Icma.az
close
up
RU
Trampın qərarı İrana və dünya neft bazarına nə vəd edir? TƏHLİL

Trampın qərarı İrana və dünya neft bazarına nə vəd edir? TƏHLİL

Icma.az bildirir, Moderator.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt sanksiya siyasətinə qayıdılmasına dair memorandum imzalayıb. Məqsədini açıq elan edib: İranın neft ixracını sıfırlamaq. Birinci prezidentliyi dövründə Tramp artıq bir dəfə buna çox böyük ölçüdə nail olub: onun tətbiq etdiyi qadağalar sayəsində İranın neft ixracı gündəlik 3 milyon bareldən 600 min barelə qədər azalıb. Nəticədə 2019-2020-ci illərdə neft ixracından kəskin asılı olan İranın iqtisadiyyatında tənəzzül qeydə alınıb.

2020-ci ildə İrana qarşı BMT sanksiyalarının bir hissəsinin müddəti bitəndə Tramp onların daha sərt mexanizmlərlə əvəz olunmasına çalışıb. Lakin buna nail ola bilməyib: Avropa İttifaqından dəstək gəlməyib. Co Baydenin dövründə İranın neft ixracına qarşı qadağalara nəzarət zəiflədilib. Bayden administrasiyası qeyri-rəsmi də olsa, İranın neft ixracına şərait yaradıb. Müxtəlif dövrlərdə açıqlanan məlumatlara görə, Bayden ildə 50 milyard dollara qədər dəyərində İran neftinin ixracını məqbul sayıb. Lakin İran bu vəziyyətdən istifadə edərək ixracı daha böyük həcmlərə çatdırıb. ABŞ Enerji İnformasiya Administrasiyasının hesablamalarına görə, Tehranın neft ixracı 2023-cü ildə əvvəlki ildəki 53 milyard dollarla müqayisədə 54 milyard dollara çatıb. OPEC-in məlumatlarına görə, İranın neft hasilatı 2024-cü ildə  2018-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. İran Neft Nazirliyi isə 2025-ci ildə neft ixracının 3 milyon barelə çatdırılacağını açıqlayıb.

Trampın ilk prezidentlik dövründə tətbiq etdiyi qadağalar fonunda İran gizli neft ixracını yoluna qoymağa nail olub. Onun neftinin 90 faizdən çoxunu Çin alır. Lakin hətta Çin də BMT tərəfindən qoyulan embarqoya qarşı gedə bilmədiyinə görə İran nefti Malayziya sahillərinə daşınaraq orada bu ölkənin tankerlərinə yüklənir və Malayziya nefti kimi Çinə daxil edilir. Bu sxem neçə illərdir var və ABŞ ona göz yumurdu: hər halda, gündəlik neft hasilatı 0,6 milyon barel olan Malayziyanın ixracının 1,6 milyon barel təşkil edə bilməyəcəyini Vaşinqtonda çox yaxşı bilirdilər. Malayziya tək İranın deyil, ABŞ-ın sərt sanksiya tətbiq etdiyi Venesuelanın da neftinin Çinə tədarükündə həlledici həlqədir. Ötən il Çin Malayziyadan neft idxalını 28,4 faiz artıraraq 70,33 milyon tona çatdırıb ki, bu da sutkada 1,39 milyon barelə bərabərdir. Pekin buna 38,3 milyard dollar xərcləyib.

Trampın yenidən sərt təzyiq siyasətinə qayıtması İran üçün nə vəd edir? Nəzərə alsaq ki, Ukraynaya qarşı işğalçı müharibədə Rusiyaya açıq dəstək verdiyinə görə Tehran Avropa İttifaqının loyal münasibətindən də məhrum olub, onda perspektivlərin qaranlıq olduğunu rahatlıqla demək olar. Üstəlik, İran uranı nüvə silahında istifadə üçün lazım olan 90 faizə çox yaxın olan 60 faizə qədər zənginləşdirməklə BMT-də özünə qarşı daha sərt addımların atılması üçün zəmin yaradıb. İranın bu addımından sonra hətta Almaniya, İspaniya kimi Tehrana daha yumşaq davranışın tərəfdarı olan ölkələrin rəhbərləri BMT səviyyəsində kəskin addımların atılmasına tərəfdar olduqlarını açıqlayıblar. Bu ilin oktyabrında İrana qarşı BMT səviyyəsində tətbiq olunan sanksiyaların bir hissəsinin müddəti bitir və mövcud şərait Trampın onların daha sərt yanaşma ilə əvəz olunmasına rahatlıqla nail olacağı gözlənilir.

Ötən ildən ABŞ və Avropa İttifaqı həm Malayziyaya təzyiqləri artırıblar, həm də İran neftini daşıyanlara. Artıq iki yüzə yaxın tanker sanksiyaya məruz qoyulub. Digər tərəfdən, Çin iqtisadiyyatında artım sürətinin yavaşıması neftə tələbatın azalması ilə müşayiət olunur. Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Çin 553,4 milyon ton neft idxal edib ki, bu da əvvəlki illə müqayisədə 1,9 faiz azdır. Çin Baş Gömrük İdarəsi açıqlayıb ki, il ərzində orta hesabla Çinə gündəlik neft tədarükü 2023-cü ildəki 11,28 milyon barellə müqayisədə sutkada 11,04 milyon barel təşkil edib. Neft alışına sərf olunan məbləğ 3,9 faiz azalaraq 324,8 milyard dollar təşkil edib.

Hazırda Trampın yenidən alovlandırdığı ticarət müharibəsinin qarşısını almağa çalışan Pekin üçün İran neftini almaqla ABŞ Prezidentini daha da qəzəbləndirmək səmərəli yol olmayacaq. Ötən ilin son aylarından Çinin mühüm limanlarına sanksiya siyahısında adı olan tankerlərin girişinin dayandırılması göstərir ki, Pekin hakimiyyəti kimə qarşı yönəlməsindən asılı olmayaraq, açıq şəkildə sanksiyaları pozmaqda maraqlı deyil. ABŞ-ın qadağalara nəzarət üçün tankerlərin girib-çıxdığı limanlara, İran neftini emal edən zavodlara yönəlik ikincili sanksiyalarına məruz qalmamaq üçün Çinlə yanaşı Malayziyanın da Tehran üçün nəfəsliyi ən azı kəskin şəkildə daraldacağı qaçılmaz görünür.

Neft gəlirləri İranın ən mühüm gəlir mənbəyidir. İranın gizli neft ixracından əldə etdiyi gəlirlərin, demək olar ki, yarıdan çoxu İran iqtisadiyyatının bir çox sahələrində hökmranlıq edən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) gedir. O, enerji sektoru da daxil olmaqla, İran iqtisadiyyatının ən gəlirli 25 faizinə nəzarət edir.

SEPAH iqtisadiyyatın müxtəlif sahələrindən əldə olunan gəlirləri Yaxın Şərqin müxtəlif nöqtələrindəki hərbi proksi qruplaşmaları bəsləmək üçün istifadə edir. Korpus daxilindəki yüksək korrupsiyalaşma ayrılan pulların mühüm bir hissəsinin mənimsənilməsinə gətirib çıxarır.

Bu isə iqtisadiyyatın inkişafının ləngiməsinə səbəb olur. İran iqtisadiyyatının real durumunu göstərən statistika ictimaiyyətə çox məhdud səviyyədə açıqdır. Məsələn, İran hakimiyyəti mövcud işsizlik səviyyəsini ictimaiyyətə açıqlamır. Lakin yerli əhalinin məşğulluğunu başqa bir göstərici ilə - məşğul əhalinin sayı ilə qiymətləndirmək olar. Hazırkı statistikaya əsasən İranda 24,8 milyon nəfər muzdlu işdə çalışan var. Yəni 85 milyonluq əhalinin cəmi 24,8 milyonunun iş yeri var. Bu isə o deməkdir ki, əhalinin 29 faizi məşğul, 71 faizi işsizdir. Əgər yaş kateqoriyalarını nəzərə almasaq, demək olar ki, 18-20 milyon əmək qabiliyyətli İran vətəndaşı işsizdir.

Doğrudur, 2018-ci ildə Donald Trampın sanksiyaları bərpa etməsi nəticəsində İran iqtisadiyyatı iki il kiçildikdən sonra yenidən artım yoluna qayıdıb. Hətta 2023-cü ili gözləniləndən daha yüksək  - 5 faizdən yuxarı artımla başa vurub. Lakin bu hesablamaların İranın siyasiləşmiş rəsmi statistikasına əsaslandığını nəzərə alsaq, onun mötəbər olmadığını söyləyə bilərik. Digər tərəfdən, bilavasitə real həyat səviyyəsində hiss olunmayan iqtisadi artımdan sadə vətəndaşa nəsə çatdığını düşünmək sadəlövhlük olar. Real həyatda təkcə 2023-2024-cü İran ilində ölkədə inflyasiyanın 50 faizə qədər sürətlənməsi, xüsusilə ərzaq məhsullarının 40 faizə yaxın bahalaşması qeydə alınıb.

Qeyd olunanlar aydın göstərir ki, İran iqtisadiyyatı üçün çox çətin dönəm başlayıb. Trampın qərarı çətinliyi daha da artırır. "Fitch Solutions" analitik şirkətinin hesablamalarına görə, İranın neft ixracının 2024-2025-ci illərdə 15,9  faizdən 6,8 faizə, 2025-2026-cı illərdə isə hətta 1,2  faizə qədər azalacağı gözlənilir. Şirkət qeyd edir ki, neft sektoru İran iqtisadiyyatında çox vacib rol oynayır və onun durğunluğu dövlətin gəlirlərinə təsir edəcək, xüsusən də sanksiyalardan yayınmaq üçün alıcılara əhəmiyyətli endirimlər etmək zərurəti yarandığı zamanda. Bu, fiskal məhdudiyyətləri gücləndirəcək, əməkhaqqının və sosial müavinətlərin artımını ləngidəcək və bütün bu amillər öz növbəsində yekunda şəxsi istehlaka təsir edəcək.

Trampın addımından sonra İranın neft ixracı birbaşa Çinin mövqeyindən asılı olacaq: Pekin İrandan neft alışlarını azaltmasa, Tehran üçün nəticələr dağıdıcı olmaya bilər. Lakin bu variantı mümkünsüz edən amillər var. Əvvəla, hazırda Çin Trampla ticarət müharibəsinin kəskinləşməsini önləmək üçün yollar axtarır. Bu yollardan biri kimi Pekin 2020-ci il anlaşmasına qayıtmağı təklif edir. Həmin anlaşma isə Çinin ABŞ-dan daha çox neft-qaz almasını nəzərdə tutur. Baxmayaraq ki, Trampın qərarından sonra Pekin ABŞ neft və maye qazına 10 və 15 faiz idxal rüsumu tətbiq edib, analitiklər tezliklə tərəflərin razılığa gəlməsi ehtimalını çox yüksək qiymətləndirirlər.

Çinin alışları azaltması və sanksiyalar İranın neft ixracından gəlirlərinin kəskin azalması demək olacaq. Çünki əvvəla, ixrac həcmi azalacaq, ikincisi isə sanksiyalara görə nefti satmaq üçün daha böyük qiymət endirimlərinə gediləcək. Neft gəlirlərinin azalması SEPAH-ın digər sahələrdəki gəlirlərə əl uzatmasına, bu isə son nəticədə əhaliyə çatan pulların azalmasına gətirib çıxaracaq.

Tramp administrasiyası yalnız neft ixracının qarşısını almaq deyil, İranla iş görən, onunla ticarət əməliyyatları həyata keçirən ölkələrə də təzyiqlər edəcək. Bu ölkələrə yönəlik ikincili sanksiyalar İranın gizli sata biləcəyi neftin pullarını almasını qat-qat çətinləşdirəcək. Nəticədə İranda artan inflyasiya - sanksiyalar ölkədə daxili iqtisadi qeyri-sabitliyi artıra, qiymətlərin qalxmasına, milli valyutanın zəifləməsinə və həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Bu isə son illərdə sosial vəziyyəti durmadan ağırlaşan İran əhalisinin etirazlara qalxması, hakimiyyətin iki il əvvəlki aksiyalarla zəifləyən dayağının daha da sarsılması demək olar.

Analitiklərə görə, küncə sıxışdırılan Tehran bölgədə, xüsusilə dünya bazarına neft ixracında mühüm rolu olan Fars körfəzində konflikt yaratmaqla neft qiymətlərini bahalaşdıra, bununla da ABŞ-ın özünə problem yaratmağa cəhd edə bilər. Bu, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ-nin bazardan çıxan İran neftinin yerini doldurmaq üçün hasilat və ixracı artırmaları fonunda daha yüksək ehtimallı perspektiv kimi qiymətləndirilir. Bu baxımdan, İrana qarşı sərt sanksiyaların qaytarılması neft bazarı üçün geosiyasi gərginliyin və risklərin yeni mərhələsi deməkdir. ABŞ İran neftinin ixracını tamamilə məhdudlaşdırmağa çalışır, lakin danışıqlar üçün də yer buraxır. Yaxın həftələrdə bazarlar bu sanksiyaların qlobal neft tədarükünə və Yaxın Şərqdəki sabitliyə necə təsir edəcəyini diqqətlə izləyəcək. /“Yeni Müsavat”/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri