Icma.az
close
up
RU
Süleyman Abdulladan poetik nümunələr

Süleyman Abdulladan poetik nümunələr

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Süleyman Abdulla

OLMAZLARIN ŞEİRİ

İş var haqqı çoxdur, yol var hesabı,
Həlli sözlə olmur, əməllə olmur.
Səbrə görə deyil daşanda qabı,
Vuruq, bölük, çıxıq, cəm, - əllə olmur.

Curdu torba tikən, corab toxuyan,
Düzgün adamlara baxır çoxu yan.
O qədər artıb ki, "qəzəl" oxuyan,
Kamillə, həcəzlə, rəməllə olmur.

Baladan anlamaz bəlanı bulan,
Bakıda kim olur Batorda ulan?
Binadan bəllidir evi uçulan,
Bir himə bənd uçuq təməllə olmur.

Duyduq doğru "yox"u yalan "bəli"dən,
Qanmı əsirgədik, baba, zəlidən?
Kim isə deyirdi qalıb Əlidən,
Kömək həm ürəklə, həm əllə olmur.

Özünə bəladır bəzən baş işi,
Kəsmək pambıq işi, vurmaq daş işi.
Ömründə hər kəsin var bir yaş işi,
Quru salamlaşmaq nəm əllə olmur.

Qovsan, namərd olar mərdi, ürəklə,
Böhtandır, nə bilim, şərdi...ürəklə...
Çəkməyə verirlər dərdi ürəklə,
Çıxarıb atmağa qəm əllə olmur.

Vardır bu dünyada hər kəsin babı,
Dərd verən kaş verə çəkməyə tabı.
İş var haqqı çoxdur, yol var hesabı,
Üstünə zil getmək bəm əllə olmur.

ADAMLAR

Adamı asırlar ümidlərindən,
Sonra kəndirini kəsən adamlar.
Aşkar axtarırlar səbəb ölümə,
Və gizli səbəbkar gəzən adamlar.

Olsun e...
Bir zərrə haq da var, amma,
Olur ki, yaradan olmur yar, amma...
Dar gündə üstünə coşurlar, amma,
Var gündə nanə tək əsən adamlar.

Varsan yaxşı gün də, yoxsan pis gün də,
Özün üzüldün də, məni üzdün də...
Bu göyün altında, yerin üstündə,
Bəzən Tanrı qərib, bəzən adamlar.

KİMSƏ DEMİŞDİ 

Tikanlı məftillər vardı arada,
Düşmən çəpərisən demişdi kimsə.
Dözməyə bir səbəb olmalı axı,
Tabı, təpərisən demişdi kimsə. 

İtmişdi təsiri and-amanların,
İçən vaxtı idi mey yamanların.
Ola da bilər ki, pis zamanların,
Ən şad xəbərisən demişdi kimsə.

Bəlkə də köçübdür içinə şeytan,
Çox vaxt söyləyirik biz cinə şeytan.
Belə görünür ki, - “içi nə şeytan,
Üzü nə pərisən” - demişdi kimsə.

İLK SEVGİ, SON ARZU

Çoxdan tərk edilmiş daxmadı qəlbim,
Barısı barlamış, himi dağınıq.
Çölü xarabazar qalaya bənzər,
İçi qarət olmuş kimi dağınıq.

Göy üzü görünür uçuq damından,
Çürük çatqıları bulud saxlamaz.
Baxıb qayğılanmaz çat sütunları,
Yağışa düşəndə səssiz ağlamaz...

Küləyin səsindən xoflanar həyət,
Kimin kölgəsidir sınıq qapıda?
Üzünə dirənər yol da adamın,
Dizinə dayanar ayaqqabı da.

Indi başqa cürdür ürək ağrısı,
Bir yanı umudur, bir yanı küsü.
Bir də and içərsəm gözüm ağarsın,
Qaçıb bərəkətin, çörək kürsüsü...

Çoxdan lasa yatmır yonca tayası,
İtib itiləyən çapanı əyri?
Hardadı "girzavoy" çəkmənin tayı,
Topuğu yeyilmiş, dabanı əyri.

Qar deyil qaralan qanıdı dağın,
Kolların telinə köçüb ağlığı.
Yaman keçəlləşib yaldakı meşə,
Çəkib sinəsinə yol uzaqlığı.

Hər şey olduğu tək qalıb gözümdə,
Arada tər basır tor eynəyimi.
Bir azca köhnəlib nə varsa, olsun,
İlk sevgi, son arzu xatirə kimi...

Vaxt axır səssizcə bir vadi qəmdə,
Şəhər havasına axmadı qəlbim.
Bir kənd daşıyıram soyuq sinəmdə,
Çoxdan tərk edilmiş daxmadı qəlbim.

OLACAQLARIN ŞEİRİ

Daha nə gözlərsən yaz nəsimindən,
Bir ömrü vermişik yelə, - nolacaq?.
Milyon il əvvəl də beləydi, dostum,
Milyon il sonra da belə, nolacaq?...

Adam var baş olur harda ki aş var,
Tökülmüş gözünün üstündə qaş var.
Baş var sığallıqdı, daşlıqdı baş var
Tanrı tumar çəksə telə, nolacaq?

Yaşamaq dediyin zülmətdi burda,
Qalmaq qiyamətə qismətdi qurda.
Yaxşılıq eyləmək hörmətdi yurda,
Etsə yamanlığı elə, nolacaq?

TUTQU

Alovdu, atəşdi od adamınkı,
Külnən ovudarlar, köznən tutarlar.
Səbrsiz olanı "səbr elə"ynən,
Dözümsüz olanı "döz"nən tutarlar.

İlk gündən bilirəm ağır daşımı,
Çoxu zəhər etmək istər aşımı.
Kim tuta bilərdi qatıb başımı,
Məni sözə tutub söznən tutarlar.

Nə dizdi, nə yoldu mənə güc gələn,
Məndən gücsüz oldu mənə güc gələn.
Nə əldi, nə qoldu mənə güc gələn,
Qaşnan aldadarlar, göznən tutarlar. 

QAR SUYUNA DÖNƏN ŞEİR

Daha heç nə kəsmir ağlı adamın,
İstilər düşəndə qar suyu olur.
Düşünür bir saray qurum him üstə,
Qazdığı kalafa dar quyu olur.

Qəfil çınqıl çıxır kirpiklərindən,
Gözündə qaralan his imiş elə.
Qarışır dünyanın yaxşı-yamanı, 
Ən yaxşı saydığı pis imiş elə.

Asandır çəkilmək gözündən dara,
Gözdə işıq gərək, üzdə nur bir az.
Gərək danışasan axar sulara,
Həqiqət özü də yuxudur bir az.

Olub keçənləri röya bil, amma,
Görən qəm-kədərə batmasın gərək.
Yuxusuz qalmaq da iş deyil, amma,
Adamın taleyi yatmasın gərək.

Gərək ümidlərin dönməsin suya,
Mən öz umduğumda batıb axdım ki...
Üzmək öyrədirdim ovcuma guya,
Hər yerdən üzüldü əlim baxdım ki...

Biri sözdən keçər, başqası candan,
Göz yaşı su kimi axır bu şamın...
Bu fani dünyadan, gidi zamandan,
Daha heç nə kəsmir ağlı adamın.

ŞÜKRANLIQ ŞEİRİ

Hər kəs öz elinə qayıdır daha,
Dönür yaxşısı da, dönür pisi də.
Qayıdır evinə qəhrəman kimi,
İgidi, xaini, fərarisi də.

Bir üzdə nifrət var, bir sifətdə nur,
Hər kəs xeyir arar düşəndə şərə.
Bütün zəfərlərin dədəsi olur,
Heç kim yiyə durmur yenilgilərə.

Kimdi yaxın qoyan bağbanı bağa,
Daha ağırlaşıb vətən dəlisi.
Alınan torpağa yiyə çıxmağa,
Əlinin qoçu var, qoçun Əlisi.

O gündən məzarın dönər vətənə,
Düşər sinən üstə qırovlar, düşər.
Hər kəsin başının daşı var, sənə,
Çaxmaq*lar ələnər, Murov*lar düşər.

Xoşdu vaxtın hökmü, zamanın qəti,
Bəlkə də Tanrının payıdır, şükür!
Qurtardı satılma-satma söhbəti,
Hər kəs öz elinə qayıdır, şükür!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri