TEATRI YAŞATMAQ GƏRƏK Allahverdi Musayev: “Aktrisa sarıdan qıtlıq çəkirik”
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
“Müəyyən yaş hüduduna çatmış aktrisaları əvəz edə biləcək qüvvələrimiz demək olar ki, yox dərəcəsindədir”
Hər zaman olduğu kimi bu gün də teatrlarımızdan söhbət düşəndə öz yaradıcılıq potensial qüvvələri ilə diqqət mərkəzində olmağı bacaran Qazax Dövlət Dram Teatrı haqqında söhbət açmamaq mümkün deyil. Qeyd etmək lazımdır ki, Qazaxda ilk dəfə 1938-ci ildə kolxoz-sovxoz teatrı fəaliyyət göstərməklə sonradan 1943-cü ildən dram teatrına çevrilərək ona Səməd Vurğunun adı verilib. 1949-cu ilə qədər Dövlət Dram Teatrı kimi fəaliyyət göstərib. O dövrdə repertuarında əsasən Azərbaycan və dünya klassiklərinin pyesləri, həmçinin müasir ədəbiyyat nümunələri geniş yer alıb. 1960-cı ildən “Xalq teatrı” kimi mövcud olan bu mədəniyyət ocağı 1988-ci ildən “Dövlət Dram Teatrı” statusu ilə yenidən fəaliyyətə başlayıb. 1989-cu il iyun ayının 1-də Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi faciəsi ilə ilk tamaşasını teatrsevərlərinə təqdim edib. Yaradıcı kollektiv repertuar zənginliyini qoruyub saxlamaq məqəsədilə rus, alman, bolqar, türk, tacik dramaturqlarının əsərlərinə müraciət edib. Klassik və müasir Azərbaycan dramaturgiyası isə teatrın repertuarının əsasını təşkil edib.
Bu gün də yaradıcı kollektiv teatr ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqəsdilə uğurla çalışır. Teatrın yaradıcılıq yoluna yenidən nəzər salmaq, repertuar planları eləcə də yeni uğurları haqqında tanış olmaq məqsədilə müsahibim teatrın direktoru vəzifəsini müvəqqəti icra edən Allahverdi Musayevdir.
Allahverdi Əhməd oğlu Musayev 25 may 1983-cü ildə Qazax rayon Aşağı Əskipara kəndində anadan olmuş, 1989-2000-ci illərdə İslam Nəsilov adına Aşağı Əskipara kənd orta məktəbini bitirib, 2000-2004-cü illərdə dram-kino aktyoru ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Elə həmin ildən də Qazax Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. O, 2005-2014-cü illərdə aktyor, 2015-ci ildən isə quruluşçu rejissor vəzifəsində çalışır. 2023-cü ildən isə Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsni müvəqqəti olaraq icra edir.
Allahverdi Musayev bu illər ərzində Qazax Dövlət Dram Teatrının səhnəsində quruluş verilən Oktay Altunbayın “40-cı otaq”da Qaraduman, Con Steynberqin “Siçanlar və adamlar”da Lenni, Vaqif Səmədoğlu “İntihar”da Azər, Elçinin “Dəlixanadan dəli qaçıb”da Siyasi icmalçı, “Mənim ərim dəlidir”də Qonşu, Əli Əmirlinin “Varlı qadın”da Qara, Seyfəddin Dağlının “Oyun bitdi”də iki həkim, Firuz Mustafanın “Qarışqa tələsi”də Oğlan, Əhməd Orucoğlunun “Pul dəlisi”də Dəli, Nəcəf bəy Vəzirovun “Ağa Kərimxan Ərdəbili”də Səfərəli, Orxan Kamalın “Yad qızı”da Polis rəisi, Süleyman Sani Axundovun “Tamahkar”da İmran, Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”da Bayram, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”də Qasım ağa, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”də Fərəcov kimi maraqlı obrazlarda çıxışlar edib. O, həmçinin bu teatrın səhnəsində Elçin Hüseynbəylinin “İmperator”, İskəndər Coşqunun “Ana laylası”. Viktor Hüqonun “Bir edam məhkumunun son günü”, Əhməd Orucoğlunun “Pul dəlisi”, “Qulluqçu axtarıram”, Jalə İsmayılın “Min bir gecəlik kitabxana”, Şəbnəm Xeyrullanın “Arqon” pyeslərinə səhnə həyatı bəxş edərək maraqlı rejissor traktofkası ilə diqqət mərkəzində olmağı bacarıb.
- 2024-2025-ci teatr mövsümündə yaradıcılıq atmosferinə təsir edən əsas amillər hansılar olub?
Hamıya bəllidir ki, İncəsənət Universitetini bitirən aktyor və ya rejissor heyətini regionlara dəvət edib işlə təmin etmək çox çətin məsələdir, bunun obyektiv və subyektiv səbəbləri var, həm yaradıcı adam üçün paytaxtda inkişaf etmək daha cəlbedici və asan görünür, həm də maddi tərəfdən rayon sakini deyilsə indiki əmək haqqı ilə həm kirayədə qalmaq həm də özünü saxlamaq çətin məsələdir. Ona görə də biz çalışırıq ki, yerli gənclərlə əməkdaşlıq edək, yaradıcı heyətin cavan kadrlarla yenilənməsinə çalışırıq, sevindirici haldır ki, Bakı Dövlət Universitetinin Qazax filialı ilə əməkdaşlığımız öz səmərəli nəticəsini verib. Belə ki, bu mövsümdə Universiteti bitirmiş istedadlı tələbələrindən üç nəfəri kollektivimizə dəvət edib işlə təmin etmişik və bu da şubhəsiz ki, yaradıcı işimizə çox müsbət təsir edir.
- 2025-ci teatr mövsümündə hazırlanan yeni tamaşalar haqqında nə deyə bilərsiniz?
- 2025-ci ilin teatr mövsümü Qazax Dövlət Dram Teatrı üçün məhsuldar bir il olmuşdur. Belə ki, teatrın baş rejissoru, Respublikanın Əməkdar artisti Musa Eyyubov 44 günlük Vətən Müharibəsinə həsr olunan Əli Əmirlinin “Xeyir Xəbər” pyesi əsasında “Şəhid atası” tamaşasını hazırlayıb. Yeni tamaşa Qazax ictimaiyyəti tərəfindən çox müsbət qarşılanıb. Bu movsümdə mən gənc və istedadlı dramaturq Şəbnəm Xeyrullanın qələmə aldığı “Arqon” adlı mono-pyesinə quruluşçu rejissor olaraq müraciət etdim. Absurd-gerçəkçilik üslubunda yazılmış bu pyesdə həyatında heç bir uğura imza ata bilməyən, gerçək həyatla ayaqlaşmayan, həyatından bezib intihara qalxan adamın keçirdiyi psixoloji sarsıntıdan bəhs edilir. Biz bu əsərlə mini-tamaşalar festivalında çıxış etmək niyyətindəyik. Bundan əlavə teatrımızın quruluşçu rejissoru, Respublikanın Əməkdar artisti, Xəzər Gəncəli repertuardan kənar iki tamaşa hazırlayıb. Bunlardan biri yazıçı-publisist, Əməkdar İncəsənət xadimi Ağalar İdrisoğlunun ailə-məişət mövzusunda yazmış olduğu “Teleqram” pyesi, digəri isə türk yazarı Cahid Atayın mövzusu kənd həyatından bəhs edən “Pusquda” dramıdır. Repertuarımızda uşaq tamaşalarına da yer verilir. İyun ayının 1-də “Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibəti ilə teatrın baş rejissoru Musa Eyyubov yazar Cəmilə Allahverdiyevanın eyni adlı pyesi əsasında “Əkil və Bəkil” adlı uşaq tamasası hazırlayıb, məktəblilərin qış tətili günlərində Vüsal Hüseynovun yazdığı və quruluş verdiyi “Yeni il möcüzəsi”, yaz tətilində isə Ceyhun Vəlizadənin yazdığı və quruluş verdiyi “Ünsürlərin sehri bir, bulağın sirri” tamaşaları hazırlanıb.
- Qastrol səfərləri haqqında nə deyə bilərsiniz?
- Teatrımız vaxtaşırı Qazax rayonun kəndlərində eləcə də Ağstafa, Gədəbəy, Tovuz, Şəmkir rayonlarında da qastrol səfərlərində olub. Həmin rayonların səhnəsində Ağalar İdrisoğlunun müəllifi olduğu “İnan mənə” (rejissor: Xəzər Gəncəli), Əli Əmirlinin “Onun iki qabırğası” (rejissor: Musa Eyyubov), yenə də eyni dramaturqun “Şəhid atası” pyesi (rejissor: Musa Eyyubov) uğurla nümayiş etdirilib. Ötən il teatrımız 27 oktyabr 3 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “3-cü Beynəlxalq Teatral Festivalı”nda iştirak etdi. Həmçinin teatr Qazaxıstanın Əməkdar İncəsənət xadimi, yazar Roza Mukanovanın 60 illik yubileyinə onun yazmış olduğu “Bir çətir altında - mən” tamaşası ilə çıxıs etdi. Yeri gəlmişkən Qazaxıstanın və Qırğızıstanın da qatıldıgı bu festivalda 12 tamaşa nümayiş etdirildi. Azərbaycanı da bizim teatr təmsil edirdi. Ən yaxşı kişı rolu üçün təsis olunan mükafata gizli səs vermə yolu ilə teatrımızın aktyoruXəzər Gəncəli layiq görüldu. O, məslək etibarı ilə rejissor olsa da bu tamaşada ozünü aktyor kimi sınadı və uğurlu bir ifa ilə qazaxıstanlı tamaşaçıların rəğbətini qazandı. Bu bizim teatrımızın respublikadan kənarada ilk səfərimiz və böyük uğurumuz idi. Qeyd edim ki, əsəri rus dilindən tərcüməsi də Xəzər Gəncəliyə məxsusdur. Mükafat olaraq Xəzər Gəncəliyə uğurlu ifası üçün beş yüz min qazaxıstan təngəsi (təxminən 1700 manat) verildi. Bundan əlavə yaradıcı kollektivimiz bu ilin yanvar ayında “Bölgə teatrlarının Bakı premyeraları” çərçivəsində iki tamaşa ilə cıxışlar etdi. Bunlardan biri rejissor Mirzə Nicatın hazırladığı “Love butik” (müəllif : Jalə İsmayıl), digəri Abdulla Soyun Samuel Beklerim pyesi əsasında hazıradığı “Səmirsiz” pyesinin tamaşalarıdir. Hər iki tamaşa Akademik Milli Dram Teatrının səhnəsində numayiş etdirilib və “Səmirsiz” mono – tamasasına görə quruluşçu rejissor Abdulla Soy “Orjinal rejissor həllinə görə” Rüfət Əhmədov isə “Ən yaxşıaktyor” nominasiyaları üzrə mükafata layiq görülüblər. Həmçinin qeyd edim ki, “Love butik” pyesinin tamaşası Mədəniyyət TV-nin efirində canlı nümayiş etdirildi.
- Yeni mövsümdə hansı tamaşaları hazırlamaq nəzərdə tutulub?
- Yeni mövsümdə repertuar planına uyğun olaraq teatrımızla müntəzəm əməkdaşlıq edən iki rejissoru yenidən dəvət etmişik. Onlardan biri Füzulu Dövlət Dram Teatrının baş rejissoru Mirzə Nicatdır. O, bizim teatrda məşhur türk dramaturqu Tuncer Cücenoğlunun “Uçqun” pyesini hazırlayacaq. DigəriSəməd Vurğun adına Akademik Dövlət Rus Dram Teatrının aktyoru Abdulla Soy isə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinə quruluş verəcək. Ayrıca mən də Xalq şairi Nəriman Həsənzadənin “Zəfər yolu” kompizisiyasını hazırlayacağam. Repertuardan kənar isə Xəzər Gəncəli Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi əsasında mono-tamaşa hazırlamaq niyyətindədir.
- Dövlət sifarişi ilə hazırlanan tamaşalar varmı? Ümumiyyətlə Dövlət sifarişli tamaşaların hazırlanması prosesi teatrın yaradıcılıq imkanlarının inkişfına necə təsir göstərir?
- Əslində Dövlət sifarişi ilə tamaşaların hazırlanması yaxşı bir haldır və bu proses ümumi teatrların yaradıcılıq imkanlarının genişləndirilməsinə böyük təkandır. Ancaq təəssüf ki, hər dəfə də gözlədiyimiz kimi olmur. Məsələn, təyin olunduğum ilk ili məndən öncə direktor vəzifəsini muvəqqəti icra edən baş rejissor Musa Eyyubov Tuncer Cucenoğlunun “Dosye” əsərini dövlət si-farişilə hazırlanması üçün mədəniyyət nazirliyinə bir müraciəti olmuşdur. O əsər üçün il ərzində bütün yazışmaları mən də davam etdirərək çox çətin proseslərdən keçdim. İlin sonunda isə hansısa bəlli olmayan səbəbdən sifarişə vəsait ayırlmadı. Vəziyyəti belə gördükdən sonra daha heç bir tamaşa üçün sifariş yazmadım.
- Beynəlxalq və Respublika miqyaslı Teatr Festivallarında iştirak etmək planlaşdırılırmı?
- Bəli, belə bir niyyətimiz var. Mənim quruluşumda hazırlanan “Arqon” pyesinin tamaşası ilə Pribaltika ölkələrinin birində keçiriləcək mono-tamaşa festivalına qatılmaq istəyirik. Xəzər Gəncəlinin bu yaxında hazırladığı “Pusquda” pyesinin tamaşası ilə hər il Türkiyədə keçirilən “Beynəlxalq Qara Dəniz Teatr Festivalı”nda iştirak etmək niyyətindəyik.
- Yeni kadr potensialının, gənc kadrların teatra cəlb edilməsi işi necə aparılır? Ümumiyyətlə gənclərin teatra cəlb edilməsi prossesi necə həyata keçirilir?
- Yeni kadrların cəlb olunması məsələsinə gəlincə, bizim burada müəyyən çətinliyimiz hələ mövcuddur. Belə ki, aktrisa sarıdan qıtlıq çəkirik. Müəyyən yaş hüduduna çatmış aktrisaları əvəz edə biləcək qüvvələrimiz demək olar ki, yox dərəcəsindədir. Düzünu desəm, teatr studiyasının yaradılmasına hava-su kimi ehtiyacimız var. Təəssüflər olsun ki, bəzi region teatrlarda studiyalar fəaliyyət göstərdikləri halda biz bu kimi imkanlardan yararlana bilmirik. Amma Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri arasında teatrla maraqlanan gəncləri cəlb etməklə onlarla söhbətlər edir, teatra gənc kadr potensialı olaraq cəlb etmək üçün çalışırıq. Mümkün qədər bu niyyətimizi reallaşdıra bilirik.
- Teatra dəvətli rejissorların cəlb edilməsi məsələlərində maraq nə dərəcədədir?
- Az öncə qeyd etdiyim kimi bizimlə Mirzə Nicat və Abdulla Soy kimi perspektivli rejissorlar əməkdaşlıq edirlər. Onlar bizim teatrda “Love butik” və “Səmirsiz” adlı standart olmayan qeyri-adi yaradıcılıq yanaşması xüsusiyyətləri ilə seçilən kreativ tamaşalara imza atıblar. Və bu tamaşalar paytaxt teatrsevər tamaşaçıları tərəfindən də rəğbətlə qarşılanıb. İndi bu rejissorlar üzümüzə gələn teatr mövsümündə də yeni tamaşalar hazırlamaq niyyətindədirlər. Bu məqsədlə Abdulla Soy “Ölülər”, Mirzə Nicat isə “Uçqun” pyeslərinə səhnə təcəssümü verəcəklər. Yeri gəlmişkən Xəzər Gəncəlinin də teatrımıza gəlişi yeni bir yaradıcılıq atmosferi yaratmış, maraqlı tamaşaların ərsəyə gəlməsində az rol oynamamışdır. O, təcrübəli rejissor olmaqla yanaşı teatrda həm də yeri gəldikcə pedaqoji fəaliyyət də göstərir, teatrda çalışan gənclərə zaman-zaman teatr sənətinin, eləcə də aktyorluq sənətinin sirlərini öyrədir.
- Bu gün teatrın tamaşaçı problemi məsələləri necə tənzimlənir?
- Təbii ki, region teatrında paytaxtdakı kimi könüllü bilet satışı ilə teatr saxlamaq çətin məsələdir. Ancaq mədəniyyət nazirliyinin, regional mədəniyyət idarəsinin, Qazax və ətraf rayonların həmkarlar ittifaqlarının dəstəyi ilə bilet satışı olur. Premyera və xüsusi vaxtlarda isə acıq qapı günləri təşkil edirik. Məhz bu səbəbdən də tamaşaçı baxımından elə bir şikayətimiz yoxdur. Təxminən 400 nəfərə yaxın tamaşaçı tutumu olan teatr salonumuz heç bir zaman boş olmur. Qazax tamaşaçısının teatra olan marağı günbəgün artmaqdadır. Xüsusilə tələbə, müəllim heyətindən ibarət tamasaçı kütləsi tez-tez tamaşalarımıza baxmağa gəlir, kollektivimizlə yaradıcılıq diskussiyasına girir, tamaşaları təhlil edirlər.
- Teatrın texniki-maddi bazasının vəziyyəti müasir dövrlə ayaqlaşa bilirmi? Problemlər nədən ibarətdir?
- Ölkənin demək olar ki, bütün teatrlarında olmuşam, dünya teatr binalarına baxanda müasir texnikaları nəzərə alanda bu problem bütün teatr-larımızda var. Amma teatrımıza gəldikdə isə bizim binamız yoxdur. Mədəniyyət mərkəzinin səhnəsini icarəyə götürmüşük, məşqlərimizi burda keçirir və tamaşalarımızı da burada göstərməli oluruq. Demək olar ki, rayonun ən böyük zalı Mədəniyyət mərkəzində olduğu üçün müəyyən dövlət tədbirləri, mədəniyyət mərkəzinin iclasları, musiqi məktəblərinin konsertləri də bu səhnədə baş tutur və çox vaxt plansız, xəbərdarlıq olmadan təşkil olunduğundan bizim tamaşa və məşqlərimizə ciddi şəkildə maneyə olur. Əlavə olaraq səhnənin hərlənən dairəsi olmadığı üçün çox pərdəli tamaşaları hazırlamaqda çətinlik çəkirik. Bununla da hadisələrin daha çox bir məkanda baş verdiyi lokal pyeslərə müraciət etməyi üstün tuturuq. Bildiyiniz əsas işıq sistemində də çatışmamazlıqlar mövcuddur. Ayrıca olaraq bu sahədə təcrübəli, işini peşəkarcasına bilən mütəxəssisə də ehtiyac duyulmaq-dadır. Səs sistemi, radist məsələsi də bizdə köks ötürəcək mövzulardan biri olaraq qalmaqdadır. Ümumiyyətlə, burada çalışan texniki heyətin peşəkarlığının artırılması teatrımızda ən aktual ciddi məsələlərdəndir. Ümumiyyətlə teatrımızda istər yaradıcı, istərsə də texniki heyətdə əsaslı re-formaya ehtiyac vardır. Vaxtı ilə kadr siyasətində yol verilən nöqsanlar zamanla aradan qaldırılmalı, işini peşəkar səviyyədə yerinə yetirən kadrlar teatra cəlb edilməlidir. Təbii ki, bu proseslərin reallaşması üçün isə illər lazımdır.
- Yeni mövsümün uğurlarını nədə görürsünüz?
- Yeni mövsumə ciddi cəhdlə hazıraşmaqdayıq. Amma uğur qazanmaq üçün çalışmaq və yalnız çalışmaq lazımdır. Bu istiqamətdə dəvət etdiyimiz rejissorların tamaşalarına böyük ümidlər bəsləyirik. Ötən illərdə əldə etdiyimiz müvəffəqiyyətləri təkrar etmək istəyirik. Əlavə olaraq yeni kadrların cəlb olunması məqsədi ilə studio teatrı təşkil etmək istəyirik. Həmçinin tamaşalarımızın təşkili üçün rayonlara qastrollar düşünürük və təbiiki, qarşıda gələn festivallara da hazırlıqlar gedir. Bir sözlə işlərimiz, plan-larımız çoxdur, növbə ilə hamısını həyata keçirmək niyyətindəyik.
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi
.jpeg)
.jpeg)


