Tapıntı Seyfəddin Hüseynlinin tərcüməsində
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səidbəy Arsanov (1889-1968) - Çeçenistan ədəbiyyatının klassiki, yazıçı, ictimai xadim. 1925-ci ildə ilk çeçen qəzeti olan "Serlo"nu buraxmağa başlayıb. 1930-cu ildə Proletar Yazıçıların Qroznı Birliyini yaradıb, müxtəlif ictimai vəzifələrdə çalışıb. Tarixi mövzuda roman, realist üslublu hekayələr və digər nəsr əsərlərinin müəllifidir. 1937-ci ildə həbs edilib, 1945-ə qədər Kolımada sürgün çəkib. 1957-59-cu illərdə Çeçen-İnquşetiya Muxtar Respublikası Yazıçılar İttifaqının sədri olub.
S.Arsanov nəsrinin ən yaxşı nümunələrindən sayılan, rus işğalının, imperiya üsuli-idarəsinin çeçen xalqının həyatına gətirdiyi çətinlik və eybəcərlikləri, onun mənəviyyatına vurduğu zərbələri əks etdirən "Tapıntı" hekayəsini oxucularımıza təqdim edirik.
Səidbəy Arsanov
Qaradinməzdir fağır Serbi. Ac qalar, kimsəyə əl açmaz; yorular, gileylənməz. Serbi işin ağırına girişər, bax elə indiki kimi: bir neçə nəfər çox iri şalbanı qaldırıb Serbinin kürəyinə qoydu, o da apardı dedikləri yerə. Dünən o, donqarında iki kisə qarğıdalını dəyirmana aparmışdı. Günü sabah, bir iş çıxmasa, ov bıçağını qapıb meşəyə - ayının üstünə gedəsidir. Bu günlərdə isə Serbi dəmir kimi möhkəm əlləri ilə boğduğu dişi canavarı götürüb gəlmişdi.
Obada hamı Serbiyə hörmət göstərirdi, bircə hampadan (Kəndin varlı, nüfuzlu sakini - tərc.) başqa: fağır ona muzdur olmayıb deyə! Hampa intiqama niyyətlənmişdi, ancaq uyğun məqam gözləyirdi. Belə məqam da yetişdi: bir çeçen öldürüldü. Kim öldürmüşdü - bilinmirdi. Di gəl hampa "öz adamı"na pıçıldadı: "Serbi öldürüb". Pıçıltı həyətdən-həyətə yayıldı. Gedib çıxdı oba yığıncağına: orada isə həmin hampa sədrlik edirdi. Yığıncaqda o, açıq-açığına Serbini qətldə günahlandırdı. Bu minvalla Serbi qanlı çıxdı: ölənin doğmaları onu öldürməmiş əl çəkməyəcəkdilər.
Serbi çətinə düşmüşdü: qardaşları yox, arxası yox... Obanı gizlincə tərk etməli oldu. Ölüm qorxusundan deyil, ailəsinə yazığı gəldiyindən: arvadı onsuz necə yaşayardı, qucağında da biryaşında oğlan uşağı?! Oğul isə fağır çeçen üçün hər şeydir - nəslinin davamı, gələcəkdə köməyi, dayağıdır. Serbinin ardınca əliuşaqlı arvadı da getdi.
Acı tale onları haralara yuvarlamadı?! Dağlara, dərələrə, meşələrə, kol-koslu qobulara... İnquşların da arasında yaşadılar, kabardinlərin də, rusların da.
Qisasçılar Serbini qarabaqara izləyirmişlər. Bir dəfə girəvə tapırlar, elə atəş açılacaqmış ki, o an görürlər, saklinin (dağlı obalarında yığcam daş ev - tərc.) pəncərəsinin qabağında oturan Serbi oğlunu qucağına aldı. Güllə uşağa da dəyə bilərmiş. Uşaqları isə öldürmək olmaz: çox böyük günahdır!
Həyat o didərginləri Vladiqafqaz şəhərinə atır. Amma qisasçılar oraya da gəlib çıxırlar. Görünür, onları gecə-gündüz bircə fikir qamçılayırmış: Serbini tapıb öldürmək! Tək bu niyyətlə yaşayırmışlar.
Yenə də gözdən uzaq olmaq lazım gəlir. Serbi bu dəfə ailəsi ilə Yekaterinodara gedib çıxır, ilyarım sonra isə Rostov-Dona. Təzə yerə azacıq isnişən kimi, izləyənlər yenə peyda olurlar. Amma Serbi ayıq davranıb bu qıllıpapaq adamları tez tanıyır: silahlarını yapıncılarının altında elə gizlədibmişlər ki, dərhal əl atıb düşmənə ölümcül yara vura bilsinlər. Bu isə alınmır, çünki Serbini tanımaq olmur. Necə tanısınlar? Sanki yerlə bir olub, çuxura düşmüş gözləri hüzn çırağına dönüb, əvvəlki - dağlıya xas, arxayın yerişi dəyişilib, qıvraq, işgüzar davranır; sifəti toz içindədir, dirsəyəcən çirmənmiş qollarında mazut ləkələri var.
Yaxınlıqdan keçəndə Serbi doğma dildə danışıq eşidir. Kaş heç eşitməyəydi! Axı gəlmələr ondan, onun əleyhinə danışırdılar. Halbuki Serbi öz xalqını, oraların dağlarını, meşələrini, çöl-çəmənini, dağ çaylarının iti axınını, saf bulaqlarının şırıltısını çox sevirdi! Ondan ötrü darıxır, bağrı qana dönür... İndi hara üz tutsun? Yenə hansısa başqa şəhərə? Artıq neçənci dəfə hər şeyi təzədən başlamaq asan deyil ki... Çox götür-qoydan sonra ailəsiylə Vladiqafqaza qayıtdı. Gecəni perronun çardağı altında yola verdilər, səhər tezdən Serbi şəhərə çıxıb küçə-küçə dolaşmağa başladı ki, hamı görsün: budur o, heç yana getməyib, buradadır Serbi, bu şəhərdədir! Bunu bir neçə gün təkrarlayan Serbi, arvadı ilə oğlunu da götürüb yenidən Yekaterinodara getdi.
Başıbəlalı ailə Serbinin tapdığı ötəri işlər hesabına birtəhər dolanırdı. Gah yük daşıyır, gah yağ vurur, gah da odun yarırdı. Rus dilini az-maz öyrənmişdi.
Serbinin doğma auldan çıxdığı altı il vardı artıq. Oğlu irilib qoçaq, dedikcə zirək bir oğlan olmuşdu, rusca sərbəst danışır, evdə ata-anasına əl yetirirdi. Elə indi də işini tamamlayıb atasına yaxınlaşdı:
- Dədə, sən dünən mənə demişdin...
- Hə, oğlum, demişdim, gedib iş axtaracağam, bəlkə, tapdım...
Serbi fikrə getdi. Ətrafını büküm-büküm, gicgahına çatan qırışlar basmış gözləri harasa uzaqlara dikilib yol çəkirdi. Oğlu da susdu: elə bil atası ilıq şüalar saçır, oğlanın canı isinirdi. Atasını yamanca çox istəyirdi! Onun yanında elə rahat olurdu ki!
"Əgər dədəmin başına pis iş gəlsə, hündür bir ağaca dırmanıb təpəsiüstə atılaram oradan, - oğlan belə düşündü qəfildən. Sonra fikri başqa səmtə yönəldi: - Dədəm niyə say-hesabı, yazmağı bilmir?"
- Hə... Bax sən say-hesabı məndən yaxşı bilirsən, - oğlunun düşüncəsini oxumuşdu Serbi. - Əlimdən nə gəlir mənim? Demək olar, heç nə! Ancaq əkib-biçmək, ot çalmaq, odun doğramaq, yer belləmək...
Atasını dinlədikcə uşağın gözlərində fərqli - böyüklərə xas parıltı sezilirdi. İlk dəfə fikir verirdi ki, atasının pencəyi çox köhnəlib, əyin-başından eyzən yoxsulluq, nimdaşlıq yağır. Amma bu pencək uşaqdan ötrü az qala onu geyinmiş adamın özü qədər əziz idi.
Fikrindən nə keçdisə, Serbinin üzünə acı bir təbəssüm qondu.
- Bəlkə, bu gün iş taparam...
- Nə cür iş?
- Məlumdur nə cür - ağır... Yüngül iş verməzlər mənə, - Serbi öz əllərinə nəzər saldı. - Bir vaxt güc vardı ha bunlarda...
- Bəs nə vaxt gedəcəksən? - oğlan bərkdən soruşdu, elə bil atasını ağır düşüncələrdən ayırmaq lazım olduğunu anlamışdı.
- Nahardan sonra gedərəm, oğlum.
- Nahara nə var bizdə? - oğlan, gözlərilə otağı ələk-ələk eləsə də, yeyiləsi nəsə görmədi.
- Nahar nədir, söz soruşdun da! Heç bir şey... Biz ki səhər də heç nə yeməmişik.
Atası məyusluqla əlini yellədi, amma birdən nəyisə xatırladı:
- E-hee... dayan görüm, məndə qəpik-quruş olmalıydı!
Əlini cibinə salıb bir neçə mis qəpik çıxartdı.
- Bir qəpiik, - hələ də yaxşı danışa bilmədiyi ruscada saymağa başladı. - bu da bir qəpiik - elədi iki qəpik. Bu daa üç qəpik - oldu beş qəpiik... Ohoo! Soğan-çörəyə çatar! Tez alıb gətirim, yeyək, gedib iş axtarım! Axırıncı kəlmələri o, çeçencə, gümrah səslə, həmişəki mehriban təbəssümüylə dedi.
- Dədə, de görüm sən niyə sayanda barmaqlarını qatlayırsan?
- Necə yəni? - təəccübləndi atası, bilmədi bu suala nə cavab versin. - Mənə belə asan olur saymaq.
- Mən isə qatlamıram, - oğlan öyündü.
Onlar göz-göz gəldilər, bu an atası ona nağıllardakı xeyirxah kişilər kimi göründü.
Gün günortaya yaxınlaşanda Serbi ilə oğlu küçəyə çıxdılar. Zir-zibilli qənbərliyi keçəndə atanın çəkməsinin burnu bir düyünçəyə toxundu, onu götürdü, əlində hərləyib yerə tulladı.
- E-eey! - arxadan çağırış eşidib dayandılar. Bir nəfər əlindəki düyünçəni yuxarı tutub yellədirdi.
- Səndən düşüb?
- "Boşla görək! O murdar şey nəyimə lazmdır, qoy özündə qalsın", - düşünən Serbi ona səsləndi:
- Götür özünə!
- Sənin cındırına qalmamışam mən! Özümdə doludur!
Adam düyünçəni tullayıb getdi.
- Götürək, ya yox? - Serbi oğluna baxdı.
- Götür, dədə, - oğlu inamla cavab verdi.
Evdə tapıntını bir küncə atıb yemək tədarükünə girişən Serbi, oğluna dedi:
- Bir bax ona, oğlum, gör nə var içində?
Oğlan qayçını götürüb ipi kəsdi, bükülü kağızı araladı. Kip dəstələnib teleqraf lentinə bənzər bir şeylə eninə-boyuna sarınmış kağız topaları döşəməyə dağıldı. Onların altından başında tac olan dolu bir qadının təsviri görünürdü.

- Ay oğul! - atası səsləndi. - O zibillə çox əlləşmə, at sobaya, gəl yemək ye! Mən indi gedirəm.
- Dədə, burada şəkillər var!
- Nə şəkillər?
Oğlan kip dəstələnmiş kağızları toplayıb atasının qabağına tökdü. Serbi birini götürüb baxdı, sonra o birini... Sifəti gah qızarır, gah ağarırdı. Ha özünü sıxdı, qışqırmasın, alınmadı.
- Axçadır (keçmişdə bütün Şərqdə, o cümlədən Qafqazda gümüş pul vahidi; sonradan ümumən pul anlamında da işlədilib - tərc.)! - deyə qışqırdı. - Allaha and olsun, axçadır! Puldur!
Onun səsində sevincdən çox, qorxu duyulurdu. Serbi heç vaxt bu qədər pul, belə bir məbləğ görməmişdi. Ancaq hər halda, anladı ki, bunlar puldur - külli miqdarda pul, ona görə də donuxub qaldı. Öz miskin daxmasını aramla gözdən keçirdi, sanki yoxsulluğunun şahidi olan divarlardan məsləhət diləyirdi.
- Görürsən, başıma nə iş gəldi, hə? - Serbi nəzərlərini oğlunda saxladı. - Qırx il yoxsulluq çək, indi... birdən varlan. Heç bir zəhmət çəkmədən varlan! Bu nə olan işdir axı? Ömrümdə bir rublum olmayıb, indi isə başımdan töküldü...
Oğlunu işarəylə lap yaxına çağırdı, kimsə eşidəcəkmiş kimi, pıçıltıyla:
- Oğlum, biz varlandıq, - dedi. - Çoxlu yaxşı şeylər alarıq. Daha ayaqyalın gəzməzsən, başqalarının yeməyinə həsədlə baxmazsan... Allaha şükürlər olsun, biz yoxsullara rəhmi gəldi!
Amma birdən sanki kiminsə sərt əli Serbinin təsəvvüründəki xoş-əlvan mənzərəni pozdu. Fikrinin aynasında xatirə canlandı: atası kiminsə uşaqlarını yanan evdən çıxardır; yanıb məhv olmuş evin yerində öz imkanıyla yenisini tikir - təmənnasız; adamlar buna heyrətlənəndə o, təmkinlə deyir: "Mənə pul-para lazım deyil. Sadəcə, yaxşılıq etmək istəyirəm..."
Serbi dəstələnmiş pulları qəti hərəkətlə kağıza bükür:
- Gedək, oğlum.
- Hara, dədə?
- Gedək. Bu pullar nə bizimdir, nə də əcdadımızın. Onları aparıb vermək lazımdır.
- Kimə? Lazım deyil! - oğlan incik sifət aldı.
- Yox, oğlum, onları başçılara vermək lazımdır, başçılar özləri taparlar, bu pul kiminmiş. Başçıların əlləri uzun, hökmü böyükdür, söyə bilərlər, zindana sala, asdıra bilərlər... Bizim obadan iki çeçeni asmışdılar... İxtiyar başçıların əlindədir...
Tozlu küçələrlə yeyin gedə-gedə Serbi belə deyirdi oğluna.
Polis bölməsinin suyumsuz binasına yetişdilər. Serbi o yan-bu yana baxdı. Aşağı uzanan pilləkən gördü, ürəksiz addımladı.
Birinci açıq qapıdan içəridə çox adam vardı. Yeni gələnləri tərs baxışlar qarşılayırdı. Serbi düyünçəni əlində bərk sıxıb tutmuşdu. Buradakı nəzarətçilər, iznsiz girdiyi üçün, onu yamanlayıb dəhlizə itələdilər. Serbi az qala nahamar kərpic döşəməyə səriləcəkdi. Qarşı küncdəki oyuqdan siçovul çıxıb xırdaca boz yumaq kimi dığırlandı, özünü dəhlizin qaranlıq yerinə verib gözdən itdi. Hava karbol (xarakterik iyi olan zəhərli dezinfeksiya maddəsi - tərc.), tənbəki iyindən və daha hansısa qoxudan elə ağırlaşmışdı, nəfəs almaq olmurdu.
Serbi ilə oğlu yuxarı qalxıb başqa bir qapıdan içəri girdilər. Geniş, yarıboş otağın o başında, masa arxasında oturmuş pişikbığ adam pristav köməkçisi Xitrov idi. Əlindəki peronun cırıltısı gəlirdi.
- Nə lazımdır? - pristav köməkçisi, elə yaza-yaza, sual atdı.
- Pul tapmışıq, - Serbi müxtəsər cavab verdi.
- Pul?
Xitrov başını qaldırdı, ucu - bir cüt iri dəliyi olan - qırmızı düyməyə bənzər ətli burun göründü.
- Pulmu deyirsən? - pristav köməkçisi kürsüdən qalxıb əllərini masaya dayadı, qapını dinşədi. Kimsənin gəlmədiyinə əmin olub, lap astadan soruşdu:
- Hardan tapmısınız? Hanı pullar? Hə... yaxın gəlin görüm...
Ata-oğul masaya yaxınlaşdı.
- Di ver bəri!
Xitrov əlini uzatdı, amma əli elə havada qaldı. İçəri tosqul, topasaqqal, genpencək bir adam girdi.
- Bu necə işdir? İndiyədək tapmamısınız bəyəm?
Saqqallını həyəcan boğurdu. Nəfəsini dərən kimi, düz Xitrovun gözünün içinə baxıb bir də soruşdu:
- Deməli, tapmamısınız, hə?
Pristav köməkçisi dinməyib, təəssüflənən adam görkəmi aldı.
- Rica edirəm sizdən, cənab Mileşkin, əyləşin, - mehriban ev sahibi tərzində bir dəvət səsləndirdi handan-hana.
Mileşkin kürsüyə çökdüsə də, gözlərində inamsızlıq, hiddət ifadəsi vardı. Bu baxışlara davam gətirib gözlərini qırpmayan Xitrov, onun dediyini bayaqkı həlimliklə təsdiqlədi:
- Ço-ox təəssüf, amma hələ ürəkaçan xəbər yoxdur. Narahatlığınıza qəlbən şərikəm...
Mileşkin sıçrayıb qalxdı, otaqda vurnuxmağa başladı. Təlaşlı qonaq o yana çevrilən kimi, Xitrov çeçen ata ilə oğula aydınca işarə etdi ki, küncdəki şkafın dalında gizlənsinlər. Serbi itaət göstərdi.
- Lənət şeytana, nə vardısa, getdi! Nə vardısa! - Mileşkin otağı ölçə-ölçə yenə bərkdən xırıldadı.
Birdən-birə dayanıb sınayıcı nəzərlərini Xitrovun gözlərinə zillədi.
- Hə? Vəssalam?
- Darıxıb özünüzü əldən salmayın, cənab Mileşkin. Allahın iznilə tapılar, gec deyil. Axı bütün axtarışçıları ayağa qaldırmıq, - Xitrov qılıqlanıb təskinlik versə də, səsindəki qəfil xırıltı həyəcanını üzə vurdu.
- Ayağa, ayağa! Di onda tez tapın mənim yüzlüklərimi! Bir ətək pul idi!
"Yüzlüklər", "pullar" kəlmələrini eşidən kimi Serbi oğlunun biləyindən dartdı. Oğlan sual ifadəli baxışını atasına yönəltdi. Amma o anda Xitrov da yaşlı çeçenə baxdı, domba gözlərini ona qeyzlə ağardıb barmağını öz ağzına apardı. Sonra, bir qədər də qətilik üçün yumruğunu göstərdi, yəni: dinmə!
Mileşkin vurnuxur, yolunu kəsən kətili vurub aşırır, fınxırır, xırıldayır, boğucu öskürəkdən təngiyirdi. Pristav köməkçisi dillənmirdi: hər necə olsa, qarşısındakı məşhur zəngin, birinci dərəcəli tacir idi. Üstəlik də, bu polis bölməsinin hamisi.
- Andıra qalsın sizin bu piştaxtanız! Birbaşa generalın yanına gedirəm! Xitrovu qanlı-qanlı süzən Mileşkin qəfil belə bir qərara varıb qapıya doğru addımladı.
Serbi yenə oğlunu dümsüklədi. "Onun əvəzinə danışmağımı istəyir", - oğlan mətləbi başa düşüb bərkdən dilləndi:
- Ə-mi! Pulları biz tapmışıq!..
Mileşkin geri qanrılan məqamda Serbi masaya tərəf addım atıb düyünçəni uzatdı. Xitrov göz açmağa fürsət tapmadan Mileşkin düyünçəni qapıb bağrına basdı, onu qıllı əlləri ilə tumarlayıb burnunun altında nəsə mızıldandı. Sonra qəfildən Xitrovun üstünə qabarıb kükrədi:
- Məni axmaq yerinə qoymaq istəyirdin, hə-ə? Məni hərifləyirdin? Mileşkini?!
Gödək, yoğun barmağını pristav köməkçisinin lap gözünün qabağında oynatdı.
- İz-ninizlə, iz-ninizlə, - Xitrov onun sözünü kəsdi. - Bu nə sözdür? Pullar ki tapıldı, Allaha şükür edin, bunu da unutmayın: mənim növbəmdə tapılıb.
Anlamışdı, tacir bütün ildırımları, şimşəkləri onun başına endirə bilərdi, odur ki, bunu gözləmədən özü hücuma keçməyə qərar vermişdi. Düyünçəyə gözucu nəzər yetirib Mileşkinə təkəbbürlə baxdı.
- Pulları masaya qoyun. Onlar sizin deyil hələ. İzninizlə, soruşum: nə qədər pul itirmişdiniz?
Mileşkin, heç istəmədən, düyünçəni masanın üstünə, amma özünə yaxın tərəfinə qoyub, gözünü ondan ayırmadı. Birdən sir-sifəti əyildi.
- Pul torbamı açıblar artıq! Bəlkə, heç pulların hamısı orada deyil!
- Yaxşı, nə qədər vardı, bilirsiniz?
- Niyə bilmirəm! İyirmi üç min beş yüz əlli rubl! Nə az, nə çox! Əgər oğurlamayıblarsa...
- Harada itirmiş ola bilərdiniz? - Xitrov rəsmi əda ilə suallar verirdi.
Mileşkin bir neçə küçə sadaladı: "Rus-Azov Bankı"ndan qayıdanda oralardan keçmişdi.
- Belə də yazarıq.
Xitrov qəsdən hərf-hərf yazır, tələsmədiyi aşkar bilinirdi.
- Sən pulu hardan tapmısan? - pristav köməkçisi üzünü çeçenə döndərdi.
Serbinin aydın simasından dürüstlük saçılırdı.
- Polis küçədən... tapdım...
- Belə-ə, Polis küçəsindən tapmısan, deməli... Nə vaxt tapmısan?
- Bir saat olar, bəlkə də iki saat...
Xitrov bir ara başını protokoldan qaldırmadı. Sonra üzünü Mileşkinə tutub soruşdu:
- Başqa nəsə xatırladınız?
Tacir başını bulayıb acıqlı-acıqlı:
- Xatırlamalı bir şey yoxdur. Yoxlamaq lazımdır, hamısı yerindədirmi... Söhbətin öz yeri, işin öz yeri! - dedi.
Pristav köməkçisi ilə tacir yüzlükləri saymağa girişdilər. Xitrovun saydıqlarını Mileşkin diqqətlə yenidən sayırdı.
- On doqquz min! - Xitrov sayıb dedi.
- On doqquz! - Mileşkin təkrarladı.
- İyirmi!
- İyirmi min!
- İyirmi bir!
- İyirmi bir! - tacir təsdiqlədi.
- İyirmi iki min!
- İyirmi iki!
- İyirmi üç! - Xitrov bunu xüsusi ahənglə deyib susdu, qalan əskinasları əlində tutmuşdu.
- İyirmi üç, - tacir təkrarlayanda heyrət duyuldu səsində.
Yəqin, inana bilmirdi, bu qədər sərvəti tapan kimsə bir qismini "cibişdana ötürməsin". Çeçen kişi elə bil bu səhnəni dumanlı görürdü.
- Bəs qalan beş yüz əlli hanı?
Xitrov Mileşkinə yalvarıcı-diləyici gözlərlə baxdı.
Mileşkin pulları Xitrovun əlindən qapıbyan cibinə dürtəndə hələ təkərləmə də söylədi:
- Pullar üzdü belədən-belə,
Yenə döndü doğma sahilə.
- Zarafatsız, bu nə hərəkətdir?! - Xitrov coşdu. - Məni kimlə qarışdırırsınız?! Bax siz, həqiqətən, qanundan kənara çıxırsınız!
- Nə qanundur o elə?
- "Tapılan məbləğin on faizi tapan adama düşür" - bax belə bir qanundur, bəs bilmirdiniz?
- Necə yəni, necə yəni, - deyən Mileşkinin səsində təsdiq də vardı, istehza da.
- Bu qanun hələ İkinci Aleksandrın vaxtında...
- Pyotrun vaxtında... - tacir macal vermədi.
Xitrov rəqibinin gözlərinə baxdı, qarşı tərəfin baxışları deyirdi: o, birinci dərəcəli tacir kimi istənilən qanundan yan ötə bilər.
Amma yox! Pristav köməkçisi də axmaq deyil, bu faiz söhbətini axıra çatdırmalıdır o!
Bu arada Mileşkin zehnində məbləğin on faizini hesablayırdı.
- Sarsaqlığa bax! - hesablamanı bitirəndə çığırıb Serbiyə sarı döndü. Sırtıq baxışla çeçeni üstdən-aşağı süzdü, nəhayət, nimdaş geyiminə diqqət yetirib deyindi:
- İki min üç yüz əlli rubl - buna? Belə qətiyyən!
Tacir üzünü çevirdi, süfrə kimi geniş dəsmalını çıxardıb, piy basmış gödək boynunu, pörtmüş sifətini sildi. Sonra da cibindən çıxartdığı beş yüz əlli rublu masaya tullayıb çıxışa doğru yeridi. Bütün bunları elə qıvraq, cəld hərəkətlə etdi ki, Xitrov deməyə söz tapmadı. Mileşkin astanada idi artıq, Xitrov dili topuq vura-vura səsləndi:
- Cə-cənab Mileşkin! P-protokola y-yazılsın bu??
- İstərsən yaz, istərsən yazma, vecimə deyil! - tacir hörüldəyib əlini elə yellədi, sanki geriyə nəsə tulladı. Çəkmə zərbilə qapını açıb gözdən itdi.
Xitrov "yekaterinçə"ləri tezcə götürüb iki qatladı, onları həris nəzərlərlə süzüb, öz pulu kimi, cibinə dürtdü, sonra da hirs-hikkəylə Serbiyə baxdı.
- Axmaq! İtilin burdan! İtilin!..
Serbinin gözlərində od parladı, ixtiyarsız düyünlənən yumruqlarının damarları şişdi... Deyərdin, əvvəlki gücü özünə qayıdıb: bir an keçəcək, ya onu təhqir edəni boğacaq, ya da palıd oturacaqla elə vuracaq, elə vuracaq ki...
Baş verəcəkləri hiss edən oğlu ağlamsınıb səsləndi:
- Dədə, gedək buradan! Gedək!
Atasının əlindən yapışıb gücü yetdikcə dartdı.
- Heç bir şey, oğlum, - atası yavaş-yavaş özünə gəlib toxtadı, - heç bir şey... Hər halda, haqq-həqiqət var dünyada, onu dərinə quylasalar da... Hər nə cür gizlətsələr də, üzə çıxacaq.
Ağır bir hissin təsiri altında yerindən tərpəndi, içindəkiləri dilə gətirə bilmədiyi üçün özünə acıqlanmışdı. Hansısa başqa məqamda bir yol tapıb etirazını bildirərdi, bəlkə, amma indicə baş verənlər ona ağlasığmaz gəlirdi. Onun daxili tarazlığını pozan da elə bu idi. Yenə qan beyninə vurdu. Qapıya çathaçatda, əlini palıd kətilin ayağına atdı, qaldırıb zərblə beton döşəməyə çırpdı. Taxta qırıqları ətrafa səpələndi.
- Bu nə deməkdir belə! - Xitrov nərildədi. Serbinin üstünə cummaq, onu zirzəmiyə atdırıb əzişdirmək istədi, amma tez də vaz keçdi: "Qoy rədd olsun cəhənnəminə! Pullar ki qalır..."
Asta, ağır addımlarla küçəyə çıxanda Serbiyə elə gəldi, ona deyilmiş "axmaq" kəlməsini də, başqa sözləri də bu ətrafdakıların hamısı eşidib. Başını qaldırıb adamların üzünə baxa bilmir, rast gələnlərdən yayınırdı. Sakit, kimsəsiz küçədəki yoğun qovağın yanında dayanıb ağır-ağır köks ötürdü. Daddığı nahaq həqarət daş kimi yığılıb qalmışdı sinəsində. Əlindən qoparılmış mükafat deyildi Serbinin dərdi. Heç bilmirdi də belə bir qanun var. Canına od salan belə amansız incidilməsi olmuşdu. Oğlu atasına şəfqətlə baxırdı.
Yol boyu dillənmədilər, miskin, qanqaraldan daxmalarına dinməz-söyləməz girdilər... Serbi nəfəsliyə yaxınlaşıb axşam səmasının oradan görünən parçasını uzun müddət, gözünü qırpmadan seyr etdi, elə bil onu üzən fikirlərin cavabını səmada arayırdı. Amma səma tutqun, qaramtıl idi - Serbinin həyatı kimi...


