Icma.az
close
up
RU
“Xalq qəzeti” Çin pavilyonunun qonağı oldu

“Xalq qəzeti” Çin pavilyonunun qonağı oldu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu – WUF13 beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dünyanın 182 ölkəsinin təmsil olunduğu Bakı Forumunun iştirakçıları arasında Çin Xalq Respublikasının tanınmış şəhərsalma mütəxəssisi, “Şanxay Tongji Urban Planning & Design Institute” şirkətinin Beynəlxalq Əməkdaşlıq və Konsaltinq Mərkəzinin direktoru Roski Ven də var. Çinli ekspert qəzetimizə eksklüziv müsahibəsində WUF13 forumunun əhəmiyyəti, Azərbaycan–Çin münasibətləri, eləcə də Bakının inkişaf modeli və müasir şəhərlərin gələcəyi barədə fikirlərini bölüşdü.

– Cənab Ven, bilmək istərdik ki, WUF13 forumunda sizi ən çox təəccübləndirən və diqqətinizi çəkən məqamlar oldumu?

– Açığını desəm, məni ən çox təəccübləndirən məqam Azərbaycanın belə böyük beynəlxalq tədbiri çox yüksək səviyyədə təşkil etməsi oldu. Burada hər şey peşəkar şəkildə qurulub. Forum iştirakçıları üçün yaradılan şərait, təhlükəsizlik, koordinasiya və tədbirin ümumi atmosferi olduqca təsirlidir. Mən müxtəlif ölkələrdə keçirilən beynəlxalq urbanizasiya forumlarında iştirak etmişəm. Lakin Bakı Forumu həm təşkilati, həm də iştirakçıların fəallığı baxımından xüsusilə fərqlənir. Burada yalnız nəzəri çıxışlar deyil, real problemlərə yönəlmiş praktik həll yolları müzakirə olunur.

Diqqətimi çəkən digər məqam Bakının özündə müşahidə etdiyim inkişaf oldu. Şəhər həm müasir infrastruktura malikdir, həm də özünün tarixi kimliyini, şarmını qoruyub saxlayır. Bu balans urbanizasiya baxımından olduqca vacibdir.

– Bəs nümayəndələrinizin Azərbaycanda qarşıladığı və diqqətlərini çəkən məqamlar hansılardır?

– Çin nümayəndə heyəti Azərbaycanın sürətli inkişafını böyük maraqla izləyir. Xüsusilə Bakının müasir şəhərə çevrilməsi, yol infrastrukturu, yeni tikinti layihələri və şəhərin ümumi görünüşü nümayəndələrdə müsbət təəssürat yaradıb. Eyni zamanda, Azərbaycanın milli-mədəni irsini qoruması bizim üçün çox maraqlıdır. Bir çox ölkələrdə sürətli urbanizasiya zamanı tarixi memarlıq nümunələri və milli xüsusiyyətlər müəyyən qədər itirilir. Lakin Bakıda qədim və müasir memarlığın harmoniyasını görmək mümkündür. İnsanların qonaqpərvərliyi xüsusi qeyd olunmalıdır. Azərbaycan xalqı çox mehriban və səmimidir. Biz bunu forumun ilk günündən hiss etdik. İnsan amili beynəlxalq münasibətlərdə vacib rol oynayır.

– Azərbaycan – Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Sizcə, bu kimi beynəlxalq tədbirlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə hansı töhfələri verir?

– Şübhəsiz ki, belə tədbirlər əməkdaşlığın genişlənməsi üçün vacib platformadır. Azərbaycan və Çin arasında münasibətlər son illər daha da inkişaf edir və bu əlaqələr müxtəlif istiqamətləri əhatə edir. Xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan Çinin strateji tərəfdaşlarından biridir. Azərbaycan coğrafi mövqeyinə görə Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır.

Urbanizasiya və şəhər planlaşdırılması sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var. Çin “ağıllı şəhər”, rəqəmsal idarəetmə, “yaşıl enerji” və dayanıqlı inkişaf istiqamətində böyük təcrübəyə malikdir. Azərbaycan isə sürətlə inkişaf edən və yeni layihələr həyata keçirən ölkədir. Hesab edirəm ki, WUF13 çərçivəsində qurulan əlaqələr gələcəkdə yeni layihələrin əsasını qoya bilər. Ekspertlər arasında təcrübə mübadiləsi də hər iki ölkə üçün faydalıdır.

– Bakının şəhərsalma modelini necə qiymətləndirirsiniz?

– Bakı çox maraqlı şəhərdir. Burada müasirliklə qədimlik bir araya gəlir. Mən xüsusilə şəhərin dənizkənarı hissəsinin inkişafını yüksək qiymətləndirirəm. İctimai məkanların yaradılması və insanların rahatlığı üçün görülən işlər müasir şəhərsalma prinsiplərinə uyğundur. Şəhərin nəqliyyat sistemində də inkişaf müşahidə olunur. Urbanizasiya yalnız binaların tikilməsi deyil. Əsas məsələ insanların keyfiyyətli həyat şəraitinə sahib olmasıdır. Bakı bu istiqamətdə inkişaf edir və gələcəkdə regionun ən müasir şəhərlərindən birinə çevriləcəyinə əminəm.

– Hazırda dünyada şəhərlərin qarşılaşdığı əsas problemlər hansılardır?

– Bu gün şəhərlərin qarşısında duran ən böyük problemlərdən biri iqlim dəyişikliyidir. Şəhərlər enerji istehlakının əsas mərkəzləridir və ətraf mühitə təsir baxımından böyük məsuliyyət daşıyırlar. Buna görə də yaşıl şəhərlər konsepsiyası artıq seçim deyil, zərurətə çevrilib. Şəhərlər daha ekoloji, daha dayanıqlı və insanyönümlü olmalıdır. Digər problem sürətli urbanizasiyadır. Əhali şəhərlərə köçdükcə mənzil, nəqliyyat və sosial xidmətlər üzərində təzyiq artır. Bu problemlərin həllində texnologiya mühüm rol oynayacaq.

Ağıllı şəhər texnologiyaları gələcəyin əsas istiqamətlərindən biridir. Çin bu sahədə böyük təcrübəyə malikdir və biz bu təcrübəni digər ölkələrlə bölüşməyə hazırıq.

– Urbanizasiya sahəsində konkret hansı təcrübəni bölüşməyi planlaşdırırsınız?

– Çin son onilliklərdə sürətli urbanizasiya prosesi keçib. Biz ötən müddətdə həm uğurlar qazandıq, həm də müxtəlif problemlərlə qarşılaşdıq. Bu təcrübə beynəlxalq əməkdaşlıq baxımından faydalı ola bilər. Hazırda Çində “ağıllı şəhərlər”, yaşıl nəqliyyat, rəqəmsal idarəetmə və ekoloji planlaşdırma sahəsində böyük layihələr həyata keçirilir. Lakin mənim üçün ən vacib prinsip insanyönümlü inkişafdır. Şəhər yalnız hündür binalar və yollar demək deyil. Şəhər insanların rahat, təhlükəsiz və xoşbəxt yaşadığı məkan olmalıdır.

İcazənizlə, qəzetinizin oxucuları ilə səfər təəssüratımı da bölüşərdim. Bu mənim Azərbaycana ilk səfərim olsa da, burada özümü çox rahat hiss etdim. İnsanlar çox mehriban və qonaqpərvərdir. Mən Azərbaycanın gələcəyinə böyük ümidlə baxıram. Bu ölkə həm strateji mövqeyi, həm də inkişaf potensialı ilə regionda mühüm rol oynayır. Mən Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğurlar arzulayıram.

Fikirlərimi Azərbaycan dilində öyrəndiyim bir ifadə ilə yekunlaşdırmaq istəyirəm: “Çox sağ ol!”.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri