Suyun lal axanı... Ədəbiyyatşünas alim Rəhim Əliyevin 75 illiyinə
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
Su - həyat, dirilik, duruluq, şəffaflıq rəmzidir. Mövlana Nizami Gəncəvi "Sözün də su kimi lətafəti var..." - deyəndə suya məxsus gözəlliyi, incəliyi, şaqraqlığı, məlahəti, lətafəti əlahəzrət sözə də şamil etmişdir. Ulu müdriklərimizin yüzilliklərdən süzülüb çağımıza axıb gələn deyimləri və duyumları içərisində böyük şəxsiyyətlərin görünməyən, naməlum yönlərini tanıtmaq, təqdim etmək, insanın iç dünyasına işıq salmaq, mühüm, əhəmiyyətli məqamları üst qata qəlbiləndirmək qayəsi ilə suya aid metaforaların, məcazların sirli-sehrli simvolikasından bəhrələnməyin tarixi ənənələri mövcuddur. "Suyun lal axanı..." - deyimindəki kimi əməlində və amalında dərinlik, dolğunluq, tutumluluq, təmkinlilik, təvazökarlıq, sabitlik, saflıq, səmimilik, səviyyəlilik anlamını ruhunda, mahiyyətində ehtiva edir, mənasında, məğzində yuvalandırır. Xalq fəlsəfəsində frazeoloji metaforaya çevrilmiş bu mənəvi xüsusiyyətlər, insani keyfiyyətlər haqqında düşünəndə qırx ildən bəri yaxından tanıdığım, nəşr və tədqiqat işlərində dəstəyindən və məsləhətlərindən yetərincə barındığım, tanınmış nasir, görkəmli ədəbiyyatşünas-alim, tənqidçi, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Rəhim Əliyev ilk olaraq göz önündə canlanır. "Suyun lal ax"masında diqqət çəkən çoxqatlı məna məqamlarından biri də mübhəmlilik, məxfilik və sirlilik sığınacağı olmasındadır. R.Əliyevin həm şəxsiyyətinin panoram-portretində, həm də elmi və bədii yaradıcılığının irimiqyaslı mənzərəsinin alt qatında suya aid vurğulanan müsbət əlamətlərin, xüsusiyyətlərin mötəbər naxışları, incə cizgiləri müşahidə edilməkdədir. O, Azərbaycan ədəbiy-yatşünaslıq elminin hər üç istiqamətində - ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid sahəsində yeni və fərqli baxışlar modeli sərgiləmiş, ədalətli, cəsarətli qənaətləri ilə oxucu cameəsinə açıq həqiqətləri bəlağətsiz, qərəzsiz, pafossuz söyləməyi bacaran çox nadir ədəbi tənqidçilərimizdən biridir.
Rəhim Əliyevin həyat və yaradıcılıq yolu dolğun, mənalı və bəhrəlidir. O, 75 il öncə Bakının Ramana qəsəbəsində dünyaya göz açmış, Bakı Dövlət Universitetinin (keçmiş ADU) Filologiya fakültəsini bitirmiş, diplom işini Mirzə Fətəli Axundzadə haqqında yazmışdır. Onun elə həmin il (1973) professor Yaşar Qarayevin "Səhnəmiz və müasirlərimiz" adlı kitabına həsr etdiyi ilk mətbu məqaləsi "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Yarım əsrə yaxın yaradıcılıq yolunu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlayan Rəhim Nadir oğlu təmkinli addımlarla laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədən dolğun, dəyərli bir alim ömrü, yazar həyatı yaşamışdır. Doğrudur, bu əlli il (1975-2025) ərzində o, "Ədəbiyyat və incəsənət" qəzetinin Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Aparatında məsləhətçi, Azərbaycan Teleradio şirkətində sədr müavini vəzifələrində də çalışmışdır. Rəhim müəllimlə ilk tanışlığımızın tarixçəsi də onun "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işlədiyi vaxtlara təsadüf etmişdir. 1985-ci ilin yaz aylarından birində görkəmli dramaturq Cəfər Cabbarlının 1969-cu ildə nəşr edilən üçüncü cildinə salınmış özgə felyetonlar haqqında yazdığım tənqidi məqalə ilə qəzetin redaksiyasına üz tutdum. Burada şöbə müdiri Rəhim Əliyev mənimlə səmimi görüşüb yazını təbəssümlə qəbul etdi. Dövrün yazılmamış qaydalarından biri də o idi ki, Yazıçılar İttifaqının üzvü olmayanların əsəri bu mətbuat orqanında dərc edilmirdi. Bir müddətdən sonra redaksiyada Rəhim müəllimlə görüşdük, o, məqalənin məzmunundan razı qalmışdı. Amma redaktor qəti mövqe sərgiləmədiyi üçün gözləmək lazım gəlirdi... "Ədəbiyyat və incəsənət" qəzetinin 1985-ci il noyabr sayında məqaləmi görəndə sevincimin miqyasını təsəvvürdə canlandırmaq indi çox çətindir. Bu yazı o vaxt respublika mətbuatında ilk tədqiqat işim idi.
Rəhim Əliyev xarakter etibarilə müstəqil mövqeyə malik, həqiqətsevər, xeyirxah və prinsipial ziyalıdır. O, sonralar da araşdırmalarımı izləyir, diqqət və qayğısını əsirgəmirdi. 1986-cı ildə N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında fəlsəfə doktorluğu (sabiq elmlər namizədi) mövzumun təsdiq edilməsi ərəfəsində elmi katib prof. Şirindil Alışanlıya zəng edərək mənim haqqımda zəmanət xarakterli geniş rəy bildirmişdir.
R.Əliyevin ilk kitabı "Poeziyanın təbiiliyi" (1982) adlı 70-ci illər lirikasının bədii-estetik meyllərindən bəhs edən məqalələr toplusudur. Gənc ədəbiyyatşünasın ilk kitabına Xalq yazıçısı Elçin ön söz yazaraq vurğulamışdır: "R.Əliyev Azərbaycan tənqidçilərinin yeni nəslinin nümayəndəsidir və onun ədəbi düşüncələrində, bədiyyata münasibətində, onu qavramasında həmin nəsil üçün xas olan bədii-estetik meyarlar və prinsiplər təhlillərin, araşdırmaların əsasını təşkil edir. Rəhim nəzəri hazırlığa malik, elmi metodologiyası aydın olan bir tənqidçidir". Elçin müəllimin gənc tənqidçini layiqincə dəyərləndirməsi və onun gələcəyinə dərin rəğbət bəsləməsi şübhəsiz ki, ilk növbədə dövrün 60-cılar ədəbi nəslindən təsirlənən yaradıcı gəncliyə inam və etimadının parlaq nümunəsi idi.
R.Əliyev ilk kitabında konkret şəxslərin yaradıcılıq məziyyətlərindən daha üst qatda olan dövrün poeziyasının problematikasını diqqət mərkəzinə çəkməklə geniş ümumiləşdirmələr aparmağa nail olmuş, çılğın və polifonik axınların məcrasına çevrilmiş ədəbi proses nəhrində təlatümlü poeziya selinin dərinliklərinə sirayət etməkdən çəkinməmişdir. Onun "Sənətkarlıq axtarışlarının yeni mərhələsi", "Poetik konkretliyə doğru", "Aparıcı meyllərin təmsilçiliyi", "Müasirlərimizin mənəvi aləmi", "Təbiətin poeziyası və poeziyanın təbiiliyi", "Lirikanın intimliyi, bəşəriliyi və müdrikliyi" kimi mühüm mövzularda dolğun təcəssümünü tapan problemlərə yeni elmi-nəzəri müstəvidən yanaşma tərzi, orijinal təhlil taktikası mübahisəsiz dövrün ədəbi-elmi isteblişmenti tərəfindən qəbul olunurdu.
Rəhim Əliyevin mənim fikrimcə, ən sanballı elmi işi 1989-cu ildə "Yazıçı" nəşriyyatında çap etdirdiyi "C.Cabbarlının yaradıcılıq təkamülü" adlı monoqrafiyasıdır. Böyük zəhmətin və uzunmüddətli tədqiqatın nəticəsi olaraq görkəmli sənətkarın yaradıcılığında metod, üslub, janr problemlərinə həsr edilmiş tədqiqat işi milli ədəbiyyatşünaslığımıza dəyərli töhfə hesab edilməyə layiqdir. Görüşlərimizin birində Rəhim müəllim yeni kitabını avtoqrafla mənə bağışlamışdır. O, hələ yaşıdları arasında yetərincə tanınmayan yeni tanışı haqqında səmimiyyətlə yazırdı: "Böyük Cəfərin ən cavan tədqiqatçısı və qədrbiləni, zəhmətkeş və istedadlı araşdırıcı Asif Rüstəmə balaca hədiyyə. İmza. 23.03.1990".
.
Cəfər Cabbarlının həyat və yaradıcılığı 1917-ci ildən indiyədək həmişə ədəbi tənqidin, elmi tədqiqatın gündöyənində olub. Eyni mövzuya onlarla kitab həsr edilsə də, R.Əliyevin monoqrafiyası ideoloji hüdudlara sığmayan, "sosrealizm"in baryerlərini aşan, ədəbi doqmatiklikdən uzaq, elmi-nəzəri aspektdə yenilikçilik ruhu ilə yazılmış azsaylı və çox dəyərli elmi əsərlərdən biridir. AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev tədqiqat işinə geniş ön sözündə yazırdı: "Monoqrafiya ədibin irsini tam halda, yeni təfəkkürün və müasir ədəbiyyatşünaslığın problemləri baxımından şərh etmək sahəsində ilk təcrübədir və məhz ilk təcrübənin bütün qüvvətli və zəif cəhətlərini özündə əks etdirir. Tənqidçi öz tədqiqatını, əsasən, dörd təhlil səviyyəsində aparır: qəhrəman, metod, janr, üslub. O, ədibin istisnasız bütün əsərlərini milli-tarixi kontekst, realist, romantik, sosial və bioqrafik zaman konsepsiyaları baxımından nəzərdən keçirir. Belə əhatəli fon yeni müşahidələr üçün əlavə imkanlar yaradır və müəllif həmin imkanlardan geniş bəhrələnir".
Professor Yaşar Qarayev qənaətlərində haqlı idi, böyük dramaturqun zəngin ədəbi irsini R.Əliyev "yeni təfəkkürün və müasir ədəbiyyatşünaslığın" işığında zərrəbinlə araşdırmış və belə nəticəyə gəlmişdir ki: "Cabbarlı müasir dram dilimizin banisidir: xalq danışıq dilinə əsaslanan dram dilinin yox, normativ bədii dilə əsaslanan dram dilinin yaradıcısıdır...
Cabbarlı yaradıcılığı üslub baxımından da son dərəcə mürəkkəb və əlvan bir hadisədir. Onun bədii üslubunun mürəkkəbliyi, çoxqatlığı müəllifin keçdiyi yaradıcılıq yolunun mərhələləri ilə şərtlənir".
Rəhim Əliyev milli sənətkara məhəbbətinin ifadəsi olaraq 1994-cü ildə "C.Cabbarlı Maarif - Xeyriyyə Fondu"nu təsis etmiş və üç onillikdən çoxdur ki, dəyərli kitabların nəşrində elmimizə, ədəbiyyatımıza əhəmiyyətli töhfələr vermişdir. Fondun nəşr etdiyi ilk kitablardan biri Cəfər Cabbarlının "Ədirnə fəthi" (toplayanı, tərtib edəni və ön sözün müəllifi A.H.Rüstəmli, redaktoru R.N.Əliyev. Bakı: "Elm", 1996, 320 s.) adlı nəşrlərdən kənarda qalmış əsərlər toplusudur. Kitabda C.Cabbarlının cildlərinə daxil edilməmiş irili-xırdalı 6 pyesi, 4 hekayəsi, 30-a yaxın lirik və satirik şeiri, 50-dən çox məqalə və məktubları yer almış, Fondun vəsaiti hesabına ilk dəfə nəşr edilərək oxuculara ünvanlanmışdır. "Ədirnə fəthi"ndə təqdim olunan əsərlərin böyük əksəriyyəti sosialist ideologiyasına zidd olduğu üçün və Cümhuriyyət dönəmində yazıldığına görə sovet senzurasından keçməmişdir.
Rəhim Əliyevin elmi-nəzəri aspektdə yazdığı araşdırmalarının müəyyən bir qismi - xüsusilə "Dilimiz, ədəbiyyatımız, tariximiz" ("Elm", 1997, 260 s.), "Nəsimi və klassik dini üslubun təşəkkülü" ("Nafta-Press", 2006, 354 s.), "Taleyin sözü" ("MBM", 2008, 486 s.), "Ədəbiyyat nəzəriyyəsi" ("Mütərcim", 2008, 360 s.), "Sözün mifi" ("Mütərcim", 2011, 176 s.), "Cavidannamə" ("Elm", 2016, 142 s.) və digər kitabları Cəfər Cabbarlı fondunun maddi və mənəvi dəstəyi ilə nəşr olunmuş, milli ədəbiyyatşünaslıq elmimiz üçün mühüm əhəmiyyət kəsb edən sanballı tədqiqat işləridir.
Elmi yaradıcılığının müəyyən dövrünü XX əsr ədəbiyyatına həsr edən ciddi araşdırmalar müəllifinin səmtini qəfil klassik ədəbiyyata çevirməsi, Qazi Bürhanəddin və Nəsimi divanları əsasında "Nəsimi və klassik dini üslubun təşəkkülü" adlı monoqrafiya elmi metodologiyası, məzmun dolğunluğu və mündəricə mükəmməlliyi ilə diqqət çəkir. Kitabın yaranmasında bəzi örtülü, sual doğuran məqamlar bəlli olur, müəllifin klassik ədəbi irsə sevgisinin səbəbləri üzə çıxır. Bu barədə R.Əliyev "Müəllifdən" başlıqlı yazısında qeyd etmişdir: "...Mirzə İbrahimovun rəhbərlik etdiyi XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı tarixi şöbəsində çalışmağa başladım. Mirzə müəllim mənə "XIX əsrin birinci yarısında Cənubi Azərbaycan ədəbiyyatı" adlı iki müəllif vərəqi həcmində oçerk yazmağı tapşırdı... Mən yüksək hörmət bəslədiyim Mirzə müəllimə bu sahədən uzaqlığım barədə bir söz deyə bilməzdim. Canımı dişimə tutub hesabata bir ay qalmış işə girişdim. Azərbaycan xalqının tarixi, taleyi və ədəbiyyatı mənim üçün yenidən açıldı".
Monoqrafiya həqiqətən böyük zəhmətin, sevgi ilə yoğrulmuş araşdırmanın və istedaddan qaynaqlanan analitik təfəkkürün məhsuludur. Tədqiqat işi bir-biri ilə qırılmaz vəhdət təşkil edən iki kitabdan ibarətdir. Müəllifin islami qaynaqlardan bəhrələnərək sufilik və hürufilik dini-fəlsəfi təlimlərinin araşdırılmamış üslubi məqamlarına Qazi Bürhanəddin, Nəsimi və Həqiqi divanlarının materialları müstəvisində mübhəm rəmzi çalarlara aydınlıq gətirilməsi, izah edilməsi tədqiqat işinin elmi yeniliklər kateqoriyasına daxildir.
Elmi camedə Rəhim Əliyev geniş erudisiyalı, dərin nəzəri biliklərə sahib, humanitar düşüncəmizin öncül mütəxəssislərindən biri kimi yaxşı tanınır. Onun "Ədəbiyyat nəzəriyyəsi" əsəri də klassik ədəbi irsə və ənənəyə söykənərək mövcud marksist ehkam və doqmalardan uzaq, mifin, sözün, yazının, mətnin, obrazın mənşəyinə, məna dərinliklərinə başvurmaqla ədəbi norma və qaydaların təməlinə, dərin köklərinə, rişələrinə işıq salmışdır. Nəzəriyyəçi-alimin bu sahədə də elmi qənaətləri çağdaş tədqiqatçıların araşdırmalarında aprobasiyasını tapmaqda və təsdiqlənməkdədir.
Azərbaycan ədəbiyyatı tarixi sahəsində Rəhim Əliyevin xidmətləri danılmazdır. Onu bu sahəyə, özünün də etiraf etdiyi kimi, hələ 1980-ci illərin ortalarında akademik Mirzə İbrahimov cəlb etmişdir. Son on ildə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan on cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Cənubi Azərbaycan ədəbiyyatına həsr edilmiş IX cildinin (Bakı, "Elm", 2021, 1220 s.) məsul redaktoru, bir sıra irihəcmli, bütöv bir ictimai-siyasi dövrün ədəbi mənzərəsini ehtiva edən icmalların, elmi oçerklərin müəllifi Rəhim Əliyevdir. Onun doqquzuncu cild üçün yazdığı "XIX əsrin birinci yarısında Cənubi Azərbaycanda ədəbiyyat", "Milli azadlıq uğrunda mübarizə dövrü Cənubi Azərbaycan ədəbiyyatı (1906-1920)", "Cənubi Azərbaycanda milli müqavimət ədəbiyyatı mərhələsi (1920-1941)", "Milli-demokratik hərəkat dövrü Cənubi Azərbaycan ədəbiyyatı (1941-1946)", "İkinci Dünya müharibəsindən sonra Cənubi Azərbaycanda ədəbi proses (1947-1979)" və böyük bir epoxanı əhatə edən, zəngin ərəbqrafikalı qaynaqlara söykənən icmallar, elmi oçerklər müəllifi haqqında təsəvvürlərimizi daha da genişləndirmişdir. Onun ötən il nəşr olunan "Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri" (Bakı, KEA poliqraf, 2024, 428 s.) adlı kitabı ədəbiyyat tarixçiliyi sahəsində davamlı və səmərəli fəaliyyətinin əyani təsdiqidir. Tarix isə ona ləyaqətlə və sədaqətlə xidmət edənləri daşlaşmış yaddaşında əbədi yaşadacaqdır...
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidçi, filologiya elmləri doktoru, mənalı ömür və yaradıcılıq yolu keçmiş, görkəmli ədəbiyyatşünas-alim Rəhim Nadir oğlu Əliyevi 75 yaşının tamam olmas münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 27 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















