Icma.az
close
up
RU
Sülhə “yox!” deyənlər

Sülhə “yox!” deyənlər

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara və İrəvan arasında “buzların əriməsi” kimləri üşüdür?

Sentyabrın 12-də Türkiyə–Ermənistan münasibətləri tarixində bir ilk yaşanıb. Həmin gün ikitərəfli münasibətlərin normallaşdırılması üzrə Türkiyədən olan xüsusi nümayəndə Sərdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti quru yolla – “Əlican” və “Marqara” sərhəd–nəzarət–buraxılış məntəqəsindən keçməklə Ermənistana daxil olub. Onları Ermənistan tərəfdən xüsusi nümayəndə, parlament sədrinin müavini Ruben Rubinyan qarşılayıb. Nümayəndə heyətləri birlikdə İrəvana səfər edərək ölkənin Xarici İşlər Nazirliyində görüş keçiriblər.

Ancaq münasibətlərdə qeydə alınan yaxınlaşma, necə deyərlər, buzların tədricən əriməsi Ermənistandakı bəzi siyasi qüvvələrin və siyasətçilərin ürəyincə olmayıb. Belə qüvvələrin başında Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”, revanşist çıxışlar edən deputatlar və digərləri durur. Görüşün keçirildiyi saatlarda “Daşnaksütyun” gənclər ittifaqının bir qrup üzvü Ermənistan hökumətinin binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib. İştirakçılar əllərində Bakı Hərbi Məhkəməsində mühakimə olunan keçmiş separatçı rejimin “qlavarlar”ının fotoşəkillərini və “İnkara yox” sözləri yazılmış plakatlar tutublar.

Maraqlıdır ki, çıxışın bir qismi ingilis dilində səslənib. Onların fikrincə, Kılıçın səfəri münasibətlərin normallaşması istiqamətində atılan addım kimi təqdim olunsa da, bu, reallıqda Ankaranın irəli sürdüyü şərtlər (?) çərçivəsində baş verir. Onlar öz fikirlərinin təsdiqi kimi hakimiyyətin səfərin cədvəlini və gündəliyini gizlətməsini qeyd ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, onlar Türkiyənin siyasətinin “nə 100 il əvvəl, nə də bu gün” dəyişmədiyi üçün Ermənistan–Türkiyə münasibətlərinin hazırkı gündəmi ilə razılaşmadıqlarını bildirməkdən ötrü toplaşıblar. Etirazçılar qeyd ediblər ki, Ankara ilkin şərt olmadan İrəvanla dialoqa hazır deyil, bundan əlavə, özü də Ermənistana və “Artsax”a qarşı “təcavüzün” (?) birbaşa iştirakçısıdır. Onlar xatırladıblar ki, qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsi müzakirə mövzusu deyil və Ermənistanda onun tanınmasını və təzminat ödənilməsini tələb edən nəsil var. Bununla bağlı hazırkı hakimiyyətlə bağlanmış müqavilələrin, sazişlərin etibarsız olduğunu bəyan ediblər.

Diqqəti cəlb edən digər nüans aksiyaya ölkənin üçüncü prezidenti Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublika Partiyasının gənclər qanadının nümayəndələrinin də qoşulmasıdır. Partiyanın gənclər təşkilatının sədri Henrix Danielyan jurnalistlərlə söhbətində qeyd edib ki, hökumət binasına toplaşanlar sülh tərəfdarıdırlar, lakin sülh Ermənistanı alçaltmaq (?) bahasına olmamalıdır.

***

Tarixə qısa nəzər yetirək: 1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun” özünü “azadlıq hərəkatı” kimi təqdim etsə də fəaliyyətinin lap əvvəlindən Osmanlı dövlətinə və Azərbaycan türklərinə qarşı qanlı əməllərlə yadda qalıb. “Daşnaksütyun” ideologiyasının əsasını “böyük Ermənistan” xülyası təşkil edir və bu xəyalı gerçəkləşdirmək üçün onlar ən qəddar vasitələrdən – silahlı mübarizə, terror və xarici havadarlardan asılılıqdan çəkinməyiblər. Bu təşkilat XIX əsrin sonu – XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində onlarla qanlı üsyana rəhbərlik edib.

Azərbaycan torpaqlarında da “Daşnaksütyun”un adı faciələrlə bağlıdır. 1905–1906-cı illərdə Bakıda və Zəngəzurda törədilən qırğınlarda daşnak dəstələri yüzlərlə azərbaycanlını qətlə yetirib. 1918-ci ilin Mart soyqırımı isə bu partiyanın ən qanlı cinayətlərindən sayılır. Şaumyanın başçılıq etdiyi Bakı Soveti ilə sıx əlaqədə olan daşnak silahlıları azərbaycanlı kəndlərini yandırıb, qadın və uşaqları amansızlıqla öldürüblər. Quba, Şamaxı, Bakı və Qarabağ bölgəsində törədilən vəhşiliklər hələ də xalqımızın tarixi yaddaşında dərin iz buraxıb.

XX əsrin ikinci yarısında “Daşnaksütyun” beynəlxalq terror şəbəkəsinin bir parçasına çevrilib. 1970–1980-ci illərdə fəaliyyət göstərən ASALA təşkilatı ilə birbaşa əlaqələri sayəsində Türkiyə diplomatlarına qarşı çoxsaylı terror aktları həyata keçirilib. 1975–1985-ci illərdə təkcə Avropada və Yaxın Şərqdə 40-dan çox türk diplomatı və ailə üzvü daşnak ideologiyasının qurbanına çevrilib. Paris, Vyana, Los-Anceles, Ankarada törədilən qətllər bu partiyanın müasir dövrdə də terroru siyasi alət kimi istifadə etdiyini sübut edir.

Qarabağ münaqişəsi dövründə təşkilat açıq şəkildə separatçı rejimi dəstəkləyib, silahlı dəstələrin maliyyələşdirilməsində iştirak edib. Partiyanın liderləri dəfələrlə “Artsax heç vaxt Azərbaycana qaytarılmayacaq” tipli bəyanatlarla çıxış ediblər. Ermənistanın son illərdə sülh istiqamətində atdığı addımlar isə daşnaklar tərəfindən kəskin şəkildə tənqid olunur. Baş nazir Nikol Paşinyanın Azərbaycanla saziş imzalamaq niyyəti onların ənənəvi revanşist ritorikasını daha da gücləndirib. Maraqlı məqam odur ki, “Daşnaksütyun”un radikal kursu təkcə Azərbaycana deyil, həm də Türkiyəyə yönəlib. ABŞ, Fransa, Rusiya və Yaxın Şərqdəki erməni diaspor təşkilatları ilə birlikdə “erməni soyqırımı” iddialarını gündəmdə saxlayır, bununla həm tarixi saxtalaşdırır, həm də Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bu siyasətin kökündə yenə də eyni məqsəd dayanır: regionda sabitliyi pozmaq, qonşulara qarşı düşmənçilik toxumlarını yaşatmaq.

***

Sentyabrın 12-də keçirilən aksiyaya bu prizmadan yanaşmaq doğru olardı: “Daşnaksütyun” və ona yaxın qüvvələr, bütövlükdə, revanşist düşərgə bununla normallaşma prosesinə müqavimət göstərdiyini nümayiş etdirməyə çalışır. Əllərində keçmiş separatçı rejimin başçılarının fotoşəkillərini, “İnkara yox” yazılmış plakatlar tutan qaragüruh açıq şəkildə göstərdi ki, onlar üçün keçmişin köhnə şüarları hələ də “mübarizə” predmetidir. Zənnimizcə, aksiyada çıxışların bir qisminin ingilis dilində edilməsi də təsadüfi deyildi. Məqsəd beynəlxalq auditoriyaya mesaj göndərmək, guya, Ermənistan hakimiyyətinin Türkiyə ilə danışıqlarda “şəffaf davranmadığını” göstərmək idi. Daşnak gənclərin arqumenti isə ənənəvi məntiqə söykənir: Ankara hansısa şərtlər irəli sürür, Türkiyə “erməni soyqırımını” tanımır, üstəlik Ermənistana və “Artsax”a qarşı “təcavüzdə” iştirak edib. Beləliklə, biz, əslində sülh təşəbbüslərinə qarşı köhnə ritorikanın yeni formada səsləndirildiyini gördük.

Onların səsləndirdiyi “Türkiyənin siyasəti dəyişməyib” tezisi tarixi saxtalaşdırma üzərində qurulan ənənəvi daşnak təbliğatıdır. Digər tərəfdən, bu cür iddialar Ermənistan cəmiyyətində real gündəmi – iqtisadi dirçəliş, sərhədlərin açılması və yeni əməkdaşlıq imkanlarını kölgədə qoymaq məqsədi daşıyır. Əslində, daşnakların məqsədi sülhü əngəlləmək, Ermənistanı yenidən təcrid vəziyyətinə sürükləməkdir.

Aksiyaya S.Sarkisyanın lideri olduğu Respublika Partiyasının nümayəndələrinin qoşulması isə göstərir ki, Paşinyan hökumətinin Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdlərinə qarşı yalnız daşnaklar deyil, köhnə hakimiyyətin təmsilçiləri də səfərbər olunublar. Bu partiyanın gənclər qanadının rəhbərinin “sülh Ermənistanı alçaltmaq bahasına olmamalıdır” fikri mahiyyət etibarilə daşnak ritorikasının yumşaldılmış variantıdır. Guya, onlar sülhün tərəfdarıdırlar, amma əslində, hər fürsətdə prosesin qarşısını almağa çalışırlar.

Bu gün Ermənistan cəmiyyətinin qarşısında dayanan əsas seçim çox sadədir: ya regionda yaranan yeni reallıqlara uyğunlaşmaq, sərhədlərin açılmasından, kommunikasiya imkanlarının bərpasından bəhrələnmək, ya da daşnakların köhnəlmiş şüarlarının girovuna çevrilmək. “Daşnaksütyun”un və digər revanşist qüvvələrin mövqeyi ölkəni gələcək inkişafdan məhrum etmək, Ermənistanı təcrid və yoxsulluq girdabında saxlamaq anlamına gəlir. Bu baxımdan, Ermənistan cəmiyyətinin böyük hissəsi artıq anlayır ki, daşnakların əsassız iddiaları və terrorçu irsi ölkəni beynəlxalq təcrid vəziyyətinə salıb. Odur ki, cəmiyyət belə qüvvələri dəstəkləmir və onların revanşist çağırışlarını ölkənin gələcəyinə təhlükə kimi görür.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see391

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see366

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see341

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see261

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see256

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see246

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see236

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see193

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see187

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see162

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri