Təhsildə vahid yanaşma və peşəkar davranış
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Dünyəvi təhsil dövlətin və cəmiyyətin inkişafinda mühüm yer tutur. Onun mahiyyəti tədris prosesinin elmi biliklərə, qanunvericiliyə və ümumbəşəri dəyərlərə əsaslanması, şagirdlər üçün bərabər təhsil imkanlarının yaradılması ilə bağlıdır. Çağdaş təhsil, eyni zamanda, elmi düşüncəni inkişaf etdirir, şagirdlərə insan hüquqlarına hörmət etməyi aşılayır.
Texniki-humanitar liseyin coğrafiya müəllimi Turə Əzizova XQ-yə açıqlamasında qeyd etdi ki, Azərbaycan təhsil sistemində dünyəvilik və millilik prinsipi xüsusi əhəmiyyət daşıyır:
– Bu vəhdət həm köklərimizə bağlı, həm də müasir dünyaya açıq nəsil yetişdirməyin təməlidir. Məktəblərimizdə tədris edilən milli dəyərlər, ana dili və zəngin tariximiz şagirdlərdə vətənpərvərlik ruhu və milli kimlik şüuru formalaşdırır. Eyni zamanda, təhsilin dünyəvilik prinsipi gənclərin elmin, texnologiyanın və qlobal düşüncənin işığında, xurafatdan uzaq və azad fikirli fərdlər kimi böyüməsini təmin edir. Belə bir təhsil mühiti gələcək nəsillərin öz mədəniyyətini qoruyaraq beynəlxalq arenada rəqabətədavamlı kadrlar kimi yer tutmasına imkan yaradır. Bu fundamental prinsiplərin real həyatda vətəndaşlıq mövqeyinə çevrilməsi isə bilavasitə müəllimin gündəlik fəaliyyətindən və şəxsi nümunəsindən asılıdır”.
Müsahibimiz bildirdi ki, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə edilən dəyişikliklərlə bağlı müvafiq qərarı və bu qaydalara riayət olunması məsələsi cəmiyyətimiz üçün xüsusi önəm kəsb edir:
“Məktəbli forması şagirdlərin fərqli kimliklərini qoruyaraq bir kollektivdə birləşməsinə uyğun yanaşmadır. Vahid məktəbli geyimi şagirdlər arasında zahiri fərqləri aradan qaldırır və tədris mühitində nizam-intizam yaradır, həmçinin dostluğu, birlikdə öyrənməyi önə çəkir. Birlik yaratmaq üçün nəzərdə tutulan vahid geyim hər bir uşağın məktəb həyatında rahat iştirakına xidmət edir”.
Turə Əzizova onu da vurğuladı ki, yalnız şagirdlərin deyil, həm də təhsilverənin geyiminin məktəb mühitinə uyğun olması vacib amillərdəndir:
– Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər”in təsdiq edilməsi haqqında qərarı da məhz dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsinə və məktəblərdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına yönəlib. Bu tələblərin tətbiqi məktəbdə peşəkar iş mühitinin qorunması, təşkilati qaydaların ardıcıl həyata keçirilməsi və təhsil müəssisəsinin ümumi fəaliyyət mədəniyyətinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Müəllim fəaliyyəti yalnız fundamental biliklərin ötürülməsi ilə məhdudlaşmır, o, həm də fərqli düşüncələrə tolerant yanaşmağı, hüququn aliliyini qorumağı və vətəndaş məsuliyyətini aşılayan mənəvi missiyadır. Bu keyfiyyətlər məktəb mühitində, müəllim-şagird münasibətlərinin səmimiyyətində və kollektiv davranışların təcrübəsində formalaşır.
Göründüyü kimi, bu gün məktəb divarları arasında formalaşan geyim mədəniyyəti və nizam-intizam, sabah cəmiyyətdə qarşılıqlı hörmətin və peşəkar davranışın siması olacaq. Bu gün məktəbdə yaratdığımız mühit gələcəyin savadlı, mənəviyyatlı və güclü vətəndaşlarını formalaşdıracaq. Əsl uğur da biliklə mədəniyyətin, milli dəyərlərlə dünyəvi düşüncənin birlikdə inkişafı nəticəsində əldə edilə bilər.
Əli SADIQOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 17 Oktyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















