Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır məqalə
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Qədirbilən xalqımız hər il olduğu kimi bu il də Ulu Öndərin doğum gününü böyük coşqu və sevinclə qarşılayır. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ötən əsrin yetmişinci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi uğurların böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Ümummilli Lider Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi kimi ölkəmizi və xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarıb. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz onun misilsiz xidmətləri sayəsində mümkün olub.
Ötən əsrin 60-cı illərinin sonundan başlayaraq Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin taleyində yeni mərhələnin başlanğıcını qoyub, Azərbaycanın müstəqilliyə doğru gedən yolunun möhkəm təməllərini formalaşdırıb. Totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başlayıb. Ulu Öndərin inanılmaz səyləri nəticəsində qısa müddət ərzində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir respublikaya çevrilib. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verib. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilib. Yeni və mütərəqqi sənaye sahələri yaradılıb. Elm, təhsil, mədəniyyət sahələrində misli görünməmiş uğurlara imza atılıb. SSRİ-nin bütün ideoloji maşınının milli-mənəvi dəyərlərin unudulmasına xidmət etdiyi bir məqamda Ulu Öndərin böyük cəsarəti və əzmkarlığı sayəsində gələcək milli ordu quruculuğunun əsasını təşkil edən Cəmşid Naxçıvanski adına Hərbi məktəb yaradılıb. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapıb.
Ulu Öndərin bu illərdəki fəaliyyətinə ən böyük qiymət onun 100 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi barədə müvafiq Sərəncamında verilib. Həmin Sərəncamda qeyd edildiyi kimi, “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.
Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu Öndər respublikamızı unutmurdu, bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəldirdi, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı üçün əlindən gələni əsirgəmirdi. Naxçıvanda olduğu illərdə isə bu torpaqlarımızın işqalının qarşısının alınması və Naxçıvanın inkişafı istiqamətində misilsiz xidmətlər göstərdi. Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi dövrdə 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi təsis edilməsi haqqında qəbul edilən tarixi qərar xalqımızın birliyinin və həmrəyliyinin təmin edilməsi ilə yanaşı, həm də xalqın bir əqidə, bir məslək uğrunda birləşdirilməsinə xidmət edirdi.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün imkanları səfərbər edərək ölkəni xaosdan, anarxiyadan, parçalanıb məhv olmaqdan qorudu. Müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Yenidən əldə edilmiş müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atıldı. Bütün bunların nəticəsində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş baş verdi, xalqın və dövlətin sabahına inam bərpa edildi. Ölkənin davamlı inkişafı, Azərbaycanın modern və qüdrətli bir dövlətə çevrilərək dünya dövlətləri sırasında layiqli yer tutması üçün möhkəm və sarsılmaz təməllər yaradıldı.
Ümummilli Lider Heydər Əliyev müstəqillik illərində dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan azərbaycançılıq ideologiyasının da təşəkkülü və inkişafına diqqət yetirirdi. Ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olmuşdur. Ulu Öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində qeyd edirdi: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Bu gün azərbaycançılıq milli və dövlət ideologiyası statusu əldə etməklə milli birliyin, ölkəmizdəki əmin-amanlıq və sabitliyin, xalq-iqtidar birliyinin təməlinə çevrilib.
Ulu Öndərin: “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı onun vətəndaş mövqeyini, milli köklərinə bağlılığını və azərbaycançılıq ideologiyasına sadiqliyini sübut edən tarixi bir bəyanatdır.
Hakimiyyətdə olduğu illərdə Ümummilli Lider ölkəmizdə elm və təhsilin, o cümlədən ali təhsilin inkişafına və səriştəli kadr hazırlığına daim diqqət və qayğı göstərib. Təhsili millətin gələcəyi hesab edən dahi rəhbər yaxşı bilirdi ki, elmin inkişafı və yüksəksəviyyəli təhsil hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir. Xalqın rifahı, dövlətin formalaşması və davamlı inkişafı əhəmiyyətli dərəcədə elm və təhsil sistemində əldə edilən nailiyyətlərlə təyin olunur, təhsilin inkişafı nəticəsində formalaşan insan kapitalı ölkənin iqtisadi və sosial rifahının artırılmasında əhəmiyyətli rol oynayır. Təkcə onu demək kifayətdir ki, Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. Eləcə də Ulu Öndər azərbaycanlıların keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdı. Məhz Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdı. Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də təhsilin inkişafını diqqətdən kənarda qoymamış, onun misilsiz xidmətləri sayəsində bu sahənin inkişafında yeni mərhələ başlamışdır.
Qürurverici haldır ki, xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin cəsarəti, qətiyyəti və iradəsi sayəsində dövlətimizin 44 günlük Vətən müharibəsində inamlı Qələbəsi və 2023-cü ilin sentyabr ayının 19-20-də 24 saatdan da az bir müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, müqəddəs ata vəsiyyəti və xalqımızın ən ülvi arzusu şərəflə yerinə yetirildi. İşğaldan azad olunmuş ərazilər də daxil olmaqla üçrəngli bayrağımızın Azərbaycanın hər bir nöqtəsində dalğalanması Ulu Öndərin ideyalarının təntənəsidir.
Şübhə etmirik ki, Vətən müharibəsində qısa bir müddət – cəmi 44 gün ərzində inanılmaz dərəcədə böyük Qələbənin qazanılması dünya dövlətləri tərəfindən hərb tarixində misli görünməmiş bir hadisə kimi qəbul edildiyi və öyrənildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə qısa bir müddət – cəmi bir neçə il ərzində inanılmaz dərəcədə sürətlə və planlı şəkildə aparılan bərpa və quruculuq işləri də dünya təcrübəsində misli görünməmiş bir hadisə kimi qiymətləndiriləcək. Bu illər ərzində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır və öz bəhrəsini verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, fəlsəfəsi, ideologiyası yaşayır, qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”. Əminik ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Ulu Öndərin həmişəyaşar ideyalarına söykənərək gündən-günə inkişaf edən, böyük hərbi gücə və iqtisadi potensiala malik demokratik bir ölkə kimi öz müstəqilliyini və suverenliyini əbədi olaraq qoruyub saxlayacaq və dünya dövlətləri sırasında öncül yerlərdə qərarlaşacaq.
Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi barədə müvafiq Sərəncamda qeyd edildiyi kimi: “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bu şərəfli vəzifəni layiqincə yerinə yetirmək üçün hər birimizə uğurlar diləyirəm.


