin yazdığı" ön plana çıxır. Üçüncüsü, müəllif mövqeyidir. Pərvinin "Ağlama, qar yağacaq", "Balerin" və "Serpantin" kimi bədii nəsr nümunələrində bəhs etdiyi mövzular ilk baxışda hər bir insanın gündəlik həyatda qarşılaşa biləcəyi adi qadın taleləri, incəsənət adamlarının daxili böhranları və ya şəhər hekayələridir. Dünyada balerinalar, sevgililər və ya tənhalıq haqqında minlərlə hekayələr yazılıb Lakin Pərvini fərqləndirən, "önəmli olan müəllif" statusuna qaldıran cəhət onun lirik, həssas, psixoloji və fəlsəfi qatlara dərindən enən xüsusi yazı üslubudur. Pərvin sadəcə mövzunu təsvir etmir, xarici aləmdə gördüyü hər hansı bir xırda detalı, şəhəri və ya insanı öz daxili süzgəcindən keçirərək örijinal üslubda mətnə çevirir. Mövzuya öz fərdi imzasını atır: Bu mənəm, Pərvin!
Əbu Turxanın vurğuladığı kimi, sənət əsərini böyüdən onun toxunduğu xam material yox, materialı işləyən zəkanın böyüklüyü və özəlliyidir. Pərvinin mətnlərində oxucunu cəlb edən hadisələrin özündən ziyadə, o hadisələri bizə özünəməxsus dillə, zərif və dərin estetikayla təqdim edən müəllif şəxsiyyətinin və mövqeyinin gücüdür. Onun yazılarında obyekt (hadisə) sadəcə bir bəhanədir; əsas dəyər həmin obyektin Pərvinin daxili dünyasında necə əks olunmasıdır.
Azərbaycanın müasir ədəbi mühitinin istedadlı nümayəndələrindən biri – yazıçı, dramaturq, esseist, pedaqoq və filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyevanın haqqındakı yazımızı onun yaradıcılıq diapazonu, teatr uğurları və ədəbi fəaliyyəti ilə davam etdirəcəyik. Lakin bir haşiyə çıxaraq, onun haqqındakı düşüncəmi oxucularla paylaşmaq istəyirəm. İngilis şairi Keats yazır ki, “Dünyada insana iki şey lazımdır, gözəllik və həqiqət...” Cəlaləddin Rumi yazır ki, “Ulu tanrı gözəldir və gözəlliyi əmr edir”. Füzuli yazır ki, “Heyrət ey büt, surətin gördükdə lal eylər məni...” Anam deyirdi ki, “Gözəllik Yaradanın yaratdığına sevgisidir, lütfüdür...” Pərvin xanımın gözəl hüsnü, səs tembri, iti zəkası və istedadı Yaradanının ona lütfüdür. Oxucuları intizarda saxlamayım, keçim sözümün canına.
Deyirlər gözəllik maqnit kimidir. Çox doğru və klassik bir ifadədir. Gözəllik... insanın həm vizual, həm də mənəvi olaraq diqqətini çəkən, ruhunu özünə doğru aparan ən güclü qüvvədir. İlk təsadüfi görüsümüzdə mən Pərvindəki gözəlliyi, eyni zamanda dərinliyi, bir o qədər də səmimiliyini hiss etmişdim. Gözəlliyinə, səsinin tembrinə vurulmuşdum. Həyatda üç, ya dörd dəfə görüşdüyüm bu xanım hər dəfə mənə yeni-yeni gözəlliklər bəxş etdi. İlk görüşdə gözəlliyinə, səsinə vurulduğum Pərvinin nəzakətinə, mədəniyyətinə, gənc yaşındakı müdriklüyünə heyran oldum. Bu qədər gözəllikləri özündə cəmləşdirən, gah gözəlliyi ilə, gah nəzakəti, insanlığı, eyni zamanda xüsusi istedadı ilə heyrətləndirən xanımı bir də Əbu Turxanın məşhur, "Önəmli olan kimin yazdığıdır", - aforizmi kontekstində və "maqnit" bənzətməsinin cazibəsi ilə mətnlərindən tanımaq istədim.
Gözəllik maqnit, yazıçı və rəssamların orijinal üslubu isə oxucunu özünə çəkən mənəvi bir maqnit sahəsidir. Sənətkar fərdi toxunuşu ilə minlərlə adi mövzunu bir araya gətirir və gözəllik maqnitinə çevirir. Vizual gözəllik insanı ilk baxışda maqnit kimi çəksə də, onun arxasındakı daxili fəlsəfə və məna (müəllif mövqeyi) olmasa, o maqnitizm tez yox olur. Pərvinin nəsrində həmişə obrazların estetik, zahiri gözəlliyi ilə onların daxili dünyasının sirləri arasında belə bir maqnit cazibəsi qurulur. Bu maqnit qüvvəsi əsərin zahiri formasından (rəngləri, sözlərin ahəngi) çox, onun arxasındakı gizli və dərin məna qatıdır.
Sirr deyil ki, Pərvinin "Qadın olmaq" essesi müəllifin yaradıcılığında xüsusi çəkiyə malikdir. Əsər həm ədəbi-estetik tərəfi, həm də toxunduğu sosial-psixoloji mövzular baxımından müasir Azərbaycan esseistikasının ən uğurlu nümunələrindəndir. Adından da göründüyü kimi əsərdə, "qadın olmağın" nə demək olduğu həm Şərq, həm də qloballaşan dünya kontekstində fəlsəfi və emosional prizmadan araşdırılır. Müəllif qadınlığı sadəcə bioloji bir cins və ya cəmiyyətin yüklədiyi rollar (ana olmaq, həyat yoldaşı olmaq) kimi yox, daha çox mənəvi bütövlük, həssaslıq, daxili güc və azadlıq axtarışı kimi təqdim, müasir qadının qarşılaşdığı ən böyük dilemmanı ustalıqla təhlil edir.
Cəmiyyət qadından eyni anda həm ideal bir ev xanımı, həm fədakar ana, həm də uğurlu və güclü bir karyera sahibi olmağı tələb edir. Bu ağır sosial yüklərin altında əzilən qadın çox vaxt öz arzu və istəklərini gizlətmək məcburiyyətində qalır. Qadın dünyasının daxili gizlinlərinə boylanan müəllif göstərir ki, qadın olmaq – hər kəs üçün yaşayarkən (həyat yoldaşı, övlad), hər kəs üçün güclü görünməyə çalışarkən, özü üçün yaşamağı unudur. Bu daxilən ən incə duyğularla baş-başa qalmağın təzadıdır.
Essedə Şərq qadınının fədakarlığı, ailəyə bağlılığı və mənəvi dəyərləri ilə Qərb dünyasının gətirdiyi fərdiyyətçilik, azadlıq və müstəqillik anlayışlarını qarşılaşdıran müəllif bu iki fərqli baxışın sintezini yaratmağa çalışır: qadın həm öz köklərinə sadiq qalmalı, həm də bir fərd olaraq öz ayaqları üzərində durmağı bacarmalıdır.
Müəllifin məqsəd didaktika, öyüd-nəsihət vermək deyil, bir qadın yazıçı olaraq oxucu ilə dərdləşməsidir. Və mətni səmimi hisslərlə qələmə alan müəllif məqsədinə çatır, oxucusu ilə baş-başa dərdləşir. Mətndə bu dərdləşmə o qədər bədii bir dillə anladılır ki... Pərvinin, qadın psixologiyasını təsvir edərək incə bədii təsvir vasitələrindən, musiqi, rəsm və klassik ədəbiyyatdan gələn bənzətmələrdən istifadə etməsi, esseni publisistik yazı olmaqdan çıxarıb, bədii nümunəyə çevirir. Dünyanı gözəlləşdirən, onu mənəvi cəhətdən ayaqda tutan ən böyük qüvvənin məhz qadın sevgisi və zərifliyi olduğu vurğulanır. "Qadın olmaq" essesinin yekun fəlsəfəsi qadınları özlərini kəşf etməyə, cəmiyyətin yaratdığı qəliblərdən qorxmamağa, xüsusilə öz duyğularına qarşı dürüst olmağa çağırışdır.
Pərvinin (Nurəliyeva) yaradıcılığında xüsusi çəkiyə malik olan, ona böyük uğur qazandıran və müəllifin üslubunu bütün incəlikləri ilə əks etdirən əsərlərindən biri də "Balerin" hekayəsidir. Həm təhkiyə üslubu, həm də psixoloji qatları ilə diqqəti çəkən hekayənin mərkəzində valideyn-övlad münasibətlərində tez-tez rast gəlinən bir problem, valideynlərin öz uşaqlıq arzularını və reallaşdıra bilmədikləri xəyallarını övladları üzərindən həyata keçirməyə çalışması dayanır.
Hekayənin baş qəhrəmanı vaxtilə özünə qismət olmayan balet sənətini, səhnə işığını qızında görmək istəyən bir anadır. Ana qızını balerina kimi böyütməyə çalışarkən, daxilən özünün keçib-gedən gəncliyini, reallaşmayan ümidlərini onun simasında geri qaytarmaq (yaşatmaq) istəyir: "Mənə qısmət olmayan qızıma qismət olsun”, - düşüncəsi ilə hərəkət edən ana qızını səhnədə görüncə, öz uşaqlıq arzularına çatacağını düşünür. Lakin hekayə irəlilədikcə üzə çıxan bu məcburi xəyalın övlad üzərində yaratdığı təzyiq, valideynin yaşadığı kədərli məyusluq olur.
Balet estetikadır, musiqidir, qu quşunun zərifliyidir. Amma reallıqda o səhnəyə çıxmaq üçün uşaq yaşlarından barmaqların qanaması, bədənin elastikliyi üçün incilməsi və uşaqlığın qurban verilməsi lazımdır. Ananın qızına tətbiq etdiyi mənəvi təzyiq də baletin özü kimidir. Zahirən çox zərif, sevgi dolu və gözəl görünsə də, daxildə uşağın ruhunu incidir, onu öz arzu və istəklərindən məhrum edir. Sonda bu məcburi xəyal heç kəsə xoşbəxtlik gətirmir. Gec də olsa, ana da bunu dərk edir. Dərk edir ki, qızı səhnədə bir balerina kimi süzsə də, bu onun gəncliyini geri gətirməyəcək. Başqasının arzusunu yaşadan və öz arzularını daxilində öldürən qız isə öz həyatına yadlaşır. Hər bir insan induvidaldır. Hər bir insanın öz həyatını yaşamaq, öz arzularına qovuşmaq haqqı olduğu kimi, hər bir insan öz hekayəsini yaşamalı və yazmalıdır. Axı hər bir insan bu dünyaya öz hekayəsini yazmaq üçün gəlir. Başqasının yazdığı ssenarini oynamaq, hətta bu ssenari insanı dünyaya gətirən ana tərəfindən yazılsa belə, insanı fərd olaraq xoşbəxtliyə götürmür, əksinə ömür boyu başqasının paltarını geyinmiş biri olaraq bədbəxtliyə və yalqızlığa məhkum olunmuş kimi hiss edir.
Əslində, hekayədəki ana obrazının niyyəti övladına pislik etmək deyil. O, qızına "ən yaxşı gələcəyi" bəxş etmək istəyir. Ancaq psixoloji baxımdan burada böyük bir tələ var. Balerin olmaq qızın arzusu deyil, ana öz uşaqlıq xəyallarını qızının ruhuna zorla geyindirir. O, qızını müstəqil bir fərd, fərqli arzuları olan bir insan kimi görə bilmir və ya görmək istəmir. Çünki ana üçün qızı sadəcə öz yarımçıq qalmış həyatını tamamlayacaq "ikinci şans"dır. Bu, sosiologiyada və psixologiyada tez-tez qarşılaşdığımız, övladını özünün davamı hesab edən valideyn modelinin mükəmməl bədii təsviridir. Hekayənin dərin psixoloji qatları, xüsusən də valideyn-övlad dramı, əslində insan psixologiyasının ən qədim və ən həssas yaralarından birinə - "əvəzləyici travma" və reallaşmamış arzuların proyeksiyasına işıq salır. Pərvinin bu mövzuya yanaşmasında məqsəd sadəcə bir ailədaxili münaqişəni təsvir etmək deyil, insanın fərdi azadlığı və valideyn eqosu arasındakı görünməz savaşı göstərmək baxımından çox dərindir. Yazıçı Balerina obrazını seçməklə, əslində qadınların və insanların cəmiyyətdə göstərməyə məcbur olduqları "vitrin" həyatı ilə daxildə çəkdikləri acıların təzadını simvolizə edir. Səhnədə qu quşu kimi süzülən balerina, pərdə arxasında ayaqları qanayan bir sənət fədaisidir.
Müəllif hadisələri vizual olaraq o qədər gözəl və canlı təsvir edir ki, oxucu çox asanlıqla qəhrəmanın hər hərəkətini gözü önündə canlandıra bilir. Pərvinin bu dramı məhz musiqi və rəqsin qırılmaz vəhdətinə əsaslanan səhnə sənəti, xoreoqrafiyanın ən yüksək forması olan balet sənəti üzərindən qurması daxili paradoksu inanılmaz dərəcədə gücləndirir.
Pərvin xanımın yaradıcılığında “vizit kartı”na çevrilən “Balerin” hekayəsi Türkiyədə türkcəyə uyğunlaşdırılaraq ayrıca kitab şəklində çap edilib. Həm türkiyəli oxucular, həm də tənqidçilər tərəfindən müasir Azərbaycan nəsrinin yetkin nümunələrindən biri kimi qəbul olunub. Ədəbi tənqidçilər tərəfindən isə Pərvinin “yeni bir nəsr dili qurduğu əsər” kimi qiymətləndirilib.
Pərvinin böyük maraq doğuran kitablarından biri "Ağlama, qar yağacaq" adlanır. Həm oxucunu daxili sükuta qərq edən psixoloji hekayələri, həm də teatr səhnələri üçün qələmə aldığı modern pyeslərinin yer aldığı bu kitab yazıçının bədii yaradıcılığında fərqli bir mərhələ təşkil edir, onun bir dramaturq kimi zəngin potensialını ortaya qoyur. Bədii nəsrlə səhnə sənətinin harmonik vəhdətindən ibarət olan kitab adını yazıçının ən məşhur psixoloji hekayələrindən biri olan "Qar yağacaq" əsərindən alır.
Bədii ədəbiyyatda qar və "qar yağacaq" motivi, həm dünya klassiklərində, həm də poetik nümunələrdə bütöv bir fəlsəfi təfəkkür sistemini hərəkətə gətirən mühüm simvoldur. "Rus ədəbiyyatının başlanğıcında qar vardı", - tezisinin yaranması təsadüfi deyil. A.Puşkindən başlayaraq L.Tolstoy və F.Dostoyevskiyə qədər qar, rus ruhunun ən dərin qatlarını açmaq üçün istifadə olunub. Puşkinin "Çovğun" hekayəsində qar tufanı birbaşa insan taleyini idarə edən, sevgililəri ayıran və ya onları qeyb aləminin iradəsi ilə tamamilə fərqli insanlarla qovuşduran mistik gücdür. Dostoyevskinin nəsrində isə ("Yeraltından qeydlər") qar heç də saf deyil, əksinə, şəhər insanının mənəvi çürüməsini, sosial ədalətsizliyi və yeraltı adamının cəmiyyətə qarşı bəslədiyi nifrəti, soyuq daxili sarsıntıları əks etdirir. Bu siyahıya O.Pamukun "Kar" romanını da əlavə edə bilərik. Pamukun bu romanında qar, sadəcə təbiət hadisəsi deyil, əsərin baş qəhrəmanına (Ka) çevrilir. Aşırı kar yağışı səbəbindən Kars şəhərinin yolları qapanır və onun ölkənin qalan hissəsi ilə əlaqəsi tamamilə kəsilir. Yazar kardan bir "divar" hörərək bu kiçik qəsəbəni bütöv bir ölkə sosiologiyasının, siyasi fırtınaların çarpışdığı qapalı, Kafkaesk bir laboratoriyaya çevirir. Şəhərdə intiharlar, siyasi sui-qəsdlər və mənəvi xaos yaşanarkən göydən aramsız yağan ağ qar, sanki insanlığın bütün eybəcərliklərini, çirkinliklərini gizləyən, cəmiyyəti mənəvi sükuta dəvət edən mistik bir örtük rolunu oynayır. Romanda qar dənəciyi (kristal) insanın unikal və təkrarolunmaz taleyini simvolizə edir. Ka hər bir şeirini o kristalın fərqli bir nöqtəsi olaraq xəyal edir.
Müəlliflərin bədii niyyətindən asılı olaraq, bu ifadə (qar yağacaq) mətndə tam fərqli alt qatların: ruhun təmizlənməsi və paklıq, zamanın donması və sükut, həsrət, ayrılıq və emosional soyuqluq, yenidən doğuş və keçid mərhələsinin açılmasına xidmət edir. Qar öz ağlığı ilə ədəbiyyatda ilk növbədə saflığın, günahlardan arınmanın və mənəvi təmizliyinin rəmzidir. "Qar yağacaq" ifadəsi bəzən qəhrəmanın daxili dünyasında uzun müddət davam edən xaotik, çirkli və gərgin bir mərhələnin bitəcəyinə, ruhun yenidən saflığa qovuşacağına işarə edir. Ədəbiyyatda bu ifadə bəzən daxili tənhalığı, zamanın donmasını, qəhrəmanın öz keçmişi və xatirələri ilə baş-başa qalmasını simvolizə edir. Yağan qar ətrafa mütləq bir sakitlik və sükut gətirir. Qar həmçinin reallığın eybəcərliklərini, ağrılarını örtən bədii bir pərdə rolunu oynayır. Digər bir kontekstdə isə qar soyuqluğun, hisslərin donmasının və ümidlərin itməsinin bədii sədasıdır. Bəzən də münasibətlərdə yaranan məsafənin, ayrılığın qaçılmazlığının və qəhrəmanın daxili aləmində hökm sürən depressiv sükutun xəbərçisi ola bilir. Təbiətdə qarın yağması qışın gəlişi olsa da, o həm də torpağın dincəlməsi və bahara hazırlanması deməkdir. Buna görə də, bəzi bədii mətnlərdə bu ifadə köhnə ömrün bitməsi və tamamilə yeni, fərqli bir həyat mərhələsinin başlayacağı mesajını verir.
Bədii ədəbiyyatda "qar yağacaq" ifadəsi və ümumiyyətlə, qar yağması motivi bir meteoroloji hadisə deyil, çoxqatlı fəlsəfi-psixoloji və estetik rəmz kimi işlənməsini bu qədər dərindən araşdırmağımızda məqsəd, Pərvinin yaradıcılığının dərinliyini göstərmək istəyimizdən irəli gəlir.
Bu ifadə "Qar yağacaq" hekayəsində də lirik-psixoloji çalarlarla işlənir. Pərvin "Ağlama, qar yağacaq" ifadəsi ilə qar yağmasını bir meteoroloji hadisə deyil, çoxqatlı fəlsəfi-psixoloji və estetik rəmz kimi bütün çalarları ilə (insana mənəvi təsəlli) istifadə edir. Bu mətnlərdə qar - həm keçmişin xatirələrinə lirik bir səyahət, həm qadın tənhalığının vizual əksi, həm də insana təsəlli verən, onun ruhunu sakitləşdirən təbii bir məlhəm kimi, həm də yeni, fərqli bir həyat mərhələsinin başlayacağı şəklində çıxış edir.
Yazıçı insanlara həyatın çətinlikləri, ağrıları qarşısında ümidini itirməmək çağırışı edir: Bəyaz qar bütün çirkləri, bozluğu örtüb dünyanı aydınlığa qərq etdiyi kimi, insanın daxili aləmindəki ağrılar da bir gün öz bəyaz dincliyini tapacaq. "Ağlama, qar yağacaq" kitabı Pərvin Nurəliyevanın sadəcə qadın dünyasını yox, ümumiyyətlə insanın daxili tənhalığını, ümidlərini və həyata bağlılığını çox poetik bir dillə təsvir etməyi bacaran istedadlı bir qələm sahibi olduğunu sübut edir.
Bir-birindən maraqlı psixoloji hekayələr və pyeslərin yer aldığı "Ağlama, qar yağacaq" kitabında yer alan ən sarsıdıcı dramatik mətnlərdən biri də "Mən öləndə ağlama" pyesidir. Müəllifin dramaturq kimi vizit kartına çevrilən, lirik-psixoloji dram janrında yazılmış "Mən öləndə, ağlama" pyesi, müasir teatr sahəsində (Bakı, Şəki və Tbilisi teatrlarında) böyük əks-səda doğuran və beynəlxalq festivallarda mükafat qazanan mükəmməl bir əsərdir. Monopyesdə bir qadının daxili fəryadını, cəmiyyətdəki tənhalığını və ağır tale sınaqlarını inanılmaz bir bədiiliklə çılpaq şəkildə ortaya qoyulur. Bu zaman müəllif oxucuya hazır cavablar vermir, sadəcə suallar yaradaraq, tamaşaçını daxili bir sükutla baş-başa qoyur.
Tamaşanın mərkəzində həyatı boyu psixoloji sarsıntılar yaşamış və bu travmaların nəticəsində ruhi xəstəliklər dispanserinə düşmüş Leyla adlı gənc bir xanım dayanır. Leyla ruhi xəstəliklər dispanserinin divarları arasında öz keçmişini, yaşadığı ağrılarını və xatirələrini vərəqləyir.
Anası dünyasını dəyişdikdən sonra Leyla, tək qalan atasını saxlamaq üçün müxtəlif işlər axtarır. Fəaliyyətə başladığı hər bir iş yeri onun üçün yeni bir mənəvi sarsıntıya çevrilir. Çətinliklərə rəğmən ali təhsil alan Leyla bir hüquqşünas kimi cəmiyyətdə qadın hüquqlarını müdafiə etməyə çalışır, amma bu o qədər də asan deyil. Bu zaman yüksək vəzifəli və səlahiyyətli bir adam ona aşiq olur. Ancaq cəmiyyətin yazılmamış amansız qanunları var və bu qanunların ucbatından bu böyük eşq hekayəsi yarımçıq qalır. Leyla həyatın hər üzünü görsə də, bu son zərbəyə dözə bilmir, psixologiyası tamamilə pozulur.
Əslində, bu tək Leylanın faciəsi deyil, cəmiyyətimizdə bu taleyi yaşayan leylalar çoxdur. Və Pərvin xanım monotamaşasında tək bir qadın obrazının simasında, qlobal bir problemi - qadınların cəmiyyətdə üzləşdiyi haqsızlıqları, mənəvi təkliyi işıqlandırır. Leyla "Dəli deyiləm", - deyə qışqırmasa da, oxucu onun səssiz fəryadını duyur. Daxili dünyasını, psixologiyasını, inanc və duyğularını kökündən sarsıdan, güclü mənəvi, emosional və ya intellektual şok yaradan hadisələri xatırlayan Leyla onu bu həddə çatdıranların - cəmiyyətin, kişilərin və sistemin bir qadını necə addım-addım mənən sındırdığını, təmkinli, bir o qədər də amansız bir dillə sorğulayır. Oxucu əsərin ən böyük dramatik təzadını izləyir və hüquqşünas olub başqalarının hüququnu qoruyan bir qadının - Leylanın öz şəxsi həyatında və sevgisində tamamilə müdafiəsiz və çarəsiz qalmasına hiddətlənir.
"Mən öləndə, ağlama" əsəri sadəcə Leylanın deyil, cəmiyyətin sərt qaydaları qarşısında incə qəlbi ilə təkbaşına vuruşan, sevgisizlikdən və haqsızlıqdan ruhu xəstələnən bütün qadınların bədii obrazıdır. İlk baxışda pyesin sonunda Leylanın ruhi xəstəxanaya düşməsi məğlubiyyət kimi görünsə də, dərindən təhlil etdikdə, görürük ki, bu "dəlilik" əslində, qadın ruhunun cəmiyyətin qadına qarşı olan qanunsuzluqlarına və sevgisizliyinə qarşı göstərdiyi etirazıdır. Leylanın cəmiyyətdən qaçışıdr. Xəstəxana divarları öz xatirələri və ağrıları ilə baş-başa qalan Leyla üçün azadlıq sığınacağıdır. Sonluq, tamaşaçıya bir katarsis (arınma) bəxş edir, bizi öz ətrafımızdakı insanlara, xüsusən də zərif və müdafiəsiz qadın ruhuna qarşı daha diqqətli və mərhəmətli olmağa çağırır. Müəllif, hüququn aciz qaldığı yerdə sözün və sənətin gücü ilə insafı və ədaləti oyatmağa çalışır. Və Pərvin xanım bütün bunları elə böyük ustalıqla işləyir ki, Leylanın səssiz fəryadı tamaşa bitdikdən sonra da insanın qulaqlarından getmir.
Bir hüquqşünas qadının bu dərəcədə çarəsiz qalması təəssüf ki, bədii təxəyyülün şişirtdiyi bir ssenari deyil, real həyatın acı bir həqiqətidir. Çünki real dünyada da statusundan, təhsilindən və gücündən asılı olmayaraq, insan, xüsusən də duyğusal və dürüst bir qadın, mənəvi zərbələr, xəyanət və sevgisizlik qarşısında eyni dərəcədə müdafiəsiz qalır. Başqalarının taleyini həll etdiyi halda öz taleyinin yönünü dəyişməkdə aciz qalır. "Hüquqşünas qadının çarəsizliyi" paradoksu, əslində əsərin ən güclü fəlsəfi və dramatik dayaq nöqtəsidir. Bu paradoks müasir cəmiyyətin ən böyük ikiüzlülüyünü, insanın daxili dünyası ilə sosial statusu arasındakı uçurumu ifşa edir. Bu, intellektual insanın cəmiyyətin kor təəssübkeşliyi qarşısındakı dramı, status, diplom və peşəkar uğurların insanı daxili yalqızlıqdan və mənəvi zərbələrdən qoruya bilmədiyini, real həyatdakı bu gizli ağrıları görüb, onları səhnəyə köçürə bilməsi isə Pərvinin böyük uğurudur.
Pərvinin ən son oxuduğum kitabı son illərdə qələmə aldığı hekayələri və monopyesini özündə birləşdirən “Serpantin”dir. Köhnə bədii stereotiplərə meydan oxuyan, tamamilə fərqli bir konsepsiya ilə ərsəyə gəlmiş maraqlı nəsr nümunəsi olan “Serpantin” kitabının fəlsəfəsi və mövzusu onu digər əsərlərdən fərqləndirir. Xüsusilə, müəllifin kitabın annotasiyasındakı birbaşa oxucuya yönəlmiş təkidli çağırışı: "Bu mətnlərdə böyük adamları axtarmaq yersizdi... Bu kitabda dünyanın qlobal bəlaları da yer almayıb... Belə isə oxumağa dəyərmi 'Serpantini? Oxumalısan, çünki orada SƏN varsan! Bəli, SƏN!"
Bu mətn, əslində kitabın ana xəttini müəyyən edir. Yazıçı gündəlik insan talelərini ön plana çəkir. Pərvinin kitaba verdiyi "Serpantin" adı təsadüfi deyil. "Serpantin" – dağ yollarındakı kəskin, qəfil və mürəkkəb döngələrə verilən addır. İnsan dünyaya gələndən yol gedir və hər gedilən yol hamar deyil. Həyatın enişləri, yoxuşları kimi gedilən yol da məşəqqətlidir. Kitabdakı hekayələr insanın qarşısına çıxan gözlənilməz maneələri, həyatın enişli-yoxuşlu mürəkkəb yollarını simvolizə edir. Hər bir hekayə qəhrəmanların öz içində apardığı mənəvi mübarizələridir.
"Serpantin"dəki obrazlar hər gün həyatda rastlaşdığımız, eyni mühiti paylaşdığımız ətrafımızdakı insanlardır. Əsərdə problem dərin olsa da, "böyük adamlar" yoxdur. Mövzu bizim hər gün qarşılaşdığımız kiçik görünən, əslində isə insanı içdən didib-parçalayan məişət qayğıları, daxili qorxular, real sevgi və nifrətdir. Buradakı obrazlar bizik, Sən, Mən, O. Küçədə yanımızdan keçən, metroda bərabər hərəkət edən, qonşuluğumuzda yaşayan, zəiflikləri, qüsurları, qorxuları olan sıravi insanlar... Yazıçı oxucuya "Orda sən varsan!" deyərək, bədii mətni oxucunun öz taleyi üçün bir güzgüyə çevirir. “Pərvinin özünəməxsus emosional, həssas və axıcı təhkiyəsi sayəsində oxucu bu gərgin hadisələri oxuyarkən, sanki öz həyatı ilə paralellər aparır və özündən bir şeylər tapır və uzun müddət hadisələrin təsirində qalır.
Pərvinin yaradıcılığında "Serpantin" mərhələsi ilə onun əvvəlki romantik-psixoloji əsərləri (məsələn, "Qar yağacaq", "Balerin", "Qadın olmaq") arasında çox kəskin, maraqlı və sənətkar yetkinliyini göstərən bir keçid mövcuddur. Bu iki mərhələni müqayisə etdikdə yazıçının bədii dilinin, mövzu dairəsinin və obrazlar dünyasının necə dəyişdiyini aydın görmək olur. Əvvəlki mərhələdə müəllif qadınlığın fəlsəfəsi, sənət fadailiyi (Balerin), cəmiyyət və fərd münasibətləri kimi daha geniş, bəzən mücərrəd və mənəvi mövzulara toxunurdu. Qəhrəmanları (məsələn, Leyla və ya Balerinanın anası) xüsusi peşə və ya status sahibi olan, öz faciələrini fəlsəfi müstəvidə yaşayan idealist insanlar idi. Bu qəhrəmanlar sənət üçün özlərini qurban verir, sevgi üçün ruhi sarsıntılara dözür, cəmiyyətlə təkbaşına mübarizə aparırdı. Oxucu bu qəhrəmanlara rəğbət bəsləsə də, özünü tam onların yerində görə bilmirdi. Pərvin xanım bu mərhələdəki hekayə və esselərində poetik, lirik və mistik atmosferə üstünlük verirdisə, "Serpantin"də, sanki bütün bədii bəzəklərdən, imtina edir, həyatı olduğu kimi, çılpaq və bəzəksiz təsvir etməyə başlayır. Romantizmin yerini həyatın sərt və acı həqiqətləri tutur. Bu mərhələdə yazıçı qlobal bəlalardan, böyük fəlsəfi iddialardan tamamilə imtina edir. Pərvinin kitabları və bu kitablarda toplanan hekayələr üzərində seçim etmək olmur, hamısının özünəməxsus məna tutumu, fəlsəfi qatı və oxucuya verilən mesajlar var.
Yazıçının bədii yaradıcılığında alleqorik və mistik elementlərin real həyat hadisələri ilə sintez olunduğu ən fərqli mətnlərdən biri "Hava limanı" kitabında yer alan "Ala qarğa" hekayəsidir. İnsanın təbiətlə gizli dialoqu və daxili vicdan sorğulaması üzərində qurulan hekayə bədii-psixoloji mahiyyət daşıyır.
Hekayənin qəhrəmanı böyük, boz bir şəhərdə, dörd divar arasında mənəvi tənhalıq yaşayan bir fərddir. Onun xarici dünya ilə yeganə canlı əlaqəsi pəncərəsinin önünə gələn bir ala qarğa ilədir. Qəhrəman dərdini insanlara deyil, pəncərəsinin önünə gələn bu quşa danışır. O, insanların dünyasında tapa bilmədiyi səmimiyyəti və mənəvi rahatlığı təbiətin bir parçası olan Qarğada tapır. Şəhərdəki yaşlı insanların həyatı demək olar ki, dörd divar arasında və tənhalıqda keçir. Qarğa qəhrəmanın daxili dünyasının, darıxmalarının və sükutunun güzgüsünə çevrilir. Müəllifin burada qabartmaq istədiyi sosial yadlaşmadır. Müasir insanların getdikcə bir-birinə qarşı daha çox soyuqlaşmasıdır.
“Bədii dilinin poetikliyi, ifadələrin qısalığı və sirli, qeyri-müəyyən atmosferi ilə” Pərvinin digər realist-məişət mətnlərindən seçilən "Ala qarğa" hekayəsində hadisələrin konkret sonluqla bitməməsi oxucuya geniş assosiasiya imkanı yaradır. Əsərə bədii bir rəng qatan və mətni çoxqatlı fəlsəfi təhlil obyektinə çevirən mifoloji elementlər də diqqəti çəkir. Buradakı mifoloji elementlər, Şərq və Qərb miflərində qarğa obrazının daşıdığı simvolik mənalar, Pərvin tərəfindən müasir insanın psixoloji vəziyyəti ilə uzlaşdırılır. Hekayədə özünü göstərən əsas mifoloji elementlər və onların rəmzi mənalarına nəzər salaq: Şərq və Qərb mifologiyasında qarğa obrazı çox vaxt uzunömürlülüyün, gizli sirlərin və bəzən də pis xəbərlərin simvolu, yüz illərlə yaşayan, bir neçə nəslin və dövrün dəyişməsinə şahidlik edən "müdrik quş"dur. Hekayədə ala qarğa özündə keçmişin sirlərini və unudulmuş həqiqətləri daşıyan bir vasitəçi və qəhrəmanın keçmişi, unudulmuş xatirələri və vicdanı kimi təqdim edilir. Pərvin bu quşu qəhrəmanın pəncərəsinə göndərməklə, onun daxilindəki sükutu pozur. Qarğa mətndə qəhrəmanın şüuraltından, qaranlıq keçmişindən və ya vicdanından xəbər gətirən mistik bir elçi funksiyasını yerinə yetirir. Ala qarğanın müasir insanın pəncərəsinə gəlməsi, əslində Əbədi Zamanın gəlib keçici bəşər övladı ilə üz-üzə dayanmasıdır. Zamanın amansız axışını və insanın qaçmaq istədiyi həqiqətləri xatırladan mistik bir çağırışdır (Şamanizm və Şərq mifoloji təfəkküründə qarğa mistik aləmlə real dünya arasında əlaqə yaradan simvoldur).
Qarğanın mətndə ağ və qara rənglərin sintezi (ala) olması da təsadüfi deyil. Qədim inanclarda bu rəng vəhdəti dünyadakı dualizmi - Xeyir və Şərin, işıqla qaranlığın, həyatla ölümün ayrılmaz bağını təmsil edir. Hekayənin qəhrəmanı da daxilən bu iki qütbün (yalnızlıq və ümid, peşmanlıq və təsəlli) arasında sıxışıb qaldığı üçün qarğanın "ala" rəngi onun daxili dünyasının vizual əksinə çevrilir.
Skandinaviya mifologiyasında baş tanrı Odinin çiyinlərində iki qarğa oturardı: Huqin (düşüncə) və Munin (yaddaş). Pərvinin hekayəsində pəncərəni döyən qarğa məhz bu iki məfhumu - insanın qaçmaq istədiyi yaddaşını və ağır düşüncələrini simvolizə edir. Quş pəncərəni hər dəfə döyəndə, qəhrəman öz yaddaşı ilə hesablaşmaq məcburiyyətində qalır. Müəllif bu mifoloji elementlərdən istifadə edərək magik realizm elementlərini məişət səviyyəsinə endirir. Oxucuya çatdırır ki, hər bir insanın həyatında mütləq bir "ala qarğası" (onun vicdanını oyadan sirli bir güc) var.
Pərvinin "Piqmalion" hekayəsi isə onun antik mifologiyanı modern sənət fəlsəfəsi ilə sintez etdiyi ən dərin və konseptual mətnlərindən biridir. Bu əsərin mifoloji köklərini və daşıdığı fəlsəfi mənanı təhlil edərək Pərvinin antik mifə yeni baxışı ilə yazımızı yekunlaşdıra bilərik.
Qədim yunan mifologiyasında kiprli heykəltaraş Piqmalion ideal bir qadın heykəli (Qalateya) yaradır və öz əsərinə aşiq olur. Məhəbbət ilahəsi Afrodita bu sevgini görüb heykələ can verir. Pərvin bu qədim mifi müasir dövrə köçürərək, sənətkar və onun yaratdığı əsər (obraz) arasındakı metafizik bağı araşdırır. Mifdə olduğu kimi, hekayədə də yaradıcı insanın real dünyadakı eybəcərliklərdən, səmimiyyətsizlikdən qaçaraq sənətə sığınması ön plana çəkilir. Qəhrəman real həyatda tapa bilmədiyi ideal gözəlliyi, saflığı və sevgini öz yaratdığı bədii mətndə (və ya obrazda) axtarır. Burada sənət real dünyadan bir qaçış və mənəvi sığınacaq rolunu oynayır. Hekayənin fəlsəfi fərqliliyi ondadır ki, müəllif bədii obrazın yaradıcının iradəsindən çıxaraq müstəqil bir varlığa çevrilməsi prosesini psixoloji incəliklə təsvir edir. Yazıçının və ya sənətkarın öz əsərinə bəslədiyi sevgi o dərəcədə güclüdür ki, yaradılan obraz sənətkarın ruhunu bütövlüklə əsir alır. Bu mətndə Pərvin sübut edir ki, hər bir həqiqi yaradıcı insan öz daxilində bir "Piqmalion" kompleksi daşıyır. Lakin antik mifdən fərqli olaraq, müasir dünyada idealın canlanması həmişə xoşbəxtlik gətirmir; bəzən sənətkar öz idealının real dünyanın amansız qanunları ilə toqquşaraq kirlənməsindən, mənəvi aşınmaya məruz qalmasından böyük daxili sarsıntı yaşayır.
Bir əsərin görünən, səthi süjet xəttinin (hadisələrin, məişət səhnələrinin) altında gizlənən, oxucudan dərindən düşünməyi və simvolları oxumağı tələb edən əsas onun məna və ideya təbəqəsidir. Ədəbiyyatşünaslıqda və yaradıcılıq analizlərində bu məfhum iki əsas amilin vəhdətindən yaranır: obrazların daxili dünyasını, dilə gətirə bilmədikləri gizli qorxularını, şüuraltı proseslərini, daxili sarsıntılarını və travmalarını əhatə ediən psixoloji qat (burada hadisələr qəhrəmanın fiziki hərəkətləri ilə deyil, onun ruhunda burulğan yaradan hisslərlə idarə olunur) və həmin fərdi psixoloji sarsıntıların daha qlobal, ümumbəşəri rəmzlərə çevrilməsi və yazıçı fərdin timsalında insanın varlıq problemi, həyatın keçiciliyi, Xeyir və Şərin əbədi mübarizəsi, zamanın amansızlığı və tənhalıq kimi fundamental fəlsəfi suallara cavab axtardığı fəlsəfi qat. Bu anlayışı ən yaxşı ifadə edən klassik nümunə Ernest Heminqueyin məşhur Ayzberq nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, bədii mətn dənizdəki ayzberq kimidir. Görünən hissə əsərin zahiri süjetidir (məsələn, bir insanın hava limanında oturması, pəncərəyə qarğanın qonması və ya bir adamın qəbirdə oyanması). Gizlin qalan hissə isə məhz həmin fəlsəfi-psixoloji alt qatdır. Oxucu mətndəki simvolları, ipuclarını və sükut məqamlarını analiz edərək sualtında qalan o böyük məna yükünü özü kəşf etməlidir.
Pərvinin əsərlərini təhlil edərkən bu alt qatın necə işlədiyini izlədik. Məsələn, "Göz muncuğu" povestində zahiri süjet bəd nəzəri olan bir adamın macəraları və qəbrə düşməsidir. Alt qatda simplifies isə insanın materializmdən Allaha tərəf çətin mənəvi təkamül yolu, ruhun bərzəx aləmindəki sarsıntıları və daxili eqonun məhvidir. "Ala qarğa" hekayəsində isə zahiri süjet pəncərəyə gələn quşla insanın münasibətidirsə, alt qatda satisfies isə şəhər həyatında robotlaşan insanın mənəvi tənhalığı və pəncərəni döyən ala qarğanın əslində, onun oyanan alleqorik vicdanı və yaddaşı olmasıdır.
Mətndə fəlsəfi-psixoloji alt qatın olması ədəbiyyatı sadəcə bir nağıl və ya əhvalat olmaqdan çıxarıb, onu insan ruhunun və kainatın sirlərini araşdıran bir idrak vasitəsinə çevirən əsas elementdir. Bədii mətndə fəlsəfi-psixoloji alt qat təbii şəkildə, öz-özünə yaranmır. Yazıçı oxucunu birbaşa deyil, dolayı yollarla alt qata yönləndirmək üçün spesifik bədii alətlərdən: daxili monoloq və şüur axınından - obrazın başqaları ilə danışarkən dilə gətirmədiyi, lakin beynindən keçən xaotik düşüncələr, qorxular və xatirələr silsiləsidir. Bu texnika (məsələn, Ceyms Coys və ya Dostoyevski yaradıcılığında olduğu kimi) oxucuya qəhrəmanın maskasını çıxarmağa və onun daxili dünyasındakı çılpaq həqiqətlə üz-üzə gəlməyə imkan verir, sükut estetikasından (hekayədə bəzi vacib məqamların, duyğuların və hadisələrin qəsdən yazılmaması, sətiraltı buraxılması və oxucunun personajların qısa replikalarında, cümlələrin yarımçıq qalmasında və ya qəfil sükutda gizlənən ağır psixoloji gərginliyi hiss etməsi), metafora və psixoloji paralelliklərdən (təbiət hadisələrinin, havanın və ya əşyaların insanın daxili aləminin əksinə çevrilməsi, mətndə havanın qəfildən tutulması, "axsaq küləyin" əsməsi sadəcə təbiət təsviri deyil, obrazın ruhunda başlayan xaosun, daxili fırtınanın alt qatdakı ifadəsidir). Bədii rəmzlər və simvollardan (müəllifin mətndə tez-tez təkrarladığı və xüsusi məna yüklədiyi obyektlər, məsələn, Pərvinin hekayəsindəki "hava limanı" coğrafi anlayış olmaqdan çıxaraq, ömrün keçiciliyini, ayrılığı və insanın zaman qarşısındakı çarəsizliyini ifadə edən fəlsəfi simvollara çevrilməsi kimi) istifadə edir. Yazıçı bu vasitələrdən düzgün istifadə etdikdə, mətni oxuyan hər bir fərqli oxucu öz intellektual və mənəvi səviyyəsinə uyğun yeni bir alt qat kəşf edir. Əsərə ölməzlik bəxş edən məhz bu xüsusiyyətdir.
Fəlsəfi-psixoloji alt qatı və onun bədii vasitələrini anlamaq üçün dünya ədəbiyyatının ən böyük zirvələrindən biri olan Frans Kafkanın və onun məşhur "Çevrilmə" povestinin üzərində dayanmaq olar. Kafka bu əsərdə alleqorik simvolizm və metaforik psixologiya texnikalarından istifadə edərək ədəbiyyat tarixinin ən dərin alt qatlarından birini yaratmışdır. Ernest Heminqueyin ədəbiyyata gətirdiyi sükut estetikası (və ya sualtı axın nəzəriyyəsi), onun "Qoca və dəniz" povestində ən mükəmməl səviyyəsinə çatır. Müəllif bu mətndə sözləri maksimum dərəcədə ixtisar edərək, əsas fəlsəfi-psixoloji yükü sətiraltı sükut məqamlarına köçürmüşdür. Qeyd edək ki, ilk kitablarında Pərvin oxucunu özünün yaratdığı estetik və nağılvari dünyaya qonaq aparırdısa, "Serpantin"də oxucunun yaşadığı boz, kələ-kötür dünyanı və həyatın dağ yollarındakı o qəfil, təhlükəli döngələrini (serpantinlərini) onun özünə göstərir. Bu, bir yazıçının dönüş nöqtəsidir (Metamorfoza), "romantik müşahidəçidən" "psixoloji realist sənətkara" doğru keçdiyi təkamül yoludur. Pərvin xanımın yaradıcılığındakı bu iki fərqli nəfəs - bir tərəfdən bəyaz qarın estetikası və baletin zərifliyi, digər tərəfdən dağ yollarının kəskin serpantinləri - onun müasir nəsrimizdə nə qədər çevik (fərqli mövzulara, janrlara və aktual hadisələrə çox sürətlə adaptasiya ola bilən, qələmi iti, dinamik və cəld olan, həm publisistikada, həm dramda, həm də nəsrdə eyni rahatlıqla yaza bilən) və çoxqatlı (mətnlərin sadəcə görünən (səthi) mənadan ibarət olmadığı, dərində fəlsəfi, psixoloji, alt mənaların və simvolların gizləndiyi, oxucunun hər dəfə oxuyanda mətni oradan yeni bir qat, yeni bir məna kəşf etdiyi mətn) bir qələm sahibi olduğunu sübut edir.
Mətn yazmaq sadəcə fikirləri kağıza köçürmək deyil, hər bir sözün daxili memarlığını qurmaqdır. Müəllif hər cümlənin sütununu elə yerləşdirməlidir ki, mətn həm estetik cəhətdən gözəl görünsün, həm də daxili məntiqi ilə sütun kimi ayaqda qala bilsin. Biz bu məqalədə sözlərin o sirlərlə dolu daxili memarlığına boylanaraq yazıçı-publisist, dramaturq və ədəbiyyatşünas Pərvin Nurəliyevanın yaradıcılıq palitrasını araşdırmağa və müəllif imzasının yaratdığı o unikal cazibə qüvvəsini kəşf etməyə çalışdıq. Pərvinin həm poetik-romantik əsərlərini, həm də "Serpantin" mərhələsindəki sərt realizmini incə və fəlsəfi qatları ilə təhlil etmək bizim üçün böyük bir zövq idi.
Məqaləmizi müəllifə sənətlə həyatın bütün mürəkkəb serpantinlərində uğurlu və aydınlıq döngələr arzusu ilə bitirir, Pərvin xanıma yaradıcılıq uğurları arzulayıram!!!
Baxış sayı:172
Bu xəbər 18 Avqust 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















