Təmiz şəhər quruculuğunun elmi əsasları
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə Bakıda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq simpozium keçirilir.
Elmi müzakirənin məqsədi şəhərsalmanın ətraf mühitə, biomüxtəlifliyə və insan sağlamlığına təsirini elmi baxımdan araşdırmaq, dayanıqlı və sağlam şəhər mühitinin formalaşdırılması istiqamətində aktual məsələləri müzakirə etməkdir.
Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor vəzifəsini icra edən akademik İradə Hüseynova və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış ediblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, yaşıl iqtisadiyyat, alternativ enerji mənbələri və ekoloji yanaşmalar dünyada yeni inkişaf mərhələsinin – yaşıl sivilizasiyanın formalaşmasına zəmin yaradır. Yaşıl enerji və yaşıl iqtisadiyyat anlayışlarının genişlənməsi təkcə enerji sektorunda deyil, sənayedə, şəhərsalma və ətraf mühitin qorunması sahələrində də mühüm dəyişikliklərə yol açır. Bu baxımdan yaşıl sivilizasiya anlayışı ekoloji sivilizasiyadan daha geniş məzmun daşıyır və yeni inkişaf modelini ifadə edir.
Akademik qeyd edib ki, Azərbaycanda həyata keçirilən yaşıl inkişaf siyasəti müasir şəhərsalma ilə uzlaşdırılmalı, xüsusilə Qarabağda Böyük Qayıdış prosesi zamanı ekoloji tarazlığın qorunması, alternativ enerji mənbələrindən istifadə və dayanıqlı infrastrukturun yaradılması diqqətdə saxlanılmalıdır. Qarabağda bərpa və quruculuq işləri yalnız binaların tikilməsi və infrastrukturun yaradılması ilə məhdudlaşmır, eyni zamanda, yaşıl dünyanın prinsiplərinə uyğun inkişafı da əhatə edir. Bu yanaşma gələcəkdə sağlam yaşayış mühitinin formalaşmasına və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
Simpozium çərçivəsində şəhər mühiti və insan sağlamlığına molekulyar-genetik və sistemli yanaşmalar, ekoloji risklər, ətraf mühitin fraqmentasiyası, çirklənmə və səs-küy amilləri, şəhər biomüxtəlifliyi və ekosistemlərin davamlılığı kimi mövzular müzakirə olunub. Çıxışlarda yaşıl infrastruktur və bioadaptiv memarlıq, sağlam və dayanıqlı şəhər modelləri, urban stres və psixi sağlamlıq problemləri, şəhər mühitinə xas yoluxucu və qeyri-yoluxucu xəstəliklər, profilaktik urban yanaşmalar diqqət mərkəzində olub.
Müzakirələrdə ekoloji təhlükəsiz şəhərlərin yaradılması üçün innovativ və normativ-hüquqi həllər, şəhərsalmanın biomüxtəlifliyin qorunmasına və dayanıqlı inkişafa təsiri, müasir şəhərsalmanın biotəhlükəsizlik məsələləri ətraflı nəzərdən keçirilib. Elmi məclis şəhər mühitinin ekoloji və bioloji xüsusiyyətlərinin, insan sağlamlığına təsir edən amillərin və sağlam urban mühitinin formalaşdırılması yollarının elmi müstəvidə müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
T.RÜSTƏMLİ
XQ
Baxış sayı:106
Bu xəbər 17 Oktyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















