Vahid forma səmərəli təhsilə sivil yön verir
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son vaxtlar təhsilalan və təhsilverənlərin vahid geyim qaydaları ilə bağlı müzakirələr gedir, fərqli fikirlər səsləndirilir. Lakin məsələyə qadağalar və məhdudiyyətlər çərçivəsindən yanaşmaq doğru deyil. Çünki vahid məktəbli forması yalnız geyim seçimi deyil, həm də mədəniyyət, tərbiyə, bərabərlik, şəxsi hüquqlar və cəmiyyətin dəyərləri ilə bağlıdır. Belə ki, vahid geyim forması şagirdlər arasında sosial bərabərsizliyi aradan qaldırır və şagirdin özünü eyni mühitin bərabərhüquqlu üzvü kimi hiss etməsinə şərait yaradır.
Nizami rayonundakı 210 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aidə Kamilova bildirdi ki, vahid məktəbli forması tədris müəssisəsində daxili nizam-intizamı artırır, şagirdlərin diqqətini tamamilə təhsilə yönəldir:
– Hər səhər uşaqlar məktəbə daha rahat və psixoloji cəhətdən hazır gəlirlər. Eyni zamanda, bu yanaşma kollektivdə birlik və komanda ruhunu aşılayır, şagirdlər arasında qarşılıqlı hörməti təşviq edir. Müəllim olaraq müşahidə edirəm ki, geyim forması məktəbin daxili mühitində ciddiyət və akademik ab-hava yaradır. Nəticədə, vahid geyim forması məktəbi, sadəcə, bilik verilən bir məkana deyil, həm də ortaq dəyərlərin və yüksək mədəniyyətin paylaşıldığı vahid bir ailəyə çevirir. Məktəb mədəniyyətinin bu mühüm elementi gənc nəslin həm fərd, həm də cəmiyyətin layiqli üzvü kimi formalaşmasında əvəzsiz rol oynayır.
Məktəb mədəniyyətini formalaşdıran vahid geyim sisteminin şagirdlərlə yanaşı, müəllimin işgüzar geyim tərzi ilə tam bir vəhdət təşkil etdiyini deyən Aidə müəllim qeyd etdi ki, pedoqoji işçinin peşəkar və ciddi xarici görünüşü, məktəbdə akademik ab-havanın ən canlı və təsirli nümunəsidir:
– Müəllimin işgüzar geyim tərzi təhsil prosesində ciddi və məsuliyyətli münasibət formalaşdırır. Bu vizual peşəkarlıq təhsilverənin auditoriyadakı nüfuzunu gücləndirir və şagirdlərdə ona qarşı hörmət hissi oyadır. Eyni zamanda, müəllimin səliqəli və rəsmi geyimi dərs müddətində diqqətin yayılmasının qarşısını alır və vizual intizam yaradır. Şagirdlər qarşılarında işgüzar geyimli pedaqoq gördükdə, öz vahid geyim formalarına daha böyük məsuliyyətlə yanaşırlar.
Beləliklə, müəllimin geyim mədəniyyəti təhsil mühitində effektiv ünsiyyəti və qarşılıqlı hörməti təmin edən görünməz bir köməkçiyə çevrilir. Nəticədə, həm şagirdlərin vahid forması, həm də müəllimlərin işgüzar tərzi birləşərək məktəbin ümumi nüfuzunu və keyfiyyət standartlarını yüksəldir.
Bir sözlə, həm şagirdlərin, həm də təhsilverənlərin geyim forması məktəb mədəniyyətinin bir hissəsidir. Səliqəli geyim, düzgün davranış və qaydalara hörmət bir-birini tamamlayır. Məqsəd məktəbdə peşəkarlığın, məsuliyyətin və qarşılıqlı hörmətin qorunmasıdır.
Paytaxtın Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Əkbərova söylədi ki, vahid məktəbli formasının üstünlüklərindən biri şagirdlər arasında sosial fərqi aradan qaldırmaqdır:
– Məktəbli formasından danışarkən müəllimin geyim mədəniyyətini də diqqətdən kənarda saxlamaq olmaz. Müəllim yalnız dərs deyən deyil, davranışı, münasibəti və şəxsi nümunəsi ilə də tərbiyə edən insandır.
Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin müəllim haqqında dediyi “Müəllim məktəbin canı, camaatın çırağıdır” fikri müəllim peşəsinin cəmiyyət qarşısındakı məsuliyyətini ifadə edir. Müəllimin səliqəli, sadə və işgüzar görünüşü məktəb mühitinə uyğunluğun göstəricilərindən biridir. Ancaq müəllimin nümunə olması yalnız geyimi ilə ölçülmür. Onun şagirdlə münasibəti, danışıq tərzi, davranışı, səbir və qayğısı da eyni dərəcədə əhəmiyyətlidir.
Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər”in təsdiq edilməsi haqqında qərarı da dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsinə və məktəblərdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına xidmət edir.
Məktəbli formasına dair tələblər tətbiq edilərkən uşaqların yaşı, rahatlığı, sağlamlığı və təhsil hüququ nəzərə alınıb. Müəllim və valideynlər də bu prosesə yalnız nəzarət edən tərəf kimi deyil, uşağın inkişafına dəstək verən məsuliyyətli iştirakçılar kimi yanaşmalıdırlar. Şagirdə qaydaya əməl etməyi öyrətməklə yanaşı, həmin qaydanın nə üçün mövcud olduğunu da izah etmək lazımdır. Yüksək anlayışla qəbul edilən qayda məsuliyyət hissini, yalnız cəza qorxusu ilə yerinə yetirilən qayda isə çox vaxt formal itaəti gücləndirir. Məktəbin məqsədi, sadəcə, qaydalara əməl edən şagird yetişdirmək deyil, həm də öz davranışının nəticələrini anlayan, başqalarının hüquqlarını qoruyan və müstəqil qərar verməyi bacaran insan formalaşdırmaqdır.
Aynur Əkbərova vurğuladı ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda millilik və dünyəvilik təhsil siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilir. Qanunun 4-cü maddəsi isə müstəqil və yaradıcı düşünən, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan, insan hüquq və azadlıqlarına hörmət edən şəxsiyyət yetişdirməyi təhsilin əsas məqsədləri sırasında göstərir.
Burada mühüm bir məqam var: dünyəvi təhsil milli-mənəvi dəyərlərdən uzaqlaşmaq demək deyil. Əksinə, milli dəyərləri dərk edən, öz tarixini və mədəniyyətini tanıyan, eyni zamanda başqa insanlara və fərqli düşüncələrə hörmət edən şəxsiyyət yetişdirməkdir.
Vətənə sevgi yalnız şüarlarla formalaşmır, tariximizi öyrənməklə, dilimizi qorumaqla, mədəni irsimizə sahib çıxmaqla, cəmiyyət qarşısında məsuliyyət hiss etməklə möhkəmlənir. Uşağa düşünməyi öyrətmək onun seçim imkanlarını məhdudlaşdırmaq deyil, doğru ilə yanlışı seçə bilmək bacarığını inkişaf etdirməkdir.
Bu gün uşaqların tərbiyəsinə yalnız ailə və məktəb təsir göstərmir. Sosial şəbəkələr, rəqəmsal platformalar və müxtəlif informasiya mənbələri də onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Yanlış məlumatlar, dözümsüzlük yaradan çağırışlar və insanları qarşı-qarşıya qoyan fikirlər uşaqların düşüncəsinə təsir edir. Ona görə də uşaqlara məlumatı yoxlamağı, mənbələri müqayisə etməyi, fərqli fikirləri dinləməyi və tənqidi düşünməyi öyrətməliyik.
Unutmayaq ki, uşaqlar təkcə dediklərimizi deyil, davranışlarımızı da öyrənirlər. Ailədə, məktəbdə və cəmiyyətdə göstərdiyimiz nümunə onların gələcək dünyagörüşünün formalaşmasına təsir edir.
Hazırladı:
Əli SADIQOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















