Icma.az
close
up
RU
Təzəbinə siması da, ruhu da təzələnən kənd

Təzəbinə siması da, ruhu da təzələnən kənd

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Xocalının bu tarixi türk yurdu sürətlə məskunlaşır

Qarabağın və Şərqi Zəngəzurun həyatın yenidən canlandığı, insan nəfəsi ilə hərarətlənən kəndlərinə, qəsəbələrinə hər səfərimizdə eyni qürur və həyəcanı yaşayırıq. Sanki, bu yaşayış məntəqələrinə uzanan yollar da, ətrafdakı ağaclar, daşlar, qayalar da sevincindən dil açıb danışmaq, düşmən tapdağı altında inlədikləri günlərin acılarını xatırlatmaq, azadlığına qovuşmuş ata-baba yurdlarına gözaydınlığı vermək istəyir.

Bu qəribə, xoş duyğuların təsirindən mənzil başına necə çatdığını hiss etmirsən. Bu dəfə də elə oldu, bir də baxdıq ki, Böyük Qayıdışın ilk ünvanlarından olan Təzəbinə kəndidəyik – bir vaxtlar reallaşması əlçatmaz görünən arzuların, xəyalların gerçəkləşdiyi, Vətən həsrətinin bitdiyi məkanda...

Milli ruh coşqusu

Xocalının əksər kəndləri kimi, Təzəbinənin də həm özünün, həm də adının, obrazlı desək, başı çox qalmaqal çəkib. Tarixi qədimlərə dayanan bu türk yurdunu əvvəllər Keşişkənd, sonra ermənicə Təzə kənd mənası verən Noragüğ adlandırıblar. 1990-cı ildə Ermənistandakı ata-baba yurdlarından didərgin düşüb Azərbaycana pənah gətirən soydaşlarıımızın bir qisminin burada yerləşdirilməsi məqsədilə kənd yenidən salınıb. Ağdam tikinti trestinin həyata keçirdiyi layihə sənədlərində adı Təzəbinə kimi qeyd edilib. Milli Məclisin 29 dekabr 1992-ci il tarixli, 428 saylı qərarı ilə isə rəsmi olaraq Təzəbinə adlandırılıb, əsl adına qovuşub.

1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi kənd 2023-cü ilin 19-20 sentyabrında rəşadətli ordumuzun Qarabağdakı erməni seperatçılarına qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində işğaldan azad olunub. Qısa müddət sonra Təzəbinədə bərpa-quruculuq işlərinə start verilib və həyat yenidən canlanmağa başlayıb.

Kənddə ilk köç sevinci 2025-ci il iyulun 14-də yaşanıb. Həmin gün Böyük Qayıdış çərçivəsində 28 ailənin məcburi köçkünlük həyatı sona çatıb, 125 nəfər doğma yurduna qayıdıb. Proses mərhələli şəkildə davam etdirilir.

Prezident İlham Əliyev ilk köçdən cəmi bir neçə gün sonra, iyulun 18-də Təzəbinəyə səfər edərək burada fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçmüş Məhəmməd Fərəcovun evinə baş çəkib.

Qeyd edək ki, əzəli sakinlərin daimi məskunlaşdırıldığı digər yaşayış məntəqələri kimi, Təzəbinədə də infrastruktur tamamilə yenilənib, kənd daimi elektrik enerjisi, təbii qaz, içməli su və yüksəksürətli internetlə təmin edilib. Yolları asfaltlanmış kənddə əhalinin istirahəti və asudə vaxtının səmərəli təşkili üçün 1 hektar ərazisi olan müasir istirahət parkı yaradılıb. İndi Təzəbinəni dolaşdıqca hər küçədə, hər evdə yeniliyin şahidi olmaq, canlanmanı və inkişafı müşahidə etmək mümkündür.

İki ailənin oxşar taleyi

Vətən həsrətinin sona çatması, Qarabağın təmiz havasına, saf suyuna, təbiətinə qovuşmaq, ən əsası isə, məcburi köçkün adının üzərlərindən götürülməsi Təzəbinəyə qayıtmış sakinlərə bütün yaşadıqları acıları, gündəlik qayğıları unutdurur. Kənddə qonağı olduğumuz ailələrin timsalında bütün bunlara bir daha əmin olduq.

Müasir üslubda təmir edilmiş kürsülü ev, geniş həyət, üstündə yetişməkdə olan meyvələri “gəl-gəl deyən” ağaclarla tanışlıqdan sonra 67 yaşlı Məhəmməd Əliyevin və ailə üzvlərinin rahat yaşamaları üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığının şahidi olduq. Elə qarabağlılara xas qonaqpərvərliklə bizi çay süfrəsinə dəvət edən ev sahibi də söhbətə onların ən böyük arzularını reallaşdıran dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə etməklə başladı.

Bildirdi ki, Xocalı faciəsinin dəhşətlərinin şahidi kimi, bugünləri görmək, Təzəbinədə təzə binəsinə qayıtmaq sanki, bir möcüzədir:

– Allah şəhidlərimizə rəhmət eləsin! Allah möhtərəm Prezidentimizi qorusun! Yaşadığımız bütün acı günlərimiz geridə qaldı, daha məcburi köçkün deyilik!

Xocalı soyqırımı baş verən gecə ailəm yanımda deyildi. Şuşaya uçan “vertolyot” vurulanda (1992-ci il yanvarın 28-də Ağdamdan mühasirədə olan Şuşa şəhərinə sərnişin daşıyan mülki helikopterin ermənilər tərəfindən raketlə vurulması ilə nəticələnən terror aktı – M.R.) qaynımın yoldaşı da şəhid olmuşdu. Ona görə ailə üzvlərim Ağdamda yas yerinə getmiş, geri qayıda bilməmişdilər. Mən o qanlı gecədə atamı itirdim. Ermənilər vəhşicəsinə dinc insanlara hücum edəndə Qarqar çayını adlayıb Dəryaz dağı ilə Ağdam istiqamətində getmək istəyirdik. Atam Əsgəri vurdular, şəhid oldu. Heç meyitini də götürə bilmədik. Mən özüm isə meşələrlə yol gedib 3 gündən sonra Gülablıya keçə bildim...

Uzun illər məcburi köçkün kimi Şəki rayonunda məskunlaşmış Məhəmməd Əliyev həyat yoldaşı, oğlu Murad, onun ailəsi və 2 nəvəsi ilə birlikdə bu il aprelin 29-da Təzəbinəyə köçüb. Məşğulluqları da qismən təmin olunub, evlərinin qarşısındakı tikilidə qəssabxana açıblar. Yaxın rayonlardan mal-heyvan alıb gətirir, həyətlərində tikdikləri tövlədə saxlayaraq kökəldir, sonra kəsib həm Təzəbinə sakinlərini təzə ətlə təmin edirlər, həm də dolanışıqlarını çıxarırlar. Həmsöhbətimiz Qarabağın havasının onun səhhətinə də yaxşı təsir göstərdiyini, əvvəllər əziyyət çəkdiyi şəkər, təzyiq problemlərinin azaldığını bildirdi. Hətta evin küncündəki qan təzyiqini ölçmək üçün olan cihazı göstərərək, gülə-gülə “atmışam bir kənara” dedi.

Evin xanımı Svetlana Əliyeva da boş oturmur, ev işlərində gəlininə kömək edir, toyuq-cücə saxlayırlar. O bildirdi ki, bu gün yaşadıqları yaralarının məlhəmidir:

– Azad edildikdən sonra ilk dəfə Xocalıya gələndə qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim, hətta 3 gün yemək də yemədim. Ancaq bu gün öz yurd-yuvamıza qayıtmağımız, Qarabağa sahib çıxmağımız şəhidlərimizin ruhlarını da şad edir. Xoşbəxtik ki, nəvələrimiz qalib ölkənin vətəndaşları kimi qorxusuz, qayğısız yaşayacaqlar!

Təzəbinədə üz tutduğumuz növbəti ünvana yeni köçmüş ailənin də Xocalı soyqırımının canlı şahidləri olduğunu, həmin gecə şəhid verdiklərini öyrənmişdik. Ancaq həyətə daxil olanda adı haradansa tanış gələn ev sahibinin 2022-ci ildə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış Qobupark yaşayış kompleksində məqalə hazırlamaq məqsədilə həmsöhbət olduğumuz, daha dəqiqi, dərdləşdiyimiz Mələk Abbasova olduğunu görüb çox sevindim.

Başı çox müsibətlər çəkmiş Mələk ana həmin vaxt doğma Xocalıya qayıtmağı hər şeydən çox arzuladığını dilə gətirmişdi. İndi cəmi bir neçə gün əvvəl bu arzusu reallaşmış Mələk Abbasovanın sevincinə şərik olmaq, yeni evinə xeyir-dua vermək xüsusilə xoş oldu.

Sentyabrın 22-də Təzəbinəyə qayıtmış Abbasovların həyətində qələbəlik idi: yükləri yerbəyer etmək, səliqə-sahman yaratmaq məqsədilə qardaşı İsa, yeznəsi Rahib, qızları Hicran və Aytəkin yeni evlərinə qovuşmuş ailənin köməyinə gəlmişdilər. Gözaydınlığı verdikdən sonra Mələk ana ilə növbəti dəfə həmsöhbət olduq, həyat yoluna qısaca nəzər saldıq.

Danışmaq asan olmasa da, soyqırım gecəsini də xatırladıq:

– Fevralın 25-i axşam hücum etdilər. Əvvəllər raketlərlə, toplarla atırdılar, bu dəfə zirehli maşınlar, tanklarla doldular şəhərə. Elə ailə oldu ki, qaçmağa imkan tapmadı, qapını açıb hamısını evinin içində güllələdilər. Biz şəhərin ayağında olurduq, “quyu”da gizlənmişdik. Gecə saat 12-yə işləmiş olardı, xəbər gəldi ki, Xocalının baş tərəfindən ermənilər şəhərə giriblər . Hamı “başı alovlu” qaçmağa başladı. O biri uşaqlarımı qabaqca çıxara bilmişdik. Bircə təzə ailə qurmuş qızım Səadət Xocalıdaydı. Yoldaşı postda olurdu, anası ölmüş, gecələr gəlib mənimlə qalırdı.

Sən demə, axırıncı günləriymiş... Altı aylıq hamiləydi balam! Bir də nəvəm yanımdaydı. Gecələr hər ehtimala qarşı qalın geyimdə saxlayırdım. Uşağı şəllədim belimə, üstdən ayrı paltar geyinmədim ki, qaça bilim. Qar o qədər qalın idi, ayağını atırdın batırdı qara, dartıb çıxarmaq olmurdu. Qaçanda, həmin bu anası ölmüş Səadəti yolda gördüm. Gəldi, məni tapdı. Dedim, qorxma, anan qurban, qorxma! Tutdum əlindən! Bizdən aşağıda Səadət məndən ayrıldı, dedi yoldaşımın bibisigillə gedəcəm. Elə oradaca əlimdən qaçdı, quş kimi nə təhər uçub getdisə, dönüb baxdım ki, yoxdur...

Qaranlıq, qar dizdən, belimdə şələ – uşağı həm bükmüşəm, həm də qalın şeylə sarımışam ki, üşüməsin qışın günü. Nə zülmlə gəldik Qarqar çayına kimi. Burdan çox adam canının qorxusundan elə ayaqqabılı keçdi. Fikirləşdim, yox, ayağımdakı yun corabım, uzunboğaz çəkməm islansa, sonra donacaq ayaqlarım. Hə, ayaqqabıyla keçənlərin çoxunun ayağını don vurdu sonra. Ayağımdakıları çıxardım, uşaq da belimdə, çay da dizdən yuxarı axır. Həm də qorxuruq, güllə səsi, şartıldı-partıltı, o vəziyyətdə adam necə qaçar? Dedim, ay Allah, sən mənə kömək ol! Bir yandan da uşağa görə narahatam, deyirəm onu salamat keçirim. Nə bilirəm, hələ nələr var qabaqda. Nə isə, bir zülmlə, yıxıla-dura keçdim, uşağı da salamat çıxardım!

Minbir müsibətlə Kətik dağı istiqamətindən Ağdama keçməyə çalışan Mələk ana qızı Səadətin vəhşicəsinə qətlə yetirildiyini sonradan öyrənib. Dedi ki, Səadətə nəsə olacağı heç ağlına da gəlmirdi:

– Kətik dağının başına çatanda həyat yoldaşım Qədim dedi ki, Mələk, Səadət necə oldu görəsən? Dedim, Səadətə nə olacaq, ona heç nə olmaz! Qohumlarıyla gedib. Elə arxayınam ki... Yəqin, Allah belə eləmişdi, mən ondan nigaran qalsaydım, yeriyə bilməzdim axı. Uşaq da kürəyimdə batıb qarın içində qalardım.

Sən demə, elə həmin ərəfədə Səadət vurulub! Əsgəran tərəfdən Ağdama sarı gedəndə Şumluq var, ora çatanda ermənilər görüblər, “BTR”i tuşlayıblar millətin üstünə. Səadət də yoldaşı ilə getdiyi yerdə, orada tək bir güllə dəymişdi. Allah ermənilərin bəlasını versin, onlara gün verməsin, güzəran göstərməsin! Bizim övladlarımızın, körpə balalarımızın nə günahı var idi?!

Dağlarda azan dəstənin başına daha neçə müsibətlər gəlib. Ac-susuz 3 gün meşələrdə gizləniblər, sonda Mələk xanımın həyat yoldaşı, qaynı, qaynının oğlu ermənilər tətəfindən girov götürülüb:

– Xəbər gəldi ki, qabaqda gedən kişiləri tutdular. Bildik ki, bizimkilərdi. Hər üçünü Xankəndiyə aparıb orada həbsxanaya salmışdılar. Yoldaşım sonralar deyirdi ki, bizi Xocalının içi ilə Xankəndiyə aparanda maşından baxırdıq, qan idi bütün oralar – başı kəsilmiş meyitlərin, yaralıların qanı! Milləti elə qırmışdılar!

Yoldaşım düz 58 gün əsirlikdə qaldı. O qədər əzab vermişdilər, o qədər döymüşdülər ki, 100 kilo çəkidə olan adam 40 kilo qayıtdı. Deyirdi ki, hər gün 10 nəfər girirdi döyməyə. Hamını döyürdülər, doyunca, yorulanacan!

Sonralar xərçəng xəstəliyindən dünyasını dəyişən Qədimə Xocalıya qayıtmaq, burada yaşmaq qismət olmasa da, Mələk ana torpaqlarımızın işğal azad edilməsinin, şəhidlərimizin qisasının döyüş meydanlarında alınmasının onun ən böyük təsəllisi olduğunu dedi:

– Allaha şükür, bir təskinliyimiz var ki, dinc Xocalı qurbanlarının, bütün şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək olsun! Sağ olsun Prezidentimiz, axır ki, bu xalqı sevindirdi!

Mələk Abbasova ilə ilk söhbətimizin sonunda Xocalının tez-tez yuxusuna girdiyini bildirmişdi. Demişdi ki, həyətimizi görürəm, elə orada yaşadığımız zamanda olduğu kimi: “Cavan vaxtım, uşaqlar körpə, bax onda necəydisə, elə də görürəm”. İndi daha Mələk ana öz Xocalısını yuxuda deyil, reallıqda hər gün görür, burada yaşayır, həsrətin yerini xoş vusal anları əvəzləyib. Təzəbinədə yeni təmirli evində yaşadığı hər gün onun yaralarına məlhəm olur. Bu qayıdış təkcə Məhəmməd Əliyevin, Mələk Abbasovanın deyil, bütün təzəbinəlilərin, doğma ata yurdlarına qovuşmuş onminlərlə insanın firavan gələcəklərinin, işıqlı sabahlarının sarsılmaz təməlləri, günbəgün boy atan sonsuz ümidləridir. Bizim isə sevincinə şərik olmaq üçün üz tutacağımız hələ çox kənd var...

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri