Tarixin möhürü Böyük Hun İmperiyası
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
(əvvəli BU LİNKDƏ)
...Digər dövlət strukturlarından fərqli olaraq ordu başçıları tayfa və qan qohumluğu prinsipi ilə deyil, hərbi bacarıqlarına görə seçilirdilər. Hunlar onları qudu-xen adlandırırdılar. Aşağı komanda heyəti olmaqla quduxenlər tayfa əyanlarına ta-be idilər. Göründüyü kimi, Hun imperiyasının yuxarı dövlət vəzifələrində üç zümrə -tayfa başçıları, zadəgan silki və hərbçilər (quduxen) hakimlik edirdi. Tayfa başçı-ları və zadəgan silki ilə mübarizədə şanyular daha çox hərbçilərə arxalanırdılar.
Hun qanunvericiliyindəki boşluqları aradan qaldırmaq məqsədilə Mete şan-yu islahatlar həyata keçirdi. Ucsuz-bucaqsız bozqırlarda istiqrarı bərqərar etmək məqsədilə sərt qanunlar qəbul edildi. Çinlilər hunların qanunlarını asan və yüngül həyata keçirilən qanunlar hesab edirdilər. Hun qanunlarına görə, qılıncın qəbzə-sindən tutub qınından təxminən 23 sm çəkən şəxslər ən sərt şəkildə edam edilirdilər. Oğurluq edən şəxsin bütün nəslinin mülkiyyəti müsadirə edilirdi. Ən ki-çik cinayətə görə cinayəti törətmiş şəxsin sifətinə çapıq atılırdı. Həbs cəzası 10 gün çəkərdi. Eyni zamanda andını pozan, satqınlıq edən, dövlət sirrini yayanlar da edama məhkum edilirdilər. Məhkəmələr 10 gündən artıq çəkmirdi. Mənbələrin verdiyi məlumatlara görə, o zaman dövlət təcridxanalarında saxlanılan məhbusların ümumi sayı 5-6 nəfərdən artıq deyildi. Bu dövlətdə yüksək səviyyədə qayda-qanunların yaradıldığını və onlara ciddi surətdə əməl edildiyini göstərirdi.
Hun dövlətində idarəçilik də təkmilləşdirildi. Mete yalnız mövcud idarəçilik sistemini nisbətən təkmilləşdirdi. Qədim hunlarda ailə və cəmiyyətə məxsus qayda-qanunlar toplusu nəsildən-nəsilə ötürülərək yaşadılır, sadə davranış qanunları formalaşdırılırdı. Həmçinin qohumluq əlaqələri olan bir neçə yüz, yaxud min “yurd” özünə böyük, yaxud rəhbər seçirdi. Onu “irken” adlandırırdılar. Bütün tayfaların rəhbəri isə “Şanyu” (Tanhu) adlanırdı. Tərcüməsi “dahi” deməkdir. Türk tarixçisi Rəfiq Özdək Şanyunun hun dilində “ucalıq, ululuq” anlamını əks etdirdiyini və bügünkü imperator sözünü əvəz etdiyini qeyd edir. Sonradan bu söz “xaqan” sözü ilə əvəz olundu. Əgər Meteyə qədər Şanyu real hakimiyyətə malik olmayıb, yalnız öz nüfuzuna güvənirdisə, onun dövründə Şanyu geniş irsi hakimiyyətə malik oldu. Şanyunun hakimiyyəti çox böyük idi, lakin mütləq deyildi. Şanyu seçkili şəxs idi. O, ömürlük seçilirdi, seçki formal xarakter daşıyırdı. Hakimiyyət irsən ötürülürdü, lakin irsi hakimiyyət e. ə. 101-ci ildə seçki sisteminin dəyişdirilməsi ilə rəsmiləşdirildi. Şanyu hun ordusunun ali baş komandanı, diplomatik korpusun rəhbəri idi. Mete ölkəsinin xarici siyasətinin əsasını milli maraqları təşkil edirdi. Onun hakimiyyətini hər birində 2 mindən 10 minə qədər döyüşçüsü olan qəbilə aristokratiyası –ağsaqqallar məhdudlaşdırırdı. Şanyuda sərkərdələr iki hissəyə bölünürdülər: sağlar və sollar. Sollar –güclü və varlı, sağda duranlar isə bir az zəif və kasıb idilər. Xaqana əyanlardan təşkil olunmuş insanlar idarəetmədə kömək edirdilər. Onlar da öz imkanları daxilində minbaşını, yüzbaşını, onbaşını təyin edirdilər. Şanyu eyni zamanda ölkənin ali dini rəhbəri idi. O, gündə 2 dəfə günəşə və aya ibadət edir, qurbanlar kəsərdi. Bu addımlar onun hakimiyyətinin güclənməsini təmin edirdi. Tanrının şərəfinə kəsilən qurbanlar hunların əcdadlarına, səmaya, yerə və ruhlara verilirdi. Mete səmaya və günəşə inamı yaymış, özünə isə “Səma və torpaqdan doğulmuş, günəş və ay tərəfindən təyin olunmuş” kimi təntənəli titul verilmişdi. Göründüyü kimi, Mete zamanında səmada təkallahlığı tərənnüm edən, yerdə isə vahid hakimiyyətə xidmət edən dini sistem yaradılmışdı.
Görkəmli rus hunşunası Biçurin yazır ki, Mete dövründə hunların 24 soydan üçü (Xuyan, Lan, Süybu) əsilzadə soylar hesab olunurdu. Şanyunun aid olduğu soy Si Lyuandi soyadını daşıyırdı. Şanyu yalnız bu üç soydan qız ala bilərdi. Deməli, dövlət aparatındakı yüksək vəzifələr bu soyların –zadəgan əyanların əlində idi. Nəzərə alanda ki, vəzifələr irsi idi, bunun nə demək olduğu aydın olur. Çin mənbələrinin verdiyi məlumata görə, Hun imperiyasında baş hakim yalnız Süybu soyundan olurdu.
Hunlar ildə 3 dəfə qurultay çağırırdılar. Qurultayda atalarına, göyün-yerin ruhlarına, Tanrıya qurban kəsirdilər. Şanyunu dəfn edərkən onu iç və çol tabuta keçirər, cəsədin yanına qızıl, gümüş və geyim qoyulurdu. Məzarların yeri məlum olmazdı, həmçinin yas paltarları geyinməzdilər. Şanyunun yoldaşı, nazirləri, cariyələri cənazə törəninə qatılır, dəfndə iştirak edənlərin sayı onlarla, yüzlərlə, hətta minlərlə olurdu. Ay parıldadığı zaman savaşa çıxır, ay işıq saçmadığı və görünmədiyində savaşdan geri dönürdülər. Savaşda düşmənin başını kəsənə bir kasa içki içirirdilər. Türk törəsinə görə savaşda ölənin cəsədini gətirənlər həmin şəxsin mülkünə yiyələnirdilər.
Hun cəmiyyəti qohumluq bölgə prinsipinə əsaslanan aristokratiyaya arxalanırdı. Aristokratların hakimiyyət iyerarxiyası vəzifələrinə və dövlətdə tutduqları mövqeyə görə çoxpilləli idi. Şanyu istedadlı aristokratlarla təmin olunmuşdu. Əsasən qan qohumluğu prinsipinə əsaslanan aristokratlar şərq və qərb hissələrinə bölünürdülər. Şərq aristokratları qərb aristokratlarına nisbətən daha yüksək səlahiyyətlərə malik idi. Qohumluq bölgə prinsipinə əsaslanan aristokratların yüksək təbəqəsi “Cuki” (“müdrik”) knyazla təmsil olunmuşdu. Cuki knyazı şanyudan sonra gələn ən yüksək vəzifə hesab olunurdu. Şərq Cuki knyazı taxt-tacın vəliəhdi idi. Onlardan bir pillə aşağıda “Luli” knyazlar gəlirdi. Növbəti pillədə “böyük başçı”, daha sonrakı pillədə isə “böyük duyuy” qərarlaşırdı. Ən sonuncu pillədə isə “böyük dunxu” dayanırdı. Aristokratiya nərdivanının pillələrində dayanan bu vəzifəli şəxslər şanyu nəslinin nümayəndələri idilər. Onlar tutduqları vəzəfələrdən asılı olaraq torpaq sahələri və şəxsi drujina saxlamaq hüququna malik idilər. Yuxarı səviyyəli knyazlar 10 minə qədər, aşağıdakılar isə 1-2 min nəfər drujinaçı saxlaya bilərdilər. Mete knyazların tutduqları vəzifəyə heç də layiqli olmadığını güman edirdi. Onların vəzifədən kənarlaşdırılması isə Mete hakimiyyətinin zəifləməsinə gətirib çıxara bilərdi. Lakin bacarıqsız knyazların hakimiyyətdə qalması dövlətin maraqlarına tamamilə zidd idi. Buna görə də Mete müəyyən dəyişiklik edərək knyazlara yalnız bacarığına görə seçilmiş köməkçilər təyin etdi. Bu şəxsləri öz ölkələrində “istedad aristokratiyası” adlandıırdılar. Aristokratların tərkibində təhlükəli iri boyların əyanları da təmsil olunurdular. Göründüyü kimi, e. ə. III-II əsrlərdə hunlar kifayət qədər güclü, mütəşəkkil, dövlət strukturu yaratmışdılar. Metenin həyata keçirdiyi islahatlar hun tayfa birliyini qüdrətli imperiyaya çevirdi. Hərbi müəkəlləfiyyət tətbiq edilməklə nizami ordu yaradıldı.
