Icma.az
close
up
RU
Türk dünyasının yeni strateji hədəfi

Türk dünyasının yeni strateji hədəfi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Budapeşt zirvəsi və geosiyasi transformasiya

2025-ci ilin may ayında Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və imzalanmış 71 maddəlik Bəyannamə təşkilatın qlobal arenada artan təsirinin simvoluna çevrildi. Zirvə görüşünün Avropa İttifaqına üzv  ölkə olan Macarıstanın ev sahibliyində keçirilməsi tarixi və geosiyasi baxımdan əhəmiyyətlidir. TDT-nin Avropadakı ilk belə yüksək səviyyəli toplantısı təşkilatın regional çərçivədən çıxaraq, daha geniş beynəlxalq platformaya inteqrasiya meyillərini nümayiş etdirdi.

Türk Dövlətləri Təşkilatının Budapeştdə Zirvə görüşü keçirməsi dərin tarixi və siyasi kontekstdə qiymətləndirilməlidir. Görüş  müasir türk dövlətlərinin iştirakı ilə Avropanın mərkəzində – türklərin tarixi coğrafiyasından kənarda – türk irsinin yenidən təsdiqlənməsi və strateji şəkildə gündəmə gətirilməsi deməkdir.

Türk xalqları tarix boyunca Avrasiyanın müxtəlif bölgələrinə yayılmış, bu coğrafiyalarda yalnız hərbi deyil, həm də mədəni, siyasi və iqtisadi təsir izləri buraxmışlar. Avropada bu təsir, əsasən, Hun, Avar, Qıpçaq, Peçeneq, Bolqar və Osmanlı kimi müxtəlif türk siyasi qurumları vasitəsilə özünü göstərmişdir. Xüsusilə, Hun hökmdarı Attilanın Avropada yaratdığı siyasi gərginlik, Roma imperiyasını danışıqlara məcbur etməsi türk siyasi ağırlığının ilk nümunələrindən biri sayılır. Daha sonra, Avar Xaqanlığı Mərkəzi Avropada təsir dairəsi quraraq bu ərazidə türk varlığını sabitləşdirmişdir. Balkanlarda Bolqar xanın qurduğu dövlət və Osmanlı imperiyasının yüzilliklər boyu bölgədəki hakimiyyəti türk mədəniyyətinin və idarəetmə modelinin Avropa kontekstinə daxil olması ilə nəticələnmişdir.

Tarixə baxış Macarıstanın Türk Dövlətləri Təşkilatına olan marağını daha anlaşılan edir. Macar elmi və siyasi dairələri özlərini tarixi Hun və Avar mirası ilə əlaqələndirərək, türk dünyası ilə ortaq mədəni bağları vurğulamağa çalışır. Budapeştin bu sammitə ev sahibliyi etməsi isə Türk dünyasının Avropada nüfuz dairəsini genişləndirmək istiqamətində strateji niyyəti ortaya qoyur.

Macarıstanın TDT-yə müşahidəçi statusundan çıxaraq daha fəal iştirakçıya çevrilmək istəyi Avropada alternativ geosiyasi qütb axtarışlarının da bir göstəricisidir. Qərb təsirindən nisbətən uzaqlaşmağa çalışan və çoxtərəfli diplomatik balans siyasəti yürüdən Budapeşt rəhbərliyi Türk dünyası ilə əməkdaşlığı həm tarixi mirasa söykənən, həm də iqtisadi-siyasi faydalar gətirən bir platforma kimi qiymətləndirir ki, bu da Avropada TDT-nin yumşaq gücünün yeni forması kimi təhlil oluna bilər.

Beləliklə, TDT-nin Budapeştdə Zirvə keçirməsi türk tarixi irsinin Avropada yenidən aktuallaşdırılması, tarixi yaddaşın siyasi kapitala çevrilməsi və türk dövlətlərinin transregional təsir gücünün sərgilənməsi baxımından strateji əhəmiyyət daşıyır. Hadisələr həm də Qərb və Şərq arasında yerləşən ölkələrin yeni güc mərkəzlərinə doğru meyillənməsinin bir əlaməti qəbul edilə bilər.

Türk Dövlətləri Təşkilatının Budapeşt Zirvəsində qəbul edilən mötəbər Bəyannamə təkcə təşkilatın daxilindəki koordinasiyanın və institusional çərçivələrin möhkəmləndirilməsi baxımından deyil, həm də regional və qlobal diplomatiyada yüksələn aktor kimi TDT-nin iddialarını və potensialını nümayiş etdirməsi baxımından strateji əhəmiyyət kəsb edir. Həmin sənədin məzmunu təşkilatın  beynəlxalq sistemdə aktiv mövqeyə sahib olmaq niyyətində olan çoxölçülü diplomatik platforma olduğunu təsdiqləyir.

Bəyannamədə üzv dövlətlərin siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində daha sıx inteqrasiyaya hazır olduqlarını bildirmələri TDT-nin gələcəkdə klassik regional təşkilat modelindən çıxaraq funksional bloklaşma yolunda irəlilədiyini göstərir və bu, Türk dünyasında qərarların çoxtərəfli məsləhətləşmələr və institusional çərçivə daxilində qəbul edilməsinə yönəlmiş diplomatik mədəniyyətin formalaşmasına işarədir.

Sənəddə beynəlxalq məsələlərə dair vahid mövqelərin formalaşdırılması və koordinasiyalı fəaliyyət çağırışları 
TDT-nin qlobal diplomatiyada “əhəmiyyətli aktor” kimi çıxış etməyə başladığını göstərir. Qəzzadakı humanitar böhranla bağlı vahid mövqe və siyasi bəyanat təşkilatın beynəlxalq humanitar məsələlərdə etik və prinsipial mövqe sərgiləmək istədiyini əks etdirir. Fikrimizcə, bu amil, bir tərəfdən təşkilatın yumşaq güc potensialını artırır, digər tərəfdən isə İslam dünyasında və qlobal Cənubda legitimliyini genişləndirə bilər.

Əfqanıstan və Suriya kimi mürəkkəb geosiyasi məsələlərə dair birgə yanaşma istəyi üzv dövlətlərin regional təhlükəsizlik arxitekturasında daha aktiv rol oynamaq niyyətinin ifadəsidir və bu addım Türk Dövlətləri Təşkilatının regional təhlükəsizlik mexanizmi formalaşdırmaq potensialının dəyərləndirilməsinə şərait yaradır.

Xüsusilə, beynəlxalq təşkilatlarda qarşılıqlı namizədlik dəstəyi məsələsinin vurğulanması təşkilatın öz içində siyasi həmrəyliyi gücləndirməklə yanaşı, qlobal miqyasda təsir gücünü artırmaq üçün praktiki diplomatik alətlərdən istifadə etdiyini göstərir və üzv dövlətlərə BMT, İƏT, UNESCO kimi beynəlxalq qurumlarda daha güclü mövqelər qazanmaq imkanı yaradır .

Ümumilikdə, Budapeşt Zirvəsində qəbul edilən Bəyannamə TDT-nin siyasi transformasiyasını və institusional yetkinliyini göstərir və sənəd təşkilatın yalnız etnomədəni bağlılıq əsasında deyil, ortaq siyasi iradə və strateji maraqlar əsasında birləşdiyini göstərən bir çərçivə kimi çıxış edir. 

Türk Dövlətləri Təşkilatının Budapeşt Zirvəsində iqlim gündəminə dair qəbul edilən yanaşmalar təşkilatın beynəlxalq diplomatiyada yeni və vacib istiqamətdə – “yaşıl diplomatiya” sahəsində – iddialı addımlar atmağa başladığını göstərir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və bu çərçivədə irəli sürdüyü “Bakı İqlim Birliyi Paktı” təşəbbüsü TDT üçün qlobal davamlılıq diskursunda fəal iştirak baxımından strateji fürsət yaradır. Zirvə iştirakçılarının bu təşəbbüslərə verdiyi dəstək TDT-nin ekoloji məsuliyyətə əsaslanan diplomatik platformaya çevrilmək niyyətini ortaya qoyur.

“Yaşıl” enerji dəhlizlərinin qurulması, tullantıların idarə olunması və iqlimədavamlı infrastruktur layihələrinin təşviqi kimi konkret təşəbbüslər təşkilatın dayanıqlı inkişaf hədəfləri ilə də uyumlu hərəkət etdiyini göstərir. TDT-nin “Türk Yaşıl Baxış” adlı strateji sənədi “yaşıl” keçid üzrə üzv ölkələr arasında uzunmüddətli əməkdaşlıq modelinin əsasını qoyan yol xəritəsidir. Bu sənəd təşkilatı yaşıl diplomatiyada normativ güc kimi mövqeləndirmə potensialına malikdir.

Zirvə görüşündə təhlükəsizlik məsələlərinin xüsusi diqqət mərkəzində olması TDT-nin mövcud regional və beynəlxalq çağırışlara uyğun şəkildə funksional transformasiya keçirdiyinin əksidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq, transmilli cinayətkarlıq və terrorizmlə mübarizə, eləcə də kibertəhlükəsizlik istiqamətində birgə fəaliyyət niyyətləri təşkilatın klassik mədəni inteqrasiya çərçivəsindən çıxaraq, çoxölçülü təhlükəsizlik aktoruna çevrilmək potensialının formalaşdığını təsdiqləyir və bu transformasiya təşkilatı regional sabitlik mexanizmi roluna yaxınlaşdırır, onun geosiyasi əhəmiyyətini artırır.

Budapeşt Sammitində vurğulanan mədəniyyət və gənclik diplomatiyası elementləri TDT-nin öz təsirini təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşdırmadığını, yumşaq güc alətlərinə böyük önəm verdiyini göstərir. Türk gəncliyinə dair əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi isə təşkilatın gələcək lider nəsillərinin ortaq kimlik, ortaq dil və ortaq strateji baxış ətrafında formalaşdırılması məqsədinə xidmət edir.

Budapeşt Zirvəsində institusional və iqtisadi sahələrdə qəbul edilən qərarlar təşkilatın gələcək fəaliyyətlərinin effektivliyi və strateji davamlılığı baxımından əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. TDT Katibliyinin büdcəsinin artırılması və Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması təşkilatın iqtisadi və maliyyə strukturlarını da möhkəmləndirən funksional beynəlxalq aktora çevrilmək iradəsini ortaya qoyur.

Büdcənin artırılması təşkilatın institusional potensialının genişləndirilməsinə, layihə əsaslı əməkdaşlığın maliyyələşdirilməsinə və ekspertiza imkanlarının gücləndirilməsinə xidmət edəcək. Türk İnvestisiya Fondunun fəaliyyəti isə iqtisadi inteqrasiyanın dərinləşməsi, üzv ölkələr arasında ortaq iqtisadi layihələrin reallaşdırılması baxımından yeni bir mərhələnin başlanğıcıdır. 

Bununla yanaşı, Gömrük dəhlizinin sadələşdirilməsi haqqında sazişin qüvvəyə minməsi təşkilat daxilində ticarətin liberallaşdırılması və logistika şəbəkələrinin inteqrasiyası baxımından mühüm addımdır. Nəticə etibarilə, bu saziş TDT-ni qlobal təchizat zəncirlərində daha rəqabətli və əlaqəli bir struktur halına gətirir.

Bütün bu addımlar göstərir ki, TDT artıq sadəcə, ideoloji və mədəni birlik layihəsi olmaqla kifayətlənmir, həm də praktiki, institusional və iqtisadi alətlər vasitəsilə dərin inteqrasiya modelinə doğru irəliləyir. Son olaraq qeyd etmək istərdim ki,  Türk dünyasında gələcəkdə bu sinerjinin daha da güclənməsi türk dövlətlərinin beynəlxalq münasibətlər sistemində daha təsirli və görünən mövqe tutmasına zəmin yaradacaq. 

Şəbnəm ZEYNALOVA, 
XQ-nin siyasi analitiki,  siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see152

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see143

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see141

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see122

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see118

Yurdumuzun geotermal enerji potensialı

04 Oktyabr 2025 10:08see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri