Icma.az
close
up
RU
Türk əsrinin mübariz lideri

Türk əsrinin mübariz lideri

Icma.az, Xalq qazeti-ə istinadən, məlumatı açıqlayır Türk əsrinin mübariz lideri.

Fevralın 26-sı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın doğum günüdür. İstanbulda anadan olsa da, əslən Rizə vilayətinin Güneysu bölgəsindəndir. Bütün siyasi həyatı boyunca Türkiyənin inkişafı və xalqın rifahı yolunda atdığı addımlar hər zaman təqdir edilmiş və o, son 23 ildə bütün seçkilərdə millətin etimadını qazanmışdır. Rəhbərlik etdiyi Türkiyə dövlətinin dünya siyasətindəki aparıcı rolu onun adı ilə bağlıdır. Onun hakimiyyəti dövründə Türkiyə regional gücdən qlobal gücə, aparıcı dünya dövlətinə çevrilmişdir.

Rəcəb Tayyib Ərdoğanın qələmə aldığı və dünyanın bütün aparıcı dillərinə tərcümə edilmiş “Daha adil bir dünya mümkün” adlı kitabı bu sözlərlə başlayır: “Bu gün dünyada ən çox ehtiyac duyulan məsələlərin başında ədalət gəlir. Təəssüf ki, qlobal ədalətin qurulmasından məsul qurumlar böyük ətalət içindədirlər. Mərhəmətin itdiyi bir çağda ədalətin təmsilçisi və vicdanın səsi olmaq məsuliyyəti bizim üzərimizə düşür”. Bunları deməklə Ərdoğan ənənəvi olaraq tarixən türk millətinin getdiyi hər yerə ədalət apardığını və bu gün də həmin missiyanın daşıyıcısı olduğuna işarə edir. Ərdoğan deyir ki, əsasları Birinci Dünya müharibəsində qoyulmuş bu ədalətsiz nizamın problemləri indi bir çox başlıqlarda özünü göstərir. Bunlardan ən diqqət çəkəni odur ki, müstəmləkəçi və imperialist təfəkkür hələ də varlığını davam etdirir. Bu anlayış heç vaxt ədaləti bərpa etmədi, sabitlik gətirmədi və ya münaqişələrin həllini təmin etmədi. Bu anlayış İkinci Dünya müharibəsindən dərhal sonra müəyyən edilmiş yeni ədalətsizliklərlə özünü göstərdi. Xarici aktorların imperialist maraqlarına xidmət etmək üçün nəzərdə tutulmuş sərhədlər, regional mübahisələr və ədalətsizlik hissi üçün əsas yaratdı”.

Türkiyə Prezidenti daha sonra qeyd edir: “Bu qədər zülm əbədi davam edə bilməz. İkinci Dünya müharibədən sonrakı dövrün beynəlxalq güc bölgüsü və siyasi ab-havası və sistemi qlobal ədalətin təməli əsasında yenidən qurulmalıdır. Beynəlxalq aləmdə siyasi əxlaqın aşınması hər gün özünü daha çox göstərir”.

“Dünya beşdən böyükdür” – deyən Ərdoğan dünyanın taleyini BMT səviyyəsində həll edəcək ölkələrin iradəsinə tapşırmağı yanlış hesab edir, hər fürsətdə dilə gətirməkdədir ki, BMT Təhlükəsizlik Şurasının, ən az, 20 üzvü olmalıdır və müsəlman dünyası da orada təmsil olunmalıdır.

Onun şəxsi mövqeyi və liderlik tərzi Türkiyənin Türk dünyasına verdiyi dəstəyin mühüm tərkib hissəsidir. Ərdoğanın TDT-da fəaliyyəri və bu təşkilatın beynəlxalq status qazanmasında rolu onun həm Türkiyə daxilində, həm də beynəlxalq aləmdə güclü və qətiyyətli lider imicini gücləndirir. Bu da onun fikridir: “Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir” və yaxud “Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada bizim çox geniş əməkdaşlıq imkanlarımız var. Tarixi inkişafların Türk dünyasının yolunu açdığı fürsət pəncərələrini düzgün qiymətləndirmək lazımdır. Siyasi həmrəylikdən tutmuş, başda enerji və nəqliyyat olmaqla iqtisadi əməkdaşlığa qədər hər sahədə onu mənfəətə çevirmək imkanımız var”. Ərdoğan digər Türk dövlətləri ilə birlikdə TDT memarı sayılır və bu tarixi xidmət kimi dəyərləndirilməlidir.

Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə yaxın şəxsi əlaqələri iki ölkə arasında əməkdaşlığı daha da həyati edir. Türkiyə ilə Azərbaycan arasındakı etnik və mədəni yaxınlıq iki ölkənin əlaqələrini hər sahədə gücləndirir. Bu anlayış Türkiyə ilə Azərbaycan arasındakı tarixi, mədəni və etnik bağlar Ərdoğanın Azərbaycana dəstəyinin və iki ölkə arasındakı həmrəyliyin əsasını təşkil edir. AKP hökuməti dövründə Türkiyə Azərbaycanla Ermənistan arasında uzun müddətdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır.

2011-ci il iyulun 27-də Baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Türkiyə–Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Ərdoğan Türkiyənin Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olduğunu bildirərək, "Dağlıq Qarabağ məsələsində bizim mövqeyimiz, düşüncəmiz və mübarizəmiz eynidir. Bilinməlidir ki, Dağlıq Qarabağ bizim üçün qanayan bir yaradır, Azərbaycan üçün bundan sonra da qanayan bir yara ola bilməz."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında başlanan müharibənin ilk saatlarında Azərbaycana açıq, birmənalı siyasi və mənəvi dəstək verməsi ictimaiyyəti ruhlandırmaqla yanaşı, müharibəyə müdaxilə etmək fikrində olan digər gücləri və dairələri dayandırdı. Bu tarixi Qələbənin qeyd olunduğu Zəfər Paradında Azərbaycan və Türkiyə prezidentləri iki xalqın sarsılmaz qardaşlığı, bir-birinin daim yanında olacaqları barədə dünyaya çox mühüm və aydın mesajlar verdilər.

Dağlıq Qarabağ münaqişəsi kontekstində Ərdoğanın Azərbaycana dəstəyi təkcə siyasi və hərbi həmrəylik kimi deyil, həm də uzunmüddətli iqtisadi tərəfdaşlıq kimi qiymətləndirilə bilər. Bu əməkdaşlıq iki ölkənin həm iqtisadi, həm də strateji maraqlarını birləşdirir və regional sabitliyin təmin olunmasına töhfə verir.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi”ni 2021-ci il iyunun 15-də işğaldan azad edilmiş Şuşada imzaladılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərdə yeni mərhələ hesab olunur. Bu sənəddə müəyyən edilən strateji müttəfiqlik qardaş dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini özündə ehtiva edir. Bəyannamədə deyilir ki, Türkiyə ilə Azərbaycanı, Azərbaycanın qərb bölgələrini və Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və bunun davamı olaraq Naxçıvan – Qars dəmir yolunun tikintisi ilə iki ölkə arasında nəqliyyat və kommunikasiya əlaqələrinin intensivləşməsində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev imzalanma mərasimindəki nitqində bu tarixi sənədin əhəmiyyətini dilə gətirmişdi: "Bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik Bəyannaməsi əlaqələrimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı İttifaq Bəyannaməsidir və bu ad hər şeyi göstərir və deyir".

Türkiyə Ərdoğan dövründə Azərbaycanla hərbi və iqtisadi əməkdaşlığını daha da artırdı. Hərbi təlim, təlimlər və müdafiə sənayesi sahələrində əməkdaşlıq həyata keçirildi. Bu da qələbənin təmin olunmasında mühüm rol oynadı. İstər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində ən yüksək səviyyəli dostluq və əməkdaşlıq nümunəsi olan Azərbaycanla Türkiyə birgə böyük layihələrə imza atmaqla təkcə ölkələrimizin deyil, həm də geniş coğrafiyanın inkişafına mühüm töhfələr verirlər. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Ərzurum, Bakı – Tbilisi – Qars, TANAP, TAP kimi meqa layihələrdən qardaş ölkələrlə yanaşı, digər xalqlar da faydalanır. Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirilmiş fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsi istiqamətində atdıqları addımlar öz bəhrəsini verməkdədir. Azərbaycan – Türkiyə münasibətlərinin belə yüksək səviyyədə inkişafı regionun ümumi tərəqqisinə və sabitliyinə mühüm töhfələr verir. Bu əlaqələr həm də türkdilli ölkələr və xalqlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə verən ən mühüm amillərdən biridir. Bu işlərin reallaşmasında Ərdoğanın xidmətləri böyükdür.

Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığı iki ölkə arasında iqtisadi əlaqələrin ən mühüm sütununu təşkil edir. Bu əməkdaşlıq həm Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması, həm də Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Azərbaycanın təbii qazını Türkiyə üzərindən Avropaya daşıyan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 2018-ci ildə istifadəyə verilib. Bu layihə Azərbaycanın Avropa bazarına çıxışını asanlaşdırmaqla yanaşı, Türkiyənin enerji mərkəzi olma reallığını da dəstəklədi. Azərbaycanın Xəzər dənizindəki təbii qaz yataqlarının istismarı və bu qazın Türkiyə vasitəsilə Avropaya nəqli iki ölkə arasında enerji əməkdaşlığının digər mühüm sütunudur. Bu, həm də Türkiyənin enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyətə malikdir.

Türkiyə və Azərbaycan regional nəqliyyat dəhlizlərini inkişaf etdirmək üçün birlikdə çalışırlar. Bu layihələr həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. Azərbaycandan Xəzər dənizi üzərindən Türküstana uzanacaq enerji dəhlizi də işlək duruma gətiriləcəkdir.

2017-ci ildə istifadəyə verilən Bakı – Tbilisi – Qars dəmir yolu xətti Çindən Avropaya uzanan Yeni İpək Yolunun mühüm bir hissəsidir. Türkiyə ilə Azərbaycanı birləşdirərək regional ticarətin inkişafına töhfə verir.

2020-ci il Dağlıq Qarabağ müharibəsindən sonra imzalanan sazişlə gündəmə gələn Zəngəzur dəhlizi Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqəni təmin etmək məqsədini daşıyır. Regional ticarət və daşımaları asanlaşdıracaq bu dəhliz Türkiyənin dəstəyi ilə regional ticarət və nəqliyyat üçün mühüm addım olacaq.

Azərbaycan Ermənistanın işğal etdiyi əraziləri geri aldıqdan sonra Türkiyə də bölgənin yenidən qurulmasına iqtisadi dəstək verməkdədir. Türkiyə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarda yenidənqurma işlərinə cəlb olunub.

Ərdoğanın missiyalarından biri Cənubi Qafqaz bölgəsində barışın təsis olunmasıdır. Türkiyə lideri Ermənistan – Azərbaycan sülh danışıqlarını dəstəklədiyini dəfələrlə ifadə etmişdir. Ermənistan – Azərbaycan danışıqlarına paralel olaraq Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və Türkiyə – Ermənistan sərhədlərinin açılması da gündəmdədir. İkitərəfli əlaqələrlə yanaşı, Türkiyə Prezidenti Ərdoğanın təklif etdiyi 3+3 formatı da region dövlətlərinin bir araya gəlib bütün problemləri həll etməsi üçün yaxşı formatdır. Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olacağı bu format bəzi problemlərə görə hələlik reallaşmır . Məsələn, Gürcüstanın Rusiya ilə problemləri var, Azərbaycanın İran və Ermənistanla bir araya gəlməsi hələ ki, alınmır. Türkiyə ilə Ermənistan arasında problemlər həll olunmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il iyunun 3-də andiçmə mərasiminə dəvət edilməsi Prezident Ərdoğanın böyüklüyünün göstəricisi idi.

Ərdoğan və Türkiyənin Azərbaycana dəstəyi şəxsi, siyasi, milli və iqtisadi ölçüləri olan hərtərəfli strategiyanın bir hissəsidir. Bu dəstək həm Türkiyənin regional liderlik iddiasını gücləndirir, həm də daxili siyasətdə Ərdoğanın populyarlığını artırır. Eyni zamanda, iki ölkə arasındakı tarixi və mədəni əlaqələr bu dəstəyin davamlı olmasını təmin edir. İqtisadi və strateji maraqlar bu münasibətlərin gələcəkdə də davam edəcəyinin təminatıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Türkiyə – Azərbaycan əlaqələrinin dünyanın digər ölkələri üçün nümunə olduğunu bildirib. Bu illər ərzində tərəflər müxtəlif sahələrdə 256 müqavilə imzalayıblar. Göründüyü kimi, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri bu gün də davam və inkişaf edir. Hər iki dövlət qardaşlıq münasibətlərini qoruyub saxlamaqda və inkişaf etdirməkdə israrlıdır. Bu, regionda sabitlik və sülh üçün çox vacibdir. “Türkiyənin yeni yüz ili” vizyonunu elan etmiş Prezident Rəcəb Tayyib Ərdoğan bu hədəfə çatmaq üçün praqmatik addımlar atmaqdadır.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see199

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see188

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see131

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see131

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see131

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

25 Fevral 2025 00:38see128

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see127

Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək

24 Fevral 2025 21:57see125

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see121

Müharibə bir neçə həftə ərzində başa çata bilər Trampdan açıqlamalar

24 Fevral 2025 23:24see121

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see120

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see120

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see119

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see119

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see119

Byanka Senzori bu dəfə ÇADRA geyindi

25 Fevral 2025 06:02see117

Leyla Əliyeva Forumda iştirak edir FOTOLAR

25 Fevral 2025 09:44see115

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see113

Zelenski danışır, onlar diqqətlə dinləyirlər FOTO

25 Fevral 2025 11:31see111

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri