Icma.az
close
up
RU
Tərəqqi və yüksəlişin davamı “Şəhərsalma və Memarlıq İli”

Tərəqqi və yüksəlişin davamı “Şəhərsalma və Memarlıq İli”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Təqvimdə bu təyinat quruculuq və abadlığın irimiqyaslı hədəfini ifadə edir

Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin sosial-iqtisadi, mədəni və strateji inkişaf xəttində mühüm mərhələ kimi böyük əhəmiyyət daşıyır. Bu qərar memarlıq sahəsinə diqqətin artırılması ilə bərabər, eyni zamanda, Azərbaycan dövlətinin tarixi irsin qorunması, müasir urbanizasiya çağırışlarına cavab verən şəhər mühitinin formalaşdırılması və dayanıqlı inkişaf məqsədlərinə sadiqliyinin ifadəsidir.

Azərbaycan şəhərsalma və memarlıq mədəniyyəti minilliklər boyu formalaşmış zəngin tarixi irsə əsaslanır. İpək Yolu üzərində yerləşən şəhərlərimiz – Gəncə, Şamaxı, Naxçıvan, Bakı, Şəki və digər mərkəzlər tarixən ticarət, sənətkarlıq və mədəniyyət ocaqları kimi Şərq və Qərb sivilizasiyalarını birləşdirən mühüm məkanlar olub. Bu şəhərlərin planlaşdırma quruluşu və memarlıq siması milli mədəniyyətimizin dərin qatlarını bugünədək yaşadıb.

Ölkə ərazisində mühafizə olunan qalalar, karvansaralar, məscidlər, türbələr və körpülər Azərbaycan memarlıq məktəbinin kamil bədii-estetik səviyyəsini nümayiş etdirir. Möminə xatun türbəsi, Xudafərin körpüləri, Atəşgah kompleksi kimi abidələr təkcə milli deyil, həm də bəşəri mədəniyyətin ayrılmaz hissəsi kimi qəbul olunur. Azərbaycan şəhərsalma və memarlıq irsinin beynəlxalq səviyyədə tanınmasının ən parlaq göstəricilərindən biri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələrdir. İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası, Şəkinin tarixi mərkəzi və Xan Sarayı qədim və orta əsr şəhər mədəniyyətinin canlı nümunələri kimi dünya miqyasında böyük dəyərə malikdir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamda vurğulandığı kimi, 900 illiyi UNESCO çərçivəsində qeyd olunan dahi memar Əcəmi Naxçıvaninin yaradıcılığı da Azərbaycan memarlığının təkcə regional deyil, həm də Yaxın Şərq memarlıq tarixində həlledici rol oynadığını təsdiqləyir. Onun formalaşdırdığı memarlıq məktəbi funksionallıqla estetik kamilliyi ustalıqla birləşdirən nadir sənət zirvəsidir. 900 illik yubileyləri UNESCO çərçivəsində keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin Orta əsrlər memarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir.

Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapıb. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlayıb.

Onu da qeyd edək ki, XIX əsrin ortalarından etibarən Azərbaycanın şəhərsalma strukturunda mühüm dəyişikliklər baş verib. Sürətli sənayeləşmə Bakını regionun aparıcı şəhərinə çevirməklə yanaşı, onun memarlıq simasında da unikal sintez yaradıb. Neft bumu dövründə inşa edilən binalar Şərq ornamentləri ilə Avropa klassik üslubunu birləşdirərək paytaxt mühitinin problemlərini tədqiq edən, layihələndirən və həllər tapan innovativ bir mərkəzə çevirib. XX əsrdə isə milli memarlıq ənənələrinin yaradıcı şəkildə tətbiqi xüsusi əhəmiyyət kəsb edib, Mikayıl Hüseynov və Sadıq Dadaşov kimi görkəmli memarların fəaliyyəti nəticəsində milli üsluba əsaslanan müasir memarlıq formalaşıb.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə şəhərsalma və memarlıq sahəsində köklü dönüş baş verib. Tarixi şəhər mühitinin qorunması, memarlıq abidələrinin bərpası, şəhərsalma fəaliyyətinin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi məhz həmin illərdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Bu yanaşma müasir dövrdə həyata keçirilən genişmiqyaslı layihələr üçün möhkəm təməl yaradıb.

Sərəncamda qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə dahi şəxsiyyətin təşəbbüsü əsasında vacib qərarlar qəbul olunub, tədbirlər həyata keçirilib, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılıb, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını gerçəkləşdirən institusional təsisatlar qurulub.

Müstəqillik illərində isə Azərbaycan şəhərsalması keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bakı Ağ Şəhər layihələri kimi monumental komplekslər müasir memarlığın milli kimliklə vəhdətinin parlaq nümunələri kimi diqqət çəkib. Bu layihələr təkcə estetik deyil, eyni zamanda, sosial baxımdan şəhər mühitinin keyfiyyətini yüksəldib.

Bu dövrdə paytaxtla yanaşı, regionlarda da şəhər və qəsəbələrin siması əsaslı şəkildə dəyişib, tarazlı regional inkişaf konsepsiyası real nəticələrlə müşayiət olunub. 44 günlük Vətən müharibəsindən sonra düşməndən təmizlənən ərazilərdə həyata keçirilən bərpa layihələri isə Azərbaycan şəhərsalma tarixində unikal nümunələrə çevrilib. Qısa müddətdə onlarla şəhər və kənd üzrə planlaşdırma sənədlərinin hazırlanması, “yaşıl enerji” və “ağıllı” şəhər konsepsiyalarının tətbiq edilməsi ilə ölkəmizin innovativ şəhərsalma baxışı müəyyənləşib. Şuşa şəhərinin tarixi memarlıq simasının bərpası isə milli iradənin, tarixi ədalətin və mədəni yaddaşın təntənəsi kimi memarlıq tariximizə qızıl hərflərlə yazılıb.

Prezident İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamında da bu məsələyə xüsusi toxunulub. Sənəddə bildirilir ki, Ermənistanın işğal etdiyi və 30 il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq layihələri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışının aydın nümayişinə çevrilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilən bu ərazilərdə 2020–2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanılıb. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi simasının bərpa edilməklə dirçəldilməsi isə beynəlxalq aləmdə milli iradənin təzahürü kimi yüksək dəyərləndirilib.

Azərbaycan bu gün iqlim dəyişmələri, urbanizasiya və dayanıqlı məskunlaşma kimi qlobal çağırışların həllində etibarlı tərəfdaş kimi çıxış edir. UN-Habitat ilə əməkdaşlıq, milli şəhərsalma forumları və 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ölkəmizin beynəlxalq nüfuzunun və bu sahədə artan rolunun göstəricisidir.

Beləliklə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan üçün keçmişlə gələcək arasında strateji körpü rolunu oynayacaq. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək təşəbbüslər tarixi irsin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər modelinin formalaşmasına xidmət edəcək. Bununla da Azərbaycan şəhərləri yalnız yaşayış məkanı deyil, milli kimliyin, mədəniyyətin və innovasiyanın daşıyıcısı kimi inkişaf yolunu davam etdirəcək.

V.BİNYATOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri