Vaqif Sadıqov: “Yığmamız elə bir oyun göstərməlidir ki, məyus duruma düşməyək”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan millisi bu ay DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. Komanda oktyabrın 10-da Parisdə Fransa millisi ilə, 13-də isə Polşada Ukrayna yığması ilə qarşılaşacaq.
Qarşıdakı oyunlarla bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov komanda.az-a açıqlamasında mübariz, istəkli, rəqibdən çəkinməyən, mübarizə aparan bir yığmanın şahidi olmaq istədiklərini bildirdi: “Hamımız dərk edirik ki, çətin səfər oyunlarıdır. Ən vacibi odur ki, nəticədən asılı olmayaraq, yığmamız elə bir oyun göstərməlidir ki, məyus duruma düşməyək. Ən önəmlisi odur ki, mübariz, istəkli, rəqibdən çəkinməyən, mübarizə aparan bir yığmanın şahidi olmaq istəyirik. Rəqiblər nə qədər də güclü olsa, millimizin oyunçularında motivasiya bir o qədər çoxalacaq, belə güclü futbolçulara qarşı ən yaxşı oyunlarını keçirməyə çalışacaqlar. Düşünürəm ki, yığmamız bunu dərk edir, başa düşür.
Bu gün “Qarabağ”ın uğurlu çıxışı onu göstərir ki, heç bir rəqibdən, adından, yerindən asılı olmayaraq çəkinmək lazım deyil. Özümüzə inanmalıyıq, mübarizəyə qoşulmalıyıq və nəyə qadir olduğumuzu göstərməliyik”.


