Sözün məsuliyyəti və nüfuzu
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məhərrəm Səfərli – 80
Jurnalistika yalnız yazmaq sənəti deyil. Bu peşə, ilk növbədə, söz önündə məsuliyyət, cəmiyyət qarşısında vətəndaşlıq mövqeyi, həqiqətə sədaqət və Vətənə xidmət tələb edir.
Qələmə alınan hər sözün, hər cümlənin oxucuya, cəmiyyətə və ölkənin ictimai həyatına müəyyən təsiri var. Ona görə də əsl jurnalistin yaradıcılıq yolunu təkcə yazdığı məqalə, tutduğu vəzifə, çalışdığı redaksiya sayı ilə müəyyənləşdirmək mümkün deyil. Ən önəmli meyar onun sözə münasibəti, peşəsinə sədaqəti və illər keçdikcə qoruyub saxladığı mövqedir.
Azərbaycan jurnalistikasında yarım əsrdən artıq fəaliyyət göstərən veteran qələm sahibi Məhərrəm Səfərlinin yaradıcılıq yolu da məhz belə bir mövqeyin bariz nümunəsidir. O, 1974-cü ildən Masallı rayonunda nəşr olunan “Çağırış” qəzetində ədəbi işçi kimi jurnalistikaya qədəm qoyduğu ilk gündən bu peşəyə yalnız sənət kimi deyil, həm də ictimai məsuliyyət kimi yanaşıb. Ötən onilliklər ərzində müxtəlif mətbu orqanlarda, informasiya agentliyində, dövlət və ictimai qurumların media strukturlarında çalışaraq peşəkar jurnalist kimi formalaşıb, öz dəsti-xətti ilə diqqət çəkib.
Onun üçün jurnalistikanın əsas prinsiplərindən biri hər zaman vətəndaş mövqeyi olub. Yazdığı materiallarda xalqın mənafeyinin, milli-mənəvi dəyərlərin qorunmasına, dövlətçiliyin möhkəmlənməsinə və qanunun aliliyinə xidmət etmək prinsipinə həssaslıqla yanaşıb. Şəxsi ambisiyaların, qərəzli münasibətin və məkrli niyyətlərin jurnalist sözünə kölgə salmasına imkan verməyib. Bəzən bir cümlənin üzərində uzun müddət düşünüb-daşınmalı olub. Onun qənaətinə görə, jurnalistin yazdığı söz təkcə müəllifin deyil, həm də təmsil etdiyi mətbu nəşrin məsuliyyətini daşıyır.
Mətbuat tariximizdə elə jurnalistlər var ki, onların yaradıcılıq yoluna nəzər salanda ayrı-ayrı dövrlərin ictimai-siyasi mənzərəsini də görmək mümkündür. Məhərrəm Səfərlinin yaradıcılığı da belə bir xüsusiyyətə malikdir. O, sovet dövrünün son illərindən başlayaraq, Azərbaycanın müstəqillik qazandığı mürəkkəb illərə, müstəqil dövlətçiliyin möhkəmləndiyi və ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğu dövrə qədər mətbuat həyatının müxtəlif mərhələlərinin canlı iştirakçısı olub.
1977-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olan Məhərrəm Səfərli 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən isə Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür. Bu faktlar onun jurnalistlik fəaliyyətinin uzunmüddətli və ardıcıl xarakter daşıdığını diqqətə çatdırmaqla yanaşı, peşəkar jurnalist kimi keçdiyi yolun müxtəlif mərhələlərini də əks etdirir.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu və Azərbaycan Jurnalistlər İttifaqının nəzdində ikiillik Jurnalist Sənətkarlığı İnstitutunu bitirməsi onun peşəkar hazırlığında mühüm rol oynayıb. Lakin jurnalistikada nəzəri biliklərlə yanaşı, əsas məktəb redaksiyadır. Məhərrəm Səfərli də yarım əsrdən artıq yaradıcılıq fəaliyyəti ərzində bu məktəbin müxtəlif mərhələlərindən keçib.
Jurnalistlik fəaliyyəti sonralar onu “Müxbir” və “Açıq söz” jurnallarına, “Nicat” nəşriyyatına, AzərTAC-a, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə, “AZALVIEW” jurnalına və “Azərbaycan” qəzetinə gətirib. Bu zəngin peşə coğrafiyası onun müxtəlif janrlarda işləmək, müxtəlif auditoriyalara müraciət etmək və fərqli mövzuları araşdırmaq imkanlarını genişləndirib.
Yeri gəlmişkən, 1983-1990-cı illərdə Azərbaycan Jurnalistlər İttifaqının “Müxbir” jurnalında müxbir, 1990-1991-ci illərdə “Açıq söz” jurnalında məsul katib, 1991-1992-ci illərdə isə Azərbaycan Jurnalistlər İttifaqının “Nicat” nəşriyyatında direktor vəzifələrində çalışması Məhərrəm Səfərlinin peşəkar fəaliyyətinə mühüm təsir göstərib.
Müstəqilliyin ilk illəri Azərbaycan mətbuatı üçün həm böyük imkanlar, həm də ciddi sınaqlar dövrü idi. Ölkədə yeni siyasi və ictimai reallıqlar yaranır, söz və fikir azadlığının yeni mühiti formalaşırdı. Belə bir mürəkkəb mərhələdə jurnalistdən təkcə peşəkarlıq deyil, həm də məsuliyyətli və sağlam mövqe tələb olunurdu.
Məhərrəm Səfərlinin 1992-1995-ci illərdə AzərTAC İnformasiya Agentliyində şöbə müdiri, 1995-1996-cı illərdə Azərbaycan Jurnalistlər Birliyinin məsul katibi kimi fəaliyyəti də məhz həmin dövrün mühüm media prosesləri ilə sıx bağlı idi. İnformasiya agentliyində işləmək operativlik, dəqiqlik və xəbərin məsuliyyətini daha dərindən dərk etməyi tələb edirdi. Burada jurnalistin bir sözünün belə informasiyanın məzmununa və ictimai qavrayışa təsirinə mühüm önəm verilirdi. O isə üzərinə düşən bu vəzifənin öhdəsindən layiqincə gəlirdi.
Məhərrəm Səfərlinin sonrakı dövrdə – 1996-cı ildən 2015-ci ilədək yaradıcılıq fəaliyyətinin mühüm bir hissəsi olan “Azərbaycan Hava Yolları” QSC-də, eləcə də qurumun mətbuat xidmətinin rəhbəri, eyni zamanda, “AZALVIEW” jurnalının baş redaktoru vəzifələrində çalışdığı vaxtlarda bu peşə prinsiplərini davamlı şəkildə qoruduğu aydın nəzərə çarpırdı.
Məhərrəm Səfərlinin həmin illərdə “Azərbaycan Hava Yolları” QSC-nin açdığı Bakı-Roma-Bakı, Bakı-İzmir-Bakı, Bakı-Aberdin-Bakı, Bakı-Berlin-Bakı və bir çox digər avareyslərin açılışında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi çıxış edib və ölkəmizi ləyaqətlə təmsil edib.
Azərbaycan mülki aviasiyasının inkişaf və yenilənmə mərhələsinə təsadüf etdiyi həmin illərdə mülki aviasiyanın ölkənin iqtisadi və nəqliyyat sistemində rolu artır, hava nəqliyyatının infrastrukturu yenilənir, Azərbaycanın beynəlxalq aviasiya məkanında mövqeyi möhkəmlənirdi. Belə bir sahənin fəaliyyətinin ictimaiyyətə çatdırılması da xüsusi peşəkarlıq tələb edirdi və o, bunun öhdəsində layiqincə gəlirdi.
Məhərrəm Səfərlinin aviasiya mövzusunda yazdığı reportaj və publisistik materiallar onun yaradıcılığında ayrıca yer tutur. 1999-cu ildə məhz mülki aviasiyadan bəhs edən reportajlarına görə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” mükafatına layiq görülməsi də onun həmin sahədəki jurnalist fəaliyyətinə verilən mühüm qiymətlərdən biri idi.
2014-cü il iyulun 22-də “Azərbaycan” qəzeti ilə səmərəli, fəal və operativ əməkdaşlığına, milli mətbuatın inkişafına verdiyi töhfəyə görə fəxri diplomla təltif olunması da Məhərrəm Səfərlinin media ilə əlaqələrinin və peşəkar əməkdaşlıq prinsiplərinin göstəricisi kimi dəyərləndirilib.
Bu məqamda onu da xatırladaq ki, Azərbaycan milli mətbuatının tarixi Həsən bəy Zərdabinin adı ilə sıx bağlıdır. “Əkinçi” ilə başlayan milli jurnalistika məktəbi təkcə qəzet nəşr etmək ənənəsi yaratmadı. Bu məktəb, eyni zamanda, jurnalistikanın cəmiyyət qarşısında məsuliyyət daşıması prinsipini formalaşdırdı. Məhərrəm Səfərlinin jurnalist mövqeyində də bu ənənəyə sıx bağlılıq aydın görünür.
Həmkarımızın qənaətincə, müstəqil Azərbaycanın mətbuatı və onun hər bir əməkdaşı ölkənin uğurlarının təbliğatçısı olmaqla yanaşı, həm də dövlətin etibarlı dayaqlarından birinə çevrilməlidir. Bu yanaşma jurnalistikanı yalnız informasiya ötürən vasitə kimi deyil, eyni zamanda, cəmiyyətin maariflənməsinə, milli şüurun möhkəmlənməsinə və ictimai həmrəyliyin qorunmasına xidmət edən mühüm institut kimi qəbul edir.
Məhərrəm Səfərli bildirir ki, Azərbaycan xalqının uzun illər həsrətində olduğu müstəqillik böyük tarixi nailiyyətdir. Buna görə də ölkənin siyasi, iqtisadi, elmi-texniki, tikinti və abadlıq sahələrində əldə etdiyi uğurların ictimaiyyətə çatdırılması jurnalistin vətəndaşlıq borcunun mühüm tərkib hissəsidir. Burada böyük əhəmiyyət daşıyan mühüm bir məqam da ondan ibarətdir ki, o, neqativ hallarla barışmamağı, cəmiyyətdə mövcud problemlərə münasibət bildirməyi də jurnalistin vəzifə borcu hesab edir. Buna görə də onun üçün əsas məsələ hər bir problemin qərəzdən uzaq, obyektiv və konstruktiv şəkildə işıqlandırılmasıdır.
Veteran jurnalistin yaradıcılığında Azərbaycan dövlətçiliyi, milli maraqlar, Heydər Əliyev irsi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası, Qarabağ Zəfəri, Böyük Qayıdış, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi kimi mövzular xüsusi yer tutur. Xüsusilə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonrakı dövr onun yaradıcılığında geniş əksini tapıb. Dahi şəxsiyyətin müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətə həsr olunmuş yüzlərlə məqalə və reportaj yazıb. O, bu yazılarda Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif istiqamətlərini, dövlət quruculuğundakı rolunu və Azərbaycanın inkişaf strategiyasını təhlil etməyə çalışıb.
“Qırx ilə bərabər bir gün”, “Azərbaycanın dövlət müstəqilliyi: Heydər Əliyev formulu”, “Müstəqil Azərbaycan tarixinin dönüş nöqtəsi”, “Heydər Əliyev – Jurnalistlərin dostu və hamisi”, “Azərbaycan Mülki Aviasiyasının memarı”, “Mülki Aviasiyamızın inkişafı və milliləşməsi Ulu öndərin adı ilə bağlıdır” kimi yazıları onun bu mövzuya uzun illər ərzində ardıcıl müraciət etdiyini, eyni zamanda, dövlətçilik tarixini jurnalist baxışından təqdim etməyə çalışdığını göstərir.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər milli mətbuat qarşısında da yeni vəzifələr müəyyənləşdirdi. Qarabağın işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyin təmin edilməsi, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin başlanılması ölkənin informasiya gündəliyinin əsas mövzularına çevrildi.
Məhərrəm Səfərlinin yaradıcılığında da bu tarixi hadisələr mühüm yer tutur. “Zəfərə gedən yol”, “Zəfərdən Böyük Qayıdışa” kimi yazılarında Azərbaycanın keçdiyi tarixi yol, Zəfərin siyasi və mənəvi əhəmiyyəti, Qarabağın dirçəldilməsi və Böyük Qayıdış prosesinin əhəmiyyəti öz əksini tapıb.
Onun yaradıcılığında dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinə həsr olunan materiallar da xüsusi yer tutur. “Xalqını yeni qələbələrə aparan Lider”, “Müstəqilliyin və dövlətçiliyin mötəbər dayağı”, “Prezident Ermənistanın işğalçı dövlət olduğunu bir daha dünyaya çatdırdı”, “Prezident İlham Əliyevin multivektorluğu, praqmatizmi və diplomatik məharəti” kimi məqalələr bu istiqamətdəki yaradıcılıq nümunələridir.
Məhərrəm Səfərlinin yaradıcılıq irsinə nəzər saldıqda onun yalnız bir sahənin jurnalisti olmadığını görmək mümkündür. Din, nəqliyyat infrastrukturu, mülki aviasiya, milli mətbuat, informasiya mühiti, dövlətçilik, beynəlxalq münasibətlər, Qarabağ Zəfəri və Azərbaycanın müasir inkişafı onun yazılarının mövzuları arasında yer alıb.
“Mədrəsəsiz din saflaşa bilməz”, “Yol infrastrukturu təzələnir, ölkənin siması müasirləşir”, “41 il səmada”, “Yeni qanun milli mətbuatımızın inkişafını daha da sürətləndirəcək”, “Azərbaycanda yeni informasiya mühiti formalaşdırılır”, “COP-29 Azərbaycanı beynəlxalq nüfuz səviyyəsinə yüksəldir” kimi yazılar onun müasir ictimai proseslərə münasibətini əks etdirən publisistik nümunələrdir. Bu materialların hər birində müəllifin əsas məqsədi hadisəni sadəcə təsvir etmək deyil, onun mahiyyətini oxucuya çatdırmaqdır. Bu isə jurnalistikanın ən çətin və ən vacib istiqamətlərindən biridir.
Məhərrəm Səfərlinin 2015-2018-ci illərdə Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində müxbir kimi fəaliyyəti yaradıcılıq yolunda ayrıca mərhələ təşkil edir. Qəzet jurnalist üçün həm geniş mövzu imkanları, həm də yüksək məsuliyyət yaradır. Parlament və dövlət quruculuğu ilə bağlı proseslərin işıqlandırılması, qanunvericilikdəki yeniliklərin oxucuya çatdırılması, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrin təhlili xüsusi diqqət tələb edir.
2021-2024-cü illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis kimi çalışması isə onun uzunmüddətli media təcrübəsini başqa bir ictimai fəaliyyət istiqaməti ilə birləşdirib.
Jurnalistin fəaliyyətinə verilən qiymət onun yaradıcılığının ictimai əhəmiyyətini müəyyənləşdirən göstəricilərdən biridir. Məhərrəm Səfərlinin yarım əsrdən artıq davam edən jurnalistlik fəaliyyəti də müxtəlif illərdə diqqət və təltiflərlə qiymətləndirilib. 1999-cu ildə mülki aviasiyadan bəhs edən reportajlarına görə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” mükafatına layiq görülməsi xüsusilə əlamətdardır. Çünki bu mükafat milli jurnalistikanın banisinin adını daşıyır və onun peşəkar fəaliyyətinə verilən dəyər kimi qəbul edilə bilər.
2025-ci il yanvarın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunması isə Məhərrəm Səfərlinin uzunmüddətli jurnalist fəaliyyətinin daha bir mühüm qiymətləndirilməsidir. 150 illik milli mətbuat tarixinin yubileyi ilə əlaqədar belə bir medala layiq görülməsi onun yarım əsrdən artıq müddətdə Azərbaycan jurnalistikasına verdiyi töhfənin rəmzi ifadəsi kimi də dəyərləndirilə bilər.
Jurnalist üçün təqaüd yaşı yaradıcılığın sonu olmamalıdır. Əksinə, illərin təcrübəsi, müşahidəsi və peşə vərdişləri qələm sahibinə hadisələrə daha geniş prizmadan baxmaq imkanı verir. Məhərrəm Səfərli də hazırda təqaüddə olmasına baxmayaraq, jurnalist fəaliyyətini davam etdirir. Bu, hər şeydən əvvəl, onun jurnalistikanı sadəcə iş yeri deyil, həyatının ayrılmaz hissəsi kimi qəbul etdiyini göstərir.
Bu gün də onun yaradıcılığında Azərbaycanın inkişafı, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi tərəqqi və inkişaf strategiyası, daxili və xarici siyasətin əsas istiqamətləri, Qarabağ Zəfərinin tarixi əhəmiyyəti və Böyük Qayıdış prosesi geniş yer tutur.
Məhərrəm Səfərlinin yaradıcılıq yolunu səciyyələndirən əsas xüsusiyyətlərdən biri də dəyişən zamanın fonunda öz peşə prinsiplərini qorumasıdır. Mətbuatın texniki imkanları dəyişib, informasiya sürəti dəfələrlə artıb, qəzet və jurnalların yanında elektron media, sosial şəbəkələr və yeni kommunikasiya platformaları meydana gəlib. Lakin jurnalistikanın məsuliyyət, peşəkarlıq, obyektivlik, vətəndaş mövqeyi və sözə hörmət kimi fundamental dəyərləri dəyişməyib.
Həqiqi jurnalistin ömrü yazdığı son yazı ilə bitmir. Onun sözləri, müşahidələri, peşə təcrübəsi və formalaşdırdığı jurnalist ənənəsi özündən sonra gələnlər üçün də bir məktəbə çevrilir. Şübhəsiz, Məhərrəm Səfərlinin yaradıcılığı da gələcək peşə sahibləri üçün bir örnək olacaq.
İ.RÜSTƏMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 03 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















