Icma.az
close
up
RU
Stalin deportasiyalarından rifaha doğru: Qazaxıstandakı Azərbaycan icmasının tarixi

Stalin deportasiyalarından rifaha doğru: Qazaxıstandakı Azərbaycan icmasının tarixi

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astana, 13 noyabr, AZƏRTAC

Qazaxıstandakı azərbaycanlıların tarixi XX əsrin faciəli 1930-cu illərinə — Stalin rejiminin onminlərlə insanı uzaq çöllərə sürgün etdiyi dövrə təsadüf edir. Bu gün həmin insanların nəsilləri Qazaxıstan cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmiş, çiçəklənən və fəal bir icma kimi tanınır.

AZƏRTAC “Xəzər” Etnomədəniyyət Mərkəzinin sədri Mahir Rzayevlə Qazaxıstanda azərbaycanlılarla qazaxlar arasında münasibətlərin inkişafı, türk birliyi ideyasının cəmiyyətdə niyə getdikcə daha geniş rezonans doğurması, eləcə də “Xəzər” Etnomədəniyyət Mərkəzinin milli adət-ənənələrin qorunmasında oynadığı rol barədə söhbət aparıb.

– Astanada və ümumilikdə Qazaxıstanda nə qədər azərbaycanlı yaşayır?

– Rəsmi məlumatlara əsasən, Astanada təxminən 5 min Azərbaycan əsilli şəxs Qazaxıstan vətəndaşlığı alıb. Lakin bu rəqəm yalnız Qazaxıstan vətəndaşlarını əhatə edir. Bununla yanaşı, burada Azərbaycan Respublikasının vətəndaşları da yaşayırlar. Ümumilikdə, Qazaxıstanda azərbaycanlıların sayı 160 mini ötüb.

– Gəlin, bir az tarixə nəzər salaq. Azərbaycan icması Qazaxıstanda necə formalaşdı?

– Azərbaycanlıların Qazaxıstana kütləvi şəkildə köçürülməsi 1930-cu illərdə — Stalin rejiminin həyata keçirdiyi deportasiya siyasəti nəticəsində baş verib. Xalqımız bu torpaqlara köçürülən ilk xalqlardan biri idi. Türkiyə ilə sərhəd bölgələrdə, həmçinin Gürcüstan və Ermənistan ərazilərində yaşayan azərbaycanlılar, eləcə də Ahıska türkləri həmin dövrdə Qazaxıstanın müxtəlif bölgələrinə deportasiya ediliblər.

Ümumilikdə, o illərdə təxminən 120 min azərbaycanlı Qazaxıstana köçürülüb. Məhz onlar bu ölkədəki Azərbaycan icmasının əsasını qoyublar. Bu gün Qazaxıstanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti həmin insanların nəsilləridir.

Yeri gəlmişkən, Ahıska türkləri mədəni baxımdan biz azərbaycanlılara çox yaxındırlar — musiqiləri, adət-ənənələri və hətta adları belə bir-birinə bənzəyir.

– Azərbaycan icması keçmişdə hansı çətinliklərlə üzləşib?

– Sovet dövründə ən böyük problemlərdən biri ucqar kəndlərdə yaşayanların ali təhsilə çıxış imkanlarının məhdud olması idi. 1950–1960-cı illərdə onlara şəhərlərə köçməyə icazə verilmirdi. Hətta bir çoxları o dövrdə pasportlarının belə olmadığını bildirirdi. Ciddi məhdudiyyətlər mövcud idi – insanlar sanki təcrid olunmuş vəziyyətdə yaşayırdılar. Onların əldə edə biləcəyi ən böyük nailiyyət KamAZ sürücüsü olmaq idi. Bu da təsadüfi deyildi, çünki azərbaycanlılar həmişə texnikanı və yük maşınlarını idarə etməkdə bacarıqlı olublar.

1990-cı illərdən etibarən vəziyyət dəyişməyə başladı.

– Bəs indi vəziyyət necədir?

– Bu gün vəziyyət tamamilə fərqlidir. Mən 1995-ci ildə Almatıya ilk dəfə gələndə həmvətənlərimizin əksəriyyətinin Qazaxıstanın cənub şəhərlərində – Şımkent, Taraz və digər bölgələrdə yaşadığını müşahidə etdim. Lakin Almatıda da kifayət qədər çox azərbaycanlı vardı. Məsələn, Amasiyadan köçürülənlərin nəsilləri şəhərin kənar hissələrində yaşayır. Onların arasında dostlar qazandım, bəziləri ilə isə qohumluq əlaqələrimiz yarandı.

2000-ci illərdən sonra Azərbaycan həkimləri, iqtisadçıları, mühəndisləri və hüquqşünasları Qazaxıstanda daha fəal görünməyə başladılar. İrəliləyiş aydındır – icma Qazaxıstan cəmiyyətinə uğurla inteqrasiya olunur. “Xəzər” Etnomədəniyyət Mərkəzinin əsas məqsədlərindən biri də məhz bu inteqrasiyaya dəstək verməkdir.

Türkdilli xalq olmamız da bu prosesdə mühüm üstünlükdür. Qazaxlar azərbaycanlıları özlərinə yaxın xalq hesab edirlər.

– Yəni, demək olar ki, icma inkişaf edir?

– Şübhəsiz. Bəli, istədiyimiz qədər sürətlə olmasa da, inkişaf davam edir. Əsas məsələ irəliləmək və təhsilə üstünlük verməkdir.

– “Xəzər” Etnomədəniyyət Mərkəzindən bəhs etdiniz. O, nə vaxt yaradılıb?

– “Xəzər” Etnomədəniyyət Birliyi 2000-ci ildə yaradılıb və bu il biz onun 25 illik yubileyini qeyd edirik. Bu əlamətdar hadisəni ilin sonunda – Dünya Azərbaycanlılarının Həmrəylik Günündə qeyd etməyi planlaşdırırıq.

Birliyimiz Qazaxıstan Xalqı Assambleyasının (QXA) tərkibinə daxildir. QXA-nın sədri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, bizim birbaşa rəhbərimiz isə QXA sədrinin müavini, Katibliyin rəhbəri, professor Marat Azilxanovdur.

Mən Qazaxıstanda milli siyasətlə məşğul olan şəxslərin yüksək akademik və peşəkar səviyyəyə malik olduqlarını yaxından müşahidə etmişəm. Bu da onlara Qazaxıstan kimi çoxmillətli bir ölkədə dövlət siyasətini uğurla həyata keçirməyə imkan verir.

Qazaxıstan Xalqı Assambleyası 1995-ci ildə təsis edilib və bu il 30 illik yubileyini qeyd edir. Biz də bu münasibətlə medalla təltif olunmuşuq.

– Qazaxıstandakı azərbaycanlılar türk birliyi ideyasına necə yanaşırlar?

– Qazaxıstanda yaşayan azərbaycanlıların təxminən 95 faizi türk birliyi ideyasını dəstəkləyir. Türk dövlətlərinin birliyinin getdikcə formalaşdığını görürük və bu, hər birimizdə qürur hissi doğurur.

– Qazaxıstanlı dostlarınızla ünsiyyət qurursunuz. Onlar bu ideya barədə nə düşünürlər?

– Hazırda L.N.Qumilyov adına Avrasiya Milli Universitetində professor Natalya Kalaşnikovanın rəhbərliyi altında “Qazaxıstan, Azərbaycan və Türkiyədə etnosiyasi proseslər və onların Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə təsiri” mövzusunda dissertasiya işimi yazıram.

Tədqiqat planına əsasən hər ölkədən 500 nəfərin iştirakı ilə genişmiqyaslı sosioloji sorğu keçirilməsi nəzərdə tutulurdu, lakin bunun üçün nə vaxt, nə də lazımi resurslar mövcud idi. Buna görə də Qazaxıstan, Azərbaycan və Türkiyədən 5–7 mütəxəssislə ekspert müsahibələri aparıram.

– Və tədqiqatın nəticələri nəyi göstərir?

– Tədqiqat hələ tam başa çatmayıb. Bununla belə, ilkin nəticələr göstərir ki, hər üç ölkədə türk birliyi və mədəni inteqrasiya ideyaları güclü şəkildə ifadə olunur.

Əgər nəticələri uğurla təqdim edə bilsəm, hesab edirəm ki, dissertasiyam praktik əhəmiyyət daşıyacaq. Müdafiə dekabr ayının sonuna planlaşdırılıb.

– Bu gün qazaxlar və azərbaycanlılar arasında münasibətlər necədir?

– Möhtəşəm. Qazaxlar bizi özbəklər və qırğızlarla yanaşı, səmimi qəlbdən qardaş xalq hesab edirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər Qazaxıstanda böyük sevinclə qarşılandı. Bunu sosial şəbəkələrdə paylaşılan saysız-hesabsız dəstək və təbrik mesajlarında da görmək olur.

Yeri gəlmişkən, türk birliyi mövzuları sosial mediada da geniş müzakirə olunur. Məsələn, yazıçı Madi Raimovun rəhbərlik etdiyi və maraqlı materialların dərc olunduğu məşhur “Biz türkük” adlı “Facebook” qrupunun təxminən 19 min üzvü var. Onların 30 faizi azərbaycanlılar, 50 faizi qazaxlar, qalanları isə digər türk xalqlarının nümayəndələridir.

– Elə çıxır ki, türk xalqlarının birliyi ideyası getdikcə daha çox populyarlıq qazanır?

– Şübhəsiz. İnsanlar ortaq mənşə, dil və mədəniyyət bağlarını dərk etdikcə bu ideyaya maraq daha da artır. Mən inanıram ki, xalqımızın gələcəyi əməkdaşlıq və qardaşlıq üzərində qurulacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri