Icma.az
close
up
RU
Türk poeziyasında sufizmin inkişaf paradiqmaları Nizami Cəfərov

Türk poeziyasında sufizmin inkişaf paradiqmaları Nizami Cəfərov

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Akademik Nizami Cəfərovun "Türk poeziyasında sufizmin inkişaf paradiqmaları" adlı yeni yazısını təqdim edir.

Türk-müsəlman panteizminin əsasında dayanan sufizm öz ideya-məzmunu etibarilə metafizik bir hadisə olduğundan burada hər hansı təkamüldən danışmaq ilk baxışda müəyyən etiraza səbəb ola bilər, ancaq nəzərə alsaq ki, söhbət sufizmin özünün deyil, onun poeziyada təxminən, min illik bir epoxanı ehtiva edən təzahüründən gedir, onda təkamülün keyfiyyətcə bir-birindən seçilən paradiqmalar miqyasında meydana çıxması imkanları, yəqin ki, şübhə doğurmamalıdır. Əlbəttə, türk-müsəlman (ümumən, müsəlman!) sufizminin yalnız ideya-məzmunu yox, həmin ideya-məzmunun ezoterik ifadəsi olan metafora sistemi də metafizikdir. Və şam - pərvanə, nəfs, div, at - araba - sürücü, rəqib, büt, gur(ahu), güzgü, pərdə, vücud şəhəri, qəsr (vadi),vətən, həbsxana, nöqtə, hübab və s. nümunələr əsasında orta əsrlər türk-Azərbaycan poeziyasındakı konseptual (koqnitiv) metaforaları araşdıran professor Mətanət Abdullayeva da "Mətn şərhinin metodoloji əsasları" (Bakı, 2024) adlı çox dəyərli kitabında, tamamilə haqlı olaraq, həmin metafizikaya istinad edir. Ancaq ideya-məzmun qədər onun bilavasitə ifadə-üslub tərəfi olan metafora sistemindəki bu "strateji stabillik" də türk poeziyasında sufizmin təkamülü kimi maraqlı bir məsələnin öyrənilməsinə nəinki mane olur, əksinə, xüsusilə, müqayisə üçün zəngin material (və bəzi hallarda, hətta metodoloji imkanlar) verir. Hər şeydən əvvəl o baxımdan ki, milli ədəbi-ictimai təfəkkürün daim hərəkətdə olan stixiyası (dialektikası) mahiyyət etibarilə ümumbəşəri səciyyə daşıyan sufizmin (panteizmin) hər cəhətdən sabit ideya-məzmun və poetika-forma kanonlarına (metafizikasına) dayanmaqla, bir tərəfdən, öz hərəkət magistralını müəyyən edirdisə, digər tərəfdən, həmin kanonları canlı həyatın müzakirəsinə çıxarmış olurdu. Bununla belə, dəfələrlə qeyd edildiyi kimi, eyni ideya-məzmun (və poetika-forma) ətrafında dolanmaq müəyyən "trafaret" yaradırdı ki, orada yeniliklər edərək öz üslubunu formalaşdırmaq heç də hər qələm adamına nəsib olmurdu. Və həmin "trafaretliy"in müqavimət miqyasını, hətta təkamül paradiqmaları keyfiyyətində fərqləndirdiyimiz klassiklər arasındakı yaxınlıqla da müşahidə etmək mümkündür.

Doğrudur, "təsəvvüf poeziyası ezoterik "söz xəzinəsi"dir ki, burada dərk edilməsi üçün yüksək erudisiya tələb olunan sözlərdən, çoxmərtəbəli metaforalardan, anlaşılması bəzən mümkün olmayan söz-kodlardan məharətlə istifadə olunur. Müəlliflər (burada söhbət Nizami, Nəsimi, Füzuli səviyyəli müəlliflərdən gedir - N.C.) əsərlərinin dili haqqında danışarkən mütləq surətdə orada alt mənanın, gizli qalan "cövhər"in olmasına işarə edirlər", eyni zamanda "sözün, metaforik obrazın öz mənasından da artıq məna bildirməsi sözün ilkin dərk səviyyəsindən (yəni linqvistik funksiyasından - N.C.) çıxıb dərin semantik qatlarda yeni məna, fəlsəfi koqnitiv yük qazanması deməkdir" (Mətanət Abdullayeva), ancaq sufi poeziyanın sözügedən "introspektiv təcrübələr"i öz-özlüyündə nə qədər mükəmməl idrak faktı olsa da, hər halda mahiyyət etibarilə mistikadır. Və bu mistika kosmosun intəhasız harmoniyasına nə qədər geniş şərh verməyə, nəticə etibarilə, onu bütünlükdə ehtiva eləməyə çalışsa da, yəni o baxımdan "məhdud idi" ki, öz mühakimələrində hər hansı opponent qəbul etmirdi. Ona görə də orta əsrlər bitib yeni dövr başlayan kimi rassional düşüncə özünün çoxlu sayda ədəbi cərəyan və ya məktəbləri ilə sufizmi (panteizmi) yeganə mükəmməl yaradıcılıq metodu (hətta Nizami, Nəsimi, Füzuli səviyyəsində belə!) olmaqdan məhrum etdi. Və odur ki, türk poeziyasında sufizmin təkamül paradiqmalarından danışarkən yaddan çıxarmırıq ki, "Qurani-Kərim"in (ümumən müqəddəs dini-ruhani mətnlərin) dərki təcrübələrindən biri olan sufizmə (yəni rassional yox, irrassional; ağılla yox, hisslə dərkə!) əsaslanan poeziya insanın ideya-estetik idrakının bütün imkanlarını təmsil edə bilməzdi. Əlbəttə, yeni dövrün ideya-estetik axtarışları bu həqiqəti heç bir nəzəri mülahizəyə yer qoymadan sübut elədi.

Sufizmin, "məqsədi Allahla birləşmə olan sakral introspektiv təcrübə" (Mətanət Abdullayeva) olaraq, arxaikləşməsi tədricən getmiş, onun poeziyadakı "hakimiyyət"i də elə həmin tədriciliklə arxasınca, həqiqətən, zəngin bir tarix qoyaraq sona çatmışdır. Doğrudur, günü bu gün də Müsəlman dünyasında sufizmi həm mistika, həm fəlsəfə, həm də din kimi canlandırmaq iddiaları kifayət qədər güclüdür, ancaq bir məsələ var ki, bütün bunlar, çox nadir istisnaları nəzərə almasaq, ədəbiyyatın, poeziyanın fövqündə baş verir. Və o da doğrudur ki, "milli mədəniyyət, ədəbiyyat, fəlsəfi düşüncə tariximizin hələ də metaforik pərdələr altında ("arxasında" daha dəqiq olardı - N.C.) qalan hissələri gələcək şərhçilərini gözləyir" (Mətanət Abdullayeva), ancaq bu halda da söhbət məhz keçmişdən gedir.

Sufi-panteist poeziyanın bütöv bir sıra metafora və ya obrazları orta əsrlərdən sonra da türk xalqlarının bədii təfəkkürünü tərk etməmiş, ancaq klassik ezoterik məzmununu tamamilə itirməklə yanaşı, elə bir nəzər nöqtəsi əmələ gətirmişdir ki, oradan hər hansı retrospektiv baxış sufi-panteist poeziyanın həmin metafora və ya obrazlarını "yuxulu" yox, məhz "ayıq" təfəkkürlə şərh etmək imkanı verir. Məsələn, yeni dövr ədəbiyyatımızda baharın gəlişinin təsviri artıq orta əsrlərdəki kimi alleqoriya deyil. Və əsrlər keçdikcə aydın görünür ki, bu cür təsvirlərdə batini gözəlliyin yerini zahiri (təbii!) gözəllik tutur.

Səməd Vurğunun poetik dühası ona "Bahar, istəklimsən başdan-binadan, Ən gözəl qızısan sən təbiətin" misralarını yazdıranda, heç şübhəsiz, şairə klassik bahariyyələrin təsiri olmamış deyildi. Ancaq bu, sonralar həm ictimailəşən, həm də teatrallaşan "Bahar qızı" obrazı ilə birlikdə məhz ekzoterik metafora statusu almaqla öz ezoterik sələfini ən azı populyarlıq baxımından arxada qoydu.

Əgər insanın (ümumən, cəmiyyətin) təkamülü mifdən mistikaya, oradan da rassionarlığa gedirsə, mistikada mif, rassionarlıqda isə mistika "substrat"ının, relikt şəklində olsa belə, qalacağı istisna olunmur.

Türk poeziyasında sufizmin təkamül prosesini müşahidə edərkən, ilk növbədə, aşağıdakı paradiqmalar gözə dəyir:

1) mistik sufizm;

2) ictimai-siyasi və ya ideoloji sufizm;

3) estetik sufizm;

4) mənəvi-əxlaqi və ya didaktik sufizm.

Mistik sufizmin ən qüdrətli nümayəndələri Əhməd Yəsəvi ilə Yunus Əmrədir. Və onların hər ikisində sufi-panteist üslub, ifadə-intonasiya son dərəcə təmkinli, müdrik, öyrədici bir vüsətə malikdir. Türk mütəsəvvüflərinin babası, Türküstan müdriki, Yəsəvilik təriqətinin banisi Əhməd Yəsəvi (XI əsr) sufi mistikasını türkcə danışdıran ilk şair-mütəfəkkirlərdəndir:

Qul Xacə Əhməd tutisi pərvaz edədir uçmağa,

Neyləsin miskin kim, ol hökmi-xudadır, dostlarım?!

O, çoxsaylı müridlərinə həm "eşq yolu"nun nəzəriyyəsini öyrətmiş, həm də öz həyat tərzi ilə bu yolda yürüməyin təcrübələrini vermişdir. Allahı dərk etməyin ağılla (rassional) deyil, məhz qəlblə (irrasional) mümkün olacağı ondan yadigar qalmış "Divani-hikmət"in ideya əsasını təşkil etməkdədir:

Zahid olma, abid olma, aşiq ol,

Möhnət çəkib eşq yolunda sadiq ol,

Nəfsi təpib dərgahına layiq ol,

Eşqsizlərin həm canı yox, imanı yox.

Yunus Əmrə (XIII əsrin sonu, XIV əsrin əvvəlləri) öz şeirlərini sələfi Əhməd Yəsəvidən fərqli olaraq daha canlı xalq dilində söyləsə də, sufi mistikanın təfərrüatlarına "terminoloji dəqiqlik"lə varmışdır:

Şəriət, təriqət yoldur varana,

Həqiqət, mərifət ondan içəri.

Süleyman quş dilin bilir, dedilər,

Süleyman var Süleymandan içəri.

Türk mistik sufizminin XIII əsrdə yaşamış, ancaq əsərlərini farsca qələmə almış bir dühası da, heç şübhəsiz, Mövlanə Cəlaləddin Rumidir ki, onun yaradıcılığı ümumən sufizmin ərəbcə, yaxud farsca, yaxud da türkcə təzahürünə rəğmən, ümumi (vahid) bir "dil"i olduğunu bir daha təsdiq edir. Və bu ümumbəşəriliyi dərindən anlayan Rumi mənsub olduğu dərgahın qapısının hər kəsə açıq olduğunu cəsarətlə bildirmişdir:

Yenə gəl, yenə gəl.

Nə olursan ol,

İstər kafir ol, istər atəşə tapın,

istər bütə,

istər yüz kərə tövbə etmiş ol,

istər yüz kərə pozmuş ol tövbəni,

Umudsuzluq qapısı deyil bu qapı.

Necəsənsə, öylə gəl.

İctimai-siyasi və ya ideoloji sufizmin türk poeziyasında ilk ən görkəmli nümayəndəsi, fikrimizcə, İmadəddin Nəsimidir (XIV əsrin sonu, XV əsrin əvvəlləri). O Nəsimi ki, sufizmi sadəcə təbliğ etməklə kifayətlənməmiş, bu yolda ömrünün sonuna - dar ağacından asılıb dərisi soyulana qədər üsyankar sələfi Həllac Mənsur kimi "ənəlhəq!" deyə ardıcılı mübarizə aparmışdır. Mürşidi Fəzlullah Nəimiyə (XIV əsr) məxsus fəlsəfi təmkindən fərqli olaraq, Nəsiminin həm tərcümeyi-halı, həm də türkcə, farsca, ərəbcə yaradıcılığı göstərir ki, o son dərəcə çılğın xarakterə malik imiş. Şeirlərindəki xitab - müraciətlər, təkrarlar, suallar, hökmlər və s. şairin tək daxili təlatümlərini əks etdirərək qalmır, həm də çox geniş ictimai-siyasi (ideoloji!) rezonans verir:

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?!

Tacü təxtü mülkü malü xanimanı neylərəm?!

İstərəm vəsli-cəmalın, ta qılam dərdə dəva,

Mən sənin bimarınam, özgə dəvanı neylərəm?!

Ey müsəlmanlar, bilin ki, yar ilə xoşdur cahan,

Çünki yardan ayru düşdüm, bu cahanı neylərəm?!

Nəsimi sufizmindəki ictimai-siyasi və ya ideoloji motivlər Qazi Bürhanəddin (XIV əsr), Cahanşah Həqiqi (XV əsr), Şah İsmayıl Xətayi (XVI əsr) kimi hökmdar-şairlərin şeirlərində də özünü göstərir. Hər şeydən əvvəl ona görə ki, həmin söz ustalarının dövlət xadimi xarakteri onların yaradıcılığına təsirsiz qala bilməzdi. Və heç ola bilməzdi ki, orta əsrlər şəraitində apardıqları gərgin hərbi- siyasi mübarizələr, hər nə qədər sufi məzmunlu olsa belə, təfəkkürlərində iz buraxmasın. Məsələn, Xətayinin aşağıdakı məşhur misraları onun ictimai-siyasi kimliyinin də təzahürüdür:

Allah, Allah deyin, qazilər!

Qazilər, deyin şah mənəm!

Qarşu gəlin, səcdə qılın,

Qazilər, deyin şah mənəm!

Uçmaqda tuti quşuyam,

Ağır ləşkər ər başıyam,

Mən sufilər yoldaşıyam,

Qazilər, deyin şah mənəm!

...Xətayiyəm, al atlıyam,

Sözü şəkərdən dadlıyam,

Murtəza Əli zatlıyam,

Qazilər, deyin şah mənəm!

Kifayət qədər aydın görünür ki, Xətayinin tarixi missiyası onu sufizmin populyarlaşmış yeni təriqətinin - şiəlik, səfəvilik, yaxud qızılbaşlığın emosiyaları ilə coşdurur.

Türk poeziyasında estetik sufizmin ən görkəmli nümayəndələri Şərqdə Əlişir Nəvayi, Qərbdə Məhəmməd Füzulidir. Əgər belə demək mümkünsə, türk sufizmi həmin poeziya dühalarının yaradıcılığı timsalında özünün ən yüksək ədəbi səviyyəsinə çatır. Və əvvəlki əsrlərin axtarışlarını da ehtiva etməklə mükəmməl bir məktəbə çevrilir.

Nəvayi (XV əsr) sufizmində, məsələn, nə Əhməd Yəsəvi, yaxud Yunus Əmrədəki mistizm, nə də Nəsimidəki hiss-həyəcan, çılğınlıq var. Bunların əvəzində isə elə mükəmməl obrazlılıq, metaforik idrak genişliyi var ki, bir çox hallarda sufizmin mistik hüdudlarından kənara çıxaraq gözlərimiz qarşısında məhz estetik meyarlarla dəyərləndirilə biləcək üfüqlər açır:

Hər kimin ki bir mələksima pərivəş yarı var,

Nə pəridən ehtiyacı, nə mələkdən arı var.

...Məst olub, bixud olub qoy çıxmasın meyxanədən,

Çün mənim tək dövr əlindən dərdi var, azarı var.

Ey Nəvayi, yar üzər olsa məhəbbət riştəsini,

Gəlməz olsa ol sənin sarı, sən anın sarı var!

Füzuliyə gəldikdə isə, onun estetik sufizmdəki "xidmətlər"i o qədər böyükdür ki, ədəbiyyatda realizm (rassionalizm!) ayaq tutan kimi, ilk növbədə, tənqid hədəfinə məhz o düçar olmuş, Mirzə Fətəlinin xəfif ironiyası ilə "nazimi- ustad" ünvanına layiq görülmüşdür. Füzuli yazır:

Nola qan tökməyə mahir olsa çeşmim mərdümü,

Hütfeyi-qabildürür, qəmzən kimi ustadı var.

Qıl təfaxür kim, sənin həm var mənimtək aşıqın,

Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.

Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə,

Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.

Füzuli sufizminin estetikliyində onun (estetikanın!) harmoniyasına xələl gətirməyən mütəvaze (və müdrik!) bir elmilik də var:

Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən,

Kəmali-cəhl ilə dəvayi-irfan eyləmək olmaz.

Nəvayi ilə Füzulidən sonra türk sufi poeziyasında estetizm güclənmiş, mistika get-gedə arxa plana keçməyə, hətta demək olar ki, unudulmağa başlamışdır.

Türk poeziyasında sufizmin təkamülünün son paradiqması - mənəvi-əxlaqi və ya didaktik sufizm üçün aşıq sənətinə minnətdarıq. Bu sənət öz köklərini nə qədər qədim dövrlərdən alsa da, orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən başlayaraq məhz sufizmin birbaşa təsiri altında formalaşmışdır ki, onun son klassiklərindən olan Aşıq Ələsgər həmin sənətin hansı ideallar əsasında formalaşdığı barədə demişdir:

Aşıq olub, tərki-vətən olanın

Əvvəl başdan pür kamalı gərəkdi.

Oturub-durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra,

El içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdi.

...Ələsgər haqq sözün isbatın verə,

Əməlin mələklər yaza dəftərə.

Hər yanı istəsə, baxanda görə,

Təriqətdə bu sevdalı gərəkdi.

Sufizmin türk poeziyasında (onun həm bütöv etnik, həm də diferensial milli təzahürlərində) mistikadan didaktikaya doğru təkamülü, göründüyü kimi, türk ədəbi-ictimai təfəkkürünün inkişafının strateji istiqamətlərindən biridir.

"Kinomexanikin qayıdışı" daha bir mükafat aldı Seymur Baycan, Günel Mövlud, Əli Əkbər... - Onlar niyə böyük yazıçı ola bilmədi? Tərcümənin, tərcüməçinin problemi... - Bizdə nə yoxdur, nə çatışmır?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Şimali Kipr mediası Heydər Əliyev irsi barədə materiallar dərc edir

10 May 2025 18:53see180

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see147

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see146

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see143

Prezident Ağdamda Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)

11 May 2025 00:00see139

Sakitlik uzun çəkmədi Kəşmirdə partlayış səsləri eşidilir

10 May 2025 19:50see138

ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadı KONKRET

10 May 2025 20:26see137

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see137

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see137

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see135

Veneranın yeni sirləri planetoloqları çaşdırır...

10 May 2025 23:16see134

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

10 May 2025 22:11see132

“Evdən işləyirəm” deyənlər oxusun...

10 May 2025 17:54see132

Batumi qaranlığa qərq oldu

10 May 2025 22:55see131

Məhəmməd Salah: Misir xalqı üçün Qızıl top u qazanmaq istərdim

10 May 2025 16:05see130

Bakıdan Pakistan Hindistan atəşkəsinə reaksiya

10 May 2025 20:15see129

Ukraynanın “MiQ 29” təyyarəsi rusların bazasını məhv edib

10 May 2025 19:23see124

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see121

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see121

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri