Ukrayna Gürcüstanda saxlanılan vətəndaşlarla bağlı rəsmi məlumat almadığını bildirir
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Tbilisidəki səfirliyindən verilən açıqlamada qeyd edilib.
“Hazırda səfirliyə Gürcüstan tərəfindən bu ittihamlarla bağlı hər hansı rəsmi bildiriş daxil olmayıb”, – deyə diplomatik nümayəndəliyin Facebook səhifəsində yerləşdirilmiş açıqlamada bildirilir.
Səfirlik əlavə edib ki, saxlanılan şəxslərlə görüşə icazə almağa çalışırlar, lakin indiyədək yalnız kütləvi informasiya vasitələrində yayılan xəbərlər vasitəsilə məlumat əldə edə biliblər.
Xatırladaq ki, Gürcüstan hüquq-mühafizə orqanları Ukraynadan gələn yük maşınında 2,4 kiloqram heksogen (RDX) partlayıcı maddə daşıyan iki Ukrayna vətəndaşını saxlayıb. Yükün marşrutu Ukrayna–Rumıniya–Bolqarıstan–Türkiyə üzərindən Gürcüstana qədər gəlib.
İstintaqın qənaətinə əsasən, partlayıcı maddələr Ukrayna ərazisində Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri tərəfindən sürücüyə təhvil verilib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) partlayıcıların ölkəyə gətirilməsinin məqsədlərini araşdırır. Araşdırmalar bu hadisənin oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkiləri günü müxalifət tərəfindən inqilab cəhdi ilə hər hansı əlaqəsinin olub-olmamasına da yönəlib.
Gürcüstan parlamentinin sədri Şavla Papuaşvilinin sözlərinə görə, Ukrayna Əks-Kəşfiyyat Xidmətinin rəis müavini Georgiy Lortkipanidzenin bu əməliyyatda iştirak etmiş ola biləcəyi ehtimalı da istisna edilmir.
Qadir, Bizimyol.info


