Türk dünyasının gözü Qəbələdə: Azərbaycanın nüfuzu artır
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"NATO-nun ikinci böyük dövləti olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Sammitinə qatılması ilə çox önəmli müzakirələr aparılacaq".
Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Bölgədə çox ciddi və maraqlı proseslərin getdiyini deyən Cəfərov qeyd edib ki, Türkiyənin bu proseslərə sadəcə seyirçi olduğunu iddia etmək qətiyyən doğru deyil:
"Qazaxıstan, Qırğızıstan və digər türk dövlətlərinin rəhbərlərinin, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidentinin, Macarıstan Baş nazirinin Azərbaycana səfəri kifayət qədər mühüm hadisədir. Burada təkcə siyasi-iqtisadi məsələlər müzakirə olunmur. Hərbi, hərbi-texniki, mədəni məsələlər də müzakirə edilir. Dünyada baş verən qlobal məsələlər fonunda türk dövlətlərinin atdığı, atacağı addımlar müzakirə predmeti olur. Ona görə də Türk Dövlətləri Təşkilatının Sammiti çox önəmlidir”.
Onun sözlərinə görə, Sammitin Qəbələdə keçirilməsi də təsadüfi deyil və simvolikdir. Ekspert bildirib ki, SSRİ-dən qalma hərbi obyektlərin biri də Qəbələdəki radiolokasiya stansiyası idi:
“Şükürlər olsun ki, Azərbaycan ərazisində hər hansı ölkənin hərbi kontingenti yoxdur və ümid edirik, olmayacaq".

Üzeyir Cəfərov: Region ölkələri də Sammitdə səsləndiriləcək mesajları diqqətlə izləyirlər
Ü.Cəfərov əlavə edib ki, harada Türkiyə varsa, orada Azərbaycan var, harada Azərbaycan varsa, orada Türkiyə var:
"Qəbələ Sammitinin əhəmiyyəti həm də odur ki, bir növ Azərbaycanın nüfuzu daha çox artır. Türkiyə liderinin və digər rəhbərlərin Sammitdə iştirakı o deməkdir ki, çox mühüm mesajlar veriləcək. Region ölkələri də Sammitdə səsləndiriləcək mesajları diqqətlə izləyirlər. Qəbələ Sammitinin bir qədər fərqli konturlarını görürəm. Bu, gələcək üçün, türk dövlətləri üçün bir sipərdir. Ətrafımızda çox hadisələr, təhdidlər, hədələr, risklər var. Amma türk dövlətlərin birgə addımları, perspektivə yönəlik qərarları göstərir ki, biz müdafiəmizi, təhlükəsizliyimizi daha çox gücləndirəcəyik. Macarıstanın Avropa İttifaqında xüsusi çəkisi var və belə bir ölkənin Azərbaycanda Sammitdə iştirakı olduqca önəmlidir".
Aydın Baxış


