Icma.az
close
up
RU
Xalq rəssamının təbiət epopeyası

Xalq rəssamının təbiət epopeyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Fərhad Xəlilov – 80

XX əsrin əvvəllərində Azərbaycan rəssamları dünyada təsviri sənət sahəsində baş verən mütərəqqi cəhətlərdən yaradıcı şəkildə bəhrələnməklə ölkəmizin rəssamlıq sənətini inkişaf etdirməyə çalışırdılar. Bu rəssamlardan biri də hələ sovetlər dönəmində özünün orijinal yaradıcılıq üslubu ilə fərqlənən və müasir sənət metodlarından istifadə etməklə cəlbedici sənət nümunələri yaradan Xalq rəssamı Fərhad Xəlilovdur.

Fərhad Qurban oğlu Xəlilov 1946-cı ildə tanınmış dövlət xadimi Qurban Xəlilovun ailəsində dünyaya göz açıb. O, lap kiçik yaşlarından rəsm çəkməyə, rəssamlıq sənətinə maraq göstərib. Bu faktı atası öz xatirələrində belə qeyd edib: "Hələ xeyli gənc yaşlarında Fərhadın rəngli karandaşlarla çəkdiyi təbiət mənzərələri insanın gözünü oxşar, gözəlliyi ilə hamını valeh edərdi". Fərhad Xəlilov ilk təhsilini əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda (1961-1966), sonra Moskva Bədii Ali Sənaye Məktəbində (1966-1968), daha sonra isə Moskva Poliqrafiya İnstitutunda (1969-1975) alıb. 1967-ci ildən yerli və beynəlxalq əhəmiyyətli sərgilərdə iştirak edib. 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür.

Rəssamın əsərləri doğma vətəni ilə yanaşı, müxtəlif ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. İndiyədək rəssamın Bakı, Rusiya, Fransa, Almaniya, İngiltərə, Gürcüstan və s. ölkələrdə əsərlərindən ibarət fərdi yaradıcılıq sərgiləri uğurla təşkil olunub.

Fərhad Xəlilovun uğurlu yaradıcılıq və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2002-ci ildə Xalq rəssamı fəxri adına, 2006-cı ildə "Şöhrət", 2016-cı ildə isə "Şərəf" ordeninə layiq görülüb, eyni zamanda, 2000-ci ildə Fransanın "Şevalye" ordeni ilə mükafatlandırılıb, Rusiya Bədii Akademiyasının akademiki seçilib, Rusiya Rəssamlıq Akademiyasının gümüş və qızıl medalları ilə təltif olunub, 2016-cı ildə Roma Rəssamlıq Akademiyasının fəxri professoru adı verilib.

Adətən, rəssamın yaradıcılıq nümunələrinə nəzər yetirdikdə, onun hansı janrda və üslubda işlədiyini müəyyən etməyə çalışırsan. Amma Fərhad Xəlilovun yaradıcılıq istiqamətini müəyyən etmək bir qədər çətindir. Bunu rəssamın sənətə olan fərdi münasibəti kimi dəyərləndirmək doğru olardı. Rəssama görə, janrın və ya üslubun seçilməsi o qədər də önəmli deyil. Əsas odur ki, yaratdığın əsərlə nə demək istədiyini tamaşaçıya çatdıra biləsən.

Rəssamın yaradıcılığını şərti olaraq iki dövrə bölmək olar: müstəqillik illərinə qədər və müstəqillikdən sonrakı dövr. Onun yaradıcılığında mənzərə janrında yaradılmış əsərlər üstünlük təşkil edir. Rəssam təbiəti, xüsusən də Abşeronu əsərlərində təsvir etməkdən yorulmur. Abşerona məxsus memarlıq nümunələrini, qədim yaşayış tikililərini, hamamları, dolanbac yolları, tükənməz ilham mənbəyi olan Xəzər dənizini, onun qızılı qumlu sahillərini, ecazkar dəniz ləpələrini ilin müxtəlif vaxtlarında və günün müxtəlif saatlarında təsvir etməkdən zövq alır. Fərhad Xəlilov yaradıcılığının birinci mərhələsində təbiətə daha çox bağlanmış, sirlərlə dolu mistik təbiət dəyişiklikləri incə rəssam qəlbi ilə və xüsusi həssaslıqla müşahidə edərək lirik-emosional və ekspressiv duyğulu bədii tablolarında ustalıqla əks etdirmişdir. Rəssamın yaradıcılığının birinci dövrünə aid olan "Buzovnada", "Görədildə", "Görədil", "Mərdəkanda yağış", "Yağışdan sonra", "Buzovnada küçə", "Dənizə yol", "Buzovnada qayalıqlar", "Çiçəklənən nar ağacı", "Buzovna", "Buzovnada payız", "Avqust", "Buzovnada yay", "Buzovna. İsti küçə", "Çiçəklənən badam ağacı", "Buzovnada bahar", "Sahildə küləkli axşam", "Yağışlı gün", "Payız günü", "Zirədə gecə", "Sahildə qar", "Qala kəndində", "Maştağada axşam", "Çiçəklənən heyva ağacı" və başqa əsərlərini qeyd etmək olar.

"Yağışdan sonra" əsərində rəssam Mərdəkan bağlarında yağışdan sonrakı mənzərəni kətana "köçürüb". Tabloda tamaşaçı sanki, yağışın islatdığı ağacların və otların ətrafa yayılmış xoş təravətini hiss edir.

Rəssamın əsərlərində insan təsvirlərinə az rast gəlirik. Təbiəti təsvir etdiyi tablolarında demək olar ki, insanlara yer ayrılmayıb. Bəlkə də rəssam ilahinin lütfü ilə yaradılmış, sirli mətləbləri özündə gizlədən, hələ bəşər övladının dağıdıcı müdaxiləsinə düçar olmamış, özünün heyrət doğuracaq paklığı və heyranedici füsunkarlığı ilə insanı valeh edən sonsuz ideal məkan anlayışını maddi materiya səviyyəsində qavranılmasını və qəbul edilməsini istəmir.

Yaradıcılığında kontrastlıq addımbaşı seyrçini müşayiət edir. Onun yaradıcılıq nümunələrinə nəzər yetirmiş olsaq, bəzən ekpressiv, bəzən isə axıcı yazı manerasına, gah real, gah da idealizə edilmiş təbiət təsvirlərinə, bəzən xoş təsir bağışlayan, bəzən isə həzin romantik hisslər oyadan süjetlərə tez-tez rast gəlirik.

Rəssam daha çox insanı düşündürən, onu mənəvi saflığa, kamilliyə səsləyən və təbiətə, insana və gözəlliyə qarşı sevgi oyadan fəlsəfi baxışları ayrı-ayrı kompozisiyalar şəklində kətan üzərində, əlvan rəng çalarları və özünün fərdi yaradıcılıq üslubu ilə əks etdirir. Fərhad Xəlilovun musiqiyə xüsusi sevgisi onun yaradıcılığına təsirsiz ötüşməyib. Rəssamın yaradıcılığında poetiklik, lirizm, melodiklik xüsusiyyətləri özünü qabarıq surətdə büruzə verir.

Rəssam ilin fəsillərinə həsr etmiş çoxsaylı əsərlərində, bir növ, özünün fəlsəfi baxışlarını, insani duyğu və düşüncələrini rənglərin dili ilə ifadə etməyə çalışıb.

Fərhad Xəlilovun yaradıcılığının ikinci dövrünü əhatə edən əsərlərdə zamanın, məkanın, mövzunun eyni olduğunu hiss edə bilərik. Lakin burada rəssamın sadalananlara münasibətinin tamam fərqli olduğunu, obyektə başqa aspektdən yanaşdığını və tam fərqli bir ovqat yarada biləcək tablolar yaratdığının fərqinə vardığını müşahidə edirik.

İnsan vaxt ötdükcə həyatda təkrarlanan eyni hadisəni və faktı ikinci dəfə tam fərqli biçimdə qəbul etdiyini, yanaşdığını və qavradığını o qədər də dərindən hiss etmir. Bu artıq onun idrakı, dünyagörüşü və intellektual səviyyəsinin insanın özündən asılı olmayan səbəblərdən gəlişməsindən doğan əlamətlərlə bağlıdır. Hardasa bu amilin inkişafını sürətləndirən mühit faktını vurğulamaq doğru olar. Bu baxımdan, Fərhad Xəlilovun yaradıcılığının dinamik inkişaf xətti ilə müşahidə olunmasının əsas səbəbini onun daim yaradıcılıq axtarışlarında olması ilə izah edə bilərik.

Rəssamın yaradıcılığının ikinci dövrünə aid əsərlərinə "Nardaranda qış", “Nardaranda bahar", "Görədildə dəniz", "Yolda", "Dənizdə işıq", "Yolda görüş", "Bahar", "Sahədə", "Paris motivi", "Musiqi pillələrdə", "Yay", "Dağlarda yağış", "Sahildə axşam", "Görüş", "Maştağada bahar", "Sahildə yay", "Sahildə ev", "Qış günü" əsərlərini və "Görüş", "Torpağın naxışları", "Gözlənilməz baxış", "Dərketmə" seriyalarına daxil olan və müxtəlif vaxtlarda yaradılmış çoxsaylı maraqlı və diqqəti cəlb edən əsərləri daxil etmək olar.

Bu dönəmdə yaradılmış əsərlər daha çox fəlsəfi mahiyyəti və məna-məzmun dolğunluğu ilə diqqəti çəkir. Rəssamın əsərlərinin kolorit həlli xüsusi ilə qeyd edilməlidir. O, daha çox isti rənglərə üstünlük verir. Onun palitrasında rənglərin bolluğu, rəng yaxılarının ekspressivliyi, əlvan yaxı manerası və işıq-kölgə həllinin mükəmməlliyi tam aydınlığı ilə nəzərə çarpır. Qeyd etmək lazımdır ki, rəssam əksər hallarda rəng amilini və kompozisiyanın ümumi kolorit həllini əsərin ifadəsinin əsas özəyi kimi qəbul edir. Bu baxımdan rəssamın əsərlərində kolorit həllinin kamilliyi nəzər-diqqəti cəlb edən mühüm cəhətlərdəndir.

F.Xəlilov öz yaradıcılıq dəsti-xəttini təsdiq edən və heç bir rəssama bənzəməyən, düşündürən və bədii estetik zövq mənbəyi hesab olunan çoxsaylı əsərlər qalereyası yaradıb. Bu il Fərhad Xəlilovun anadan olmasının 80 ili tamam olur. Bu münasibətlə Fərhad müəllimi yubileyi münasibətilə bütün rəssamlar, sənətşünaslar və sənətsevərlər adından təbrik edir, ona cansağlığı, bədii yaradıcılıq və ictimai fəaliyyətində uğurlar diləyirik. Və fikrimi rəssamın öz sözləri ilə bitirirəm: "Bütün Qarabağı ayaqyalın gəzmişəm. Yenə gəzəcəyik. Bu gün mənim əsərlərimə baxsanız görərsiniz ki, Azərbaycan, Qarabağ, Bakı, Abşeron hamısı bir-birinə qarışıb. Amma Abşeron fərqlidir. Onun gözəlliyini hər adam görə bilmir. Sadəlik və gizli gözəllik. Bax, budur mənim sevdiyim cəhətlər". Bu gün ölkəmizin Ali Baş Komandanı, müzəffər ordumuzun iradəsi və xalqımızın sarsılmaz vəhdəti nəticəsində ölkəmiz ərazi bütövlüyünə qovuşub. Sənət adamlarımız suveren Azərbaycanımızda yaşayıb-yaradırlar.

Əsəd QULİYEV,
Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri, sənətşünas

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri