“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Futbol+”in ənənəvi sorğusunun builki qalibi “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev seçildi. Elvinin futbola gəlişində, karyera inkişafında Adil Mahmudovun da rolu var.
2009-cu ildə “İnter”in 9-10 yaşlılarını çalışdıran Adil bəylə ilin futbolçusu haqda danışdıq.
- Elvini hardan tapmışdız, sizə onu kim məsləhət görmüşdü?
- Bəli, rəsmən ilk məşqçisi mən olmuşam. O vaxt “İnter”də işləyirdim. “İnter”in akademiyasını yaradanlardan biri də mənəm. Əvvəlcə adı “Xəzər Universiteti” idi. Sonradan “İnter” oldu. Klub yarananda rəhmətlik Böyükağa Abbasovla akademiyanı yaratdıq. Heç kim yox idi, ikimiz işləyirdik. Sonra başqa məşqçilər də cəlb olundu. 2009-cu ildə Elvini atası Eldar müəllim gətirdi yanıma. Elvin mənə perspektivli uşaq kimi göründü. Üzərində işləməyə başladıq. Sonra gördüm ki, göstəriciləri yaxşıdı. Elvin “Sabahın ulduzları” turnirində də oynayırdı. Kəskin ötürmələr edirdi, uzaqdan zərbələri var idi. İki ildən artıq rəhbərliyim altında olub. Sonradan Qəbələyə yollandı və yenə “İnter”ə qayıtdı. Çox sevinirəm ki, hazırda Azərbaycanın 1 nömrəli futbolçusunun ilk məşqçisi Adil Mahmudovdu. Ona və onun timsalında bütün futbolçularımıza uğurlu, parlaq karyera arzulayıram.
- Elvin hansı mövqedə başladı? Əvvəl də sol cinah müdafiəçisi kimi oynayırdı?
- Məndə oynayanda orta sahə oyunçusu idi. Belə deyək də, hücumçuların arxasında oynayırdı, oyun qurucusu idi. Sonradan sol cinah müdafiəçisi oldu.
- Balaca Elvinin hansı mənfi və müsbət cəhətlərini görürdüz? Onun gələcəkdə Azərbaycan səviyyəsində ulduz olacağını gözləyirdizmi? Elvinin ailəsində futbol oynayan olubmu?
- Uşaq vaxtı çox nizam-intizamlı idi. Bir dəfə ağzını açıb danışmazdı. Nəsə deyirdin, başını aşağı salırdı. Uşaqlar var ki, qayıdıb deyir ki, belə daha düzgündü. Bu uşaqda dinləmə və taprşırıqları icra etmək qabiliyyəti çox yüksək idi. Qohumlarından, ailəsindən futbolçu tanımamışam. Oyun quruculuğundan, sürətindən əlavə, dözümlülüyü də çox yüksək səviyyədə idi. Onlara başqa yükləmələr verirdim. Mənə deyirdilər ki, niyə belə edirsən, bu uşaqlar 10 yaşında əziyyət çəkirlər. Amma mən bilirdim ki, Avropada uşaqlarla məşqlər belə olur. “İnter” rəhbərliyi onda bizi başqa ölkələrə praktikaya da göndərirdi ki, məşqçilər də inkişaf etsin. Xarakteri mükəmməl idi. Ancaq müsbət cəhətlərini deyə bilərəm. Hətta xəstə ola-ola məşqə gəlirdi. Atasına deyirmiş ki, necə olur-olsun, məni məşqə apar. Çox inadkar idi.
- İnadkarlıq dediniz. Maraqlı məqam diqqətimi çəkdi. Elvin 2023-cü il sorğumuzda 3-cü, 2024-cü ildə isə 2-ci yeri tutub. Nəhayət, bu il qalib oldu. İnadkarlığı elə burdan da görünür. Nizam-intizamından danışdız. Amma indi qırmızı vərəqəyə meyillilik yaranıb. Düzdü, bu il yox, ötən il daha çox belə hallar olurdu. İndi sanki sakitləşib. Uşaq vaxtı müxtəlif turnirlər iştirak edirdi. Onda da qırmızı vərəqələr alırdımı?
- Qırmızı vərəqə oyuna hazırlıqdan irəli gəlir. Psixoloji cəhətdən özünü çox yükləyir ki, daha yaxşı olum. Ona görə də qırmızı vərəqə alır. Uşaq vaxtı nə sarı, nə də qırmızı vərəqə alırdı. Kobudluğu, sərtliyi olmayıb. Bəzi futbolçular danışığa görə vərəqə alır. Bunda heç danışıq da yoxdu. İndi də nadir hallarda nəsə danışar. Heç bir futbolçu istəməz ki, qırmızı vərəqə alsın.
- Son vaxtlar əlaqə saxlamısızmı? Şöhrətlənəndən, ölkədə tanından, “Qarabağ”la avrokuboklarda müntəzəm oynayandan sonra əlaqəniz olub? Hansısa məclisdə üz-üzə gəlmisizmi? Sizə minnətdarlıq bildirirmi? Onun üzərinizdəki əməyinizi qiymətləndirirmi? Heç olmasa, sözlə. 25 yaşı var. Onda “ulduz xəstəliyinə tutulmaq” meyli hiss edirsizmi?
- Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik. 14-15 il ərzində bir dəfə. Verilişlərin birində dedi ki, ilk məşqçim Adil Mahmudov olub, ona hər şeyə görə minnətdarlığımı bildirirəm. Mənə də zəng etdilər ki, Elvin televiziyada səndən danışıb. Sevinirəm, həmişə fəxrim olub. Allah bəxtini gözəl etsin.
- Elvin üçün legioner həyatı yaşamağın vaxtı deyilmi? Oyunçu keyfiyyəti, fiziki gücü imkan verərmi ölkəmizi xaricində layiqincə təmsil etsin?
- Zamanıdı. Top-klublarda oynamağın vaxtıdı. Çox yaxşı olardı. Mən Gürcüstanda işləyəndə Badri Kvaratsxeliyanın oğlu Xviça öz məşqlərindən sonra bizim məşqlərə də qalırdı. İndi PSJ-də oynayır. Elvinə bunun üçün güclü menecer lazımdı. Top-klublara getə bilsə, yaxşı olar.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 31 Dekabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















