Tanqram nədir və ibtidai siniflərdə nə dərəcədə məqsədəuyğundur?
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Son illər tanqram tapşırıqları Azərbaycanda ikinci sinif riyaziyyat dərsliklərinə də daxil edilib. Nəzəri baxımdan bu, müasir təlim metodlarına uyğun görünür. Lakin praktikada ortaya çıxan mənzərə o qədər də müsbət deyil. İkinci sinif şagirdi hələ əsas həndəsi fiqurları kvadrat, düzbucaqlı, üçbucaq və dairəni yeni tanımağa başlayır. Onların tərəflərini, bucaqlarını, fərqlərini ayırd etməyə çalışan uşaqdan eyni zamanda tanqram hissələrini birləşdirərək mürəkkəb fiqurlar yaratmaq tələb olunur.
Məsələ təkcə fiqur yığmaqla bitmir. Bir çox tapşırıqda uşaqlardan tanqramdan alınan fiqurun perimetrini hesablamaq istənilir. Halbuki perimetr anlayışı ikinci sinif üçün yenidir və bu anlayış əsasən sadə kvadrat və düzbucaqlı üzərində formalaşdırılmalıdır. Mürəkkəb formalı, qeyri-standart fiqurlar üzərində perimetr hesablamaq uşağın anlayışını möhkəmləndirmək əvəzinə onu çaşdırır. Nəticədə uşaq riyazi məntiqi deyil, mexaniki yaddaşı işə salmağa məcbur qalır.
Tanqramın əsas üstünlüyü onun oyun xarakterli olmasındadır. Uşaq səhv edə-edə, sınaya-sınaya öyrənməlidir. Lakin dərsliklərdə və ev tapşırıqlarında tanqram çox zaman qiymətləndirmə alətinə çevrilir. Uşaq fiquru düzgün yığmadıqda və ya perimetri səhv hesabladıqda mənfi rəy alır. Bu isə oyunun təlim funksiyasını arxa plana keçirir və tanqram uşağın gözündə maraqlı məşğuliyyətdən çətin dərs tapşırığına çevrilir.
Digər problem isə yaş xüsusiyyətlərinin nəzərə alınmamasıdır. İkinci sinif şagirdi üçün riyaziyyatda əsas məqsəd anlayışların formalaşmasıdır. Bu mərhələdə yükün artması, tapşırıqların süni şəkildə çətinləşdirilməsi uşağın riyaziyyata marağını azaldır. Bir çox hallarda valideynlər və repetitorlar tapşırıqları uşağın yerinə izah etməyə, hətta həll etməyə məcbur qalırlar ki, bu da təlimin mahiyyətinə ziddir.
Tanqramın tədrisdə istifadəsi tamamilə yanlış deyil. Əksinə, düzgün tətbiq olunduqda o, həndəsi fiqurların öyrənilməsində faydalı vasitə ola bilər. Lakin ikinci sinif səviyyəsində tanqramın mürəkkəb tapşırıqlar və perimetr hesablamaları ilə birgə verilməsi tənqidə açıqdır. Bu oyun daha çox əlavə məşğələ, sərbəst fəaliyyət və ya yuxarı siniflər üçün uyğunlaşdırılmalıdır. Əks halda, düşünməyi və yaradıcılığı inkişaf etdirməli olan bir vasitə uşaqlar üçün riyaziyyat qorxusu yaradan faktora çevrilə bilər.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 05 Yanvar 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