Hun cəmiyyəti patriarxal olduğu üçün uşaqlar anaya deyil, ataya məxsus olurdular. Böyük qardaş döyüşdə öldüyü zaman onun dul qalmış yoldaşını kiçik qardaşı almalı idi. Belə nigah forması qadını rəzalət, kasıbçılıq və əxlaqsızlıqdan uzaq saxlayırdı. Varlılar iki və daha çox arvad ala bilərdilər. Başlıq qadının anasına verilirdi. Qadın isə ər evinə heç nə gətirmirdi. Birinci qadın böyük və sevimli arvad hesab edilir, eyni zamanda mütləq türk olmalıdı idi. Onların yaşayış yerləri təkər üstə qurulmuş kibritkalar idi. Taxta və daşdan fərqli olaraq belə evlər şaxta və küləkdən daha çox qorunurdu. İkincisi isə təkərlər üstündə yerləşən evlər daha təhlükəsiz idi və istənilən təhlükə zamanı köç edə bilərdilər. Belə yaşayış evlərindən sonradan bütün türk tayfaları istifadə etmişdilər.
Dövlət aparatını saxlamaq, iqtisadi özülünü möhkəmləndirmək üçün külli miqdarda vəsait tələb olunurdu. Hun dövlətinə tabe edilmiş xalqlar vergi verdikləri halda hunlar vergi vermir, bunu azadlığı məhdudlaşdıran bir amil kimi qəbul edirdilər. Bu baxımdan dövlətin vergi yükü daha çox tabe edilmiş digər xalqların üzərinə düşürdü. Vergilər, bir qayda olaraq, natural şəkildə alınırdı. Dunxular ət və quzu dəriləri, Şərqi Türküstan əhalsi dəmir silahlar, digər xalqlar isə bahalı xəz-dəri məhsulları verirdilər. Çin hər zamankı kimi top ipək parçalar, qiymətli qumaşlarla hədiyyələr verirdi. Hunların maldarlıq təsərrüfatları bir-birindən aralıda yerləşən aillərdən (maldar köçlərindən) ibarət idi. Aillərin daxilində idarəetməni asanlaşdırmaq və kənar təsirlərdən qorunmaq üçün mütəşəkkil strukturlar yaradılırdı. Bu strukturları ailənin nüfuzlu üzvləri idarə edirdilər.
Çöllük mədəniyyətinin daşıyıcıları olan hunlar əsasən yurtalarda –alaçıqlarda yaşayırdılar. Dairəvi formada yuxarı hissəsi açıq olan yurtalarda yaşamaqla yanaşı, bir yerdən digər yerə daşımaq da asan idi. Ucsuz-bucaqsız ərazilərə nəzarət edən hunlar sayca kiçik tayfaları özündən asılı vəziyyətə salır və onları vergiyə cəlb edirdi.
Hun dövlətində sənətkarlıq və ticarət sürətlə inkişaf edir, beynəlxalq ticarət yolları üzərində yeni şəhərlər salınır, ipək ticarəti durmadan yüksəlirdi. Şimal və cənub ipək yolları Hun dövlətinin sərhədləri daxilindən keçir, dövlət xəsinəsinə külli miqdarda vəsait daxil olurdu. Əsas gəlir mənbələrindən biri də sənətkarlıq idi. Buğda, dənli bitkiləri, suyu, südü, kımısı saxlamaq üçün gil qablardan istifadə olunurdu. Hunlar zərgərlik sənətinin sirlərini mənimsəmişdilər. Qızıl və gümüş əşyalar üzərində müxtəlif döymələr, naxışlar vurmağı bilirdilər. Metal əridilməsinə daha çox önəm verir, bundan ötrü iri sobalar düzəldirdilər. Murad Adcı Avropaya iri sobalarda dəmir filizinin əridilməsi ənənəsini ilk dəfə Atilla hunlarının apardığını qeyd edir.
E. ə. II-I əsrlərdə Hun-Çin münasibətləri. İmperator U-dinin döv-ründə Hun-Çin müharibələri. Mete şanyunun ölümündan sonra onun varisləri atalarının qoyduğu yolu uğurla davam etdirdilər. Lakin Hun dövlətinin iqtisadi və hərbi qüdrəti qonşu Çini ciddi şəkildə narahat edirdi. İki ölkə arasındakı münasibət-lərin dinc yolla həlli məsələsi mümkünsüz görünürdü.
E. ə. 174-cü ildə taxta çıxan oğlu Giyuy Laoşan şanyu titulunu alaraq Şərqi Türküstandakı yuetciləri sonuncu dəfə darmadağın etdi (e. ə.166/165). Hunlar yuetciləri yaşadıqları ərazilərdən Sır-Dəryanın o biri sahilinə qovdu. Onların qoyub getdiyi ərazilərə isə özlərinin vassalı olan usunları yerləşdirdi. Yalnız bundan sonra Laoşan 140 minlik qoşunla sərhədi keçərək Çinin şimal-qərb torpaqları üçün təhlükə yatardı. Göstərilən əraziləri yağmalayan xaqan, imperatorun iqamətgahını yandırdı. E. ə. 162-ci ildə Ven-di Laoşana sülh müqaviləsi bağlamaq üçün müraciət etdi. Sülhə görə hər iki dövlət bərabərhüquqlu elan edildi. Əslində bu sülh müqavi-ləsi çinlilər üçün alçaldıcı və təhqiredici idi.
(ardı var)
Baxış sayı:32
Bu xəbər 08 Sentyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















