Üzr günahı üstələyəndə...
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya XİN cinayəti danır, həqiqəti isə inkar edir
Görünən odur ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi başda olmaqla, rəsmi strukturlar yalan və qərəzli bəyanatlar səsləndirməklə ikitərəfli münasibətləri geriyə dönüşün olmadığı nöqtəyə çatdırmaq barədə “yekdil” qərar qəbul ediblər. Buna diplomatik dildə sinizm, yəni, səmimiyyətdən uzaq siyasət deyilir.
Bir il bundan əvvələ kimi özünün normal məcrasında davam edən Bakı–Moskva münasibətlərini bu nöqtəyə gətirən hadisələrin qısa xronikasına nəzər yetirək.
Hər şey 2024-cü il dekabrın 25-də Rusiya HHM qüvvələrinin Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsini vurması ilə başladı. 38 nəfərin həlak olduğu faciə barədə Azərbaycan fakt və sübutları ortaya qoydu, Rusiya tərəfini fəlakətin əsl səbəblərini gizlətməkdə və qəsdən dezinformasiya yaymaqda ittiham etdi. Kreml susdu. 2025-ci ilin fevralında Azərbaycan mediasına kiberhücumlar baş verdi. Bakı haqlı olaraq bu hücumlarda hökumət strukturları ilə sıx əlaqədə olan rus haker qruplarından şübhələndi. Kreml reaksiya vermədi. 2025-ci ilin iyununda Yekaterinburqda səs-küylü insident baş verdi: Azərbaycan diasporuna qarşı genişmiqyaslı polis reydləri zamanı iki azərbaycanlı vəhşicəsinə döyülərək öldürüldü. Azərbaycan XİN Rusiya FTX-nin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq hərəkətləri ilə bağlı kəskin bəyanat yaydı və Rusiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili XİN-ə çağırıldı və ona etiraz notası təqdim edildi. Kreml bunu da görməzdən gəldi. Rusiya ordusu Ukraynada Azərbaycana məxsus obyektləri – SOCAR-ın kompressor stansiyasını, qaz kəmərini vurdu. Kreml bunları eşitmədi. Azərbaycanlı alimlərin, mədəniyyət xadimlərinin, iş adamlarının, hətta deputatın hava limanında yerli-yersiz incidilməsi, süründürməçiliyə məruz qalması, səbəb göstərilmədən deportasiya edilməsi adi hala çevrilib. Biz hələ Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsullarda, guya, “zərərli maddələrin” tapılmasını, təxribat xarakterli digər addımlarını demirik.
Məhz “susqun”, “görməyən”, “eşitməyən” Kremldən təlimat alan FTX, İstintaq Komitəsi və XİN-in həyata keçirdiyi anti-Azərbaycan kampaniyası artıq etnik zəmində davam edir. Bu kampaniyaya Rusiya mətbuatında Azərbaycanın düşmən obrazı yaratmaq üçün genişmiqyaslı kampaniya, repressiya və deportasiyalar, bu ölkədə yaşayan azərbaycanlıların bizneslərinin ələ keçirilməsi daxildir. Heyrət doğuran odur ki, bunların heç birinin sonu görünmür.
***
Rusiya XİN Azərbaycan XİN-in AZAL-ın sərnişin təyyarəsi fəlakəti ilə bağlı sığorta ödənişləri barədə iki gün əvvəlki şərhinə bəyanatla cavab verib. Bəyanatda oxuyuruq: “2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişləri üzrə Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl ətraflı izahat verib. Təqdim olunan məlumatlar və rəqəmlər heç bir etiraz yaratmadı. Bunlar faktdır”.
Rusiya xarici diplomatiya idarəsinin “fakt” adlandırdığı məsələ, AZAL-la bağlı “təzminat” açıqlaması, əslində, manipulyativ xarakter daşıyır və ictimai rəyi çaşdırmağa yönəlib. Burada söhbət Azərbaycan tərəfinin tələb etdiyi dövlət təzminatından getmir. Rusiya XİN-in göstərdiyi məbləğlər qəzaya uğramış təyyarənin dəyəri və faciədə həlak olmuş və yaralanmış sərnişinlərin fərdi sığorta müqavilələri üzrə ödənişlərdir. Bu hal beynəlxalq aviasiya təcrübəsində normal qəbul olunmuş hüquqi mexanizmdir. Yəni, bu, hüquqi baxımdan Rusiya dövlətinin qəzada məsuliyyətini qəbul etməsi anlamına gəlmir.
Rusiya XİN-in bəyanatında deyilir: “Bu ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbsinin, guya, Rusiya–Azərbaycan münasibətlərinin pisləşməsinə səbəb olduğunu bildirən və münasibətlərin yaxşılaşdırılması şərti kimi onların azadlığa buraxılmasını irəli sürən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin mövqeyi də yanlış verilib”.
Mariya Zaxarovanın brifinqdə dilindən səslənən “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər” sözləri təkcə yerli mediada deyil, qonşu ölkələrin yazılı və elektron KİV-də də yayımlanıb. Burada rus dilindən tərcümə xətasından söhbət gedə bilməz. Məsələ təkcə diplomatik ritorikanın düzgün seçilib-seçilməməsi ilə məhdudlaşmır. Rusiya XİN, eyni zamanda, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının koordinasiyalı fəaliyyəti nəticəsində anti-Azərbaycan siyasəti kompleks xarakter alıb. Bu isə onu göstərir ki, Kreml Bakı ilə münasibətləri yumşaltmaq üçün bir tərəfdən simvolik jestlər etmək istəsə də, digər tərəfdən təzyiq rıçaqlarını əlindən buraxmaq istəmir. Beləliklə, Rusiya XİN-in bəyanatındakı həm “təzminat” iddiasının, həm də Zaxarovanın açıqlamasının arxasında Kremlin klassik diplomatik təzyiq taktikasını görmək çətin deyil.
Bu isə Rusiya XİN-in bəyanatının son abzasında yer alan iddiadır: “Onu da diqqətə çatdırırıq ki, Rusiya və Azərbaycan Respublikasının iştirakı ilə Qazaxıstan Respublikası tərəfindən həyata keçirilən sərnişin təyyarəsinin qəzaya uğrama şəraiti ilə bağlı beynəlxalq araşdırmaların nəticəsi HƏLƏ AÇIQLANMAYIB. (bəyanatda bu iki söz böyük hərflərlə yazılıb- red.). Ölkəmizin faciənin səbəblərini aydınlaşdırmağa çalışdığına və baş verənlərin tam mənzərəsini canlandırmaq üçün əlindən gələni əsirgəməyəcəyinə heç kəsin şübhəsi olmasın”.
“Baş verənlərin tam mənzərəsini canlandırmaq üçün əlindən gələni əsirgəməyən” ölkə olaraq Rusiyanın dünyanın gözü qarşısında baş verən təyyarə faciəsində günahını boynundan atmağa çalışması, beynəlxalq araşdırmanın nəticəsinin fərqli olacağına eyham vurması onun qonşularına yuxarıdan aşağı baxmasının daha bir nümunəsidir.
***
Yekaterinburqda törədilən qətl hadisəsindən bugünədək Rusiyada soydaşlarımıza, ümumən Azərbaycana qarşı dözülməz hərəkətlərə yol verilir. Rusiya polisi, xüsusi təyinatlıları gündə bir şəhərdə, ticarət şəbəkəsində, hətta vətəndaşın yaşadığı mənzilin içində “miqrant ovuna” çıxır. Bu “reydlərdə” soydaşlarımız döyülür, söyülür, alçaldılır, təhqirlərə məruz qalır. Onlar qurama cinayət işlərli ilə narkotik alveri, terrorçuluğa dəstək kimi ağır ittihamlarla üzləşirlər. Belə hallar Rusiyanın, demək olar ki, bütün bölgələrində müşahidə olunur.
XXI əsrdə “Rusiya ruslar üçündür” kimi radikal-sağçı, şovinist şüarlarla siyasətə atılan populist siyasətçilər islamofob mövqedən çıxışlar edirlər. Onların iddiasına görə, bu ölkədə iqtisadi vəziyyətin pisləşməsinə miqrantlar səbəb olurlar. Guya, miqrantlar bütün iş yerlərini tutaraq rusların kənarda qalmasına yol açırlar. Reallığın tamamilə başqa rəngdə olduğunu rusların özləri də xəbərdardılar. Onlar çox yaxşı bilirlər ki, miqrantlar əsasən rusların işləməkdən imtina etdiyi və ən ağır və az ödənişli sahələrdə çalışırlar. İndi miqrasiya qanununa edilən dəyişikliklər miqrantları hətta taksi sürmək hüququndan belə məhrum edir.
Azərbaycan–Rusiya münasibətlərinə qayıdaraq bir daha nəzərə çatdıraq ki, hüquqi baxımdan bu əlaqələr strateji müttəfiqlik haqqında müqavilə ilə təsbitlənib. Fəqət, son ayların hadisələri fonunda, xüsusilə məlum təyyarə faciəsindən sonra Rusiyanın davranışı, bu ölkədə yaşayan soydaşlarımıza qarşı təzyiqləri, muzdlu təbliğatçılar tərəfindən tirajlanan anti-Azərbaycan təbliğatını nəinki strateji müttəfiqlik, heç qonşuluq münasibətlərinə də yaraşdırmaq olmaz. Bütün bunlar olduqca xoşagəlməz hadisələrdir və sonunun nə ilə bitəcəyi daha çox Rusiyadan asılıdır. Məhz Rusiya ilkin addımları atmalı, təyyarə məsələsini beynəlxalq hüquq çərçivəsində həll etməli, soydaşlarımıza qarşı təzyiqləri, kütləvi informasiya vasitələrində düşmənçilik təbliğatını dayandırmalı, sağlam fikir qalib gəlməli, münasibətlər əvvəlki axarına düşməlidir.
Nə yazıqlar ki, Kreml hələ də keçmiş SSRİ respublikalarını müstəqil dövlətlər kimi qəbul etmək istəmir, onlara yuxarıdan aşağı baxır, hər cür təzyiqlər göstərir. Bəli, Moskva bu müstəqil ölkələrə hələ də özünün koloniyaları kimi baxır. Kremlin əl çəkə bilmədiyi bu yanlış siyasət bölgədə sabitliyə deyil, qarşılıqlı etimada kölgə salmağa xidmət edir. Əgər Şimal qonşumuz Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini davam etdirməyə niyyətlidirsə, öncə müttəfiqlərinə qarşı saymaz və ikibaşlı yanaşmadan əl çəkməlidir.
Azərbaycan postsovet ölkələri arasında sabit siyasət aparan, qonşularının geosiyasi, geoiqtisadi milli maraqlarına hər zaman hörmətlə yanaşan ölkədir. Amma bu zaman qonşularından da adekvat münasibət gözləmək haqqı var.
Yazımıza Kremlin hazırkı siyasətinə və apardığı müharibəyə etiraz əlaməti olaraq ölkəni tərk edən yazıçı Boris Akuninin müsahibəsində dediyi sözlərlə nöqtə qoyuruq: “Bu gün Rusiya cəmiyyəti məsuliyyətli davranmalı, gələcəyə baxmalı və onu hansı fəlakətlərin gözlədiyini dərk etməlidir”.
Bəli, Rusiya bu gün fəlakətə çox yaxın məsafədədir. Kremlin başbilənləri yaxınlaşan fəlakəti önləmək üçün “problemi ondan daha böyük problem yaratmaq” cəhdlərinə son qoymalıdır.
İmran BƏDİRXANLI
XQ

