“Su təminatı üzrə aydın dövlət strategiyası mövcuddur”
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə olunması məsələləri uzun illərdir ki, həm paytaxt sakinlərinin gündəlik həyatına birbaşa təsir göstərən, həm də dövlət qurumlarının diqqət mərkəzində olan əsas problemlərdən biri kimi qalmaqdadır. Əhalinin sayının artması, şəhərsalmanın sürətlənməsi, yeni yaşayış komplekslərinin və sənaye obyektlərinin inşası mövcud su infrastrukturuna əlavə yük yaradır. Eyni zamanda, bəzi kommunikasiya xətlərinin köhnəlməsi, sistemsiz urbanizasiya və iqlim dəyişiklikləri fonunda intensiv yağıntıların artması Bakı və Abşeron yarımadasında su təchizatı və drenaj sistemlərində problemlərə yol açır.
Son illər xüsusilə güclü yağışlardan sonra müşahidə edilən subasma halları, küçə və yolların qısa müddətdə istifadəyə yararsız hala düşməsi, bəzi yaşayış massivlərində içməli su təminatında yaranan fasilələr bu sahədə köklü və kompleks yanaşmaya ehtiyac olduğunu bir daha ortaya qoyub. Bu problemlərin aradan qaldırılması yalnız cari texniki tədbirlərlə deyil, uzunmüddətli strateji planlaşdırma, müasir idarəetmə mexanizmləri və mərhələli icra tələb edir.
Məhz bu reallıqlar fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə su təsərrüfatı sahəsində yeni, sistemli və məqsədyönlü mərhələnin başlandığını göstərir. Dövlətin bu sahədə vahid yanaşma, konkret hədəflər və aydın yol xəritəsi ilə hərəkət etməsi mövcud problemlərin mərhələli şəkildə həll ediləcəyinə və paytaxtın su infrastrukturunun müasir tələblərə uyğun qurulacağına dair ciddi gözləntilər formalaşdırır.
Bu barədə “Xalq Cəbhəsi”nə açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə Azərbaycanda su ehtiyatlarının və su infrastrukturunun idarə olunması istiqamətində tamamilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Aydın yol xəritəsi
Deputat qeyd edib ki, xüsusilə Bakı və Abşeron yarımadasında su təchizatı ilə bağlı problemlər uzun illərdir müzakirə mövzusudur və müxtəlif mütəxəssislər, qurumlar bu istiqamətdə fikirlər səsləndiriblər. Lakin Prezident İlham Əliyevin son müşavirədə səsləndirdiyi məsələlər problemin həm miqyasını, həm də səbəblərini daha dəqiq və əhatəli şəkildə ortaya qoyub: “Bu, dövlət başçısının mövcud vəziyyətlə bağlı dərin və sistemli məlumata malik olduğunu, eyni zamanda məsələyə emosional deyil, təmkinli və həllyönümlü yanaşdığını göstərir. Su təsərrüfatı sahəsi həm maliyyə, həm də texniki baxımdan mürəkkəb istiqamət olsa da, Azərbaycan dövləti bu problemlərin həlli üçün konkret plan və mexanizmlərə malikdir. Cari Dövlət Proqramı da məhz bu sahədə dövlətin aydın yol xəritəsinin mövcudluğunu təsdiqləyir. Ötən dövrdə əldə olunan təcrübə bu baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra su ehtiyatlarının səmərəli istifadəsi sahəsində atılan addımlar, eləcə də Bakının və Abşeron yarımadasının su təminatı ilə bağlı görülən işlər uğurlu nümunələrdir. Bu təcrübə qəbul edilən Dövlət Proqramının da uğurla icra olunacağına dair ciddi əsaslar yaradır.
Deputat qeyd edib ki, hazırda Azərbaycan dövləti üçün su təsərrüfatı ilə bağlı qaranlıq məqam yoxdur: “Su təchizatı sistemlərinin modernləşdirilməsi, tullantı və yağış sularının idarə olunması, eləcə də Xəzər dənizinin duzlu suyunun duzsuzlaşdırılması istiqamətində dövlətimizin çox aydın və ardıcıl yol xəritəsi mövcuddur”.
Günel Elxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Yanvar 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















