Tarixin möhürü Böyük Hun İmperiyası
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
(əvvəli BU LİNKDƏ)
...E.ə. 161-ci ildə hunlar Sarı çay (Xuanxe) boyunca uzanan Çeş şəhərini tutaraq Xueyçandakı imperator sarayını yandırdılar. Bununla imperiyanın o vaxtki paytaxtı Çanqan təhlükə altına düşdü. Laoşan Şanyu e. ə. 161-ci ildə vəfat etdi və oğlu Günçenə Çinlə həll edilməmiş ticarət problemini saxladı. Günçen dörd il Çinlə sülh münasibətlərini qorusa da e. ə. 158-ci ildə müharibəni bərpa etdi. Hərə-sində 30 min olmaqla iki hun dəstəsi şimaldan və qərbdən Çin ərazilərinə soxuldu, əraziləri yağmaladıqdan sonra yenidən düzənliyə qayıtdı. E. ə. 156-152-ci illərdə Çində vətəndaş müharibəsi alovlandı, lakin yeni hökumət problemləri həll etməkdə aciz görünürdü. Qiyamçılara dəstək vermədiklərinə görə Çin hökuməti e. ə. 152-ci ildə sülh müqaviləsi bağlayaraq sərhədyanı bazarları azad mübadilə üçün hunların üzünə açdı. L.Qumilyov e. ə. 152-ci ili “Hun gücünün kuliminasiya nöqtəsi” adlandırır.
E.ə. 142-ci ildə Çeşdən şimalda yerləşən İnmen istiqamətindən Çin səddinə zərbə endirən hunlar e. ə. 129-cu ildə isə Pekin ətrafını xarabalığa çevirdilər. E. ə. 140-cı ildə Çin taxtına çıxan imperator U-di ölkəsinin maraqlarına zidd olan sülh müqaviləsini qüvvədə saxladı. O, müqavilənin əsas müddəası olan azad ticarəti təsdiq etdi. Eyni zamanda hunlarla bir neçə dəfə mübarizəyə qoşulsa da məğlubiyyətə uğradı. E. ə. 129-cu ildə Çin hunlarla sərhəddə sərbəst ticarəti qadağan edib, qoşun toplamağa başladı. E. ə. 128-ci ildə isə Çin sərkərdəsi Vey Sin böyük bir ordu ilə hun ərazisinə daxil olur və Ordosu işğal edir. E.ə. 127-ci ildə çinlilər düşmən cəbhəsində yaranmış daxili ixtilaflardan ruhlandılar. Hücuma keçərək hunları indiki Monqolustanın içərilərinə çəkilməyə məcbur etdilər.
E. ə. 126-cı ildə Metenin nəvəsi Günçen xaqan dünyasını dəyişir. Onun ye-rinə Şərqi Luli knyazı İçisye şanyu gəlir. O, tez-tez Çinə yürüşlər edərək imperiyanı sarsıtsa da, Ordosu əlində saxlaya bilmir. İmperator U-di isə müharibəni Hun çölündə aparmaq fikrinə düşdü. E. ə. 124-cü ildə Çin 100 minlik ordu ilə hun köçlərinə hücum etdi. Mübarizə nəticəsində 15 min hun döyüşçüsü əsir alındı. Buna cavab olaraq hunlar Çinin qərb sərhədlərindən hücum edib ölkə ərazisinə soxuldular və Daygünə daxil olaraq minlərlə insanı əsir olaraq özləri ilə apardılar. U-di hunları ram etmək üçün bütün gücünü səfərbər etmişdi. E. ə. 119-cu ildə o yenidən 100 minlik ordu ilə hərəkətə keçdi. Bu dəfə onun məqsədi Qobi çölünü keçib xaqanın əsas iqamətgahını ələ keçirmək idi. Çin sərkərdəsi şərqi hunları döyüşdə məğlub edərək İnşanı tərk etməyə məcbur etdi. Qobi səhrası Hun və Çin dövlətləri arasındakı sərhəddə çevrildi.
E. ə. 114-cü ildə İçisye xaqan dünyasını dəyişdi və hakimiyyət oğlu Uveyin əlinə keçdi. E. ə. 105-ci ildə Uveyin ölümündən sonra hakimiyyət onun gənc oğlu Uşilaya keçdi. Bu zaman hunların Şərq Duyuyu Çinə carçı göndərərək şanyuyu öldürüb Çinin tərəfinə keçmək istəyini bildirdi. Lakin sui-qəsdin üstü açıldı və Duyuy edam edildi. Uşilanın xəstələnməsi nəticəsində körpə oğlu gələcək varisə çevrildi.
Hunlar Çinə kəskin münasibət bəsləyən Giylixoyu şanyu elan etdilər. O, e. ə. 101-ci ildə Çinə soxuldu, dəhşətli qırğınlar və talanlar törədərək özü ilə bir neçə min əsir gətirdi, sonra xəstələnərək vəfat etdi. Taxt-tacın vəliəhdi mərhumun körpə yaşlı nəvəsi olduğu üçün ağsaqqallar keçmiş seçki sisteminə qayıtmağı məqsədəuyğun hesab etdilər. Nəticədə e. ə. 101-ci ildə Şərq böyük Duyuyunun kiçik qardaşı Tzyuydixeu Şanyu seçildi. Çinlilər hunlara təbəəlik təklif etdilər. Şanyu isə dostluğu əsas tutaraq danışıqlara üstünlük verdi. Nəticədə danışıqların iflasa uğraması U-dini hunlarla yeni müharibəyə sövq etdi. E. ə. 97-ci ildə Selenqa çayı sahilində baş vermiş döyüşdə çinlilərin irəliləyişinin qarşısı kəsilərək geriyə otuzduruldu. Hunlar çinliləri sərhəddədək təqib etdilər. Təəssüf ki, Tzyuydixeu Şanyu vəfat etdi. Hakimiyyət kiçik oğluna keçsə də o buna cəsarət etmədi. Belə olduqda o hakimiyyət qanuni vəliəhd olan Xuluqu Şanyuya güzəştə getdi. İmperator U-di yeddi il hunlarla müharibəyə hazırlaşdı. Yeddi il Çin əhalisi yüksək dərəcədə yığılan vergilərdən əzab çəkdi. Nəhayət, e. ə. 90-cı ildə Çin böyük bir ordu ilə sərhəddi keçdi. 70 min süvari və 100 min piyada ilə Ordosdan çıxaraq şimala doğru hərəkət etdi. Əsas məqsəd hunların əsas qüvvələrini darmadağın etmək idi. Huluqu Şanyu Çin ordusunu asanlıqla tələyə saldı. Hunlar bütünlüklə Çin ordusunu məhv edir. Hunlar bütövlükdə keçmişdə olanların qisasını aldılar və yenidən Şərqi Asiyada hegemonluq etməyə başladılar.
E. ə. 87-ci ildə imperator U-di, e. ə. 85-ci ildə isə Xuluqu Şanyu vəfat etdi. Saraydaxili qruplaşmaların tayfa ağsaqqalları ilə ittifaqı nəticəsində e. ə 85-ci ildə Şərq Luli knyazının cavan oğlu Xuandi Şanyu hakimiyyətə gətirildi. E. ə. 80-ci ildə hakimiyyətə yenidən təmizqanlı, yəni qarışığı olmayan hunlar gəldi. E. ə. 74-cü ildə U-didən sonra taxta çıxmış imperator Caodi öldü. Hakimiyyətə yiyələnən Suyan-di müharibəni yeganə həll yolu hesab edərək 160 min yüngül silahlanmış süvari ordusunu səfərbər etdi. E. ə. 72-ci ildə Çin 160 minlik qoşunla Ordosdan hunların üzərinə yerisə də, kiçik toqquşmaları çıxmaq şərtilə hunlar vaxtında köç edib yerlərini dəyişmişdilər. Onlar qərbdən hücum edən usunların 50 minlik qoşununun qarşısında duruş gətirə bilmədilər. Usunlar hunların Qərb knyazının iqamətgahını darmadağın etdilər, minlərlə əsir götürüb Usuna apardılar. Hunlar eyni zamanda şərqdən uxuanların, şimaldan isə Şərqi dinlinlərin həmlələrinə rast gəldilər və ağır məğlubiyyətlə qarşılaşdılar. Lakin qısa müddətdə hunlar bütün güclərini səfərbər edib e. ə. 71-ci ildə usun köçlərinə soxuldular və qarşılarına çıxan hər kəsi məhv etdilər. Yalnız dağlara qaçanlar salamat qaldılar. Geriyə dönəndə isə güclü qar yağıntısına düşdülər və soyuqdan qoşunun əksər hissəsi məhv oldu. E. ə. 68-ci ildə Xuandi öldü və hakimiyyət Şərqi Çuki knyazı olan Huyuyluy Tsnankoy Xuandiyə keçdi. O, dərhal Çinlə sülh müqaviləsi bağlamaq təklifi ilə çıxış etsə də qarşı tərəfdən heç bir müsbət cavab almadı. Nəticədə Çinə uğursuz yürüşü zamanı xəstələnərək öldü. Hun sarayında çevriliş baş verdi və nəticədə Uyan-gyuydi Şanyu oldu. O, ölkə daxilindəki siyasi narazılığı aradan qaldıra bilmədi. E. ə. 59-cu ildə qiyamçılar 40 minlik ordu ilə paytaxta doğru irəlilədi və hökumət qüvvələri ilə qarşılaşdı. Şanyu ordusu müqavimət göstərmədən meydanı tərk etdi, şanyu isə özünü öldürdü.
Təxminən e.ə. I əsrin ortalarında hunlar arasında növbəti parçalanma baş verdi. Nəticədə, Hun daxilindəki siyasi böhran dərinləşdi və bu onların daha da zəifləməsinə gətirib çıxardı. Hakimiyyətə iddialı olan vəliəhd Xuxanye ilə ögey qardaşı Çiçi arasında mübarizə kəskin xarakter aldı. Şərqi Hun səltənətinin başçısı Xuxanye ilə Qərbi Hun səltənətinin başçısı Çiçi bir-birinə qarşı müharibə elan etdilər. Çiçi Xuxanyeyə hücum edib onu məğlub edərək Xanqaye iqamətgahını tutdu. Nəticədə qardaşlar arasında baş verən müharibə e. ə. 55-ci ildə dövlətin Qərb (Şimal) və Şərq (Cənub) ordalarına parçalanması ilə başa çatdı. Türk tarixçisi Rəfiq Özdək bu hadisənin e. ə. 58-ci ildə baş verdiyini qeyd edir. Xuxanyenin vəziyyəti olduqca ağır idi və bu səbəbdən Çinə müraciət edib onun vassalı olmağa razılaşdı. E. ə. 53-cü ildə Xuxanye Şanyu öz oğlunu Çinə rəsmi olaraq hərbi qulluğa, əslində isə girov kimi göndərdi. Bu isə faktiki olaraq Çin təbəəliyinin qəbul edilməsi demək idi. Qardaşı Çiçi xaqan mövcud reallıqla barışmayaraq qərb torpaqlarında dövlət çevrilişi edərək özünü Şanyu elan etdi. Göründüyü kimi, hun xalqı iki hissəyə parçalandı. Hunların əksəriyyəti Çiçinin tabeliyinə keçdi. Sakitlik və rahatlıq istəyən hunlar isə cənuba doğru –Xuxanyenin yanına getdilər. E. ə. 52/51-ci ildə əvvəlki əzəmətli Hun imperiyasını bərpa etməyə çalışan Xuxanye Şanyu Çinə gedərək imperator Suyan-di ilə görüşdü və ondan vassal asılılığını qəbul etdi. Nəticədə, e.ə II əsrdə açılan Böyük ipək yolunun Tibetdən Balxaş gölünə qədər olan hissəsi üzərində nəzarət Çinin əlinə keçdi. Beləliklə də onlar illərdir düşmənlərinə ödədikləri ağır vergidən canlarını qurtarmış oldular. Bundan sonra geri qayıdan Xuxanye Şanyu xalq tərəfindən qəbul olundu. Çinin himayəsi altına keçən Hun dövlətinin Çinlə e. ə. 47-ci ildə bağladığı sülh müqaviləsində “Xan və Hunnu sülalələrinin bərabərhüquqlu” olduğu qeyd olunurdu.
Çiçi Şanyu əvvəlki Hun imperiyasını bərpa etmək istəyirdi. Bunun üçün o ilk növbədə e. ə. 44-cü ildə usunları cəzalandırmaq və özünə tabe etmək fikrinə düşdü. Yolda bərk soyuq və şaxtaya düşən hun ordusunun əksəriyyəti qırıldı. O, yalnız 3 min nəfərlik ordu ilə Mərkəzi Asiyaya gəlib çıxa bildi. Azsaylı ordu ilə qaldığını bilən Çin usunları qorumaq bəhanəsilə Şanyuya qarşı 70 minlik qoşun göndərdi. Hunların min illərlə sınaqdan keçirilmiş hərbi taktikalarının əksinə olaraq qala müharibəsini intixab edən, bir sıra hun döyüş ənənələrini pozan Çiçi xaqan 8 il sonra e. ə. 36-cı ildə Talas döyüşündə Çin sərkərdəsi Çen Tonq tərəfindən ələ keçirilərək başı kəsildi. Bu, bütövlükdə qərbdəki hunların-qərb hunlarının düz 300 il boyunca tarix səhnəsindən silinmələrinə gətirib çıxardı. İpək yolu üzərində yerləşən 50-yə yaxın türk şəhərləri (Kaşcar, Hami, Yarkənd, Hoten) ələ keçirilərək qarət edildi. Türk tarixçisi Bahaəddin Ögəl bu müharibədə məğlubiyyətin səbəblərini Çinin hərbi qüdrətində deyil, Hun xaqanının əməllərində axtarmaq lazım olduğunu yazır. Həmçinin müəllif Çiçi xaqanın vaxtilə “Hun imperiyasının iki yüz il ərzində sadiq qaldığı dövlətlərarası hüquq anlayışlarına zidd olaraq Çin elçilərini öldürdüyünü” qeyd edir. Təbii ki, belə əməllər beynəlxalq münasibətlərdə Hun imperiyasının nüfuzunu sarsıtmaya bilməzdi. Digər tərəfdən, Çiçi xaqanın təbiətinə xas olan qəddarlıq onun bütün üstün cəhətlərini kölgədə qoymuş, qazanacağı zəfərlərə mane olmuşdu. O, Hun xaqanının ziddiyyətli tərəflərindən bəhs etdikdən sonra yazır: “Bütün bunlara baxmayaraq, hunlara və Mərkəzi Asiya tayfalarına “qərb yolunu açması və öyrətməsi” onun adını əbədiyyətə qovuşduracaqdır”. Göründüyü kimi, “qərb yolu”nu ilk dəfə hunlara Çiçi Şanyu tanıtmışdır. Bununla da iqtisadi və hərbi gücünü itirən hunlar dərin sarsıntıya məruz qaldılar. Hunların bu şəkildə zəifləməsini fürsət bilən türk əsilli siyanbilər hücuma keçərək hun qüdrətini tamamilə sarsıtdılar. Tamamilə dağınıq vəziyyətə düşən Şimal hunları “qərbə doğru” –Xəzər dənizinin şərqinə, Cənubi Qazaxıstan çöllərinə doğru köç etdilər.
Hunların iki hissəyə parçalanması. Hunların müstəqillikdən imtina edib vassalına çevrilmələri (e.ə.31-b.e.48-ci illər). E.ə. 33-cü ildə Xoxanye şərqdəki köçərilər (şimal hunları) üçün çox önəmli bir addım ataraq Çin şahzadəsi ilə evləndi. Bununla da Çinlə müttəfiq olan şimal hunları on illərdir davam edən əzab-əziyyətdən qurtuldular. Beləlikıə, bizim eranın I əsrində şimal hunları Çindən asılı vəziyyətə düşdülər. E. ə. 31-ci ildə vəfat edən Xuxanye Şanyu hakimiyyəti ikinci arvadından olan böyük oğluna vəsiyyət etdi. Vəliəhd Fucjueya Jodi Şanyu titulunu qəbul etdikdən sonra e. ə. 25-ci ildə Çinə səfər etdi və tabeçiliyini bildirdi. E. ə. 20-ci ildə vəfat edən Şanyunun yerinə kiçik qardaşı Suesye Jodi Şanyu gəldi. Maraqlıdır ki, Xuxanyedən sonra hakimiyyətə gələn Şanyuların hamısı böyük oğullarını birmənalı olaraq Çinə saray xidmətinə göndərdilər. Onlar orada fəxri girov kimi saxlanılırdılar.
E. ə. 8-ci ildə Hun sarayında hakimiyyəti Uçjulyu Jodi Şanyu ələ keçirdi. Elə həmin ildə imperator onun yanına elçi göndərib Çin ərazilərinin içərisinə girən torpaqları tələb etdi və rədd cavabı aldı. Bu ərəfədə Hun-Çin münasibətləri sabit olaraq qalırdı. Çinlilər çalışırdılar ki, hunları daha çox Çin mədəniyyətinə və çoxlu pula hərbi xidmətə cəlb etsinlər...
(ardı var)
Baxış sayı:117
Bu xəbər 15 Sentyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















