Tarixi yaddaşın Dərbənd saxlancı
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qədim şəhərdə Azərbaycan dünyası
Müasir dünyanın mürəkkəb geosiyasi reallıqları şəraitində dövlətlərarası münasibətlərin davamlılığı siyasi və iqtisadi maraqlarla yanaşı, həm də xalqları bir-birinə bağlayan ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər, eləcə də humanitar əlaqələrlə də möhkəmlənir. Məhz buna görə də müasir beynəlxalq münasibətlər sistemində humanitar diplomatiya, təhsil əməkdaşlığı və mədəni əlaqələr strateji önəm daşıyır.
Bu baxımdan Azərbaycan ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında formalaşmış əlaqələr xüsusi diqqət çəkir. İki xalqı birləşdirən tarixi köklər, mədəni yaxınlıq və qarşılıqlı hörmət münasibətləri bu gün də öz aktuallığını qoruyur. Xüsusilə qədim Dərbənd şəhəri Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutur.
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında dövlət imtahanlarının keçirilməsi ilə əlaqədar bu yaxınlarda həmin şəhərdə olarkən bu fikir bir daha öz təsdiqini tapdı. Səfərin əsas məqsədi vurğuladığım kimi, akademik proseslə bağlı olsa da, orada iştirak etdiyimiz görüşlər və müşahidələr şəhərin hazırda da ölkəmizlə sıx mənəvi bağlarını qoruyub saxladığını göstərdi.
Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Dərbənd əsrlər boyu Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm mədəniyyət və ticarət mərkəzi kimi tanınıb. Burada müxtəlif xalqların və sivilizasiyaların izləri qorunub saxlanılsa da, Azərbaycan dili, mədəniyyəti və milli-mənəvi dəyərləri şəhərin ictimai həyatında özünəməxsus yer tutur. Küçələrdə, ailə ənənələrində, tarixi abidələrdə və gündəlik ünsiyyətdə ortaq irsimizin izlərini görmək mümkündür. Buna görə də Dərbəndə səfər edən hər bir azərbaycanlı burada yalnız qədim bir şəhəri deyil, həm də ortaq tariximizin canlı səhifələrindən xəbər tutur.
Əsrlərdən gələn dostluq ənənəsi
Azərbaycan – Dağıstan münasibətlərinin möhkəm təməli uzun illər ərzində formalaşmış qarşılıqlı etimad və dostluq ənənələrinə söykənir. Bu əlaqələrin inkişafında görkəmli dövlət xadimi Əziz Əliyevin xidmətləri xüsusi yer tutur. O, səmərəli fəaliyyəti ilə iki xalq arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verməsi, adının Dağıstan xalqının yaddaşında bu gün də dərin hörmətlə anılması qeyd edilən fikrin bariz ifadəsidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev də ölkəyə rəhbərlik etdiyi illərdə qonşu xalqlarla mehriban münasibətlərin inkişafına hər zaman mühüm önəm verib. Dahi şəxsiyyətin fəaliyyətində humanitar əməkdaşlığın, iqtisadi əlaqələrin və qarşılıqlı etimadın möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqət çəkib. Məsələn, Ulu öndərin təşəbbüsü ilə Bakı-Dərbənd istiqamətində nəqliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən qatarların fəaliyyətə başlaması xalqlar arasında gediş-gəlişin asanlaşmasına, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət edib.
Heydər Əliyevin Dağıstanın ictimai-siyasi xadimləri ilə formalaşdırdığı münasibətlər də tərəflər arasında dostluğun möhkəm mənəvi təməllər üzərində qurulduğunu şərtləndirib. 2003-cü ildə Quba Olimpiya İdman Kompleksinin açılışında Dağıstan nümayəndə heyətinin iştirakı iki region arasında dostluğun parlaq nümunələrindən biri kimi yadda qalıb. Həmin mərasimdə o dövrdə Azərbaycan Respublikasının baş naziri kimi fəaliyyət göstərən İlham Əliyevin iştirakı və çıxışı böyük siyasi əhəmiyyət daşıyıb. Cənab İlham Əliyev Azərbaycan və Dağıstan xalqlarının tarixən bir-birinə dərindən bağlı olduğunu vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyini xüsusi vurulayıb. Həmin vaxtdan ötən müddət ərzində bu regionlar arasında əlaqələr davamlı şəkildə möhkəmlənib, dostluq və qardaşlıq əlaqələri getdikcə güclənib.
Dərbənd səfərinin yaddaqalan məqamlarından biri Azərbaycan Dövlət İqtisad Universitetinin bu şəhərdə yerləşən filialında fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanışlıq oldu. Burada Ümummilli liderin zəngin siyasi fəaliyyətini əks etdirən eksponatlar və sənədlər xüsusilə diqqət çəkdi. Filialın rektoru Qurban Səidoviç Qurbanov muzey haqqında ətraflı məlumat verərək Heydər Əliyevin regionda sabitliyin, əməkdaşlığın və humanitar əlaqələrin inkişafına verdiyi töhfələrdən ətraflı danışdı. Ulu öndərin siyasi irsində təhsil, mədəniyyət və xalqlar arasında qarşılıqlı hörmət prinsiplərinin xüsusi yer tutduğunu xüsusi vurğulayan Qurban Qurbanov Heydər Əliyevin təkcə Azərbaycanın dövlətçilik tarixində deyil, bütövlükdə, regionun inkişafındakı mühüm xidmətlərini xatırlatdı.
Bildirildi ki, Heydər Əliyev siyasi fəaliyyətində qonşu xalqlarla dostluq, qarşılıqlı hörmət və humanitar əməkdaşlıq məsələlərinə hər zaman xüsusi yer verirdi. Onun formalaşdırdığı xarici siyasət konsepsiyası regional sabitlik, iqtisadi əməkdaşlıq, təhsil və mədəniyyət sahələrində sıx münasibətlər və qarşılıqlı etimad üzərində qurulurdu. Dövlətlərarası əlaqələrin davamlılığı yalnız rəsmi sənədlərlə deyil, xalqlar arasında yaranmış etimad mühiti ilə təmin edilirdi. Dərbənd şəhərinə isə bu etimadın canlı daşıyıcılarından biri kimi mühüm önəm verilirdi.
Yeri gəlmişkən, Dağıstan Respublikasına uzun illər rəhbərlik etmiş Səid Qurbanovun dahi şəxsiyyətlə səmimi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətləri Azərbaycan – Dağıstan əlaqələrinin inkişafında mühüm rol oynayıb. Hər iki görkəmli dövlət xadimi regionda sabitliyin, mehriban qonşuluğun və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririb. Onların şəxsi əlaqələri Azərbaycan ilə Dağıstan arasında iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişlənməsinə əlverişli zəmin yaradıb.
Regional əməkdaşlığın hədəfləri
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda regional əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat, logistika, enerji və kommunikasiya layihələri region ölkələri arasında qarşılıqlı əlaqələri möhkəmləndirməklə yanaşı, sabitlik və əməkdaşlıq mühitini də gücləndirir.
Azərbaycan bu gün Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geoiqtisadi mərkəzə çevrilib. Orta Dəhliz, Şimal-Cənub Nəqliyyat Marşrutu və digər beynəlxalq layihələr sayəsində ölkəmizin regional inteqrasiya fəaliyyəti ən yüksək səviyyəyə yüksəlib. Bu prosesdə humanitar əlaqələrin inkişafı da strateji prioritetlər sırasında yer alıb. Çünki iqtisadi inteqrasiyanın dayanıqlılığı, hər zaman, ilk növbədə, insanlar arasında qarşılıqlı anlaşma və etimaddan asılı olub.
Azərbaycanın multikulturalizm, mədəniyyətlərarası dialoq və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlar bu gün region üçün nümunə hesab olunur. Dərbənd kimi tarixi şəhərlərlə əlaqələrin davamlı olaraq möhkəmlənməsi də məhz bu siyasətin mühüm tərkib hissəsi kimi yüksək dəyərləndirilir. Bu isə müasir geosiyasi proseslər fonunda Azərbaycan – Dağıstan münasibətlərində aydın müşahidə olunan inkişafın regional sabitliyə və əməkdaşlığa verdiyi töhfə ilə əlaqələndirilir. Yeri gəlmişkən, bu münasibətlərə bu gün də iqtisadi, siyasi və humanitar sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq modeli kimi yanaşılır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə regional əməkdaşlıq siyasətinin uğurla reallaşması nəticəsində hazırda qonşu regionlarla əlaqələr getdikcə möhkəmlənir, nəqliyyat və iqtisadi inteqrasiya genişlənir, eləcə də humanitar sahədə qarşılıqlı etimad güclənir.
İqtisad Universitetinin Dərbənd filialı nümunəvi fəaliyyəti ilə təkcə regional ali məktəb statusunda deyil, həm də Azərbaycan ilə Dağıstan arasında elm, təhsil və humanitar inteqrasiyanın mühüm platforması kimi formalaşmasına müsbət təsir göstərir. Azərbaycanın xarici ölkədə fəaliyyət göstərən yeganə ali təhsil ocağı kimi Dərbənd filialının idarə olunmasında əsas yanaşma tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq akademik standartlara uyğunlaşdırılması və tələbələrin praktik biliklərinin artırılması ilə bağlıdır. Bu model təhsil prosesini sırf akademik çərçivədən çıxararaq onu regionlararası əməkdaşlığın strateji istiqamətinə çevirir.
Azərbaycan – Dağıstan münasibətlərinin inkişafında xüsusi xidmətləri olan şəxslərin fəaliyyəti ölkəmiz tərəfindən də daim yüksək qiymətləndirilir. Bu baxımdan Prezident İlham Əliyevin 1 iyun 2026-cı il tarixli sərəncamı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının rektoru Qurban Qurbanovun ölkəmizin ali dövlət mükafatlarından biri olan “Dostluq” ordeni ilə təltif edilməsi bunun parlaq nümunəsidir. Bu yüksək mükafat təkcə bir şəxsin fəaliyyətinə verilən qiymət deyil, eyni zamanda, Azərbaycan – Dağıstan əməkdaşlığının strateji əhəmiyyətinin, humanitar diplomatiyanın və təhsil sahəsində qurulan səmərəli tərəfdaşlığın təsdiqidir.
Qurban Qurbanovun rəhbərliyi ilə sözügedən filial son illərdə regionda nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilərək, Azərbaycan təhsil modelinin, elmi düşüncəsinin və akademik ənənələrinin Dağıstanda uğurla təbliğinə əhəmiyyətli töhfələr verib. Bu fəaliyyət həm də xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən mühüm humanitar missiya kimi qiymətləndirilib. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam Azərbaycan ilə Dağıstan arasında formalaşmış qarşılıqlı etimadın, dostluğun və əməkdaşlığın yeni mərhələyə yüksəldiyindən xəbər verən mühüm siyasi və mənəvi hadisə kimi dəyərləndirilib.
Dərbənd filialı bu gün təkcə iqtisadçı kadrların hazırlanması ilə kifayətlənmir, həm də Azərbaycan iqtisadi düşüncəsinin, təhsil modelinin və idarəetmə təcrübəsinin Dağıstan regionunda yayılmasına müsbət təsir göstərir. Bu isə, öz növbəsində, humanitar diplomatiyanın real institusional nəticəyə çevrilməsi anlamına gəlir. Filialın fəaliyyəti təhsil sahəsində davamlı inkişafın inzibati idarəetməsi ilə məhdudlaşmır, eyni zamanda, regional ehtiyacların düzgün qiymətləndirilməsi və strateji baxışla mümkünlüyünü gerçəkləşdirir. Bu baxışın formalaşmasında rektor Qurban Qurbanovun rəhbərlik təcrübəsi və təşkilati yanaşması mühüm rol oynayır. Nəticə etibarilə, filial Azərbaycan–Dağıstan təhsil münasibətlərinin ən uğurlu nümunələrindən biri kimi regionda elm, təhsil və mədəni əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Müasir dövrdə təhsil diplomatiyası dövlətlər arasında münasibətlərin ən təsirli və uzunmüddətli istiqamətlərindən biri hesab olunur. Çünki siyasi qərarlar dəyişə, iqtisadi maraqlar transformasiya oluna bilər, lakin elm, təhsil və mədəniyyət vasitəsilə qurulan körpülər daha davamlı, etibarlı xarakter daşıyır. İqtisad Universitetinin Dərbənd filialının fəaliyyəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu təhsil müəssisəsi yalnız iqtisadçı kadrların hazırlanmasına xidmət etmir, eyni zamanda, Azərbaycan ilə Dağıstan arasında humanitar əməkdaşlığın inkişafına töhfə verir. Bu gün universitetlər təkcə bilik mərkəzləri deyil, həm də beynəlxalq əməkdaşlığın mühüm platformalarıdır. Elmi mübadilə, birgə tədqiqatlar, tələbə mobilliyi və innovasiya layihələri dövlətlərarası münasibətlərin yeni məzmun qazanmasına şərait yaradır.
Azərbaycan ruhlu məktəb
Səfər çərçivəsində ən təsirli görüşlərdən biri də Dərbənd rayonunun Cemikənd qəsəbəsində yerləşən Heydər Əliyev adına orta məktəbdə keçirildi. Təhsil müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərkən bir daha aydın oldu ki, bu böyük dövlət xadiminin irsi təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız və dost xalqlar tərəfindən də böyük ehtiramla yaşadılır.
Məktəbin kollektivi ilə görüş zamanı burada Azərbaycan dilinə, ədəbiyyatına və milli-mənəvi dəyərlərimizə göstərilən diqqətin şahidi olduq. Xüsusilə məktəbdə fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı sinfi böyük maraq doğurdu. Bu sinfin yaradılması Dərbənd bölgəsində yaşayan gənc nəslin ana dilini, ədəbiyyatını və mədəni irsini daha dərindən öyrənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edilməlidir ki, belə təşəbbüslər Azərbaycanın elm və təhsil sahəsinə göstərdiyi diqqətin və ölkəmizin xaricdə yüksək səviyyədə təmsil olunmasının bariz ifadəsidir. Eyni zamanda, bu cür təşəbbüslər təkcə təhsil layihəsi deyil, həm də xalqlarımız arasında humanitar əməkdaşlığın və mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edən mühüm addımdır. Cemikənddə gördüklərimiz də dil və təhsilin milli kimliyin qorunmasının ən etibarlı vasitələrindən biri olduğunu bir daha sübut edir.
Azərbaycan dilinin məktəblərdə tədrisi, gənclərin milli-mədəni irsə bağlı ruhda yetişdirilməsi və ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi regionlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Bu məktəb, əslində, sadəcə təhsil müəssisəsi deyil, həm də Azərbaycan ilə Dağıstan arasında humanitar əlaqələrin canlı rəmzlərindən biri, ortaq tariximiz və ortaq gələcəyimizin təcəssümüdür.
Dərbəndə səfərimiz bizdə bir daha belə bir qənaət formalaşdırdı ki, dövlətlərarası münasibətlərin ən etibarlı dayağı xalqlar arasında mövcud olan etimad və qarşılıqlı hörmətdir. Təhsil, elm, mədəniyyət və humanitar əməkdaşlıq bu etimadın möhkəmlənməsinə xidmət edən əsas vasitələrdir. Bu gün Dərbənddən Bakıya uzanan yol coğrafi məsafə olmaqla bərabər, həm də ortaq tariximizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin və gələcəyə dair ümumi baxışımızın ifadəsidir.
Azərbaycanın regional əməkdaşlıq siyasəti, Heydər Əliyev siyasi irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası göstərir ki, dostluq və əməkdaşlıq üzərində qurulan münasibətlər gələcəkdə də regionun sabitliyinə, rifahına və tərəqqisinə xidmət edəcək. Dərbənddən gələn əsas mesaj da məhz budur: tarix bizi birləşdirib, gələcək isə bu birliyi daha da gücləndirmək üçün yeni imkanlar yaradır.
Azərbaycan və Dağıstan xalqları arasında mövcud olan dostluq münasibətləri tarixi köklərə, ortaq mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanır. Bu münasibətlər təkcə keçmişin mirası deyil, həm də gələcəyin strateji xəttidir. Dərbənddən Bakıya, Qafqazın müxtəlif bölgələrinə uzanan bu dostluq körpüsü bu gün də möhkəmlənməkdədir və gələcək nəsillərə ötürüləcək ən mühüm dəyərlərdən biri kimi öz aktuallığını qoruyur.
Elşan ƏHMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının dosenti
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 İyun 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















